Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Azərbaycanın qlobal təhlükəsizliyə çağırış tribunası, haqq-ədalət kürsüsü
Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfərindən sonra bütün sahələrlə yanaşı, media, mətbuat da yeni inkişaf, inteqrasiya mərhələsinə qədəm qoyub. Başqa sözlə, ordumuzla yan-yana milli mətbuatımız, jurnalistikamız da 44 günlük şanlı yoldan keçərək müzəffərliyini ortaya qoyub, daha da möhkəmlənib, yeni, güclü keyfiyyətlər qazanıb. Artıq üçüncü dəfədir, keçirilən Şuşa Qlobal Media Forumu bu baxımdan Azərbaycanın media siyasətinin müasir çağırışlar fonunda gücünün, ölkəmizdə jurnalistikanın inkişafına böyük dəstəyin ifadəsi olmaqla yanaşı, həm də beynəlxalq medianın tərəqqisində, dezinformasiyalara qarşı mübarizədə düzgün istiqamət aşılayan mühüm platforma rolunu oynayır. Hər il bu forumda artan əcnəbi iştirakçı sayı tədbirin mövzusunun, müzakirə predmetinə çevrilən məsələlərin ümumbəşəri xarakter daşıdığını göstərir, qlobal miqyasda ölkəmizin bu sahədəki fəaliyyətinə rəğbətdən, etimaddan xəbər verir. İyulun 19-da işə başlayan III Şuşa Qlobal Media Forumunda jurnalistlərin suallarını cavablandıran zaman Prezident İlham Əliyev forumun işini yüksək qiymətləndirdi, Azərbaycan mediasının nəinki ölkə daxilində, hətta beynəlxalq müstəvidə çox böyük nüfuz qazandığını vurğuladı. Sitat: “Azərbaycan mediasının inkişafı məni çox sevindirir. Mən çox şadam ki, bu gün bizim mediamız nəinki ölkə daxilində, hətta beynəlxalq müstəvidə çox böyük nüfuz qazanıb. Mən bunu tam səmimiyyətlə deyirəm, sizə xoş söz demək üçün yox. Bu gün Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir. Azərbaycana qarşı əsassız ittihamları arqumentlərlə, ciddi təhlillə və faktlar əsasında ifşa etməkdə də böyük uğurlar əldə edib. Bizim mediamız nəinki dövlət maraqlarını müdafiə edir, eyni zamanda lazım gəldikdə hücuma da keçir. Bu da lazımdır. İdmanda bəzən deyirlər ki, ən yaxşı müdafiə hücumdur”.
“Rəqəmsal keçidlər: süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusuna həsr olunan III Şuşa Qlobal Media Forumunda 52 ölkədən 140 qonaq, 30-a yaxın informasiya agentliyinin və 80 media qurumunun nümayəndələri iştirak edib. Aparılan müzakirələr məhz medianın çağırışlar və imkanlar qarşısında müqavimətinin gücləndirilməsinə, o cümlədən rəqəmsal transformasiyanın təsirinə və müstəqil jurnalistikanın, sülhün, inkişafın, qarşılıqlı anlaşmanın daha da artırılmasına yönəlib. Forumun iştirakçıları arasında əcnəbi media təmsilçiləri ilə yanaşı, Azərbaycanın media nümayəndələri, ekspertlər və rəsmilər də yer alıb. Beynəlxalq media tədbirinə artan marağı göstərən bir faktı diqqətə çəkmək olar ki, ötən ilki forumda 50 ölkədən iştirakçı qatılmışdı və göründüyü kimi bu il ölkə sayı artıq 52-ə qalxıb. Özlüyündə bu rəqəm dünya media təsisatları, aparıcı jurnalistlər tərəfindən foruma artan marağı göstərir.
Forumun daha böyük əhəmiyyəti isə Prezident İlham Əliyevin müharibə cəbhəsində olduğu kimi, informasiya cəbhəsində də qazanan qalib lider kimi şəxsən mütəmadi şəkildə tədbirdə iştirak etməsi, beynəlxalq və yerli media nümayəndələrinin suallarına ətraflı şərhlər verməsi, eyni zamanda qlobal gündəlikdə duran məsələlərin həllinə dair istiqamətlərin, dezinformasiyalara, dekolonizasiya siyasətinə qarşı mübarizənin önəminin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasıdır. Ötən forumlarda səslənən fikirlər göstərir ki, informasiyanın düzgünlüyü, doğruluğu medianın nüfuzunun, ona olan inamın artmasında mühüm amildir, dezinformasiya isə, sadəcə, ictimai rəyin çaşdırılmasına xidmət etmir, həm də dövlətlərin siyasi qərarlarına təsir göstərir, onları səhv adddımlar atmağa, bəzən haqlı əvəzinə haqsız tərəfi dəstəkləməsinə sövq edir. Azərbaycanın artıq leksikondan tamamilə çıxarılmış keçmiş 30 illik münaqişə, 44 günlük Vətən müharibəsi və hazırda da davam edən postmüharibə dövründə bəzi dırnaqarası Qərb dairələrinin sərgilədiyi mövqe buna ən müfəssəl, ən gözəl nümunədir.
“Milli maraqların qorunması Azərbaycanın xarici siyasətində fundamental amildir”
Şuşa Qlobal Media Forumu həm də Azərbaycanın hazırkı həssas dönəmdə beynəlxalq ictimaiyyəti qlobal təhlükəsizliyin təminatına, barışığa, faydalı əməkdaşlığa çağırış tribunası, haqq-ədalət kürsüsüdür. Bundan əvvəlki iki forumun Şuşada keçirilməsi həm hərbi-siyasi, həm informasiya zəfərimizi nümayiş etdirirdisə, III forumun Xankəndidə təşkili ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpası ilə barəbər həm də informasiya cəhbhəsindəki tam qalibiyyətimizi göstərir. Eyni zamanda bu forum respublikamızın müəllifi olduğu, bilavasitə təşəbbüsü ilə reallaşan, reallaşmaqda olan layihələrin mahiyyətinin dünyanın diqqət mərkəzinə çatdırmaq baxımından uğurlu təqdimat rolu da oynayır. Hansı ki həmin layihələrlə ölkəmiz Avropa, Asiya coğrafiyasını bir araya gətirir, iqtisadi, mədəni, ticari körpü yaradır. Bunlara Cənub Qaz Dəhlizi, Şimal-Cənub, Şərq-Qərb, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) və ən nəhayət, gerçəkliyin bir addımlığında dayanan Zəngəzur dəhlizini nümunə çəkə bilərik.
Zəngəzur dəhlizi nəinki Naxçıvanın Azərbaycanın digər bölgəsi ilə nəqliyyat bağlantısının təminatını hədəfləyir, eləcə də Çinlə, Mərkəzi Asiya dövlətləri, o cümlədən Özbəkistan, Qazaxıstan, Türkmənistan kimi ölkələrin Avropa ticarət bazarına daha tez, rahat çıxışını nəzərdə tutur. Ölkə başçısının 44 günlük Vətən müharibəsinin yekunlarına dair imzalanan üçtərəfli bəyanatdan sonra irəli sürdüyü bu layihənin üzərində daim qətiyyətlə dayanır və qəti şəkildə bu yolun açılacağını bəyan edir. Təsadüfi deyildir ki, məhz bu il iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində, yeni ikitərəfli formatda keçirilən Azərbaycan Respublikasının Prezidenti ilə Ermənistan Respublikasının Baş nazirinin görüşündə də Zəngəzur dəhlizi əsas müzakirə mövzularından biri oldu. III Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyev bu barədə suala aydınlıq gətirərkən bir daha dəhlizin önəminə diqqəti çəkərək prosesin bundan sonra da bloklandığı təqdirdə Ermənistanın tranzit ölkəyə çevrilmək şansının sıfra yaxınlaşacağını vurğuladı: “Amma təəssüflər olsun ki, son beş ildə Ermənistan tərəfində heç bir iş aparılmayıb, bu məsələ qəsdən gündəmdən çıxarılıb. Amma belə olan halda Ermənistanın nə vaxtsa tranzit ölkəyə çevrilmək şansı sıfra yaxınlaşır. Bu prosesin qarşısını almaqda davam etsələr, düşünürəm ki, özlərini nəinki bu gün düşdükləri nəqliyyat təcridində, həm də müəyyən dərəcədə siyasi təcriddə tapacaqlar”.
III Şuşa Qlobal Media Forumunda diqqətə çəkilən məsələlərdən biri də məhz enerji təhlükəsizliyi, qaz təchizatı ilə bağlı oldu. Təbii ki, söhbət Avropanın mavi yanacaqla təminatından gedən zaman ilk ağıla gələn məhz Azərbaycanın təşəbbüsü ilə reallaşan, ABŞ-nin güclü dəstəyini alan Cənub Qaz Dəhlizidir. Bəli, XXI əsrin meqa layihəsi sayılan CQD, bu gün həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığa dair mühüm siyasi, iqtisadi əhəmiyyət daşıyır, unikal platforma rolunu oynayır. Avropa ölkələrinin ötən dövrdə bu enerji dəhlizinin genişləndirilməsi və layihəyə qoşulmaq təşəbbüsləri isə Azərbaycanın Avropanın enerji təminatındakı artan nüfuzunu bir daha təsdiq edir. Təsadüfi deyil ki, Avropa İttifaqı Azərbaycanı Pan-Avropa qaz təchizatçısı ölkə və etibarlı tərəfdaş kimi tanıyır. Respublikamız bu gün, ümumilikdə, 12 ölkəyə, o cümlədən də 10 Avropa ölkəsinə mavi yanacaq ixrac edir ki, onlardan 8-i Avropa İttifaqının üzvüdür. 2021-ci ildə Azərbaycan Avropaya 8 milyard kubmetr qaz ixrac etmişdirsə, bu rəqəm 2022-ci ildə 11,4 milyard, 2023-cü ildə, təxminən, 12 milyard, 2024-cü ildə isə 13 milyard kubmetr təşkil edib. Ümumilikdə, 2024-cü ildə ölkəmiz xarici bazarlara 25 milyard kubmetr qaz ötürüb. Hazırda Cənub Qaz Dəhlizi maksimal həcmdə fəaliyyət göstərir, Prezident İlham Əliyev bu il keçirilən bir neçə beynəlxalq tədbirdə layihənin genişlənməsi üçün əlavə maliyyə vəsaitinə ehtiyac yarandığını ön plana çəkib. III Şuşa Qlobal Media Forumunda bu istiqamətdə ünvanlanan suala aydınlıq gətirmək üçün CQD-nin əhəmiyyətinə toxunan dövlət başçımız bir daha həmin məsələdə Azərbaycanın üzərinə düşəni vəzifələri uğurla yerinə yetirdiyini vurğuladı, layihənin genişləndirilməsi üçün əlavə maliyyə cəlbi baxımından Avropa institutlarının müəyyən addımlar atmalı olduğunu diqqətə çatdırdı: “Bu gün Cənub Qaz Dəhlizi maksimal həcmdə fəaliyyət göstərir. Yeni məkanlar üçün biz interkonnektorlardan istifadə edirik. Ancaq əsas boru kəməri tam həcmdə doludur. Onu genişləndirmək üçün bizim əlavə maliyyə vəsaitinə ehtiyac var. Ona görə Avropa institutları bunu nəzərə almalıdırlar və siyasətlərində dəyişiklik etməlidirlər ki, biz əlavə vəsait cəlb edə bilək. Bu şəraitdə bu gün bizim üçün artıq tamamlanmış kimi görünən bir məsələ yenidən inkişaf etdirilə bilər”.
Əvvəlki forumlarda olduğu kimi, III Şuşa Qlobal Media Forumunda da Azərbaycanın milli maraqlarına, regional və qlobal təhlükəsizliyə xidmət edən çoxsaylı məsələlərə, bəşəriyyəti narahat edən məqamlara, bölgələrdə hökm sürən mürəkkəb geosiyasi vəziyyətlərə aydınlıq gətirildi. İştirakçıların ünvanladığı suallar əsasında predmetə çevrilən mövzular sırasında COP29-un əhəmiyyəti, Azərbaycanın yaşıl gündəliyi, eləcə də bölgəyə iqtisadi sülhü gətirən İqtisadi Əməkdaşlıq Təşkilatının fəaliyyəti, gələcək inkişafı, Azərbaycan-Ermənistan sülh prosesinə gedən yolda atılan addımlar, respublikamızın beynəlxalq təşkilatlarla fəal əməkdaşlığı, Qarabağda və Şərqi Zəngəzurda aparılan infrastruktur quruculuğu, Böyük Qayıdış siyasəti, Azərbaycan-ABŞ münasibətlərinin yeni dönəmi, Azərbaycan-Çin tərəfdaşlığı və digərləri yer aldı. Prezident İlham Əliyev həyata keçirdiyi siyasətin təməl prinsiplərinin xalqına həmişə həqiqəti söyləmək, obyektiv və dürüst olmaq, istənilən şəraitdə beynəlxalq hüquq prinsiplərinə əməl etmək olduğunu vurğuladı. Dövlət başçımız həm Avropa, həm də müsəlman təşkilatlarının üzvü olan, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, ECO və bir çox digərlərinin xətti ilə sammit formatlarında fəal iştirak edən Azərbaycanın nadir ölkələrdən olmasını uğurlu siyasətin mühüm nüansı kimi dəyərləndirdi, milli maraqların müdafiəsinin Azərbaycanın xarici siyasətində fundamental amil olduğunu bütün dünyanın diqqətinə çatdırdı. “Əlbəttə ki, hər kəs üçün vacibdir: öz maraqlarını nəzərə alanda qonşunun da maraqlarına baxmaq. Yəni milli maraqların qorunması Azərbaycanın xarici siyasətində fundamental amildir, lakin regional və qlobal kontekstdən ayrılaraq bu amildən güclü sui-istifadə etmək olmaz. Həmişə vəziyyətə baxmaq lazımdır, vəziyyətə qonşunun prizmasından baxmağa çalışın. Onda çox şey aydınlaşır, belə olan halda anlaşılmazlığa səbəb olan bir çox məsələlər kifayət qədər səmərəli nizamlanır” – sitatın sonu!
Nail ƏSGƏROV
Digər xəbərlər