NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Beynəlxalq hüquqa zidd təhlükəli addım

...

İran İslam Respublikasının ərazisindən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilən hücum qətiyyətlə pislənilməlidir. Mülki infrastrukturu və dinc insanları hədəfə alan belə addımlar regionda təhlükəsizlik və sabitliyə ciddi təhdid yaradır.

Baş vermiş hadisə bir daha göstərir ki, İran tərəfi öz məsuliyyətini dərk etməli və bu insidentlə bağlı aydın mövqe ortaya qoymalıdır. Naxçıvan ərazisinə dron zərbəsinin endirilməsi beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulmasıdır. Mülki vətəndaşların istifadə etdiyi hava limanının və təhsil müəssisəsinin yerləşdiyi ərazinin hədəfə alınması isə heç bir halda qəbul edilə bilməz.

Mülki infrastruktura dron hücumu təşkil etmək, xüsusilə də məktəbin yerləşdiyi əraziyə zərbə endirilməsi təkcə təhlükəli deyil, həm də məsuliyyətsiz və qəbuledilməz addımdır. Bu cür hərəkətlər regionda onsuz da həssas olan təhlükəsizlik mühitini daha da gərginləşdirir.

Azərbaycan dövləti isə hər zaman qonşuluq münasibətlərinə sadiq qalan və regional sabitliyi dəstəkləyən mövqe nümayiş etdirib. Azərbaycan ərazisindən İran və ümumilikdə, heç bir ölkə üçün təhlükə olmayıb və yoxdur. Əksinə, Azərbaycan rəhbərliyi İranla münasibətlərdə daim qarşılıqlı hörmət və dəstək prinsipinə əsaslanan siyasət yürüdüb.

Bunun bariz nümunələrindən biri də Azərbaycan Prezidenti İlham Əliyevin İranın ali liderinin vəfatı ilə bağlı dərhal başsağlığı verməsi və İran səfirliyini ziyarət etməsidir. Azərbaycan çətin dövrlərdə də qonşularına humanitar dəstək göstərmək niyyətini hər zaman ortaya qoyub.

Belə bir şəraitdə İran tərəfinin Naxçıvan ərazisində mülki obyektləri və dinc insanların istifadə etdiyi infrastrukturu hədəfə alması ciddi suallar doğurur. Bu addım beynəlxalq hüququn prinsiplərinə zidd olmaqla yanaşı, regionda etimad mühitinə də zərbə vurur.

Eyni zamanda uzun illərdir, Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın üzləşdiyi çətinliklər, azərbaycanlı fəalların təqib olunması və milli hüquqların məhdudlaşdırılması da bu siyasətin müxtəlif təzahürləri kimi qiymətləndirilir.

Tarix isə göstərir ki, Azərbaycana qarşı yönələn hücumlar heç vaxt nəticəsiz qalmayıb. Azərbaycanın təhlükəsizliyinə və suverenliyinə qarşı atılan hər hansı addım müvafiq hüquqi və siyasi qiymətini alır. Azərbaycan tərəfi beynəlxalq hüquqa uyğun olaraq lazımi cavab tədbirləri görmək hüququnu özündə saxlayır və belə hücumların cavabsız qalmayacağı aydındır.

Regionda sabitlik və təhlükəsizliyin qorunması isə yalnız beynəlxalq hüquqa hörmət və qarşılıqlı etimada əsaslanan siyasət sayəsində mümkün ola bilər.

        

Rauf CƏFƏROV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Nəşr edilib : 05.03.2026 16:45