NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Belqrad səfəri: Azərbaycan-Serbiya strateji tərəfdaşlığında yeni perspektivlər

...

Serbiya Azərbaycanın Avropa məkanında hərtərəfli münasibətlərin inkişafına böyük önəm verdiyi geniş perspektivə malik ölkələrdəndir. Təqdirəlayiq haldır ki, liderlərin şəxsi dostluğu zəminində əlaqələr son illərdə daha da dərinləşərək strateji tərəfdaşlıq xarakteri alıb. Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində yeni reallıqlar fonunda regional güc mərkəzi kimi çıxış edən respublikamız Serbiya ilə nəinki ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əlaqələr mühiti formalaşdıra bilib. Müasir çağırışlar və yeni dünya nizamının formalaşdırılması fonunda birgə fəaliyyətə dair yol xəritəsinin müəyyənləşdirilməsi, perspektivlərin dəyərləndirilməsi baxımından dövlət başçılarının qarşılıqlı səfərləri, keçirilən yüksəksəviyyəli görüşlər mühüm rol oynayır. Fevralın 15-də Prezident İlham Əliyevin Belqrada rəsmi səfəri də əməkdaşlıqların yeni istiqamətlər üzrə dərinləşdirilməsi üçün faydalı müzakirələrin aparılması və mühüm qərarların verilməsi ilə nəticələndi.

Azərbaycan ilə Serbiya arasında diplomatik münasibətlər 1997-ci il avqustun 21-də qurulub. 2011-ci il  iyunun 8-də Azərbaycan Respublikasının Serbiya Respublikasında, 2011-ci ilin fevral ayında isə Serbiya Respublikasının Azərbaycan Respublikasında Səfirliyi fəaliyyətə başlayıb. 2011-ci ildə Belqradın Taşmaydan parkında Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin abidəsi, Novi Sad şəhərində dahi bəstəkar Üzeyir Hacıbəylinin büstü, 2013-cü ildə isə Bakıda görkəmli serb alimi Nikola Teslanın abidəsinin açılışı olub. Bu da ölkələrimiz və xalqlarımız arasında tarixən mədəni dialoqun, humanitar sahədə qarşılıqlı faydalı münasibətlərin mövcudluğunu göstərir.

Liderlərin strateji siyasəti, ölkələrin  coğrafi mövqeyi

Serbiya ilə Azərbaycanın yaxınlaşmasını şərtləndirən birinci mühüm amil liderlərin strateji siyasəti və möhkəm dostuqlarıdır. Prezident İlham Əliyevin müdrik xarixi siyasət doktrinası və liderlik məharəti bu ölkənin rəhbərində böyük rəğbət və dərin hörmət hissi doğurub desək, yeridir. Elə fevralın 15-də Belqradda Aleksandar Vuçiçin mətbuata bəyanatındakı yüksək fikirləri də dediklərimizi tam təsdiqləyir: “Mən Azərbaycan xalqına, şəxsən Sizə möhtərəm cənab Prezident, böyük ehtiramımı ifadə etmək istəyirəm. Həmçinin Serbiya xalqı qarşısında və əlbəttə, Azərbaycan xalqı qarşısında söyləmək istəyirəm ki, hər dəfə Sizinlə danışanda çox şey öyrənirəm, bir çox məsələləri təcrübəli dövlət xadimi, həqiqi liderin fərqli baxış bucağından müşahidə etməyə müvəffəq oluram. Buna görə hər zaman öz biliyinizi mənimlə paylaşdığınıza, mənim ölkəmin, rəhbərlik etdiyim ölkənin çox yaxşı mətləblər öyrənməli olduğu bizimlə belə əlaqələr qurduğunuza görə Sizə təşəkkür edirəm”.

Azərbaycan-Serbiya münasibətlərinə qırılmaz körpü salan, yeni ikitərəfli əməkdaşlıq mühiti formalaşdıran digər bir nüans isə ölkələrin oxşar coğrafi mövqedə və strateji ərazidə yerləşməsidir.  Belə ki, Serbiya Balkan regionunda nəqliyyat qovşağı rolunu oynadığı kimi, Azərbaycan da Orta Dəhliz üzərindən Avropa ilə Asiyanı birləşdirən tranzit imkanlarına malikdir. Bu iki xəttin kəsişməsi isə təbii olaraq logistika, kənd təsərrüfatı məhsulları, tikinti materialları və sənaye avadanlıqları üzrə qarşılıqlı ticarət üçün real baza yaradır. Bu xüsusda ikitərəfli münasibətlərin iqtisadi, ticari cəhətdən vahid konsepsiya əsasında inkişafı baxımından 2011-ci ildə yaradılmış Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın rolu da danılmazdır. Komissiyanın uğurlu fəaliyyətinin nəticəsidir ki, son 13 ildə ölkələrarası ticarət dövriyyəsi böyük sürətlə artmağa başlayıb. Və nəticə etibarilə, 2012-ci illə müqayisədə xidmətlər sahəsində ticarət dövriyyəsi 16 dəfə çoxdur. Hazırda Azərbaycan və Serbiya arasında ticarət dövriyyəsi 135 milyon ABŞ dollarına çatıb. Bu Avropa ölkəsi respublikamızın iqtisadiyyatının şaxələndirilməsi və rentabelliyinin təmini baxımından da xüsusi rol oynayır, bu günə kimi Serbiyadan Azərbaycanın qeyri-neft sektoruna yönəldilən investisiyalar, təxminən, 10 milyon ABŞ dolları təşkil edib. Başqa sözlə, strateji tərəfdaşlıq sayəsində Azərbaycanla Serbiya arasında yeni, mümkün olan ən yaxın əlaqələr qurulub. Bu il fevralın 15-dək ikitərəfli münasibətlərin inkişaf istiqamətlərini müəyyənləşdirən 57 sənəd imzalanıb ki, həmin sənədlər sosial həyatın bütün sahələrində münasibətlərimizin yaxşılaşdırılması üçün möhkəm zəmin rolunu oynayıb. Bu sənədlər arasında 2013-cü ildə imzalanmış Dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə və 2018-ci ildə imzalanmış Strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı xüsusi əhəmiyyət daşıyır.

Enerji sahəsində Azərbaycan-Serbiya əməkdaşlığı çoxşaxəlidir

Strateji tərəfdaşlığa dair birgə fəaliyyət planı iki ölkə arasında yüksələn xətlə inkişaf edən münasibətlərdə və bu münasibətlərin  çoxtərəfli platformaya daşınmasında özünü göstərir. Fevralın 15-də Prezident İlham Əliyevin Belqrada səfəri bu baxımdan Azərbaycan-Serbiya münasibətlərini yeni mərhələyə yüksəldəcək mühüm sənədlərin imzalanması, o cümlədən də Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclasının keçirilməsi ilə əlamətdar oldu. Tərəflər enerji, mədəniyyət, idman, səhiyyə, kənd təsərrüfatı, media, kommunikasiya sahələrində əməkdaşlığa dair yeni hədəfləri müəyyənləşdirdilər. Eyni zamanda Bakı-Belqrad aviareyslərinin bu ilin may ayında başlayacağı qeyd olundu ki, bu da ölkələrimiz arasında mədəni dialoqun gücləndirilməsinə, humanitar təmasların və turizmin inkişafına töhfə verəcək. O cümlədən kənd təsərrüfatı sahələrində əməkdaşlığın dərinləşdirilməsi də ikitərəfli münasibətlərin gücləndirilməsinə xidmət baxımından əsas məqsədlərdəndir. Serbiya Prezidentinin mətbuata bəyanatında yer alan fikirlər belə deməyə əsas verir ki, bu ölkədə Azərbaycan məhsullarına xüsusi tələbat vardır. Aleksandar Vuçiçin xüsusilə Zirədə və Naxçıvanda yetişən məhsullara diqqəti çəkməsi və müvafiq tapşırıqlar verməsi yaxın gələcəkdə bu sahədə yeni imkanların açılacağından xəbər verir: “Biz iqtisadi əməkdaşlıq, kənd təsərrüfatı, eləcə də kənd təsərrüfatı məhsullarının mübadiləsi haqqında danışdıq. Azərbaycanın Zirə kəndində yetişdirilmiş pomidor və xiyarı ilk dəfə dadanda və hətta bundan öncə Azərbaycanın xüsusi bölgəsi olan Naxçıvandan da məhsulların dadına baxanda onlar mənim çox xoşuma gəldi. Mən onları çox xoşlayıram və eşitmişəm ki, digər mənbələrdən daxil olan məhsulların qiyməti ilə müqayisədə Azərbaycan xeyli endirimlə təchiz edir. Mənə maraqlıdır, xalqımıza həmin məhsulları bu qədər aşağı qiymətlə təqdim etmək mümkündürmü?! Əgər hökumətdə əyləşən şəxslər bu haqda düşünməyiblərsə, düşünsünlər”.  

Azərbaycanın mövcud enerji potensialı Serbiya ilə iqtisadi əməkdaşlığında mühüm perspektivlər vəd edir. Respublikamızın müəllifi olduğu Cənub Qaz Dəhlizi layihəsində yer alan Avropa ölkələrindən biri kimi Serbiya ilə sıx əməkdaşlıq 3 ildir ki, müsbət dinamika üzrə davam etməkdədir. 2023-cü ildə Azərbaycanın Energetika Nazirliyi ilə Serbiyanın Mədənçilik və Energetika Nazirliyi, eləcə də SOCAR və “Srbijagas” arasında əməkdaşlığın təşviqinə dair Anlaşma Memorandumu və qaz satışına dair Müqavilə imzalanıb. Həmin sənədlərin icrası 2023-cü ildən təmin edilməyə başlayıb və Bolqarıstan-Serbiya İnterkonnektoru vasitəsilə 2024-cü ilin fevralından Serbiyaya qaz nəqlinə başlanılıb. Bu ildən Azərbaycan Serbiyaya qaz tədarükünü ildə 1 milyard kubmetrə qədər artırmağı planlaşdırır. Belqrad səfəri bu istiqamətdə vahid hədəflərin müəyyənləşdirilməsi və birgə fəaliyyətə, yeni layihənin icrasına dair razılaşmanın əldə olunması ilə nəticələndi. Serbiya qaz-turbin elektrik stansiyasının qurulması hər iki ölkənin enerji sahəsində əlaqələrində yeni səhifənin açılması deməkdir. Stansiyanın 2029-cu ilə qədər fəaliyyətə başlaması nəzərdə tutulur. Belqrad görüşü həm də onu göstərdi ki, respublikalar ənənəvi enerji ilə yanaşı, müasir dövrün çağırışlarını nəzərə alaraq bərpa olunan enerjinin inkişafı sahəsində də yeni proyektlər üzərində işləməkdə maraqlıdırlar. Başqa sözlə, enerji istiqamətində Azərbaycan-Serbiya əməkdaşlıq platforması çoxşaxəlidir, geniş perspektivlərə malikdir. Fevralın 15-də Prezident İlham Əliyev Serbiya lideri Aleksandar Vuçiçlə mətbuata bəyanatında bütün bu məsələlərə toxundu, birgə fəaliyyətə dair hədəfləri açıqladı: “Bütövlükdə, energetika sahəsində bizim əlaqələrimiz indi çoxşaxəli formatda inkişaf edir. Bir müddət bundan əvvəl biz Serbiyaya təbii qazın ixracına başlamışıq və bu gün qərara gəldik ki, ixracın həcmini artıracağıq. İndi Serbiya ixrac ediləcək qazı da elektrik enerjisinə çevirərək, artıq təmiz elektrikin əldə edilməsinə də nail olacaq. Bu həm Serbiya bazarı üçün və gələcəkdə ixrac üçün də imkanlar yaradacaq. Bu gün Azərbaycanın energetika sahəsində ixrac potensialı 2 giqavata bərabərdir. Bu rəqəm artacaq. Çünki biz indi bir çox bərpa olunan enerji stansiyalarının tikintisi ilə məşğuluq və bu sahədə də Serbiya ilə əməkdaşlıq etməyə hazırıq”.

Ümumilikdə, Prezident İlham Əliyevin Belqrad səfərində energetika, investisiyalar, bərpa olunan enerji, turizm, kənd təsərrüfatı, mədəniyyət və digər sahələrdə əməkdaşlıq məsələləri dərindən müzakirə olundu, geniş fikir mübadiləsi aparıldı. Dövlət başçıları bu istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi, konkret layihələrin təqdim olunması ilə əlaqədar tapşırıqlar verdilər. Bütün görüş və müzakirələrin məqsədi həm siyasi, həm iqtisadi, həm də energetika sahəsində əlaqələri daha da gücləndirmək, beynəlxalq platformalarda, beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmək, birgə sərmayə layihələrini həyata keçirmək, energetika və nəqliyyat sahələrində yeni yaranmış imkanlardan yararlanaraq daha irəliyə baxaraq çox güclü bir sinergiya yaratmaqdır. Bu tarixi görüşün məhz Serbiyanın milli bayramı – Dövlətçilik Günündə keçirilməsi isə, sözsüz ki, bu ölkənin Azərbaycan dövlətinə, onun liderinə göstərdiyi dost münasibətdən, qarşılıqlı hörmət və etibardan irəli gəlir. Prezident İlham Əliyevin dediyi kimi: “Bu gün Sizin milli bayramınızdır, Dövlətçilik Bayramıdır. Buna baxmayaraq, Siz Azərbaycan nümayəndə heyətini qəbul edirsiniz. Biz bunu yüksək münasibətlərin təzahürü kimi qiymətləndiririk. Serbiya və Azərbaycan –  iki dost ölkə daim bir-birinin yanındadır”.

Nail ƏSGƏROV

Nəşr edilib : 16.02.2026 16:46