Azərbaycan ilə Meksika arasında diaspor fəaliyyəti...
10:26 19.04.2026
0
0
0
NAXÇIVAN :
19 Aprel 2026, Bazar
Naxçıvan şəhərində yerləşən "Bazar gölü"nün ətrafına, eləcə də içərisinə atılan məişət tullantıları ərazini yararsız hala salıb. Ekoloji vəziyyəti bərbad olan və insan əli ilə pozulmuş bu gölün suyunda indi həyat yox, sükut dolaşır, insanların laqeydliyi və məsuliyyətsizliyi bu gözəlliyi kölgədə qoyur. Şəhərin mərkəzində yerləşən gölün vəziyyəti dəyişib: səthini plastik butulkalar, torbalar və tullantılar örtüb, suyun rəngi tündləşib, xoşagəlməz qoxu ətrafa yayılıb. Bu vəziyyət təkcə gölün deyil, bütün şəhərin ekoloji tarazlığını pozur. Çirklənmə nəticəsində havanın keyfiyyəti pisləşir, torpaq zəhərlənir, hətta insanların sağlamlığına da zərər dəyir.
Məsələ ilə bağlı Naxçıvan Şəhər İcra Hakimiyyəti "Şərq qapısı"nın sorğusuna cavab olaraq bildirib ki, “Bazar gölü” ərazisi Naxçıvan Sukanal İdarəsinin balansındadır: "Həmin gölün ətraf ərazisində Naxçıvan Şəhər Yaşıllaşdırma Xidməti və Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsi tərəfindən təmizlik və abadlıq işləri mütəmadi olaraq aparılır, ərazinin səliqəli saxlanılması istiqamətində zəruri tədbirlər görülür. Buna baxmayaraq, “Bazar gölü” adlanan ərazidə suyun üzərində yaranan natəmiz vəziyyətlə bağlı Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən Sukanal İdarəsinə müraciət edilmiş, ərazidə baxış keçirilməsi və problemin aradan qaldırılması üçün müvafiq tövsiyələr verilmişdir.
Qeyd edək ki, Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin bütün ərazilərində təmizlik və abadlıq məsələləri daimi diqqətdə saxlanılır. Bu istiqamətdə görülən işlər sakinlərin rahatlığının təmin edilməsi, eləcə də şəhər mühitinin səliqəli və ekoloji baxımdan təmiz saxlanması məqsədi daşıyır".
Naxçıvan Sukanal İdarəsindən isə gölün yaşıllaşdırma tərəfindən doldurulduğu (su ilə - red.) bildirilib: "Bir az da şəxsi obyektə aid olduğu üçün biz müdaxilə etmirik. Yəni gölü özləri təmizləməlidir, həm də göl onlar tərəfindən su ilə doldurulur".
Naxçıvan Şəhər Yaşıllaşdırma Xidməti gölün doldurulmasına nəzarət etdiklərini təsdiqləyib: "Gölün doldurulmasına idarəmiz tərəfindən nəzarət edilir və buradan istifadə olunur. Səbəbi isə ətraf əraziləri, yaşıllıqları suvarmaqdır. Amma gölün təmizliyi bizim nəzarətimizdə deyil, sadəcə, gölün suyundan istifadə olunaraq ətraf yaşıllıqlar suvarılır".
Zəhra Vəliyeva
Digər xəbərlər