Победоносная Армия Великого Главнокомандующего...
00:08 26.06.2025
0
0
0
NAXÇIVAN :
26 Iyun 2025, Cümə axşamı
Bu gün dekolonizasiya dialoqlarının mərkəzinə çevrilmiş Bakıda Fransanın müstəmləkəçilik siyasətinin əsarətində olan Qvadelup adasına həsr olunmuş “Qvadelupun dekolonizasiyasına doğru! Çağırışlar və perspektivlər” adlı beynəlxalq tematik konfrans keçirilib.
"Şərq qapısı" xəbər verir ki, konfrans Bakı Təşəbbüs Qrupu (BTQ), Qvadelupun Azadlığı Uğrunda Xalq Birliyi (UPLG), Qvadelup Beynəlxalq Təzminatlar Hərəkatı (MIR-Guadeloupe), Qaradərili Xalqların Beynəlxalq Komitəsi (CIPN) və Qvadelup Millətinin Yaranması naminə Güc Hərəkatının (FKNG) birgə təşkilatçılığı ilə baş tutub.
Çıxış edən Qvadelup nümayəndəsi Jose Bvakanpeç artıq dörd əsrdir Qvadelupun qanlı müstəmləkəçiliyə məruz qaldığını bildirib. Qeyd edib ki, bizim torpağımızda bir çox xalqların qanı axıb. Bunun səbəbkarı isə Fransadır.
Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov deyib ki, Qvadelupun Fransanın müstəmləkəçiliyinə çevrilməsi Fransanın bərabərsizlik siyasətinin tərkib hissəsidir. Onun sözlərinə görə, Qvadelupda işsizlik səviyyəsi 18-20 faiz olmaqla Fransanın əsas hissəsindən çox aşağıdır və geri qalıb. A.Abbasov qeyd edib ki, BTQ müasir dünyada yeni müstəmləkəçiliyi qəbul etmir. Bu baxımdan da Qvadelup xalqının öz müqəddəratını təyin etmək hüququnu dəstəkləyir.
Beynəlxalq Dekolonizasiya Cəbhəsinin (FID) Qvadelup bölməsinin milli koordinatoru Jean-Jacob Bicep bildirib ki, Azərbaycan bizdən uzaq olsa da, amalımız eynidir - suverenlik, ədalət bərpa olunsun: “Biz mədəni mübarizə aparmağa çalışırıq. Çünki bizi reallıqdan, öz kökümüzdən uzaqlaşdırmağa çalışırlar. İqtisadi, siyasi, sosial öz talelərini müəyyənləşdirməlidir”.
Beynəlxalq təzminat hərəkatı və Qaradərili Xalqların İttifaqı komitəsinin yaradıcı üzvü Luk Reyinet bu gün Fransanın müstəmləkə keçmişini qəbul etmədiyini, prestijini qorumağa çalışdığını vurğulayıb. Onun sözlərinə görə, Fransa Afrikaya daha çox bədbəxtlik gətirib: “Napoleon dövründən bəri Fransa öz torpaqlarını genişləndirməyə çalışmaqla yanaşı, quldarlıq sistemi yaradırdı. Fransa quldarlıq, müstəmləkə siyasətlərinə görə bu gün də üzr istəmir. Fransa heç bir zaman hüquq dövləti olmayıb”.
"ZCL News”in jurnalisti və prodüseri Danik Zandronis deyib: “Qvadelupda 1960-cı illərdə dırnaqarası qəzetlər formalaşsa da, onlar müstəmləkə barədə danışmırdılar. 1990-cı ilə qədər isə jurnalistlər Fransa müstəmləkəçiliyi və dövləti üçün çalışırdılar. Bizim ölkəmizdəki jurnallar Fransadakı kimi inkişaf etdirilirdi. Onların iş prinsipi Fransanın siyasətini təbliğ etmək idi”.
Danik Zandronisin sözlərinə görə, Qvadelup xalqı bu gün də müstəmləkə dominantlığından əziyyət çəkir.
Qvadelup Kommunist Partiyası İdarə Heyətinin və Port-Luis bələdiyyə məclisinin üzvü Viktor Arten deyib ki, Qvadelup xalqının siyasi suverenliyi heç vaxt təmin olunmayıb: “Kənd təsərrüfatımız, ticarət əlaqələrimiz və ümumilikdə iqtisadiyyatımız zəiflədilir. Nəticədə isə iqtisadiyyatımız getdikcə daha çox idxaldan asılı vəziyyətə düşür. Biz hüquqi büdcə baxımından Fransadan uzaqlaşıb, bütün sahələrimizi yenidən qurmalıyıq, sazişləri ciddi şəkildə yenidən tərtib etməliyik. Bütün sahələrimizin müstəqil olmasına çalışaraq, qlobal arenada hərəkətə keçməliyik. Biz asılılıqdan, yoxsulluqdan çıxmaq istəyiriksə, fundamental və öz müqəddəratını təyinetmə hüququmuz üçün çalışmalıyıq”.
Tədbirdə Qvadelupun müstəqilliyi uğrunda mübarizə aparan siyasi partiyaların liderlərinin, hərəkatların rəhbərlərinin, QHT-lərin və elmi dairələrin nümayəndələrinin müstəmləkəçilik tarixi və yaddaşı, siyasi və institusional dekolonizasiya, iqtisadi dekolonizasiya, bilik və mədəniyyətin müstəmləkəçilikdən azad olunması, müstəmləkəçilik və dekolonizasiya dövründə mənəvi aspektlər mövzularında məruzələri dinlənilib.
Çıxışçılar konfransda Qvadelupun Fransanın dənizaşırı departamenti kimi saxlanılması və bu statusun xalqın siyasi gələcəyini sərbəst müəyyən etmək hüququnu məhdudlaşdırması, həmçinin müstəmləkə cinayətləri, tarixi ədalətsizliklər, yerli Kalinago xalqının məhv edilməsi, işçilərin istismarı, bərabərsizlik və asılılığı davam etdirən inzibati və iqtisadi strukturların mövcudluğu kimi məsələləri geniş müzakirə ediblər. Tədbirdə departament statusunun müstəmləkəçiliyi davam etdirməsi və bunun Qvadelupda işsizlik, gənclərin kütləvi köçü, sosial bərabərsizlik, iqtisadi asılılıq, zorakılıq və ətraf mühitin çirklənməsi, habelə zəhərli kimyəvi pestisid xlordekonun dağıdıcı təsirləri də diqqət mərkəzində olub.
Konfransda Qvadelup xalqının öz müqəddəratını təyin etmək hüququnun beynəlxalq təşkilatların gündəliyinə çıxarılması, BMT-nin dekolonizasiya ilə bağlı hüquqi mexanizmləri, habelə müstəmləkə altında olan xalqlara müstəqillik verilməsi haqqında BMT-nin müvafiq qətnamələrinə və Bəyannaməyə Fransa tərəfindən əməl edilməməsi də geniş müzakirə edilən mövzular sırasında olub.
Daha sonra konfrans çərçivəsində Bakı Təşəbbüs Qrupu və MİR Qvadelup arasında əməkdaşlığa dair Memorandum imzalanıb.
Memorandumu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov və MİR Qvadelup təşkilatının prezidenti, Beynəlxalq Dekolonizasiya Cəbhəsinin (FID) katibi Joze Martin Jan Pyer imzalayıblar.
Memorandum partiyalar, QHT-lər, müstəqillik hərəkatları arasında yalnız siyasi müstəvidə deyil, ətraf mühit, mədəniyyət və digər sahələrdə də sıx əməkdaşlığı nəzərdə tutur.
Sonda konfransın yekun bəyanatı qəbul edilib. Bəyanatı Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov səsləndirib.
Digər xəbərlər