NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Bakı görüşü: Azərbaycan-Özbəkistan münasibətlərinin müttəfiqlik xarakterinin təsdiqi

...

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə dərin köklərə malik tarixi mədəni əlaqələri, etnik birliyi son illərdə siyasi müstəvidə də özünü ən bariz şəkildə göstərir, müxtəlif beynəlxalq tədbirlərdə ölkələr vahid geosiyasi məkan kimi çıxış edirlər. Bu xüsusda dillərin yaxınlığı, xalqlar arasında qarşılıqlı hörmətin mövcudluğu Özbəkistanla münasibətlərimizin daha da sıxlığını şərtləndirir. Azərbaycan ilə Özbəkistan arasında milli-mənəvi bağların möhkəmliyini Türk Dövlətlər Təşkilatı, TÜRKSOY, TÜRKPA, Beynəlxalq Türk Akademiyası, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Türk Biznes Şurası, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər platformalar da təsdiqləyir. Son 3 ildə liderlərin mütəmadi xarakter alan qarşılıqlı səfərləri siyasi baxışların kəsişməsindən, iqtisadi əməkdaşlığın güclü perspektivindən xəbər verir. İyulun 2-də baş tutan Özbəkistan Prezidentinin ölkəmizə dövlət səfəri iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ilinə təsadüf etməsi baxımından daha böyük əhəmiyyətə malik addımların atılması ilə nəticələnərək yaxın gələcəkdə regionun geosiyasi mənzərəsinin daha yaxşı yöndə dəyişəcəyinə, mövcud müttəfiqliyin daha da möhkəmlənəcəyinə əminlik yaratdı.

Özbəkistan liderinin İƏT-in 17-ci Zirvə görüşü çərçivəsində tarixi səfəri çoxtərəfli münasibətlərimizin, müttəfiqlik əlaqələrimizin bütün spektrinin ətraflı müzakirəsi, əsas istiqamətlər üzrə fikir mübadilələrinin aparılması, böyük iqtisadi, innovativ perspektivlər vəd edən sənədlərin imzalanması ilə yadda qaldı. Bu səfər, hər şeydən əvvəl, böyük imkanlarımızın olduğu ticarət, sənaye, elm, peşə təhsili, ali təhsil, sosial müdafiə və digər sahələrdə əməkdaşlıqlarımıza daha geniş qapılar açdı, Sumqayıt şəhəri ilə Daşkənd vilayəti, Qəbələ şəhəri ilə Nəvai şəhəri qardaşlaşdılar. Eyni zamanda prezidentlər siyasi dialoqu möhkəmləndirmək, çoxtərəfli platformalarda qarşılıqlı dəstək göstərmək, parlamentlər, hökumətlər, sahələr, nazirliklər səviyyəsində fəal təmasları davam etdirməklə bağlı yeni imkanları dəyərləndirdilər, mövcud münasibətlərdən məmnunluq ifadə olundu. Ən önəmlisi isə ortaya qoyulan siyasi iradə sayəsində ötən il qurulan Azərbaycan-Özbəkistan siyasi müttəfiqliyi daha da möhkəmləndirildi, bu xüsusda “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin həyata keçirilməsi üzrə 2025-2029-cu illər üçün “Yol xəritəsi” imzalandı.

Dünya praktikasına baxsaq görərik ki, bəzən dövlətlər arasında müttəfiqlik səviyyəsinə çatmaq üçün 10-20 illik tərəfdaşlıq tələb olunur. Amma Azərbaycan Prezidentinin apardığı uğurlu diplomatiyanın təqdiredici reallığıdır ki, cəmi 3 il əvvəl, 2022-ci ildə Özbəkistana dövlət səfəri və sonrakı dinamika ötən il strateji müttəfiqliyin əldə olunmasına şərait yaratdı. Bu xüsusda onu da vurğulamaq yerinə düşər ki, bu gün Azərbaycan 3 ölkəylə siyasi müttəfiqdir, ancaq əvvəlki ikisindən fərqli olaraq Özbəkistanla bu müttəfiqliyə bəyanatla deyil, daha da irəli gedilərək müqavilə ilə imza atılıb. İyulun 2-də Prezident İlham Əliyev təkbətək görüşün, Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclasının ardından mətbuata bəyanatında ilk olaraq məhz bu məqama diqqəti çəkdi və ölkələrarası müttəfiqlik müqaviləsinin münasibətlər tarixində ən yüksək dövlət sənədi olduğunu vurğuladı. Sitat: “Keçən il Daşkənddə Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzaladıq. Bu, istənilən ölkələrin münasibətlərində ən yüksək və əhəmiyyətli sənəddir. Biz artıq bir ildir ki, rəsmi müttəfiqik və bunu beynəlxalq arenada fəal qarşılıqlı fəaliyyətlə, qarşılıqlı dəstəklə, həmçinin bir çox sahədə həyata keçirdiyimiz konkret plan və layihələrlə nümayiş etdiririk”. Öz növbəsində, Özbəkistan Prezidenti də bu müttəfiqliyin diplomatiya və siyasətdə mühüm nailiyyət olduğunu vurğuladı, ölkələrarası iqtisadiyyatın, investisiyanın artımını Prezident İlham Əliyevin həyata keçirdiyi yorulmaz fəaliyyətin bəhrəsi kimi dəyərləndirdi: “İqtisadiyyat artır, investisiyalar artır və bütün bunlar Azərbaycan Prezidenti, dostum və qardaşım İlham Heydər oğlunun gündəlik, yorulmaz əməyinin bəhrələridir. Azərbaycanda həyata keçirilən bir çox işləri öyrənir, təhlil edir və bu təcrübəni mənimsəyirik”.

Böyük tarixi-siyasi əhəmiyyəti, ağır iqtisadi çəkisi ilə seçilən, yeni əməkdaşlıq perspektivləri vəd edən müttəfiqlik əlaqələrinə uzanan yolda atılan addımlar Özbəkistanın Azərbaycan üçün nə qədər önəmli rola malik olduğunu göstərdi. Bəli, qardaş ölkə Türkiyəylə əlaqələrimizdə olduğu kimi, bu qədim türk kökənli dövlətlə də münasibətlərimizdə “Dost dar gündə tanınar” tandemi mühüm amildir fikrini əmin şəkildə irəli sürə bilərik. Belə ki, Özbəkistanın 30 illik işğal zamanı Ermənistanla diplomatik münasibətləri qurmaması, bu illər ərzində Ermənistanda səfirliyini açmaması, həmçinin Ermənistanın da Daşkənddə səfirlik açmasına icazə verməməsi Azərbaycana olan dost sevgisinin, qardaş hörmətinin əlaməti kimi dəyərlidir, qiymətlidir. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) qoşunlarının bölgəyə yerləşdirilməsi ilə bağlı çağırış edəndə ilk etiraz edən dövlətlərdən biri olan Özbəkistan müharibədən sonra Azərbaycanın azad olunan torpaqlarda apardığı quruculuq strategiyasına da töhfələr verir. Şavkat Mirziyoyevin təşəbbüsü ilə Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik orta məktəbin tikilməsi, həmçinin Özbəkistanın sərmayəsi sayəsində Xankəndidə tikiş fabrikinin istifadəyə verilməsi də məhz qardaş dəstəyinin göstəriciləridir. İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Xankəndi şəhərindəki Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan “Businesstex JV” tikiş fabrikinin fəaliyyəti ilə tanış olmaları ölkələrimiz arasında uğurlu əməkdaşlıq barədə dünyaya ünvanlanan mühüm mesaj təsiri bağışladı. Əminliklə demək olar ki, bu tikiş fabriki ölkəmizdə yüngül sənayenin inkişafı üçün yeni imkanlar yaratmaqla yanaşı, Azərbaycanla Özbəkistan arasında ənənəvi dostluq və iqtisadi tərəfdaşlıq əlaqələrinin inkişafına xidmət edir və yaxın gələcəkdə bu inkişafda yeni perspektivlər açacaq.

Özbəkistan liderinin tarixi səfəri həm də ölkələr arasındakı diplomatik əlaqələrin 30 illiyinə mühüm töhfə kimi də dəyərləndirilməlidir. Belə ki, səfər çərçivəsində Özbəkistanın Azərbaycandakı səfirliyinin Bakıda yeni binasının açılışı oldu. Bu bina həm də illər öncə diplomatik birliyə, bərabərliyə xidmət məramı ilə atılan addımın uğurlu tamamı, mübarək arzunun reallaşmasıdır. Belə ki, vaxtilə Ümummilli Liderimiz Heydər Əliyevin ayırdığı, məqsədəuyğun bildiyi ərazidə səfirlik binasının inşası məhz Ulu Öndər ideyalarına sədaqətin ali ifadəsi olmaqla Azərbaycan-Özbəkistan əlaqələrinin təməlinin möhkəmliyindən xəbər verir. Prezident İlham Əliyevin də dediyi kim: “Bu yer Heydər Əlirza oğlu tərəfindən ayrılıb, şəhərin mərkəzində, böyük dövlətlərin səfirliklərinin yerləşdiyi ərazidə, eyni zonada, amma ən azı iki onillik, yox, bir qədər az müddətdə, sadəcə, orada boş qalıb, düzünü deyim ki, bu yer üçün çoxlu “ovçular” olub. Mənə dəfələrlə dedilər ki, görürsünüz, Özbəkistan səfirlik tikmir, yer yaxşıdır, layihə budur. Deyirəm, bütün layihələri yığışdırın, atam bu yeri qardaş ölkəyə verib. Qərar veriləndə, əminəm ki, bu bina tikiləcək və Şavkat Miromonoviç bundan xəbər tutan kimi, biz aktiv şəkildə qarşılıqlı fəaliyyətə başlayanda qərar qəbul etdi və indi gözəl bina tikilib”.

Prezident Şavkat Mirziyoyevin Azərbaycana səfəri həm də Bakıda “Özbəkistan” parkının təməlini qoyulması ilə əlamətdar, yaddaqalan oldu. “Bakı Ağ Şəhər”də salınacaq bu park iki dövlət və xalqlar arasında tarixən mövcud olan qardaşlığın, dostluğun rəmzinin daşıyıcısı, eyni zamanda mədəni əlaqələrin inkişafına mühüm töhfədir. Xarici turistlərin böyük marağına səbəb olacaq bu park dünyaya Azərbaycan-Özbəkistan münasibətləri barədə zəngin təəssürat aşılamaq baxımından dəyərli əyani mənbə rolunu oynayacaq.

Ümumilikdə, Özbəkistan Prezidentinin Azərbaycana növbəti səfəri, səfər çərçivəsində həm Bakıda, həm də Ağdamda, Xankəndidə keçirilən görüşlərdən, səmimi söhbətlərdən və səfirlik binasının açılışından, parkın təməlqoymasından, imzalanan sənədlərdən gəlinən nəticə budur ki, bu sayədə müttəfiqliyin, indiyədək reallaşdırılan layihələrin nə dərəcədə önəmli olduğu isbat edilməklə yeni layihələrin icrası, qarşıdan gələn dövrdə iqtisadi, ticarət və sərmayə əlaqələrinin daha da güclənməsi üçün mühüm perspektivlər açıldı. Ən əsas rəğbət olunası amil isə odur ki, bir sıra dövlətlərin 10-15 ilə əldə etdiyi nailiyyətə Azərbaycan və Özbəkistan əsl siyasi iradə, qətiyyətli mövqe göstərməklə cəmi 2-3 il ərzində çataraq müttəfiq respublikalara çevriliblər və bu gün birgə layihələrlə bu müttəfiqliyi gücləndirərək irəli aparmaqdadırlar. Prezident İlham Əliyevin də dediyi kimi: “Bu gün Özbəkistan və Azərbaycan münasibətlərinin tarixində əlamətdar gündür. Özbəkistan Prezidentinin dövlət səfəri layiqincə, qardaşlıq və qarşılıqlı anlaşma ab-havasında keçir. Bu gün biz həm ikitərəfli görüş, həm də Dövlətlərarası Şuranın iclası çərçivəsində ikitərəfli qarşılıqlı fəaliyyət məsələlərinin geniş spektrini müzakirə etdik, münasibətlərimizin strateji, müttəfiqlik xarakterini bir daha təsdiqlədik”.

Nail ƏSGƏROV

Nəşr edilib : 04.07.2025 12:10