NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Bahar festivalının səssiz qəhrəmanları

...

Naxçıvan şəhərində təşkil olunan Bahar festivalı və satış yarmarkası xüsusi coşqu və rəngarəngliyi ilə davam edir. Bayram əhvali-ruhiyyəsi hər addımda duyulur, ailələr və uşaqlar şənlik ərazisinə üz tutaraq ilin bu gözəl günlərini xoş ovqatla keçirirlər. Baharın gəlişi ilə canlanan "Naxçıvanqala" Tarix- Memarlıq Muzey Kompeksində milli musiqilər səslənir, əl işləri və yerli məhsullar sərgilənir, uşaqlar üçün təşkil olunan əyləncələr isə tədbirə ayrı bir canlılıq qatır.
Festival ərazisində qurulan müxtəlif stendlər ziyarətçilərin böyük marağına səbəb olur.  Tədbirin təhlükəsiz və problemsiz təşkili üçün isə müvafiq dövlət qurumları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Əraziyə nəzər saldıqda polis əməkdaşlarının ictimai asayişi qoruduğunu, Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin mümkün risklərin qarşısını almaq üçün daim nəzarətdə olduğunu görürük. Eyni zamanda Təcili Tibbi Yardım Xidmətinin əməkdaşları da mümkün qida zəhərlənmələri və digər tibbi müdaxilələr üçün tam hazır vəziyyətdədir. Bu operativ hazırlıq sayəsində ziyarətçilər özlərini arxayın hiss edir, bayramın sevincini rahatlıqla yaşayırlar.
İnsanların sıx toplaşdığı yarmarka ərazisində təmizliyin qorunması da xüsusi diqqət tələb edir. Bu istiqamətdə isə şəhərin sanitar təmizlik xidmətinin zəhmətkeş əməkdaşları böyük məsuliyyətlə çalışaraq səliqə-sahmanı təmin edirlər. Gün ərzində fasiləsiz aparılan təmizlik işləri sayəsində ərazi daim səliqəli saxlanılır və bu da tədbirin ümumi görünüşünə xüsusi estetik dəyər qatır.
Bütün bunlarla yanaşı, festivalın uğurla davam etməsi insanların birliyini, milli dəyərlərə bağlılığını və bayram ənənələrinə olan sevgisini bir daha nümayiş etdirir. Burada yaşanan hər an, hər gülüş və hər səmimi ünsiyyət bayramın ruhunu daha da dərinləşdirir.
Sonda qeyd etmək lazımdır ki, Naxçıvan şəhərində Bahar festivalının yüksək səviyyədə və təhlükəsiz şəraitdə keçirilməsi məhz bu görünməyən qəhrəmanların fədakar əməyi sayəsində mümkün olur. Bayramı ailəsi ilə rahat və təhlükəsiz şəkildə qeyd edən hər bir vətəndaşın arxasında gecə-gündüz çalışan bu insanların zəhməti dayanır. Onların səssiz, lakin son dərəcə məsuliyyətli xidməti bayram sevincinə əlavə dəyər qatır və əsl vətəndaşlıq nümunəsi kimi yadda qalır.

Zəhra VƏLİYEVA 
Rafiq TƏHMƏZ

Nəşr edilib : 23.03.2026 17:21