Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
"Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksində təşkil olunan Bahar festivalı çərçivəsində müxtəlif istiqamətlər üzrə maraqlı stendlər təqdim olunur. Bu stendlər arasında fiziki imkanları məhdud uşaqların əl işlərinin sərgiləndiyi guşə xüsusi diqqət çəkir. Belə ki, burada fiziki imkanları məhdud olan uşaqların hazırladıqları əl işlərinin satış sərgisi həyata keçirilir. Biz də “Şərq qapısı” olaraq həmin stendə yaxınlaşıb bu əsərlərin müəllifləri ilə daha yaxından tanış olduq.
Söhbətimiz zamanı əl işləri haqqında məlumat verən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyində fəaliyyət göstərən Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin rəsm terapiyası üzrə təlimatçı rəssamı Nigar Mustafazadə bildirdi ki, sərgidə rəsm terapiyası və əmək terapiyası çərçivəsində hazırlanmış 40-dan çox rəsm işi və 24 ədəd toxunma əl işi nümayiş olunur. İşlərin böyük hissəsi yağlı və akril boyalarla işlənib. Eyni zamanda gips və alçı ilə hazırlanmış müxtəlif sintez nümunələri də sərgidə yer alır.
Həmçinin qeyd olundu ki, bu əl işləri mərkəzin benefisiarları tərəfindən hazırlanıb. Onların arasında həm gənclər, həm də daha kiçik yaş qrupuna aid uşaqlar var. Sərgidə muncuq və piləklə hazırlanmış əl işləri də xüsusi maraq doğurur.
Təqdim olunan əsərlər arasında diqqətçəkən işlərdən biri də Sadəgülə Məmmədovaya məxsus rəsm əsərləridir. O, təxminən, bir ildir ki, rəsm və əmək terapiyasının benefisiarıdır. Sadəgül “Mirvari sırğalı qız” portretini akril boya ilə kətan üzərində işləyib. Eşitmə zəifliyi olmasına baxmayaraq, o bu müddət ərzində kiçik işlərdən başlayaraq bu gün daha peşəkar səviyyədə əsərlər yaratmağa nail olub.
Sadəgüllə yanaşı, burada təqdim olunan digər əl işləri də xüsusi maraq doğurur. Belə ki, sərgidə iştirak edən bir çox uşağın hər biri öz fərdi dünyasını və daxili hisslərini bu əsərlərdə əks etdirə bilib.
Belə təşəbbüslər fiziki imkanları məhdud olan şəxsləri cəmiyyətə tanış etmək, onların yaradıcılıq potensialının üzə çıxarılmasına və özlərinə inamlarının artmasına mühüm töhfə verir.
Zəhra VƏLİYEVA
Rafiq TƏHMƏZ
Digər xəbərlər