NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Azərbaycanın təhsil strategiyası: beynəlxalq təcrübə, səriştəli müəllim və qabaqcıl texnologiyalar

...

Prezident İlham ƏLİYEV: "Аzərbаycаndа, bütövlükdə, təhsil sаhəsi müаsirləşir, yеniləşir. Həm təhsilin mаddi-tехniki bаzаsı möhkəmlənir, həm də tədris prоsеsi yеniləşir. Bu sаhəyə çох böyük diqqət vеrməliyik. Mаddi-tехniki bаzаnın möhkəmləndirilməsi işlərində Аzərbаycаnın iqtisаdi imkаnlаrı, ilbəil аrtаn büdcəmiz, invеstisiyа хərclərinin аrtırılmаsı аpаrıcı rоl оynаyır. Əlbəttə, dövlət siyаsəti оndаn ibаrətdir ki, ilk növbədə, təhsil sаhəsinə böyük diqqət göstərilir".

Ümummilli Liderimiz Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” ideyası üzərində qurulan Azərbaycanın təhsil strategiyası bu gün ölkənin sosial-iqtisadi inkişafının təmin olunmasında aparıcı mövqeyə və rola malikdir. Prezident İlham Əliyevin “Azərbaycanda təhsil sisteminin təkmilləşməsinə çox böyük diqqət göstərilir. Təhsil bizim gələcəyimizdir”, “Təhsil ölkəmizin ümumi inkişafına uyğun şəkildə inkişaf etməlidir və ən müasir tələblərə cavab verməlidir” fikirləri onun milli təhsil sisteminin inkişafına nə qədər diqqət ayırdığını və respublikamızda dövlət təhsil siyasətinin necə prioritet məsələ olduğunu göstərir. Ölkə başçısının 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” bu sahədə inkişafın əsas istiqamətini, yol xəritəsini müəyyənləşdirir. Strategiyanın məqsədi ölkədə səriştəli təhsilverənlərə, ən yeni texnologiyalara əsaslanan infrastruktura malik, keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sistemini yaratmaqdır.
Aydın məsələdir ki, yüksək təhsil səviyyəsinə malik peşəkar kadrlar istənilən ölkənin intellektual potensialının əsasında dayanır. Burada əsas məqsəd təkcə kadrların yetişdirilməsi ilə yekunlaşmır, insan kapitalından düzgün istifadəni də ön plana çıxarmaqdır. Başqa sözlə, müasir dövrdə ölkələrin uğurlu və davamlı iqtisadi yüksəlişi insan kapitalının məqsədyönlü inkişafı hesabına əldə edilir. Bu baxımdan, təsadüfi deyil ki, Vətən müharibəsindən dərhal sonra, daha dəqiq desək, 2021-ci il fevralın 2-də təsdiqlənən 2030-cu ilədək sosial-iqtisadi inkişaf üçün müəyyən edilmiş milli prioritetlərin də hər biri insan kapitalının və sosial rifahın tərəqqisini hədəfləyir. Təbii ki, həyata keçirilən islahatlar, tətbiq olunan yeniliklər, təlim, tədris metodları təhsilin dövlət xərclərində də aparıcı mövqedə dayanmasını şərtləndirir. Azərbaycanda “Təhsil” bölməsi üzrə xərclərin hər il məqsədli artımı 2003 və 2025-ci illər üçün müqayisəli statistik göstəricilərdə də aydın görünür. Belə ki, əgər 2003-cü ilin statistikasına əsasən dövlət büdcəsindən təhsilə ayrılan xərclər, təxminən, 243 milyon manat təşkil edirdisə, 2025-ci il üçün bu sahəyə ayrılan vəsait 4,94 milyard manat olub. Ümumiyyətlə isə icra olunan strategiya və proqramlar çərçivəsində son illərdə dövlət büdcəsindən təhsilə ayrılan xərclərdə əhəmiyyətli artım özünü göstərir.  
Son 10 ildə təhsil xərcləri 3 dəfə, son 5 ildə isə, təxminən, 60 faiz artıb. Heydər Əliyev Fondunun dəstəyi ilə 2003-2024-cü illər ərzində 4000-dək məktəb binası tikilib və ya əsaslı təmir edilib, təhsil ocaqları ən müasir tədris avadanlıqları ilə təchiz olunub. Məktəb tikintisi sahəsində həyata keçirilən tədbirlər nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılıb. Ötən il Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə 960 şagird yerlik Şuşa şəhər 1 nömrəli, 132 şagird yerlik Xocalı şəhəri 1 nömrəli, 624 şagird yerlik Xankəndi şəhər 4 nömrəli, 132 şagird yerlik Laçın rayonu Sus kənd məktəbi, 960 şagird yerlik Cəbrayıl şəhərində akademik Mehdi Mehdizadə adına tam orta məktəbi, 460 şagird yerlik Xocalı rayonu Ballıca kənd məktəbi olmaqla, ümumilikdə, 6 məktəb istifadəyə verilib. Əvvəlki illərdə isə 960 şagird yerlik Füzuli şəhər 1 nömrəli, 510 şagird yerlik Laçın şəhər 2 nömrəli və 176 şagird yerlik Laçın rayonu Zabux kənd, 144 şagird yerlik Ağdərə rayonu Talış kənd və 360 şagird yerlik Zəngilan rayonu Ağalı kənd tam orta məktəbləri fəaliyyətə başlayıb.
Təhsilin inkişafına dair dövlət strategiyası bilavasitə təhsilverənlərin bilik və intellektual səviyyəsinin dövrün tələblərinə uyğunlaşdırılmasını prioritet məqsəd kimi qarşıya qoyur. Digər bir deyişlə şagirdin savadlı və səriştəli şəxs kimi formalaşmasına müəllimin təsiri onun akademik bacarıqlarından, tədris təcrübəsindən və peşəkarlıq səviyyəsindən xeyli asılıdır. Bu baxımdan, ümumi təhsil sahəsində müəllimlərin sertifikasiyası da mühüm məsələlərdəndir və dövlət-təhsil siyasətinin orta məktəb islahatında başlıca prinsiplərindən hesab olunur. Azərbaycan Elm və Təhsil Nazirliyinin yaydığı məlumatlara əsasən 2022-2024-cü illərdə 65 min nəfərə yaxın müəllim sertifikatlaşdırmaya cəlb edilib. Sertifikatlaşdırma prosesindən uğurla keçmiş, ümumilikdə, 55 min nəfər olmaqla, 38 mindən çox müəllimin əməkhaqqına 10, 17 mindən çox müəllimin əməkhaqqına isə 35 faiz əlavə tətbiq olunub. Nəticədə, əməkhaqqına 10 faiz əlavə tətbiq olunmuş müəllimlər üzrə ortaaylıq əməkhaqqı 980 manat, əməkhaqqına 35 faiz əlavə tətbiq olunmuş müəllimlər üzrə isə ortaaylıq əməkhaqqı 1295 manat təşkil edib. Sertifikasiya və ardınca reallaşdırılan stimullaşdırma tədbirləri, təbii ki, təhsilverənlərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə yol açmaqla onlarda məsuliyyət hissini daha artırmağa, təhsildə sağlam rəqabət mühitinin formalaşmasına töhfə verir. Sözsüz, bu sayədə məktəbdə daim öz üzərində işləyən, bilik və bacarıqlarını davamlı artıran təhsilverən modeli yaranır ki, bu da özünü təhsilalanların nailiyyətlərində göstərir.
Dünyada son 30-40 il ərzində gedən elmi-texnoloji tərəqqi, innovasiyalar və modernləşmə nəticəsində praktiki bilik və vərdişlərlə zənginləşməyən, sırf nəzəri xarakter daşıyan təhsil öz fundamental əhəmiyyətini itirməkdədir. Məhz bütün bu amilləri əldə rəhbər tutan Azərbaycan təhsil strategiyasının hədəflərindən biri də təhsilin məzmununun formalaşmasında akademik biliklərlə yanaşı, praktik bilik və bacarıqların, səriştənin vacibliyinin önə çəkilməsidir. Bu sahədə atılan uğurlu addımlardan biri də son illərdə reallaşdırılan STEAM, “Rəqəmsal bacarıqlar” layihələridir ki, bu layihələrdə iştirak şagirdlərdə ən müasir yeniliklərə dair innovativ bacarıqları ortaya çıxarmaqla nəzəri bilikləri praktik vərdişə çevirməkdə, rəqəmsallaşan dünyada peşəkar mütəxəssis kimi yetişmədə müstəsna rol oynayır. 2024-2025-ci tədris ilində STEAM əsaslı tədris 400-dək ümumi təhsil müəssisəsində, ümumilikdə, 264 mindən çox şagirdi əhatə edib, 2026-cı ilin sonuna bu sayın 280 min nəfərə çatdırılması planlaşdırılır. STEAM layihəsinin 2025-2026-cı tədris ilində əlavə olaraq 7 yeni ümumi təhsil müəssisəsində də tətbiqi nəzərdə tutulur. Nəticədə, layihənin ümumi əhatə dairəsi 405 məktəbə çataraq, ümumilikdə, 300 000 şagirdi əhatə etməsi gözlənilir. Eyni zamanda layihənin yeni tədris ilindən ilk dəfə olaraq 3-cü siniflərdə də tətbiqinə başlanılacaq. “Rəqəmsal bacarıqlar” layihəsi isə 2017-2018-ci tədris ilindən tətbiq edilir. Layihə 2023-2024-cü tədris ilində 531 ümumi təhsil müəssisəsində 400 000-dən çox şagirdi əhatə edib. 2024-2025-ci tədris ilindən daha 230 məktəb layihəyə qoşulub. Ümumilikdə isə layihəyə yeni qoşulacaq məktəblərdə şagird sayı 100 000-dən çoxdur. 2024-2025-ci tədris ilində layihə 762 məktəb üzrə 510 min şagirdi əhatə edib. “Rəqəmsal bacarıqlar”ın 2025-2026-cı tədris ilində əlavə 29 ümumi təhsil müəssisəsində tətbiqi planlaşdırılır. Bununla da layihənin, ümumilikdə, 773 məktəb və 530 000 şagirdi əhatə etməsi gözlənilir.
Ölkədə ümumi təhsil pilləsi üzrə aparılan dərin islahatlar hər il ali məktəbə qəbul imtahanında əldə olunan yüksək nailiyyətlərdə özünü göstərir. Vurğulamaq yerinə düşər ki, 2003-2023-cü illərdə ali təhsil müəssisələrinə qəbul sayı 3 dəfə artıb. Həmçinin bu dövrdə 4000-dən çox tələbə xaricdə təhsil hüququ qazanıb. 2024-2025-ci tədris ilində isə bakalavriat səviyyəsinə 59 026, magistratura səviyyəsinə 14 104, doktorantura və dissentanturaya isə 982 nəfər qəbul olunub. Bakalavriat səviyyəsində 13 523 nəfər, magistratura səviyyəsində 3 267 nəfər, (ümumi 16 790 nəfər) texniki, texnoloji və innovasiya yönümlü ixtisaslar üzrə ali təhsil müəssisələrinə qəbul olub. SABAH qruplarına bakalavriat səviyyəsi üzrə 895, magistratura səviyyəsi üzrə 512 tələbə qəbul olub.

Naxçıvan təhsili: uğurlu inteqrasiya, uğurlu nəticələr 

Azərbaycan təhsil strategiyasının uğurlu nəticələri artıq bir neçə ildir ki, Naxçıvan Muxtar Respublikasının timsalında da özünü göstərməkdədir. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” mühüm əhəmiyyət daşıyır, Dövlət Proqramı digər sahələrlə yanaşı, təhsili də yeni inkişaf mərhələsinə daşımaqdan ötrü mühüm prioritetlər müəyyənləşdirib. Proqramın “insan kapitalının inkişafı” adlanan 9-cu prioritetində Naxçıvan Muxtar Respublikasının ümumi təhsil müəssisələrində təhsilverənlərin peşəkarlıq səviyyəsinin davamlı olaraq yüksəldilməsini təmin edən innovativ texnologiyalara əsaslanan ixtisasartırma təlimlərinin təşkil edilməsi, istedadlı uşaqlar üçün liseylərin və təmayülləşmənin əhatə dairəsinin genişləndirilməsi, təhsil müəssisələrində elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat (STEAM) əsaslı tədrisin tətbiqinin həyata keçirilməsi nəzərdə tutulur.
Dövlət Proqramında qarşıya qoyulan vəzifələrin icrasına uyğun olaraq ümumi təhsil müəssisələrində indiyədək 154 yeni STEAM otağı istifadəyə verilib. Həmçinin Naxçıvanda şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi üçün muxtar respublikanın Təhsil Nazirliyi tərəfindən Monitorinq Mərkəzi yaradılıb. Dövlət Proqramı çərçivəsində ümumi təhsil müəssisələrində yeni tədris ilindən icmaəsaslı məktəbəqədər təhsil müəssisələrinin yaradılması üçün işlər başa çatdırılıb.
Azərbaycan təhsil sisteminə uğurlu inteqrasiya Naxçıvan Muxtar Respublikasında bu sahədə idarəetmənin daha da təkmilləşdirilməsinə, müəllimlərin bilik və bacarıqlarının artırılması yönündə təlimlərdə, sertifikatlaşdırma prosesində, mərkəzləşdirilmiş işə qəbul müsabiqələrində iştirakına şərait yaradır. Muxtar respublikada təhsil müəssisələrinin və təhsilin idarəetmə orqanlarının Elm və Təhsil Nazirliyinin mövcud məlumat bazalarına və elektron xidmətlərinə inteqrasiyası 2024-2025-ci tədris ilində də davam etdirilib. İnteqrasiya çərçivəsində Elm və Təhsil Nazirliyinin 37 adda elektron məlumat bazasından 30-na qoşulma prosesi tamamlanıb, növbəti tədris ilindən digər elektron məlumat bazalarına qoşulma prosesinin də yekunlaşdırılması nəzərdə tutulub. 2024-cü ildə ilk dəfə olaraq muxtar respublikada təhsilverənlərin sertifikatlaşdırılması prosesi keçirilib, 366 müəllimdən 153-ü 51 və daha yüksək, 2 müəllim isə maksimum nəticə – 60 bal toplamaqla yüksək nəticə göstərib. Müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada aparılaraq 174 namizəd məktəblərə və peşə təhsil müəssisələrinə təyin olunub. Nəticədə, 123 namizəd ümumtəhsil məktəblərinə, 10 nəfər isə peşə təhsili müəssisələrinə, həmçinin 41-i müddətli müqavilə əsasında ümumi təhsil və peşə təhsil müəssisələrinə qəbul olunaraq ixtisasları üzrə təyinat alıblar. Bundan başqa, Naxçıvanda ilk dəfə ibtidai sinif müəllimlərinin və riyaziyyat müəllimlərinin forumları təşkil olunub, tədbirlərdə ölkənin müxtəlif bölgələrindən 2500-ə yaxın pedaqoq iştirak edib.
Naxçıvanda həm qəbul olunan sosial-iqtisadi inkişafa dair Dövlət Proqramının icrası, həm də ölkə təhsil sisteminə uğurlu inteqrasiya özünü şagird nailiyyətlərində də göstərir. Belə ki, ötən tədris ilində Naxçıvandan Dövlət İmtahan Mərkəzinin qəbul imtahanlarında 500-700 bal intervalında nəticə göstərən 379 məzun qeydə alınıb. Bu da son 30 ilin ən yüksək göstəricisi hesab edilir. 2024-2025-ci tədris ilində ümumtəhsil məktəblərinin 473 məzunu, IX siniflər üzrə 196-sı, XI sinifləri üzrə isə 277-si fərqlənmə attestatına, 4 məzun isə qızıl və gümüş nişana layiq görülüb.
Son illərin sosial-iqtisadi inkişaf mənzərəsi göstərir ki, Ümummilli Liderimiz Heydər Əliyevin ümumbəşəri ideyaları işığında, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrlə yanaşı, təhsil də böyük uğur yolunda inamla addımlayır. Təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi, təhsilverənlərin bilik və bacarıqlarının davamlı artırılması, müasir, fəal – interaktiv təlim metodlarının tətbiqi təhsil strategiyasının, dövlət təhsil siyasətinin uğurla həyata keçirilməsini təmin edir və təhsilin keyfiyyətinin dayanıqlı yüksəlişini şərtləndirir. Əminliklə demək olar ki, dünyada gedən qlobal proseslərin fonunda həm yeniləşməni, həm də milliliyi özündə ehtiva edən Azərbaycan təhsilinin uğurları ilbəil daha da artaraq rəqabətli insan kapitalı, milli ideyalara sadiq savadlı, bacarıqlı kadr təminatı baxımından ölkəmizin sosial-iqtisadi inkişafına əvəzsiz töhfələr verməkdə davam edəcək.

Nail ƏSGƏROV
 

Nəşr edilib : 15.09.2025 11:20