Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Azərbaycan xalqı 1991-ci ildə dövlət müstəqilliyini bərpa etməklə öz tarixində yeni bir səhifə açdı. Müstəqilliyin ilk illəri ölkə üçün çətin, eyni zamanda taleyüklü bir dövr idi. Sovet ittifaqının dağılması ilə mərkəzləşdirilmiş idarəetmə sistemi dağıldı, iqtisadi əlaqələr qırıldı, sənaye və kənd təsərrüfatı iflic vəziyyətinə düşdü. Müharibə şəraiti, siyasi qeyri-sabitlik və sosial böhran iqtisadiyyatın bərpasını daha da çətinləşdirirdi. Bu mürəkkəb dövrdə, 1993-cü ildə Azərbaycan xalqının xilaskarı Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın yeni inkişaf mərhələsinin başlanğıcı oldu. O, qısa zamanda ölkədə sabitlik və idarəetməni bərpa edərək iqtisadi islahatların əsasını qoydu. 15 iyun hadisələri nəticəsində ölkə parçalanmaq təhlükəsindən qurtardı və bu tarix sonradan “Milli Qurtuluş Günü” kimi qeyd edilməyə başladı.
Azərbaycan Respublikası 1991-ci ildən bu günə qədər iqtisadi müstəqilliyini bərpa edərək valyuta sistemi, sənaye və kənd təsərrüfatı kimi əsas sahələrin inkişafı istiqamətində müxtəlif strateji tədbirlər həyata keçirmişdir. Hər bir işdə uğur qazanmaq üçün möhkəm təməl vacib amil sayılır. Bünövrə nə qədər sağlam və möhkəm təməllər üzərində dayanırsa, görülən iş də bir o qədər səmərəli və dayanıqlı olur. Məhz bu prinsipə əsaslanaraq dahi siyasətçi Heydər Əliyev tərəfindən müdrikcəsinə aparılan siyasət nəticəsində müstəqil Azərbaycanın iqtisadiyyatı dirçəlməyə başladı.
1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətin hüquqi əsaslarını müəyyən etdi. Yeni qanunvericilik bazası, dövlət orqanlarının səlahiyyət bölgüsü və idarəetmə prinsipləri müasir dövlət quruculuğunun təməlini qoydu. Milli Məclis, Prezident Administrasiyası və Mərkəzi Bank kimi qurumlar fəaliyyətə başladı, idarəetmə sistemi beynəlxalq standartlara uyğunlaşdırıldı. Azərbaycanın beynəlxalq təşkilatlara qoşulması və diplomatik əlaqələrin genişlənməsi suverenliyin möhkəmlənməsində mühüm rol oynadı.
1992-ci il avqustun 15-də Azərbaycan öz milli valyutasını – manatı dövriyyəyə buraxdı. Lakin iqtisadi sabitliyin olmaması və rublun paralel dövriyyəsi manatın dəyərini zəiflətdi. 1993-cü il dekabrın 11-də böyük dövlət xadimi Heydər Əliyev tərəfindən imzalanan Fərmanla 1994-cü ilin yanvarından etibarən rubl tamamilə dövriyyədən çıxarıldı və manat ölkənin yeganə ödəniş vasitəsinə çevrildi. Bu addım Azərbaycanın maliyyə müstəqilliyinin təmin edilməsində mühüm dönüş nöqtəsi oldu. Sonrakı illərdə həyata keçirilən islahatlar manatın sabitliyini qorudu, dövlət sektorunda əməkhaqqı artımları ilə əhalinin rifah səviyyəsi yüksəldi.
Azərbaycanın inkişaf yolunun qurucusu Heydər Əliyev yeni mərhələdə müstəqil Azərbaycanın iqtisadi inkişaf yolunun yalnız islahatlar vasitəsilə, liberalizm prinsiplərinə əsaslanan bazar iqtisadiyyatına keçid yolu ilə olmasının zəruliyini vurğulayırdı. Azərbaycanın milli iqtisadiyyatının formalaşmasında Ulu Öndər Heydər Əliyevin xidmətləri misilsizdir. Görkəmli dövlət xadimi ölkəmizin gələcək inkişaf kursunu böyük uzaqgörənliklə ifadə etmişdir: “Bir Prezident kimi mən Azərbaycanın iqtisadiyyatında dövlət siyasətini artıq müəyyən etmişəm. Bu, islahatlar yoludur; islahatlar vasitəsilə istehsalın artırılması, inkişaf etdirilməsi, mülkiyyətin özəlləşdirilməsi, özəl bölmənin inkişafına geniş yer verilməsi, bazar iqtisadiyyatı, insanlara sərbəstlik verilməsi, sahibkarlığa və təşəbbüskarlığa şərait yaradılmasıdır. Bu, dövlət siyasətimizin əsas prinsipləridir”.
1994-cü il sentyabrın 20-də müdrik siyasətçi Heydər Əliyevin təşəbbüsü ilə “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə 11 beynəlxalq şirkətlə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi tarixində dönüş yaratdı. Bu müqavilə ölkəyə irihəcmli xarici sərmayə axınını təmin etdi, neft hasilatında və ixracında sürətli artım baş verdi. 1997-ci ildə istismara verilən “Çıraq” yatağı bu gün də ölkənin enerji təhlükəsizliyinin əsas mənbələrindən biridir. Ümumilikdə, “Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində 600 milyon tondan çox neft və 210 milyard kubmetr qaz hasil olunub. Neft strategiyası Azərbaycanın beynəlxalq nüfuzunu yüksəldərək ölkənin modern inkişafının iqtisadi dayağına çevrildi. 1996-cı ildən başlayaraq Azərbaycanda genişmiqyaslı özəlləşdirmə proqramları həyata keçirildi. Dövlət müəssisələri bazar prinsiplərinə uyğun fəaliyyətə keçdi, sahibkarlıq inkişaf etdirildi. Hazırda ÜDM-in 81,4 faizi özəl sektorun payına düşür. Sənayedə bu göstərici 55 faiz, kənd təsərrüfatı və ticarətdə 98 faiz, tikintidə 78 faiz, yük daşımalarında isə 82 faiz təşkil edir. Torpaq islahatları çərçivəsində torpaqların 99,5 faizi özəlləşdirilib, 1,1 milyon hektara yaxın torpaq sahəsi kənd əhalisinə paylanıb. Bu, kənd təsərrüfatında məhsuldarlığın artmasına, kənd yaşayış məntəqələrində yeni iş yerlərinin yaranmasına və sosial rifahın yüksəlməsinə şərait yaradıb. 1990-cı illərin sonlarında kənd təsərrüfatı istehsalında 7 faizdən çox artım müşahidə olunub. 2023-2024-cü illərdə isə ÜDM-in artımı 4,5 faiz səviyyəsində qeydə alınıb. Bu göstəricilər Azərbaycan iqtisadiyyatının təkcə neft deyil, həm də qeyri-neft sektorunda dayanıqlı inkişaf mərhələsinə daxil olduğunu təsdiqləyir.
44 günlük Vətən müharibəsində qazanılan Qələbə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə yanaşı, iqtisadi inkişaf üçün yeni perspektivlər açdı. Azad edilmiş ərazilərdə hazırda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Qarabağ və Şərqi Zəngəzurda yeni şəhərlər, sənaye parkları və infrastruktur layihələri inşa edilir. Xüsusilə Zəngəzur dəhlizi layihəsi regionun ən mühüm nəqliyyat və ticarət xətlərindən birinə çevrilməkdədir. Bu dəhliz Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək, eyni zamanda Mərkəzi Asiya və Avropa arasında strateji nəqliyyat qovşağı kimi çıxış edəcək. Prezident İlham Əliyevin sözləri ilə desək, “Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın milli, tarixi və gələcək maraqlarına tam cavab verir”.
Müstəqillik illərində Azərbaycan iqtisadiyyatının dərin böhrandan inkişaf mərhələsinə yüksəlməsi günümüzün reallığıdır. Bu gün sirr deyil ki, dahi rəhbər Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək, ölkənin iqtisadi müstəqilliyini və beynəlxalq nüfuzunu möhkəmləndirib. Qürur duyuruq ki, Azərbaycan artıq regionda sabitlik, iqtisadi artım və beynəlxalq əməkdaşlıq nümunəsi kimi tanınır. Ölkənin müstəqilliyi artıq təkcə siyasi deyil, həm də iqtisadi məzmunda dönməz xarakter almışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi:
“Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi və dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri var. Hazırda bu siyasət davam etdirilir. Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayacaqdır”.
Fatimə RZAYEVA
Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin
qiyabi şöbə üzrə III kurs tələbəsi
Yazı “Şərq qapısı” qəzetinin elan etdiyi “Müstəqil Azərbaycan: “Konstitusiya və Suverenlik İli”nin təntənəsi” mövzusunda yaradıcılıq müsabiqəsinə təqdim edilir
Digər xəbərlər