Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Naxçıvan Muxtar Respublikasında elektroenergetika sahəsində həyata keçirilən layihələrə bütöv şəkildə baxıldıqda təkcə texniki modernləşmə deyil, uzunmüddətli siyasi-iqtisadi strategiyanın ardıcıl şəkildə reallaşdırıldığı aydın görünür. Muxtar respublikanın coğrafi mövqeyi, regional nəqliyyat dəhlizlərinə yaxınlığı, Türkiyə Respublikası ilə quru sərhədinin mövcudluğu və perspektivdə Avropa enerji bazarlarına çıxış imkanları Naxçıvanı klassik istehlakçı regiondan potensial enerji qovşağına çevirmək üçün real zəmin yaradır. Bu baxımdan, elektroenergetika infrastrukturu üzrə ilkin layihələndirmə işlərinin Avropa Enerji Birliyinin ENTSO-E texniki tələblərinə uyğunlaşdırılması sırf texniki seçim deyil, Naxçıvanın gələcək enerji diplomatiyasına hazırlıq mərhələsi kimi qiymətləndirilə bilər. Mövcud və perspektiv elektroenergetika infrastrukturunun – generasiya və ötürmə sistemlərinin mərhələli şəkildə yenilənməsi enerji ixrac potensialının artırılmasına, sistemin etibarlılığının və dayanıqlığının təmin olunmasına xidmət edir. Yeni müasir yarımstansiyaların və ikidövrəli ötürücü xətlərin tikintisi hesabına enerji təminat sxeminin yenidən qurulması, faktiki olaraq Naxçıvan enerji sistemini köhnə, riskli və lokal strukturdan çıxarıb çevik və regional inteqrasiyaya açıq modelə transformasiya edir. Uzun illər tikintisi yarımçıq qalmış su elektrik stansiyalarının tamamlanması ilə generasiya gücünün artırılması isə həm daxili enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, həm də alternativ və bərpa olunan mənbələrin enerji balansındakı payının yüksəldilməsinə imkan yaradır.
Enerji balansında sabitliyin qorunması və regionun artan enerji tələbatının qarşılanması məqsədilə dövlət-özəl tərəfdaşlığı çərçivəsində müasir texnologiyalarla təchiz olunacaq yeni istilik elektrik stansiyasının tikintisi üzrə işlərin icrası planlaşdırılır. Bu yanaşma enerji sektorunda təkcə dövlət investisiyalarına söykənən modeldən daha çevik, kapital və texnologiya axınına açıq mexanizmə keçidi göstərir. Paralel olaraq Naxçıvanda müvafiq gücdə BOEM-lərin və enerji saxlanc qurğularının mərhələli şəkildə reallaşdırılması sistemin çevikliyini artırır, pik yüklənmələr zamanı sabitliyi qoruyur və ixrac imkanları üçün zəruri baza infrastrukturunu formalaşdırır. Çevirici yarımstansiyanın tikilməsi, Türkiyəyə elektrik enerjisinin ötürülməsi, eləcə də Cəbrayıl qovşaq yarımstansiyasından muxtar respublikaya 330 kV-luq yeni ikidövrəli elektrik veriliş xəttinin çəkilməsi Naxçıvanın Azərbaycanın əsas enerji sisteminə inteqrasiyası baxımından strateji əhəmiyyət daşıyır. Azərbaycanın əsas ötürücü şəbəkəsi ilə birbaşa əlaqə Naxçıvanın enerji təhlükəsizliyini ümummilli enerji strategiyasının tərkib hissəsinə çevirir. “Azərenerji” ASC tərəfindən hazırlanmış elektroenergetika strategiyası çərçivəsində 2025-ci il üçün layihələndirilən və icrasına başlanmış işlər Naxçıvanda elektroenergetika sahəsində keyfiyyətcə yeni mərhələnin əsasını qoyur. Regional Rəqəmsal İdarəetmə və SCADA mərkəzinin yaradılması enerji sisteminin mərkəzləşdirilmiş, rəqəmsal və operativ idarə olunmasına şərait yaradır. Uzun illərdir, istismar olunan 154/110/10 kV “Babək”, 110/35/10 kV “Naxçıvan”, 110/35/10 kV “Çeşməbasar” yarımstansiyalarının gücünün artırılaraq yenidən tikilməsi, eləcə də “Culfa” yarımstansiyasının 132/110/35/10 kV gərginlik pilləsində yeni ərazidə yenidən qurulması köhnə qurğu və avadanlıqların müasir tələblərə uyğunlaşdırılması yeni keçid prosesinin formalaşdırılmasının bariz nümunələridir.
1960-1970-ci illərdə istismara verilmiş bir çox 110 kV-luq elektrik veriliş xətlərinin ikidövrəli formada yenidən tikilməsi ötürmə gücünü artırmaqla yanaşı, qəza risklərini də azaldır. Naxçıvan şəhərində 110 kV-luq elektrik verilişi xətlərinin yaşayış sahələrinin yerinin dəyişdirilərək yenidən tikintisi, bununla paralel olaraq xətlərin müvafiq hissələrinin kabel xəttinə keçirilməsi sosial təhlükəsizlik və şəhərsalma baxımından da mühüm addım kimi çıxış edir. Naxçıvan və İran enerji sistemləri arasında mövcud olan 132 kV-luq xəttin yenidən tikilməsi regional enerji əlaqələrinin texniki əsaslarının gücləndirilməsinə xidmət edir. Uzun illərdir, istismar olunan 110 kV-luq elektrik verilişi xətlərinin yenilənməsi muxtar respublikanın elektrik enerjisi təhlükəsizliyinə və dayanıqlılığını şərtləndirən amildir.
Bütün bu tədbirlər fonunda “Naxçıvan Enerji” MMC-nin inzibati binasının, Regional Rəqəmsal Dispetçer və SCADA mərkəzinin, tədris, laboratoriya və texniki baza obyektlərinin yaradılması insan kapitalının və institusional idarəetmənin gücləndirilməsinə xidmət edir. Bu isə enerji sektorunda dayanıqlı inkişafın yalnız infrastrukturla deyil, kadr və idarəetmə potensialı ilə təmin edildiyini göstərir. Nəticə etibarilə, Naxçıvan Muxtar Respublikasında elektroenergetika sahəsində aparılan işlər iqtisadi müstəqilliyin möhkəmləndirilməsi, regional inteqrasiya imkanlarının genişləndirilməsi və siyasi manevr imkanlarının artırılması baxımından strateji xarakter daşıyır. Enerji infrastrukturu üzərindən qurulan bu yeni model Naxçıvanı təkcə daxili tələbatını ödəyən region deyil, regional enerji əməkdaşlığında söz sahibi olan subyekt kimi formalaşdırmağa yönəlib.
Rafiq TƏHMƏZ
Digər xəbərlər