Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Suriyaya qaz nəqli regional sabitliyə və rifaha xidmət nümunəsidir
Ümummilli Liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində 31 il bundan öncə, 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin bağlanması ilə əsası qoyulan Azərbaycanın enerji strategiyası ötən dövrdə Bakı-Tibilisi-Ceyhan neft, Bakı-Tibilisi-Ərzurum qaz kəmərləri, TANAP, TAP, Cənub Qaz Dəhlizi kimi layihələrlə daha da genişlənərək mühüm geostrateji əhəmiyyətə malik olub. Nəticə etibarilə hazırda Avropanın etibarlı enerji təchizatçısına, enerji təhlükəsizliyinin təminatçısına çevrilən respublikamız sözügedən sahədə irəli sürdüyü təşəbbüslərlə nəinki uzaq coğrafiyaları yaxınlaşdırır, yeni, faydalı əməkdaşlıqlara körpü salır, həm də regional sabitliyə və rifaha xidmət missiyasını uğurla yerinə yetirir. Bir neçə gün öncə, daha dəqiq desək, avqustun 2-də Türkiyə vasitəsilə Suriyaya mavi yanacaq nəqlinə başlanması da məhz bu mühüm amilə, humanitar prinsiplərə əsaslanır.
Suriyaya mavi yanacaq nəqlinin siyasi, iqtisadi tərəflərinə toxunmadan öncə, təbii ki, Azərbaycanın müəllifi olduğu vəbugünkü tarixi addımların atılmasına səbəbiyyət yaradan XXI əsrin, sözün həqiqi mənasında, meqa layihəsi sayılan Cənub Qaz Dəhlizinin enerji diplomatiyasındakı roluna diqqəti çəkmək lazımdır. Təməli “Əsrin müqaviləsi”nin 20 illiyi qeyd edilən gün – 2014-cü ilin sentyabrın 20-də qoyulan, 2018-ci il mayın 29-da rəsmi açılışı olan layihənin ümumi dəyəri 33 milyard ABŞ dollarıdır. ABŞ-nin dəstəyinin də reallaşmasında böyük payı olduğu CQD vasitəsilə respublikamız bu gün, Suriya da daxil olmaqla, ümumilikdə, 13 ölkəyə, o cümlədən də 10 Avropa ölkəsinə mavi yanacaq ixrac edir ki, onlardan 8-i Avropa İttifaqının üzvüdür.Bu baxımdan, təsadüfi deyildir ki, Aİ liderləri tərəfindən Azərbaycan “etibarlı tərəfdaş qaz təchizatçısı” kimi tanınır.2022-ci ilin iyulun 18-də Azərbaycan və Avropa Komissiyası arasında “Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanması da məhz Avropanın respublikamızın enerji diplomatiyasına olan güclü etibarının, böyük marağının əyani göstəricisidir. Azərbaycan tərəfindən təşəbbüslərin dəstəklənməsi nəticəsində yeni interkonnektorların da qoşulması ilə ötən iki-üç ildə qaz nəqlində əhəmiyyətli dərəcədə artıma nail olunub. Belə ki, 2021-ci ildə Azərbaycan Avropaya8 milyard kubmetr qaz ixrac etmişdirsə, bu rəqəm 2022-ci ildə 11,4 milyard, 2023-cü ildə, təxminən, 12 milyard, 2024-cü ildə isə 12,9 milyard kubmetr təşkil edib. 2025-ci ilin yanvar-iyun aylarında isə Azərbaycan 4 milyard 541 milyon 622,15 min ABŞ dolları dəyərində 12 milyard 364 milyon 984,82 min kubmetr həcmində təbii qaz ixrac edib. Hesabat dövründə ixrac edilən təbii qazın həcmi 2024-cü ilin ilk 6 ayı ilə müqayisədə 4,56, dəyəri isə 11,62 faiz çoxdur. Əldə edilən razılaşmaya əsasən 2027-ci ilə qədər Azərbaycan qazının tədarükü ildə azı 20 milyard kubmetrə çatmalıdır.
Bir qədər əvvəl də qeyd etdiyimiz kimi, artıq avqustun 2-dən etibarən Suriyaya da qaz nəqlinə başlanılıb və bu addım gələcəkdə coğrafi baxımdan enerji nəqli teritoriyasının daha da şaxələndirilməsinə imkan verəcək. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Suriya hökuməti arasında bu yaxınlarda imzalanmış sənədə əsasən təbii qazın nəqli üçün artıq bütün texniki hazırlıqlar tamamlanıb. Layihənin ilk mərhələsində Suriyaya ildə 1,2 milyard kubmetr təbii qazın ixracı planlaşdırılır. Qaz Türkiyənin Kilis şəhəri vasitəsilə Hələb və Homsdakı elektrik stansiyalarına çatdırılacaq və elektrik enerjisi istehsalında istifadə olunacaq. Bu proses nəticəsində 1200-1300 meqavatlıq elektrik istehsalı gücünə nail olunması nəzərdə tutulur. Beləliklə, 14 illikvətəndaşmüharibəsindən yenicə çıxmış bir ölkənin enerji infrastrukturunun bərpası, o cümlədən səhiyyə, nəqliyyat, təhsil sahələrində dirçəlişin əldə olunması üçün böyük fürsət yaranır. Bu baxımdan, Suriyaya qaz nəqli bir daha onu göstərir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi enerji diplomatiyası təkcə iqtisadi səmərəliliyi ilə seçilmir, həm də özündə humanitar dəyərlər daşıyır. Sözügedən təşəbbüs, təbii ki, Azərbaycan-Suriya əlaqələrində də yeni səhifə açır. Məlum olduğu üzrə Suriyanın keçmiş hakimiyyəti ilə respublikamız arasında münasibətlər heç də ürəkaçan olmayıb. Vətən müharibəsi dövründə Bəşər Əsəd diktaturası Ermənistanın işğalçılıq mövqeyinə dəstəyini açıqşəkildə nümayiş etdirib, çirkin planların həyata keçirilməsi üçün əlindən gələn köməklikləri göstərib. Lakin Suriyadakı yeni hakimiyyətin Türkiyə ilə yaxınlığı, bu ölkənin bilavasitə Azərbaycanla da həm ikitərəfli, həm də üçtərəfli əlaqələr qurmasına səbəb olub. Prezident İlham Əliyevin cari il aprelin 11-də Antalya Diplomatiya Forumu çərçivəsində Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşü, eləcə də iyul ayında Əhməd Əl Şaraanın ölkəmizə səfəri çərçivəsində aparılan danışıqlar da belə deməyə əsas verir ki, ölkələrimiz arasında əməkdaşlıqların inkişafının yeni perspektivləri görünməkdədir və yaxın gələcəkdə müxtəlif sahələr üzrə dialoqlar davamlı xarakter alaraq müsbət nəticələr verə bilər.
Əminliklə vurğulamaq olar ki, Suriyaya qaz nəqli Azərbaycan diplomatiyasının çevikliyindən xəbər verməklə enerji sahəsində yeni coğrafi xəritənin çəkilməsi baxımından olduqca mühüm nailiyyətdir. Belə ki, ölkəmiz gələcəkdə bu yeni qaz nəqli şəbəkəsi vasitəsilə Livan, İordaniya və Misirə də mavi yanacaq ixrac edə bilər. Bu addım, eyni zamanda regionda sabitlik, əmin-amanlıq yaratmaq baxımından dünyaya, Avropa ölkələrinə ünvanlanan ən təsirli mesajlardan biridirdesək, yanılmarıq. Bakı-Ankara-Dəməşq faydalı dialoq və əməkdaşlıq platformasının qurulmasına geniş imkanlar açan sözügedən tarixi hadisə Azərbaycan dövlətinin verdiyi hər vədin, dediyi hər sözün arxasında dəyanətlə, cəsarətlə dayandığını göstərir. Prezident İlham Əliyevin cari ilin əvvəli, daha dəqiqi yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində dediyi fikirlərlə bugünkü reallığın uzlaşması bunu bir daha sübut edir: “Türkiyənin Suriyanın inkişafındakı rolu, əlbəttə ki, çox əhəmiyyətlidir və mən Əsəd rejiminin çökməsindən sonra Prezident Rəcəb Tayyib Ərdoğana zəng edərək həm bu münasibətlə bir-birimizi təbrik etmişik, həm də bildirdim ki, biz də Türkiyənin yanında olmağa hazırıq və bunu etməyə də başlamışıq... Təbii ki, Türkiyənin bütün digər sərhədlərində də terrorçuluğa yer olmamalıdır. Biz də Türkiyənin müttəfiqi kimi hər zaman istənilən formada onların yanındayıq və bunu Türkiyə tərəfi bilir. Necə ki, Türkiyə istənilən formada, hər bir məsələdə bizim yanımızdadır, biz də onun yanındayıq”.
Nail ƏSGƏROV
Digər xəbərlər