NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Azərbaycanın böyük və qüdrətli LİDERİ

...

Cəsarət, geri çəkilməmək, səbir, dözüm, təmkin və Qələbə

Cəsarət – bu həm liderlik, həm cəngavərlik, həm də gücü, qorxusuzluğu, özündə etiva edən bir kəlmədir. Təkcə özü üçün hansısa çətinliyin öhdəsindən gəlib cəsarətli addım atmaq bir insanın qorxusuzluğunu göstərirsə, bir xalq üçün önə çıxmaq bütöv bir dövlətin yükünü çiyinlərinə ala bilmək cəsarətini göstərmək isə bütün bunların fövqündə dayanan bir güc tələb edir. Bu gücü isə ancaq Vətənini ürəkdən sevən insanlar qazana bilir. Vətənini qəlbən sevən liderlər isə xalqının sevgisinə layiq olur. Bu əvəzsiz hörməti qazanmaq hər kəsə qismət olmur. Ulu Öndərin davamçısı Onun işıqlı yolunda xalqı ilə birlikdə, əl-ələ yeriyən Prezident İlham Əliyev bu xoşbəxtliyi qazanan yaşayan və yaşadan liderlərdəndir.
Cənab İlham Əliyev o qədər cəsarətlidir ki, cəmi 42 yaşında Qarabağ kimi böyük bir problemi olan Azərbaycanın ağır yükünü çiyninə götürməkdən çəkinmədi. Baxmayaraq ki, həmin dövrlərdə biz təkcə regionda yox, dünyada təklənmişdik. Erməni işğalı, bir milyon qaçqın, iqtisadiyyatı tamamilə çökmüş bir ölkə, yenicə qazanılmış müstəqilliyin gətirdiyi çətinliklərlə başa çıxmağa çalışan xalqın lideri Ulu Öndər Heydər Əliyev çətinlikləri ortadan tam qaldırmağa nail olmağa çalışdığı bir vaxta zaman və tale bizim əleyhimizə işləmiş, o çox sevdiyi xalqından cismən ayrılmışdı. O başa çatdıra bilmədiyi işləri xalqının dəstəyi ilə layiqli davamçısının yerinə yetirəcəyinə əmin olub, canı qədər sevdiyi Vətənini ona əmanət etmişdir.  Azərbaycan Prezidenti seçilən gün “Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” deməklə təkcə Azərbaycanda yaşayan 10 milyonluq xalqın yox, dünyada yaşayan 50 milyon azərbaycanlının yükünü də öz çiyninə almaqdan çəkinməyən bu cəsarətli siyasətçi sonrakı illərdə göstərdiyi səbir, təmkinlə saldığı yolda öz xalqı ilə birgə addımladı. Ən çətin vaxtda belə heç kim Onun geri çəkildiyini görmədi.

Lazım olan vaxtlarda lazım olan addımları atırıq

İllər keçdikcə qədim türk hökmdarlarına xas olan xüsusiyyətləri bir-bir göz önünə çıxdı Ali Baş Komandan İlham Əliyevin. O hər addımında güclü bir xalqın lideri, siyasət dahisinin davamçısı olduğunu sübut etdi. Dünyasəviyyəli tədbirlərdə düşmən dövlətin Baş nazirinin cavabını verməklə qalmayıb, haqq səsimizi dünyaya çatdırdı. Doğru zamanı gözləyib öz doğrularından dönməyərək, nə zaman nə edə biləcəyini heç kimin düşünə bilmədiyi bir siyasət dahisi, əsgərinə örnək bir komandan, çətin anlarda düzgün qərarlar qəbul edən bir siyasi şahmat ustası olan ölkə başçısı “Lazım olan vaxtlarda lazım olan addımları atırıq”, – deyərək və yerinə yetirərək xalqın sevgisini qazandı. 
O, planları haqqında danışmağı sevməyən, sadəcə, iş görən bir rəhbərdir. Səbirlə, əzmlə çalışmağı sevən ölkə başçısının Qarabağa gedən yolu necə saldığını bu xalq da, dünya da Vətən savaşında gördü. Müharibənin başlandığı ilk günlərdə Rusiya kimi böyük bir dövlətin başçısının “Qarabağ Azərbaycan torpağıdır” deməsi ölkə başçısının siyasət meydanındakı ən böyük uğurlarından biri idi. Erməni Baş naziri Paşinyanın  Münhendə Prezident  İlham Əliyevlə debatda “səhvən” “Qarabağ Azərbaycan torpağıdır” deməsi və səhvini düzəltməyə çalışarkən düşdüyü vəziyyət isə nə bizim, nə də torpağımızı illərlə tapdaqda saxlayan ermənilərin yaddaşından silinməyəcək. 

Qələbə + qələbə

27 sentyabr 2020-ci ilə kimi heç kim onun çəkdiyi yolun hansı postdan başlayacağını ağlına gətirə bilmirdi. Heç kimin ağlına gəlmirdi ki, 30 ildir, “keçilməz” olan Ohanyan xətti Ali Baş Komandanın bir əmri ilə darmadağın ediləcək, düşmən pərən-pərən salınacaq. 
44 gün – dünya tarixində görülməyən hərbi əməliyyatlar, illərdir, işğalda olan torpaqların azad olunması, dünya hərb tarixinə düşən Şuşa əməliyyatı, Azərbaycan əsgərinin cəsarəti, döyüş meydanında qələbələr. Diz çökən düşmən, Naxçıvana açılan qapı. Həmin günlərdə xaos yaratmağa çalışanların suallarına verilən sərrast cavablar. 4 dildə 4 saat davam edən mətbuat konfransı. Və böyük qayıdış, doğma ocağımıza enən təyyarədən gələn “Qarabağa xoş gəlmisiniz” sədası. Xalqın tükənməz sevgisi ilə birləşən siyasi zəka, təmkin, səbir və cəsarətlə qazanılan qələbə. Həm hərb meydanında, həm də siyasi masada qalib olub adını Azərbaycan tarixinə torpaq qaytaran ilk lider olaraq həkk etdirən Müzəffər Komandan.  
Və bu gün dünyanın super gücünün rəhbəri Onun mövqeyi ilə hesablaşır. İlham Əliyev aylar əvvəl haqsız yerə tənqid olunduğu Ağ evdə artıq regionun LİDERİ kimi qarşılanır. Bu gün təkcə Qafqazda yox, dünyada söz sahibinə çevrilən Azərbaycanla hesablaşmaq məcburiyyətində qalan ölkə başçıları beynəlxalq tədbirlərdə İlham Əliyevlə bir kəlmə kəsməyə, onunla görüşməyə can atır. Bax budur Heydər Əliyev siyasətinin davamı, budur İlham Əliyev fərqi: təmkin, cəsarət, geri çəkilməmək, səbir, dözüm, Vətənə şərəflə xidmət və QƏLƏBƏ! 

Ramiyə ƏKBƏROVA 

Nəşr edilib : 11.09.2025 09:45