NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Azərbaycanın BMT-dən mühüm mesajı: Gəlin, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünya quraq

...

BMT Baş Assambleyasının 80-ci sessiyası ilə əlaqədar bir neçə gündür, beynəlxalq ictimaiyyətin, siyasi elitanın diqqəti ABŞ-nin Nyu-York şəhərinə fokuslanıb, dünya siyasətinin görkəmli nümayəndələrini bir araya gətirən bu qlobal əhəmiyyətli tədbir Azərbaycanın diplomatiya tarixinə qızıl hərflərlə öz möhürünü vurmaqdadır. Prezident İlham Əliyevin Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş və digər ölkə liderləri, beynəlxalq iqtisadi təşkilat rəhbərləri ilə keçirdiyi ikitərəfli görüşlər gələcək faydalı əməkdaşlıqlara dair mühüm perspektivlərin müzakirəsi ilə yadda qaldı. Dünya liderlərinin, xüsusilə də ABŞ rəhbəri Donald Trampın Azərbaycan Prezidenti ilə səmimi dialoqu medianın siyasi gündəminin  əsas manşetinə çevrilməklə Azərbaycan diplomatiyasının dünyanın bir nömrəli siyasi ofisi – Ağ Ev tərəfindən tam dəstək aldığını, respublikamızın qlobal siyasi gündəmə verdiyi töhfələrin nəticəyönümlü xarakter daşıdığını göstərdi. Prezident İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı ilə ölkəmizin qlobal siyasətdəki mövqeyini ortaya qoydu, dünyaya sülh çağırışı etdi, ədalət mesajları ötürdü. Sitat: “Bizim baxışlarımız aydındır. Bunlar beynəlxalq hüquqa əsaslanan sülh və inkişaf, dövlətlərin daxili işlərinə qarışmama, qarşılıqlı hörmət və əməkdaşlıqdır. Gəlin birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünya quraq”.

89 dövlət başçısı, 5 vitse-prezident, 1 şahzadə, 43 hökumət başçısı, 5 Baş nazirin müavini, 45 nazir, 1 nazir müavini və Aİ nümayəndə heyətinin iştirakının nəzərdə tutulduğu BMT Baş Assambleyasının 80-ci sessiyası Azərbaycan dövlətinin milli maraqlara əsaslanan, prinsipial və uzaqgörən siyasətinin, qlobal arenadakı nüfuzunun təntənəsinə çevrildi. Prezident İlham Əliyevin sessiyadakı beynəlxalq əhəmiyyətli, konsepsiya xarakterli çıxışında dünya nizamının formalaşdırılmasına, regionda davamlı sülh və əməkdaşlığa dair mühüm tezislər diqqəti çəkdi. Onlardan birincisi, sözsüz ki, Azərbaycanın milli maraqlara, beynəlxalq hüquqa əsaslanan mövqeyinin ortaya qoyulmasıdır. Bu mənada, torpaqlarımızın otuzillik işğal dönəmi, BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən qeyri-şərtsiz çıxarılması ilə bağlı  qəbul etdiyi 4 qətnamənin kağız üzərində qalmasının səbəb və nəticələrinin şərhi məxsusi əhəmiyyət daşıyır. Bəli, məhz Azərbaycan dövlətinin siyasi iradəsinin, diplomatiyasının məharəti ondan ibarətdir ki, respublikamız dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının etməli olduğu, amma edə bilmədiyini etdi. Nə 1992-ci ildə münaqişənin həlli üçün təsis edilmiş ATƏT-in Minsk qrupu missiyasını uğurla yerinə yetirdi, nə də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası 1993-cü ildə qəbul etdiyi dörd qətnamənin icrasına nail ola bildi. Yalnız Prezident İlham Əliyevin praqmatik siyasəti, qlobal siyasi nüfuzu sayəsində regionda tarixi ədalət, beynəlxalq hüquq bərpa olundu. Müharibədə tarixi zəfər qazanan Azərbaycan ədalətli sülhün də memarı, təşəbbüskarı kimi çıxış etdi və nəhayət, bu il avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşmalar respublikamızın tarixinə mühüm siyasi-diplomatik nailiyyət kimi düşdü. Ağ Evdə baş tutan ikitərəfli, üçtərəfli görüşlər regionda davamlı sülhün təmin edilməsi ilə yanaşı, əməkdaşlıq körpüsünün yaradılması baxımından vacib addımların atılmasına da şərait yaratdı. Zəngəzur dəhlizinin “Tramp marşrutu” adı ilə reallaşması yönündə əldə olunan razılaşmalar, Azərbaycanla Birləşmiş Ştatlar arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında iki hökumət arasında Anlaşma Memorandumunu imzalanması və ABŞ Konqresinin 907-ci düzəlişi birdəfəlik ləğv etməsi Prezident İlham Əliyevin qlobal nüfuzunun, liderlik məharətinin mühüm göstəriciləridir. BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı ölkə başçımız bütün bu məqamlara toxundu, Vaşinqton Sammitinin həm də Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanmasına işarə olduğunu vurğuladı: “Vaşinqton Sammiti, həmçinin Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanmasına işarədir. Azərbaycanla Birləşmiş Ştatlar arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında iki hökumət arasında Anlaşma Memorandumunu Prezident Donald Tramp ilə birgə imzaladıq. Bu, siyasi, iqtisadi, enerji, regional bağlantılar, müdafiə, təhlükəsizlik və digər sahələrdə tərəfdaşlıq üçün yeni üfüqlər açır”.

Azərbaycan 20 ildən artıq zaman çərçivəsində dünya nizamının formalaşdırılması, beynəlxalq məsələlərin həllinə dair qlobal çağırışlara uyğun mühüm təşəbbüslər irəli sürüb, layihələrin reallaşmasına nail olub. Bu xüsusda enerji, nəqliyyat sahəsində əməkdaşlıqların dərinləşdirilməsini uzaq coğrafiyaları yaxınlaşdırmaq, iqtisadi münasibətləri tənzimləmək baxımından mühüm nailiyyət kimi dəyərləndirmək olar. Respublikamız Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz, Bakı-Tbilisi-Qars dəmir yolu, TANAP, TAP, Cənub Qaz Dəhlizi, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz), “Rəqəmsal İpək Yolu” layihələri, eləcə də “yaşıl enerji”yə dair təşəbbüsləri ilə dünyada iqtisadi dayanıqlıq, ticarət körpüsü yaratmağa müvəffəqdir. Bu gün 14 ölkəyə təbii qaz nəql edən Azərbaycan Avropanın enerji təhlükəsizliyinin etibarlı təminatçısı statusuna malikdir. Ötən il COP29-a ev sahibliyi etməklə müasir çağırışlara cavabını ən yüksək səviyyədə verən respublikamız bu istiqamətdə təşəbbüslərinin nəticəsi kimi günəş, külək və su elektrik enerjisi kimi bərpa olunan enerji mənbələrinə böyük sərmayələr cəlb edir. 2030-cu ilə qədər enerji istehsalının, təxminən, 40 faizinin bərpa olunan mənbələr hesabına təmin ediləcəyi planlaşdırılır.

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əvəzolunmaz hissəsi olan respublikamız tranzit ölkə kimi Avropa ilə Asiya arasında ticarət körpüsü yaradır, Avrasiyanın nəqliyyat xəritəsini müəyyənləşdirir. Həmçinin Azərbaycan qlobal səviyyədə humanitar yardım missiyası ilə də tanınır, rəğbət qazanır. Qoşulmama Hərəkatına 4 illik sədrlik dönəmi bunun əyani sübutudur. Azərbaycan COVID-19 pandemiyasına qarşı cavab tədbirləri istiqamətində 80-dən çox ölkəyə qoruyucu avadanlıqlar, tibbi cihazlar və vaksinlər ianə edib və maliyyələşdirib. Respublikamız təbii fəlakətlərdən, münaqişələrdən və səhiyyə sahəsində böhranlardan zərər çəkən Suriya, Ukrayna kimi ölkələrə humanitar yardımlar göstərir. Reallaşdırılan layihələr, irəli sürülən mühüm təşəbbüslər Azərbaycan dövlətinin qlobal miqyasda mühüm rola malik olduğunu göstərməklə yanaşı, həm də ölkəmizin iqtisadi qüdrətinin ilbəil daha da artmasını şərtləndirir. Təsadüfi deyildir ki, respublikamızın əldə etdiyi iqtisadi nailiyyətlər bu sahədə qiymətləndirmə aparan beynəlxalq təsisatlar tərəfindən yüksək qiymətləndirilir. Prezident İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı Azərbaycanda əlverişli investisiya mühitinin formalaşdırıldığını, iqtisadi dayanıqlığın artdığını və buna iki beynəlxalq reytinq agentliyi tərəfindən layiqli qiymət verildiyini vurğuladı: “Bu yaxınlarda iki aparıcı beynəlxalq reytinq agentliyi (“Moody’s” və “Fitch”) Azərbaycanın reytinqini artırdı. Çox güclü xarici balans, aşağı dövlət borcu və suveren fondun böyük aktivləri əsas güclü tərəflər kimi göstərilməklə Azərbaycana sərfəli investisiya dərəcəsi verildi. Bu, ölkəmizdə iqtisadi dayanıqlılığın, güclü fiskal intizamın və əlverişli investisiya mühitinin səviyyəsini təsdiq edir. Xarici borcumuz ÜDM-in cəmi 6,5 faizini təşkil edir ki, bu da dünyada ən aşağı göstəricilərdən biridir. Azərbaycanın valyuta ehtiyatları xarici borcumuzdan, təxminən, 16 dəfə artıqdır”.

BMT Baş Assambleyasının 80-ci sessiyası Azərbaycan diplomatiyasının qlobal arenadakı mühüm rolu və nüfuzunu növbəti dəfə ortaya qoymaqla respublikamızın siyasi xarizmasının daha da artdığını sübut etdi. Prezident İlham Əliyev sessiyadakı tarixi çıxışında Azərbaycanın həm müharibədə, həm də sülh müstəvisində əldə etdiyi qələbələri beynəlxalq hüququn sonda mütləq üstünlük təşkil etməsinin sübutu kimi dəyərləndirdi. “Azərbaycan yeni bir dövrə qədəm qoyub. Biz həm müharibəni udduq, həm də sülhü qazandıq. İşğala son qoyduq və bərpa işlərinə başladıq. Ədalət zəfər çaldı, suverenlik möhkəmləndi və sülh de-fakto təmin olundu. Biz bu müsbət təcrübəmizi paylaşmağa hazırıq. Son illərdə əldə etdiyimiz nailiyyətlər yalnız Azərbaycanın qələbəsi və uğuru deyil. Bu həm də beynəlxalq hüququn sonda mütləq üstünlük təşkil etməsinin sübutudur” – sitatın sonu!

         Nail ƏSGƏROV

Nəşr edilib : 26.09.2025 12:45