NAXÇIVAN :

26 Iyun 2025, Cümə axşamı

Azərbaycanda sosial sahə nəticəəsaslı büdcə mexanizminə cəlb olunur

...

Bu gün Maliyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələrinin iştirakı ilə “Sosial müdafiə və sosial təminat” sektorunun nəticəəsaslı büdcə mexanizminə cəlb olunması ilə bağlı yaradılmış birgə İşçi qrupunun ilk iclası keçirilib.
"Şərq qapısı" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, iclasda yeni büdcə mexanizminin tətbiqi ilə bağlı yanaşma işçi qrupunun üzvlərinin diqqətinə çatdırılıb, “Sosial müdafiə və sosial təminat” sektoru üzrə strateji planlaşdırma, strateji və risk təhlilləri ilə bağlı tövsiyələr verilib.
Eyni zamanda, büdcə sifarişlərinin keyfiyyətlə hazırlanması zamanı qanunvericiliyin tələblərinin, eləcə də büdcə göstəricilərinin müəyyən edilməsində gender amillərinin nəzərə alınması ilə bağlı konseptual yanaşmalar barədə geniş məlumat verilib, sosial sahədə mövcud çatışmazlıqların aradan qaldırılması ilə bağlı təkliflər iclas iştirakçılarının diqqətinə çatdırılıb.
İclasda “Sosial müdafiə və sosial təminat” sektoru üzrə 2026-2029-cu illər üçün hazırlanmış strateji siyasətin təkmilləşdirilməsi ilə bağlı Maliyyə Nazirliyinin tövsiyələri, eyni zamanda sektor üzrə proqram təsnifatının tərtibi, büdcə sifarişlərinin və büdcə planlarının hazırlanması, həmin planların icrası ilə bağlı hesabatlıq və monitorinq, həmçinin sektorun islahatlara cəlb olunması ilə əlaqədar digər məsələlərin geniş müzakirə olunub.
Birgə İşçi qrupunun yaradılmasının məqsədi “Sosial müdafiə və sosial təminat” sektoru üzrə strateji planın, o cümlədən icmallaşdırılmış büdcə planının qanunvericilikdə nəzərdə tutulmuş vaxtda və keyfiyyətlə hazırlamaq, sektorun nəticəəsaslı büdcə mexanizminə effektiv və mərhələli inteqrasiyasının həyata keçirilməsi üçün operativ əməkdaşlığı təmin etməkdir.

Nəşr edilib : 25.06.2025 20:43