NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır

...

Xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir

Tarix bir çox xalqlar arasında müharibələrə şahidlik edib. Qoca dünyanın elə bir anı olmayıb ki, bütöv dünyada sabitlik hökm sürsün. Dünyanın mənzərəsində bütün dövrlərdə süqut da olub, dirçəliş də, rifah da var olub, səfalət də, müharibə də, sülh də. Əsrlər bir-birini əvəz etdikcə hərbi və siyasi qarşıdurmalar nəinki azalır, əksinə, daha da artır. Dünyanın bir qitəsində başa çatan münaqişənin odu soyumamış başqa bir küncündə yeni bir münaqişə başlayır. Bəzi ölkələrdə isə vəziyyət daha da çətin və dözülməz olur. Həm xarici təsir, həm də etnik, dini qarşıdurmaların və terrorçuluğun fəsadlarından, bitməyən siyasi çəkişmələrdən əziyyətçəkən ölkələr isə bir çox hallarda hansısa dövlətin vassalına çevrilir, yox olmaq, dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalır. Bütün bunlar isə həmin xalqın yaddaşına dərin iz salır, insanlara ağır mənəvi zərbə vurur və məhrumiyyətlərə düçar edir. İllərlə müharibə şəraitində yaşayan dövlətlərin taleyi dəyişir və xalqın faciəsi başlayır. 
Bu isə həmin dövləti iqtisadi, milli və mənəvi tənəzzülə gətirib çıxarır. Müharibə meydanına çevrilən dövlətlərin, xarabaya çevrilən ərazilərin bərpası və çökən iqtisadiyyatın dirçəldilməsi, dağıdılan ordunun yenidən ayağa qalxması üçün isə  uzun onilliklər yetmir. Tarixin bütün dövrlərində sübut olunub ki, sabitlik hər bir dövlət və xalq üçün olduqca vacibdir və önəmlidir. Dünyamızda isə sabitlik yolunda irəliləməyi hər ölkə bacarmır. Bu gün dünyada baş verən bir çox çaxnaşmalar fonunda Azərbaycanda sabitliyin hökm sürməsi dövlətimizin və xalqımızın ən böyük uğurlarından biridir. Respublikamızın əldə etdiyi bütün nailiyyətlərin kökündə dayanan əsas amillərdən biri məhz sabitlikdir.

Ötən əsrin çətin günlərindən sabit, bütöv Azərbaycan naminə

Azərbaycanı bugünkü sabitliyə gətirən yollar isə elə də asan olmayıb. Çox da uzaq olmayan keçmişimizdə ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə baş verən hadisələr bir çoxumuzun yaxşı xatirindədir. Dahi rəhbərin Moskvadan Bakıya qayıdışı və oradan isə Naxçıvana gəlişi bugünkü güclü Azərbaycanın təməlinin atılmasına səbəb oldu. Ümummilli   Liderimiz Naxçıvanda Ali Məclisin Sədri vəzifəsində çalışdığı illərdə mühüm siyasi və ideoloji amilə çevrilən tarixi qərarlar qəbul edib. O, gəlişi ilə Naxçıvana yeni nəfəs gətirdi, ağır blokada şəraitində olmasına baxmayaraq, bu qədim diyarı dirçəltməyə başladı. Təkcə muxtar respublika üçün deyil, bütün Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən, dövlət quruculuğu prosesində mayak rolunu oynayan qərarların qəbul edilməsinə nail olundu. 
Həmin illərdə ölkəmizin digər bölgələrində anarxiyanın, xaosun, separatizmin baş alıb getdiyi, hakimiyyətdə olan qüvvələrin səriştəsizliyi, idarəçilikdə buraxdıqları bağışlanmaz səhvlər şəraitində sabitlikdən danışmaq mümkün deyildi. Hansı ki bunlar Azərbaycanın müstəqilliyi və dövlətçiliyi üçün böyük təhdidlər doğurmuşdu. Naxçıvanda baş verənlər ölkə ictimaiyyəti tərəfindən yaxından izlənilirdi. Baxmayaraq ki, mərkəzi hakimiyyət buradakı hadisələrə laqeydliklə yanaşırdı. Böyük dövlət xadiminin Naxçıvandakı idarəetmə uğurları isə göz qabağında idi. Dərin zəkası, uzaqgörənliyi, tükənməz enerjisi və təhlil bacarığı görkəmli dövlət xadiminə imkan verirdi ki, ən çətin və çıxılmaz vəziyyətlərdə öz xalqı və Vətəni üçün mümkün variantın ən düzgününü seçib gərginliyi aradan    qaldırsın. 
Bütün bunları görən xalqımız ölkədəki xaos və anarxiyanı aradan qaldırmaq, Azərbaycan dövlətçiliyini xilas etmək naminə Ulu Öndərin ölkə rəhbərliyinə gətirilməsini tələb etməyə başladı. Bir tərəfdən Azərbaycanın cənnəti Qarabağ düşmən tərəfindən işğal edilir, digər tərəfdən isə Gəncə şəhərində qiyam baş verir və qardaş qardaşa güllə atırdı. Bir sözlə, Azərbaycan məhv olmaq təhlükəsi ilə qarşı-qarşıya qalmışdı. Dahi rəhbər bu acı hadisələrə laqeyd qala bilməzdi. Onun Bakıya qayıdışı xalqın sevincinə səbəb oldu. 1993-cü ilin iyunundan paytaxta qayıdaraq həmin il oktyabrın 3-də keçirilən prezident seçkisində 97,6 faiz seçici fəallığı ilə Ulu Öndər səslərin 98,8 faizini alaraq Azərbaycan Prezidenti seçildi. Dahi rəhbərin siyasi hakimiyyətə gəlişindən sonra respublikamız bütün bu problemlərdən xilas oldu. Başlıcası siyasi-ictimai sabitlik təmin edildi. 
Prezident İlham Əliyevin fikirləridir: “Biz görürük ki, sabitlik pozulanda inkişafdan söhbət gedə bilməz. Sabitlik pozulanda xarici müdaxilə baş verir, ölkələr idarəolunmaz vəziyyətə düşür, qardaş qanı tökülür və ölkələrin gələcəyi böyük sual altına düşür. Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır və bizim siyasətimizdir. Ona görə xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir. Azərbaycan bu gün dünya miqyasında sabitlik məkanı, sabitlik adası kimi tanınır və bu bizim böyük nailiyyətimizdir”. 
2020-ci ilə kimi ölkədəki sabitliyə təhdid yaradan əsas problem torpaqlarımızın işğalda olması və Qarabağdakı erməni separatizmi idi. Vətən müharibəsində və antiterror tədbirlərində qazanılan zəfərlərdən sonra bütün bu təhdidlər tam aradan qaldırıldı. Ərazi bütövlüyümüzün bərpası ilə Azərbaycan torpaqlarının hər bir nöqtəsində sabitlik bərqərar olundu. 200 ildən sonra Azərbaycan torpaq iddialarına son nöqtəni qoydu və Qarabağ adlı problem əbədi olaraq həll edildi. Biz Qafqazda sülhü bərqərar edən xalq kimi adımızı tarixə yazdıq. Ölkə başçısı Müzəffər Ali Baş Komandan   İlham Əliyevin döyüş meydanındakı cəsarətli addımları diplomatik masadakı qələbəni təmin etdi. Dövlət başçısının dediyi kimi: “Biz hamımız gördük ki, bəli, ədalət zəfər çalıb, biz öz haqq işimizi yekunlaşdırmışıq və ədaləti özümüz bərpa etmişik”. 
Qürur hissi ilə deyirik ki, Vaşinqton görüşlərindən keçən beş ayda sərhəddimizdə bir güllə səsi belə eşidilmir. Hazırda dövlətimizə yaxın, qonşu dövlətlərdə təhlükəsizliklə, sabitliklə bağlı problemlər yaşanır. Danılmaz faktdır ki, bu problemlərin sonu görünməzdir. Ətrafımızda baş verən hadisələr fonunda isə Azərbaycan dövləti özünün sabitliyini və inkişafını uğurla təmin edir. Biz daxili sabitliyə nail olmuşuq və onu dövlət-xalq-ordu birliyi, Vətən, torpaq sevgisi ilə qazanmışıq. Və elə bütün bunların nəticəsidir ki, bu gün Azərbaycan dünyada sabitlik adası kimi tanınır. 



 

Nəşr edilib : 10.01.2026 15:11