Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Martın 5-də İran silahlı qüvvələri tərəfindən Naxçıvan ərazisinə dron zərbəsinin endirilməsi hələ də tör-töküntüləri qalan molla rejiminin növbəti və bəlkə də, sonuncu nankorluğunun, riyakarlığının bariz göstəricisidir. Azərbaycan daim qonşuluq prinsipinə sadiq qalıb, ərazisindən İran üçün heç vaxt təhlükə yaratmadığı, bu ölkənin səfirliyinin Livandakı əməkdaşlarına kömək əlini uzatdığı halda, Prezident İlham Əliyevin İranın Ali Liderinin ölümü ilə bağlı dərhal başsağlığı verib, səfirliyi ziyarət etməsindən sonra törədilən bu terror aktına namərdlik, nakişilikdən başqa ad vermək olmaz. Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında da dövlət başçısı ölkəmizin mənfur hadisə ilə barışmayacağını bildirdi, cavab tədbirlərinin görüləcəyini vurğuladı və yaxın tariximizə dair konkret faktlarla İranın eybəcər simasını qəti şəkildə ifşa etdi. Sitat: “Onu da bildirməliyəm, bu gün səhər mənə məlumat verildi ki, İranın xarici işlər nazirinin müavini Bakıya zəng edir, xahiş edir ki, İran səfirliyinin Livanda qalmış əməkdaşlarının təxliyəsinə Azərbaycan kömək etsin. Çünki onların imkanı yoxdur. Mənə məruzə edildi. Mən dərhal göstəriş verdim ki, kömək göstərin, təyyarə göndərin. Hətta onlar dedilər ki, biz bunun pulunu da verməyə hazırıq. Dedim ki, lazım deyil, indi dar gündə biz kömək göstərməsək, bəs nə vaxt kömək göstərməliyik? Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək?! Bu ləkə onların çirkin və eybəcər simasından heç vaxt silinməyəcək”.
Əvvəldə də qeyd etdiyimiz kimi, bu, molla rejiminin Azərbaycana, onun müstəqilliyinə, ərazi bütövlüyünə və suverenliyinə, əhalisinə yönəlmiş ilk namərd hərəkət deyil, mənfur planların növbəti dalğası, ləyaqətsizliyin son həddidir. Torpaqlarımızın 30 il işğal altında olduğu müddətdə mütəmadi şəkildə təcavüzkara, işğalçıya dəstək verilməsi, ayrı-ayrı İran şirkətləri tərəfindən maddi-mədəni sərvətlərimizin kütləvi talan edilməsi dildə özünü “dost, qonşu” ölkə kimi qələmə verməyə çalışan farsların əsl niyyətini, iç üzünü ortaya qoymurmu?! Və yaxud da məscidlərimizi, dini abidələrimizi murdarlayan bir toplumun nümayəndəsi ilə “yanaq-yanağa” öpüşənlərin özlərini “müsəlman qardaşı”, bu vandalizmi müqəddəsləşdirməyə çalışan dövlətin “İslam Respublikası” adlandırılması gülünc görünmürmü?! Əslində, Azərbaycanın əsgər-zabitləri 44 günlük Vətən müharibəsində öz doğma torpaqlarını azad etmək istəyəndə buna hər vəchlə mane olmağa, hətta əraziyə ordu yeritməyə çalışan, “Zəngəzur dəhlizi” bizim qırmızı xəttimizdir” deyərək Naxçıvan Muxtar Respublikası ilə ölkəmizin digər ərazisinə keçidə maneə yaratmaqdan ötrü dəridən-qabıqdan çıxan İranın “başbilən”lərindən bundan artığı da gözləniləndir. Halbuki bu ölkənin ABŞ və İsraillə müharibəsi başlayanda respublikamızın rəsmi bəyanatlarında, hər şeydən öncə,regionda sabitlik və qonşu ölkələrin təhlükəsizliyi önə çıxarılırdı. Səfirliyimizə olan məlum silahlı basqına və ümumiyyətlə, qeyd etdiyimiz bütün təcavüzkar əməllərə rəğmən Azərbaycan İrana humanitar yardım göndərməyi də planlaşdırırdı. Belə bir şəraitdə İran tərəfinin Naxçıvan ərazisində mülki obyekti, mülki vətəndaşların istifadə etdiyi hava limanını hədəf götürməsi dinc sakinlərə və mülki infrastruktura qarşı terror aktı kimi qiymətləndirilməlidir və birmənalı olaraq qiymətləndirilir. Bu terror əməlləri hüquqi-siyasi qiymətini almalı, üzr istənilməli, beynəlxalq hüquqa zidd olan, suverenliyə, ərazi bütövlüyünə yönəlmiş cinayət cəzasız qalmamalıdır. Lakin hadisənin ilk dəqiqələrindən İran rəsmilərinin özlərini guya vəziyyətdən bixəbər kimi aparmaları, verdikləri mənasız açıqlamalar, cəfəng fikirlər göstərir ki, bu rejim əsl məqsədini “Biz qonşu ölkələrimizə hücum etmirik” kimi bənzər yalançı bəyanatları ilə pərdələməklə davam edəcəklər.
Deyirlər tarixdən heç nəyi gizlətmək mümkün deyil, müvəqqəti maskalanmaq olar, ancaq həqiqət gec-tez üzə çıxacaq. Bəli cənub qonşumuzun, əgər onu qonşu adlandırmaq düzgün olarsa, maskası dəfələrlə açılıb və xalqımıza bugünkü sima çox yaxşı tanışdır. Neyləyək ki, düşmən düşmənçiliyindən əl çəkmədiyi kimi, biz də humanistliyimizdən, insaniliyimizdən əl çəkən deyilik. Bu üzdəniraq mollaların əsl iç üzlərini son bir neçə onilliklərdir, zülm içərisində yaşayan, hər kiçik məsələyə görə edam təhlükəsi ilə üz-üzə qalan, haqları, hüquqları kobud şəkildə tapdalanan soydaşlarımız yaxşı görürlər və zaman-zaman da bunu bəyan etməkdən çəkinmirlər. 30-40 milyon azərbaycanlının yaşadığı bir məmləkətin öz dilində sərbəst danışmağa haqqının olmaması, öz məktəbini açdırmağa icazə verilməməsi isə bir başqa hüquqi prizmadan bu rejimin çirkinliyini ortaya çıxarır. Və bütün bunların timsalında bu gün ərazi bütövlüyü, suverenliyi təmin olunan, qüdrətli Azərbaycan cənublu soydaşlarımıza ümid, inam işığı olduğu kimi, bu işığı kəsməyə çalışan fars rejimi üçün də qulaqbatıran həyəcan təbilidir. Dünyanın hərbi cəhətdən ən güclü ölkələri ilə qızğın müharibənin getdiyi bir vaxtda belə, nankorluq nümunəsinin göstərilməsi çarəsiz halda qalmış rejimin acizliyinin, qorxaqlığının növbəti əyani təsdiqidir. Bu qorxaqlıq və acizlik günbəgün daha da qaranlığa qərq olan “mollaların” 30-40 milyon soydaşımızın qəlbində alovlanan ümid işığından duyduqları təlaşın, tədirginliyin açıq göstəricisidir. Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında dediyi kimi: “İranın dövlət qurumlarının nəzarətində olan media resursları Azərbaycanı ləkələmək, İranda yaşayan soydaşlarımızın fikrini dəyişdirmək üçün Azərbaycana qarşı çirkin, şər-böhtan kampaniyası aparırdı. Çünki yaxşı bilirlər ki, bu gün müstəqil Azərbaycan dövləti İranda yaşayan bir çox azərbaycanlılar üçün də ümid yeridir”.
Azərbaycan bu gün ən ali tribunalardan dünyada, regionda dayanıqlı sülh və faydalı əməkdaşlığa çağırışlar edir. Bölgədə inşa olunan yeni əməkdaşlıq arxitekturasında qonşu ölkələrin, o cümlədən də İranın iştirakı naminə təşəbbüslərlə çıxış etdiyi, layihələr həyata keçirdiyi halda belə bir düşmənçiliklə qarşılaşması böyük ikrah, sonsuz təəssüf və nifrət hissi doğurmaya bilməz. Son illərin ictimai-siyasi hadisələri göstərir ki, Azərbaycana hücum edənlər, mənfur planlar quranlar həmişə peşman olublar və İranın da bu qorxaq əməlinə görə peşman olacağı qaçılmazdır. Əks halda respublikamız müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır və bu hücum aktları cavabsız qalmayacaq. “Bizim qonşu ölkələrə qarşı hər hansı bir əməliyyat keçirməyə nə marağımız var, nə də siyasətimiz buna imkan verir. Biz öz ərazi bütövlüyümüzü qoruyuruq və qorumuşuq. Necə ki, Ermənistan işğalına son qoymuşuq, istənilən şər qüvvəyə qarşı öz gücümüzü göstərməyə hazırıq və İranda bunu unutmasınlar... Azərbaycan xalqı əmin olmalıdır ki, istənilən bəd qüvvə onlara qarşı bizim “Dəmir yumruğ”umuzu görəcək” — sitatın sonu!
Nail ƏSGƏROV
Digər xəbərlər