NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Azərbaycan yurdum mənim

...

Hələ illər öncə idi. O da bütün məktəblilər kimi hər gün məktəbə gedir, dərslərini həvəslə oxuyurdu. Amma bir fərqlilik var idi bu şagirddə və bunu bütün müəllimləri də görürdü. Yazdığı hər cümlədə, hər kiçik inşada Vətənə olan sevgisindən bəhs edirdi. Culfa şəhərində dünyaya göz açmış Vətən müharibəsi şəhidi Ceyhun Dünyamalıyevin 5-ci sinifdə qələmə aldığı “Azərbaycan, yurdum mənim” adlı inşa da məhz bu qəbildən olan yazılardandır. “Biz Azərbaycan üçün canımızı verər, qanımızı tökərik”, – deyə yazan o uşaq, illər sonra bu sözləri öz əməlində sübut etdi. O zamanlar Vətən anlayışı onun üçün sevgi, bağlılıq, torpaq demək idi. Bu gün isə həmin anlayış onun adı ilə yanaşı çəkilir, müqəddəsləşir. Çünki balaca Ceyhun yazdıqlarını kağız üzərində saxlamadı, illər sonra bu arzusunu döyüş meydanında gerçəyə çevirdi. 
İllər sonra şəhidimizin Azərbaycan dili və ədəbiyyat müəllimi tərəfindən tapılan, 8 noyabr 2007-ci il tarixli inşa dəftərinin mövcudluğunu eşidəndə qərara gəldik ki, bu mövzunu oxucularımıza da təqdim edək. Elə bu məqsədlə də ilk üz tutduğumuz ünvan şəhid Ceyhun Dünyamalıyevin doğma evi oldu. Bizi qapıda Culfa şəhərinin qəhrəman oğlu Ceyhun Dünyamalıyevin anası Gülnarə xanım qarşıladı. Şəhidimizin şəkilləri ilə bəzədilmiş otağa daxil olduq. Divarlardan boylanan baxışlar, şəkillərdə donub qalmış təbəssümlər bu evin hər guşəsində Ceyhunun varlığını yaşadır. Gülnarə ana bizi həmin xatirələrlə dolu otaqla tanış edərək oğlunun döyüş yolundan söz açır. O, Ceyhunun Füzuli, Zəngilan, Qubadlı, Hadrut, Cəbrayıl və Şuşa istiqamətlərində gedən döyüşlərdə fəal iştirak etdiyini, 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda qanı-canı bahasına vuruşduğunu kövrək, amma qürurlu bir səslə dilə gətirir. 
Söhbət əsnasında Gülnarə ana illər sonra oğlunun Azərbaycan dili və ədəbiyyat müəllimi tərəfindən tapılıb ona təqdim edilən inşa dəftərini göstərir. Deyir ki, hələ bu dəftəri açıb oxumağa cəsarət etməyib. Elə dəftəri açan kimi ilk səhifədə yazılmış tarix diqqətimizi çəkir – 8 noyabr. Bu tarix təsadüfi görünmür. Zəfər tariximizlə üst-üstə düşməsi söhbətə daha dərin bir məna qataraq bizi daha da təsirləndirir. Kövrək hisslərlə inşa dəftərinin sətirlərini oxumağa başlayırıq: “Bizim Vətənimiz Azərbaycandır. Dünyada nə qədər ölkə varsa, hər kəsə, hər xalqa öz ölkəsi, öz Vətəni əzizdir. Mən də öz Vətənimə – odlar yurdu Azərbaycanıma bağlıyam. Onunla nəfəs alır, onunla yaşayıram. Candan artıq sevirəm ana torpağmı, Azərbaycanımı. Çünki Vətən, sadəcə, bir torpaq parçası, adi bir ərazi deyil. Mənim Vətənim Azərbaycan yer üzünün ən qədim mədəniyyət ocaqlarından biridir. Ana Vətənim, Azərbaycanım. Biz Azərbaycan üçün, Vətənimiz üçün canımızı verər, qanımızı tökərik. Böyük şair Səməd Vurğun Azərbaycan haqqında belə yazmışdır:
El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən
Anam, doğma vətənimsən,
Ayrılarmı könül candan,
Azərbaycan, Azərbaycan!
Azərbaycan gündən-günə gözəlləşir, səfalılaşır, yaşıllaşır. Onun havası da, təbiəti də gözəldir. Azərbaycanda Babək, Cavanşir kimi igidlərimiz var. Mən Azərbaycanı çox sevirəm”. Sözlərindən də aydın görünür ki, Ceyhunun uşaq yaşlarından qəlbində kök salan Azərbaycan sevgisi illər sonra onu qəhrəmanlıq zirvəsinə ucaltdı. Bu gün hər bir azərbaycanlı onun adını dərin ehtiramla çəkir, onunla qürur duyur və Ceyhunun sevdiyi kimi Azərbaycanı sevir, onu ürəyində əbədi yaşadır. Elə dəftəri yenicə oxuyub bitirmişdik ki, Gülnarə xanım oğlunun 2014-cü ildə sosial şəbəkədə 20 Yanvara aid etdiyi paylaşımı da bizə göstərdi. Həmin paylaşım Ceyhunun vətənpərvər ruhunun, şəhidlərə olan sonsuz ehtiramının bariz ifadəsi idi. O yazırdı: “Bu gün 20 Yanvar şəhidlərimizin anım günüdür. Bu tarixi heç vaxt unutmayacağıq. Mən bu gün fəxr edirəm ki, kursantam və gələcəkdə Azərbaycana xidmət edəcəyəm. Vaxt gələcək, mən də torpaqlarımızın azad olunması uğrunda döyüşlərdə iştirak edəcəyəm. Bununla qürur duyuram. Şəhidlərimizin qanı yerdə qalmayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
Ceyhun illər öncə qəlbində daşıdığı bu müqəddəs amalına sadiq qaldı, Vətənə olan sevgisini canı bahasına sübut etdi. Onun həyatı və şəhidliyi bu gün gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsi, Azərbaycan sevgisinin necə yaşanmalı olduğunun canlı örnəyidir. 
Şəhidimizin evində söhbətimizi yekunlaşdırdıqdan sonra üz tuturuq Ceyhunun təhsil aldığı Culfa şəhər 2 nömrəli tam orta məktəbə. Həmin məktəbdə, şəhid Ceyhun Dünyamalıyevin adını daşıyan sinif otağında Azərbaycan dili və ədəbiyyat müəllimi Mahirə Abbasova ilə həmsöhbət oluruq. Mahirə müəllim deyir ki, Ceyhuna 5-ci sinifdən 8-ci sinfə qədər dərs deyib: “Ceyhun çalışqan, məsuliyyətli şagird idi. Dərslərinə ciddi yanaşırdı, qiymətləri yaxşı olurdu. Hətta şərəf lövhəsində də şəkli var idi”, – deyə müəllimə xatırlayır. O bildirir ki, bütün şagirdlərinin inşa dəftərlərini saxlayırmış. Ceyhunun şəhid olduğu xəbərini eşidəndən sonra onun dəftərini tapıb, yazdıqlarını yenidən oxuyub. Həmin yazılarda Ceyhunun vətənpərvər ruhunu, saf arzularını və yüksək düşüncələrini bir daha hiss edib. Bu xatirəni yaşatmaq üçün dəftəri şəhidin anasına təqdim edib. Bu gün dayanıb söhbət etdiyimiz, Ceyhunun adını daşıyan sinif otağı hər bir şagird üçün canlı bir nümunədir. Onun keçdiyi döyüş yolu, göstərdiyi igidlik bugünkü məktəblilərə Vətənə sevginin, torpağa bağlılığın nə demək olduğunu öyrədir. Biz Ceyhun Dünyamalıyevlə fəxr edirik. Onun adı da, xatirəsi də bu sinifdə, bu məktəbdə və ürəklərdə daim yaşayacaq. 
“Torpaq anlayışı mənim üçün hər bir şəhidin şəhid olduğu yerdir”, – deyən Prezident İlham Əliyevin sözləri Ceyhun Dünyamalıyevin həyatında da öz parlaq əksini tapır. Çünki Ceyhun da Azərbaycan torpağı uğrunda canını fəda etdi, adını qəhrəmanlıq səhifələrinə həkk etdi. Onun uşaq yaşlarından qəlbində yaşatdığı Vətən sevgisi, saf arzuları və igidliyi gənc nəsil üçün əsl örnəkdir. Bu gün hər birimiz Ceyhunun yolunu, onun əzmini və Vətənə bağlılığını görərək torpaq anlayışını daha dərindən dərk edirik. Belə qəhrəmanlar sayəsində Azərbaycan həm keçmişi ilə, həm də gələcəyi ilə qürur duyur. Torpaq uğrunda döyüşmək, onu sevmək və qorumaq bu hər birimizin borcudur və Ceyhunun həyat hekayəsi bizə örnəkdir.
Qeyd edək ki, şəhid Dünyamalıyev Ceyhun Zeynal oğlu ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “İgidliyinə görə” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.

Bülbül Rövşənqızı

Nəşr edilib : 20.01.2026 17:50