NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Azərbaycan-Türkmənistan: qardaşlıq, mehriban qonşuluq və strateji tərəfdaşlıq

...

Azərbaycanın xarici siyasətində türk kökənli Mərkəzi Asiya ölkələri ilə hərtərəfli münasibətlərin inkişafı hər zaman prioritet məqsədlərdən, başlıca hədəflərdən hesab olunub. Bölgədə sülhə, sabitliyə və faydalı əməkdaşlığa xidmət edən həmin münasibətlər xalqların dostluğu, dərin mədəni bağları üzərində bərqərar olunduğundan möhkəmliyi, faydası ilə daha çox ön plana çıxır. Bu baxımdan, Azərbaycan-Türkmənistan əlaqələri də regionun geosiyasi mənzərəsinin, iqtisadi, mədəni sferasının formalaşmasında müstəsna əhəmiyyətə malikdir. Ölkə liderlərinin, rəsmilərinin həm təkbətək, həm də nümayəndə heyətləri səviyyəsindəki hər görüşü ikitərəfli əlaqələrin inkişafında yeni fəaliyyət istiqamətləri açır. İyulun 16-da Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun ölkəmizə səfəri, səfər çərçivəsində keçirilən görüşlər münasibətlərin dərinləşməsinə yeni təkan olacaq. Prezident İlham Əliyev təkbətək görüş zamanı əlaqələrin xalqların dərin qardaşlıq ənənələrinə əsaslandığını və müstəqillik illərində daha da inkişaf etdiyini vurğuladı. Sitat: Xalqlarımızı dərin qardaşlıq ənənələri birləşdirir və müstəqillik dövründə bu əlaqələr daha da gücləndi. Biz bir çox sahələrdə uğurla əməkdaşlıq edirik və iki ölkə müstəqil siyasət apararaq gələcəyə inamla baxır. Bizim aramızdakı tarixi əlaqələr bugünkü əlaqələr üçün əsas zəmindir və əminəm ki, sizin səfəriniz bizim münasibətlərimizə yeni təkan verəcək.

Azərbaycanı digər türk dövlətləri kimi Türkmənistanla bağlayan tellər uzaq və yaxın tarixi keçmişə, yaşanan ortaq taleyə dayanır, zəngin təcrübəyə, “Dost dar gündə tanınar” tandeminə əsaslanır. Sovetlər dönəmində ittifaq respublikaları olaraq iqtisadi, mədəni əlaqələr quran bu iki respublika 1990-cı illərin əvvəllərində – müstəqillik qazandıqdan sonra münasibətləri yeni mərhələyə uğurla daşıya biliblər. Azərbaycan-Türkmənistan diplomatik münasibətləri 1992-ci il iyunun 9-da bərqərar olunub. 1999-cu ilin iyununda Türkmənistanın Bakıda, üç il sonra 2002-ci ilin oktyabrında isə Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyətə başlayıb. 2007-ci ildə yaradılan birgə hökumətlərarası komissiya əlaqələrin vahid nəzarət mexanizmi əsasında, strukturlaşdırılmış şəkildə idarə olunmasını təmin edir. Məhz aparılan məqsədyönlü fəaliyyətin nəticəsidir ki, komissiyanın yaradılmasından on il sonra, daha dəqiq desək, 2017-ci il avqustun 8-də Bakıda “Azərbaycan Respublikası ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə” imzalanıb. Bununla da qardaşlıq, mehriban qonşuluq münasibətləri daha üst mərhələyə – strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Azərbaycanın 44 günlük tarixi zəfərindən sonra bölgədə yaratdığı yeni reallıqlar fonunda Türkiyə, Özbəkistan və Qazaxıstanla yanaşı, Türkmənistanla əlaqələrində də yeni səhifə açılıb. Ölkə liderlərinin qarşılıqlı səfərləri siyasi, iqtisadi yaxınlaşma və işgüzar mühit formalaşdırmaq üçün əsaslı zəmin rolunu oynayıb. 2022-ci ildə sabiq Türkmənistan Prezidenti, hazırda isə ölkənin Xalq Məsləhətinin sədri olan Qurbanqulu Berdiməhəmmədovun Bakıya, Azərbaycan Prezidenti İlham Əliyevin isə Aşqabada səfərləri çərçivəsində aparılan müzakirələr, imzalanan sənədlər əlaqələrin strateji istiqamətlərini müəyyənləşdirib. Həmçinin birgə hökumətlərarası komissiyanın həmin ildə keçirilən iclasında nəqliyyat, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, şəhərsalma, energetika və digər sahələrdə əməkdaşlıq geniş müzakirə edilib.

Azərbaycan-Türkmənistan əlaqələrinin inkişafı baxımından üç istiqamət vacib rol oynayır: ikitərəfli, üçtərəfli və beynəlxalq təşkilatlar vasitəsilə əlaqələr. Üçtərəfli dedikdə Azərbaycan, Türkiyə və Türkmənistan tərəfdaşlığı nəzərdə tutulur ki, bu mənada, 2022-ci il dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Zirvə Görüşü həmin tərəfdaşlığa dair yeni səhifə açıb. Görüşün ardından imzalanan sənədlər ticari-iqtisadi, elm, təhsil, mədəniyyət, energetika və gömrük sahələrinə dair üçtərəfli əməkdaşlığı gücləndirməyi qarşıya məqsəd qoyub, gələcək birgə fəaliyyət üçün vahid hədəflər müəyyənləşdirib. Görüşdə çıxışı zamanı Prezident İlham Əliyev üçtərəfli formatı yüksək qiymətləndirib: “Azərbaycan, Türkiyə və Türkmənistan bir-biri ilə etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlər ilə sıx bağlıdır. Biz haqlı olaraq xalqlarımızın zəngin tarixi-mədəni irsi və bəşər sivilizasiyasına verdiyi böyük töhfələri ilə qürur duyuruq. Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir. Türkiyə ilə keçən il imzaladığımız Şuşa Bəyannaməsi münasibətlərimizi strateji müttəfiqlik səviyyəsinə çatdırmışdır. 2017-ci ildə Azərbaycan ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdır”.

Azərbaycanla Türkmənistan Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətlərinin formalaşmasına əhəmiyyətli təsir göstərir, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın yeni istiqamətlərini ortaya çıxarır. Tarixi bağlar üzərində qurulmuş münasibətlər ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır. Bu baxımdan nəqliyyat-logistika istiqaməti və ölkələrin bu yöndə həm coğrafi, həm siyasi mövqeyi xüsusi əhəmiyyət daşıyır. Hazırda Azərbaycan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta dəhliz) əsas hissəsinə, önəmli tranzit mərkəzinə çevrilməklə Asiya ilə Avropa arasında nəqliyyat körpüsü rolunu uğurla reallaşdırır. Bu xüsusda Türkmənistanın da imkanları genişdir və tranzit yük daşımalarında iki ölkənin dəniz limanları arasında əməkdaşlığın gücləndirilməsi vacib amil, mühüm məsələdir.

Təqdirəlayiq haldır ki, Azərbaycan-Çin hərtərəfli strateji tərəfdaşlığının da böyük mənada sirayət etdiyi, təsir göstərdiyi nəqliyyat, yükdaşımaları sahəsində artıq müəyyən ciddi nəticələr də əldə olunmaqdadır. Bu ilin iyun ayında Çinin Çjetsyan əyalətindən ilk yük qatarının Orta dəhliz vasitəsilə Türkmənistan üzərindən Azərbaycana yola düşməsi də belə deməyə əsas verir. Çjetsyan əyalətinin Çin-Avropa marşrutu üzrə dəmir yolu ilə yük daşımaları çərçivəsində yaratdığı sayca 26-cı beynəlxalq logistika istiqaməti hesab olunan bu yol gələcəkdə ölkələrarası nəqliyyat daşımalarının artmasına güclü təkan verəcək. Yeni marşrutun istifadəyə verilməsi, eyni zamanda ənənəvi Aktau-Bakı logistika xəttinin yükünü azaldacaq, həmçinin Çin məhsullarının Mərkəzi Asiya və Şərqi Avropa bazarlarına çatdırılmasını xeyli sürətləndirəcək. Gələcəkdə Zəngəzur dəhlizinin açılması isə, ümumilikdə, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunu (Orta dəhliz), təqribən, 350 kilometr qısaldacaq ki, bu da marşrutun rəqabət, ümumi buraxılış qabiliyyətini artıracaq. Zəngəzur dəhlizi Türk dünyasının birliyinə xidmət nümunəsi kimi, Azərbaycanın Türkiyə, Türkmənistan və digər türkdilli ölkələrlə əlaqələrini daha da gücləndirəcək, ölkəmizin geoiqtisadi əhəmiyyətini xeyli artıracaq...

Bəli, göründüyü kimi, xalqların tarixi-mədəni bağları üzərində inşa olunan Azərbaycan-Türkmənistan əlaqələri müasir dünyanın çağırışları fonunda inkişaf edir, yeni dəyər, məzmun qazanır. Xəzəryanı ölkələrin iqtisadi əməkdaşlığında, Asiya ilə Avropa arasında ticarət dövriyəsində, yükdaşımalarda, həmçinin türkdilli dövlətlərin münasibətlərində mühüm mövqedə dayanan bu iki respublika üçün birgə fəaliyyətə dair geniş perspektivlər vardır və bundan sonra da yaranacaq. Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun səfər çərçivəsində iyulun 17-də Füzuliyə, Şuşaya gəlişi, işğaldan az olunmuş ərazilərdə erməni vandallığı, eləcə də görülən bərpa-quruculuq işləri ilə tanışlığı, Azərbaycan Prezidenti tərəfindən  Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atının hədiyə edilməsi iki ölkənin dostluğu, qardaşlığı və strateji tərəfdaşlığına dair dünyaya üvanlanan mühüm mesajlardan oldu. Şuşada tarixi abidələri, mədəniyyət ocaqlarını ziyarət isə xalqlarımız arasında mədəni əlaqələrin sarsılmazlığının, mənən yaxınlığın əyani təcəssümünə çevrildi. Əminliklə demək olar ki, əvvəlki görüşlərin davamı kimi, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun budəfəki səfəri, səfər müddətində baş tutan müxtəlifsəviyyəli dialoqlar, tanışlıqlar da ikitərəfli faydalı əməkdaşlığa yeni töhfələr verəcək.

Nail ƏSGƏROV

Nəşr edilib : 16.07.2025 18:00