NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Azərbaycan-Ruanda münasibətləri iqtisadi və ticari tərəfdaşlıq yolunda

...

Azərbaycan dövlətinin xarici siyasətində Afrika ölkələri ilə hərtərəfli münasibətlərin qurulması, bu qitədə yaşayan xalqların hüquqlarının müdafiəsi başlıca prinsiplərdəndir. Azərbaycan ilə Ruanda arasındason illərdə çoxtərəfli platformalarla yanaşı, ikitərəfli münasibətlər də intensivləşmə dönəminə qədəm qoyub. Xüsusilə müasir çağırışlara uyğun respublikamızın qazandığı zəngin təcrübə Afrika qitəsinin bu ölkəsinin böyük marağındadır. Bu baxımdan,Ruanda Respublikasının Prezidenti Pol Kaqamenin Azərbaycana növbəti səfəri, keçirilən görüşlər, müxtəlif sahələrə dair fikir mübadilələri faydalı əməkdaşlığa dair yeni imkanların açılmasına səbəbiyyət yaratdı.

Azərbaycanla Ruanda arasında siyasi münasibətlərin, diplomatiyanın tarixi elə də böyük və zəngin deyil. Respublikalar arasındadiplomatik əlaqələr 2004-cü il mayın 28-də qurulub. Uzun müddət çoxtərəfli platformalarda inkişaf etdirilən əlaqələr son dönəmdə ikitərəfli müstəvidə də aktivləşməyə başlayıb. Bakı ilə Kiqali arasında əsas siyasi, iqtisadi və humanitar dialoq platormaları Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatıdır. Məhz bu təşkilatlar çərçivəsində Ruanda daim respublikamızın ərazi bütövlüyünə, suverenliyinə, o cümlədən də irəli sürdüyü təşəbbüslərə dəstəyini ifadə edir.Ruanda COVID-19 pandemiyası dövründə Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi “peyvənd milliyyətçiliyi” aparan, ədalətsizlik yaradan bəzi Qərb ölkələrinə qarşı qətiyyətli mövqeyini fəal şəkildə dəstəkləyib. Bunun əyani sübutu Ruandanın Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uzadılmasının lehinə səs verməsi olub.Sentyabrın 20-də Ruanda Respublikasının Prezidenti Pol Kaqamenin ölkəmizə səfəri çərçivəsində təşkilatlararası sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatında Prezident İlham Əliyev də bu məqamlara xüsusi toxundu, Azərbaycan ilə Ruandanın yaxşı tərəfdaş və dostlar olduğunu vurğuladı. Sitat: “Azərbaycan ilə Ruanda yaxşı tərəfdaş və dostlardır. Biz müxtəlif beynəlxalq təsisatlarda birgə iştirak edirik və hər zaman bir-birimizi dəstəkləyirik. Qoşulmama Hərəkatında sədrliyimiz dövründə Ruanda hər zaman bizə dəstək vermişdir. Siz bizə sədr seçilmək və sonra sədrliyimizin uzadılması üçün dəstək verdiniz. Ruanda, həmçinin Qoşulmama Hərəkatında həmrəyliyin gücləndirilməsinə yönəlmiş təşəbbüslərimizin əksər hissəsini dəstəkləmiş və ona qoşulmuşdur. Biz birmənalı olaraq BMT daxilində hər zaman fəal əməkdaşlıq edirik və bir-birimizə qarşılıqlı dəstəyi artırırıq”.

Ölkələrimiz arasında münasibətlərin daha da yaxşılaşmasında ötən il Bakıda keçirilən COP29-un darolu böyükdür. Konfrans çərçivəsində baş tutanprezidentlərin görüşündə iki ölkə arasında münasibətlərin artan əhəmiyyəti bir daha vurğulanıb, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi və investisiya sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.Millətlər Birliyi (Commonwealth)təşkilatı çərçivəsində əməkdaşlıq, birgə İşçi Qrupunun yaradılması tərəflərin əlaqələrin bu sahədəki inkişafı istiqamətində məqsədyönlü addımlar atdığını təsdiqləyir.Təqdirəlayiq haldır ki, respublikamızQoşulmama Hərəkatında olduğu kimi, COP29-a sədrlik etdiyi dönəmdə də Afrika qitəsində yerləşən ölkələrin, o cümlədən də Ruandanın, ölkə vətəndaşlarının hüquqlarının etibarlı müdafiəçisi qismində qətiyyətlə çıxış edib.Məhz bunun nəticəsində Bakıda tarixi qərar qəbul edilib, COP29-da inkişaf etməkdə olan ölkələrin, o cümlədən kiçik ada, ən az inkişaf etmiş və Afrika dövlətlərinin səbirsizliklə gözlədiyi İtki və Zərər Fondunun tam fəaliyyətə başlaması təmin olunub.

Azərbaycan ilə Ruanda arasındakı münasibətlərin son zamanlarda çoxtərəfli dialoqdan aktiv ikitərəfli əməkdaşlığa keçməsinə əsas səbəb kimi, ölkələrarası müxtəlif sahələr üzrə təcrübə mübadiləsinə dair maraqların kəsişməsidir. Ruandanın ölkəmizin “ASAN xidmət” modelinə marağı iki ölkənin liderləri arasında COP29 zamanı keçirilmiş görüşdə rəsmi şəkildə ifadə olunub. Və nəticədə, bu istiqamətdə konkret addımlar atılıb. Belə ki, bu ilin iyun ayında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyətinin Ruandaya səfəri zamanı “ASAN xidmət” modelinin tətbiqi və Ruandada oxşar mərkəzin yaradılması ilə bağlı Anlaşma Memorandumu imzalanıb. Ruanda liderinin budəfəki səfəri isə həm “ASAN xidmət”, həm də təhsil sahəsi üzrə yeni əməkdaşlıq imkanlarının dəyərləndirilməsi baxımından zəngin oldu. Təhsilə dair ikitərəfli əlaqələrin inkişaf perspektivlərinin açılmasında Heydər Əliyev Fondunun da əvəzsiz xidmətlərini xüsusi vurğulamaq lazımdır. Bu mənada,Heydər Əliyev Fondunun nümayəndə heyətinin ötən il Ruandaya səfəri vəfondun vitse-prezidenti Leyla Əliyevanınbu ölkənin Prezidenti ilə görüşü olduqca mühüm əhəmiyyətə malikdir.

Ruanda Respublikasının Prezidenti Pol Kaqamenin Azərbaycana növbəti səfərinin ümumi şərhi kimi, onu qeyd etmək olar ki,  tərəflər səfər çərçivəsində keçirilən görüşlər, tanışlıqlar, imzalanan sənədlərlətəhsil, kənd təsərrüfatı və innovasiyalara dair birgə əməkdaşlığın mühüm perspektivləri olduğunu ortaya qoydular. Gələcəkdə hər iki ölkə arasında sadalanan sahələr üzrə sərmayə yatırımı və təcrübə mübadiləsi əlaqələri yeni – daha yüksək mərhələyə daşıya, siyasi münasibətlər kimi, birgə iqtisadi fəaliyyət, ticari tərəfdaşlıq da dərinləşə bilər. Prezident İlham Əliyevin dediyi kimi: “Bizə, sadəcə, müxtəlif səviyyələrdə daha çox təmasların qurulması, birgə biznes və investisiya imkanlarının müzakirəsi üçün biznes, eləcə də müxtəlif nazirliklərin nümayəndə heyətlərinin mübadiləsi lazımdır. Mən Ruandada sərmayə layihələrində iştirak etməyə hazır olduğumuzu vurğuladım və əminəm ki, cənab Prezidentin səfəri və müzakirələrimiz, eləcə də mətbuat konfransından sonrakı söhbətlərimiz iqtisadi və ticari sahədə tərəfdaşlıq üçün çox möhkəm zəmin yaradacaq. Bizim əla siyasi münasibətlərimiz var və bizə bütün digər sahələrdə də eyni münasibətlər səviyyəsi lazımdır”.

Nail ƏSGƏROV

Nəşr edilib : 22.09.2025 16:24