Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert ser...
11:12 21.04.2026
0
0
0
NAXÇIVAN :
21 Aprel 2026, Çərşənbə axşamı
Beynəlxalq münasibətlər sistemində humanitar yardım siyasəti dövlətlərin qlobal məsuliyyət hissini artıran, mənəvi dəyərlərə bağlılığını və beynəlxalq həmrəyliyə verdiyi töhfəni müəyyən edən əsas istiqamətlərdən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son illərdə bu sahədə ardıcıl və məqsədyönlü siyasət həyata keçirərək beynəlxalq səviyyədə fəal, etibarlı və barışdırıcı aktor kimi mövqeyini daha da möhkəmləndirib. Müqayisə üçün qeyd etmək yerinə düşər ki, müstəqilliyinin ilk illərində özü humanitar yardıma ehtiyac duyan respublikamız sonrakı dövrdə aparılan sistemli tədbirlər və nail olduğu iqtisadi inkişaf nəticəsində donor ölkəyə çevrilməyi bacarıb. Bu transformasiya, eyni zamanda beynəlxalq əməkdaşlığın genişlənməsi və fəal xarici siyasətin real göstəricisi kimi dəyərləndirilə bilər. Azərbaycanın humanitar fəaliyyətləri sistemli xarakter daşıyır və bu sahədə əsas institusional mexanizmlərdən biri Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyidir. Bu qurum vasitəsilə dünyanın müxtəlif regionlarında humanitar və inkişafyönümlü layihələr həyata keçirilir.
Azərbaycanın humanitar yardım siyasəti, sadəcə, bəyanatlarla kifayətlənmir, konkret faktlar və real addımlarla özünü təsdiqləyir. Ölkəmiz müxtəlif regionlarda baş verən böhranlara, təbii fəlakətlərə və fövqəladə hallara operativ və məqsədyönlü reaksiya göstərir, bu siyasətin əsas xüsusiyyətlərini praktikada nümayiş etdirir. Xüsusilə COVID-19 pandemiyası zamanı Azərbaycan dünya birliyinə həm maliyyə dəstəyi, həm də tibbi resurslar baxımından əhəmiyyətli töhfələr verib. Respublikamız 80-dən çox ölkəyə qoruyucu tibbi avadanlıqlar, kritik tibbi cihazlar və vaksinlər ianə edərək qlobal pandemiya ilə mübarizədə fəal iştirak edib. Bu faktlar Azərbaycanın yalnız regional deyil, həm də qlobal humanitar məsələlərdə çevik, məsuliyyətli və etibarlı tərəfdaş olduğunu bir daha sübut edir.
Azərbaycanın, xüsusilə regional münaqişə və müharibələr zamanı dinc sakinlərə dəymiş fəsadların aradan qaldırılmasına yönəlmiş humanitar dəstəyi təqdirəlayiq addım kimi dəyərləndirilir. Bu baxımdan, Rusiya-Ukrayna müharibəsi fonunda Ukraynaya göstərilən humanitar təşəbbüsləri qeyd etmək olar. Belə ki, 2022-2024-cü illər ərzində Ukraynaya, ümumilikdə, on milyonlarla ABŞ dolları dəyərində humanitar yardımlar göstərilib, xüsusilə enerji infrastrukturunun bərpası üçün transformatorlar, generatorlar və elektrik avadanlıqları göndərilib. Bununla yanaşı, məktəblər və sosial obyektlər üçün yanacaq və texniki dəstək təmin olunub. Azərbaycan, həmçinin Ukraynada bir sıra sosial obyektlərin – məktəb və uşaq bağçalarının bərpasında iştirak edib. Bu ilin ötən dövründə də bu ölkəyə humanitar yardımlar həyata keçirilib. Bundan başqa, Suriya ilə bağlı da Azərbaycan humanitar təşəbbüslərlə çıxış edib, uzunmüddətli münaqişənin yaratdığı ağır sosial vəziyyəti nəzərə alaraq beynəlxalq təşkilatlar vasitəsilə bu ölkəyə ərzaq və tibbi yardım göndərib. Eyni zamanda 2025-ci ilin avqustundan başlayaraq respublikamız təbii qaz ixracını yeni istiqamət üzrə genişləndirərək Suriya ilə əməkdaşlıqda da mühüm addım atıb. Təbi qaz Türkiyənin Kilis şəhəri vasitəsilə Hələb və Homs kimi böyük şəhərlərdə yerləşən elektrik stansiyalarına çatdırılır və burada elektrik enerjisi istehsalında istifadə olunur, bununla Suriyada enerji təminatının bərpasına töhfə verilir.
Azərbaycan 2023-cü ildə Türkiyədə baş vermiş güclü zəlzələ zamanı da ən böyük yardım göstərən ölkələrdən biri olub. “Qardaş köməyi” adı altında 900-dən çox xilasedici və tibbi heyət bölgəyə göndərilib, 50-dən artıq insan dağıntılar altından xilas edilib. Ümumilikdə, 5000 tondan artıq humanitar yük, o cümlədən çadırlar, qida məhsulları və tibbi avadanlıqlar insanların vəziyyətdən çıxış yolunu tapmasında mühüm dəstək rolunu oynayıb. Respublikamız, eyni zamanda zəlzələdən əziyyət çəkmiş Kahramanmaraş şəhərində müəyyən sosial və yaşayış obyektlərinin tikintisi üçün böyük maliyyə dəstəyi verib. Kahramanmaraşda “Azərbaycan məhəlləsi”nin inşası bu humanitar və qardaş köməyinin bariz nümunəsini, eyni zamanda tarixi köklərə söykənən “Bir millət, iki dövlət” prinsipinin müasir mərhələsini də əks etdirir. Ümumilikdə isə bu tədbirlər göstərir ki, Azərbaycan yalnız fövqəladə hallar zamanı yardımı ilə seçilmir, eyni zamanda uzunmüddətli bərpa və infrastruktur layihələrində də fəal tərəfdaş kimi çıxış edir. Məhz bunun nəticəsində Türkiyədə zəlzələdən zərər çəkmiş şəhərlərin yenidən qurulması prosesi sürətlənib və insanlara normal həyat şəraitinə qayıtmaq imkanı yaranıb.
Azərbaycanın humanitar siyasətində qonşu ölkələrə dəstək xüsusi yer tutur. İran İslam Respublikası ilə bağlı humanitar addımlar buna nümunədir. Məlum olduğu üzrə 2026-cı ilin fevralın 28-dən etibarən Yaxın Şərqdə başlayan genişmiqyaslı hərbi əməliyyatlar nəticəsində İran ərazisində ciddi humanitar böhran yaranıb, minlərlə insan müharibənin fəsadlarından əziyyət çəkir. Hər zaman olduğu kimi, bu şəraitdə də Azərbaycan operativ şəkildə humanitar dəstək verən ölkələrdən biri kimi özünü göstərməkdədir. Prezident İlham Əliyevin tapşırığına əsasən ayrı-ayrılıqda 3 dəfə tonlarla ərzaq, dərman və tibbi ləvazimatların yer aldığı humanitar yardım karvanı qonşu ölkəyə yola salınıb. Məhz belə çətin şəraitdə, mürəkkəb geosiyasi vəziyyətdə Azərbaycanın göstərdiyi humanitar yardım operativliyi, konkretliyi və həcm baxımından seçilən nümunələrdən hesab olunur. Bu faktlar göstərir ki, Azərbaycan yalnız regional deyil, həm də qlobal böhranlara çevik reaksiya verən və müharibə şəraitində belə humanitar dəyərləri ön planda saxlayan dövlət olaraq çıxış edir. İran Prezidenti Məsud Pezeşkianın “X” sosial şəbəkə hesabında Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürü də bunu bir daha təsdiqləyir: “Qardaşım İlham Əliyevlə söhbətimdə Azərbaycan hökumətinin və xalqının həmrəylik və dəstəyinə görə minnətdarlığımı bildirdim. Dost və qardaş xalqlar çətin anlarda bir-birini tanıyır və sivilizasiya kökləri nə qədər dərindirsə, bu bağ bir o qədər möhkəm olur”.
Göründüyü kimi, Azərbaycanın humanitar yardım siyasəti onun xarici siyasətinin mühüm və ayrılmaz tərkib hissəsinə çevrilib. Bu sayədə ölkə beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanınır, müxtəlif regionlar arasında körpü rolunu uğurla yerinə yetirir və sülhə xidmət edən təşəbbüslərlə çıxış edir. Yardımların ayrı-seçkilik edilmədən göstərilməsi isə Azərbaycanın balanslı siyasətini və universal humanitar dəyərlərə sadiqliyini aydın şəkildə ortaya qoyur. Nəticə etibarilə, Azərbaycanın humanitar yardım siyasəti ardıcıl, sistemli və faktlara əsaslanan nümunəvi xarakter daşıyır. Türkiyə, Ukrayna, Suriya və İran kimi müxtəlif regionları təmsil edən ölkələrə göstərilən konkret yardımlar Azərbaycanın qlobal miqyasda fəal humanitar aktor kimi çıxış etdiyini təsdiqləyir. Bu siyasət təkcə ölkənin beynəlxalq nüfuzunu artırmaqla kifayətlənmir, eyni zamanda sülhün, sabitliyin və qarşılıqlı etimadın möhkəmlənməsinə də mühüm töhfələr verir. Prezident İlham Əliyevin mötəbər beynəlxalq tədbirlərdə səsləndirdiyi qətiyyətli fikirlər bu töhfəni aydın şəkildə ifadə edir: “Bu gün əfsuslar olsun ki, dünyada xoşagəlməz meyillər üstünlük təşkil edir. Qanlı toqquşmalar, müxtəlif bölgələrdə müharibələr gedir, dini, milli zəmində qan tökülür. Beynəlxalq humanitar əməkdaşlığın dərinləşməsi müəyyən dərəcədə bu mənfi meyillərin qarşısını ala və müsbət meyilləri gücləndirə bilər”.
Nail ƏSGƏROV
Digər xəbərlər