NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Azərbaycan qadını zərafət və sədaqət mücəssəməsi

...

Qadın zəkasına verilən qiymət

Ölkəmizin ictimai-siyasi həyatında qadınların rolunun artması və fəaliyyət dairəsinin genişləndirilməsi məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Qadın zəkasına böyük qiymət verən dahi şəxsiyyət onların rəhbər vəzifələrə irəli çəkilməsinə, səslərinin beynəlxalq tribunalardan eşidilməsinə şərait yaratdı. 1995-ci ildə Pekin konfransında qadınlarımızın iştirakı müasir qadın hərəkatına yeni nəfəs gətirdi. 31 il əvvəl qəbul edilmiş Azərbaycan Konstitusiyasında qadınların kişilərlə bərabər hüququnu təsdiq edən ayrıca maddə və bəndlərdə təsbit edilməsi, ölkədə qadın hərəkatının daha da inkişaf etdirilməsi üçün 1998-ci ildə “Qadın Problemləri üzrə Dövlət Komitəsi”nin yaradılması, 2000-ci ildə imzalanan “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərman ölkədə qadın siyasətinin daha da güclənməsinə gətirib çıxarmışdır. 1998-ci ildən bəri hər beş ildən bir Azərbaycan qadınlarının qurultaylarının keçirilməsi Azərbaycanda qadın hərəkatının inkişaf tarixində əlamətdar hadisələrdən biri kimi qiymətləndirilir. 

Dövlət qadın siyasəti yeni mərhələdə

Dövlət qadın siyasəti Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Gender siyasətinin daha da gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün həyata keçirilən məqsədyönlü tədbirlər qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların genişləndirilməsi baxımından uğurla nəticələnib. Qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması, ictimai həyatın bütün sahələrində bərabər hüquqların təmin olunması sahəsində hüquqi bazanın təkmilləşdirilməsi üçün 2006-cı ildə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanunları qəbul olunmuşdur. 
“Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026-2028-ci illər üçün Milli Fəaliyyət Planı”nda da qadınların ictimai fəallığının artırılması, təhsil, məşğulluq, iqlim dəyişiklikləri ilə mübarizə və media sahələrində gender aspektlərinin nəzərə alınması, bu məqsədlə normativ-hüquqi bazanın, institusional mexanizmlərin təkmilləşdirilməsi və gender bərabərliyi mədəniyyətinin təbliğinin gücləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Bu gün Azərbaycan qadını mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verir. 

Zərif güc, xeyirxah əməllər, örnək fəaliyyət

Birinci vitse-prezident Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadınının nüfuzunu daha da yüksəklərə qaldırır.  Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Ölkənin “yumşaq güc” siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır. 
Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir.
Birinci xanım atdığı humanist addımlarla, gördüyü nəcib işlərlə, sülhün bərqərar olması üçün göstərdiyi şücaətlə bütün insanlar üçün örnəyə çevrilib.

Qadın gülərsə...

Əsrlərdən bəri qadınlar həm də milli dəyərlərimizin əsas daşıyıcı siması sayılırlar. Ana-nənələrimizin dilindən ruhumuza süzülən laylalar, Vətən ətirli bayatılar, dastanlar erkən yaşlardan bizə milli kimliyimizi tanıdıb, ana dilinə isti münasibəti aşılayıb, dəyərlərimizi sevdirib. Vətən kəlməsini də ana sözü ilə qoşa işlətmişik, Vətəni bizə ana ucalığında sevdiriblər. Bu gün də evlərdə tariximizi ilmə-ilmə yaşadan, analarımızın əsəri olan xalçalar, ismət və zərafət rəmzi olan kəlağayılar, xeyirxahlığı, mərhəməti aşılayan nağıl dolu sandıqlar qorunub saxlanılır. Dahi H.Cavid “Qadın gülərsə, şu issız mühitimiz güləcək, sürüklənən bəşəriyyət qadınla yüksələcək!” misraları ilə qadını poeziyanın ən yüksək zirvəsinə qaldıraraq bəşəriyyətin sülh carçısı kimi dəyərləndirmişdir. Bu gün Azərbaycan qadını azad, abad, suveren ölkəmizdə ictimai-siyasi proseslərin fəal iştirakçısıdır, müəllimdir, vəkildir, həkimdir, sahibkardır. Kənd­lərdə yaşayan qadınlarımız fədakardır, zəhmətkeşdir, torpağa bağlıdır. Əkir-becərir, o da öz əməyi ilə cəmiyyətə töhfəsini verir. Əhalinin həssas qrupdan olan təbəqəsi də fəaliyyətsiz deyil. Qayğı ilə əhatə olunub, təhsil alır, məşğulluğa cəlb edilir. İşğaldan azad olunmuş ərazilərdə məskunlaşmış qadınlarımızın sığalı ilə bu torpaqlar da yaşıllaşır, gözəlləşir, evlər körpə gülüşləri ilə dolur. 
Hər il 8 mart ölkəmizdə rəsmi bayram günü kimi qeyd olunur. Bayram ərəfəsində Azərbaycan qadınlarının bir qrupuna fəxri adlar verilir, onlar orden və medallarla təltif edilirlər. 
Qadın hər şeydən əvvəl anadır. Sevginin özüdür. Ailə dəyərlərinin qorunmasında başlıca qüvvədir. Oğlunu Vətən uğrunda şəhidlik zirvəsinə yola salarkən belə məğrur duruşunu itirməyən uca varlıqdır. Gücünüz, mərhəmətiniz, sevginiz heç zaman tükənməsin. Gününüz mübarək, əziz qadınlar!

Ruhiyyə RƏSULOVA
 

Nəşr edilib : 08.03.2026 00:00