NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Azərbaycan-Özbəkistan dostluq münasibətləri yeni dövrün reallıqlarına uyğun sürətlə inkişaf edir

...

“Ölkələrimiz arasında tarixən sıx mədəni əlaqələr mövcud olub. Hər iki xalq bir-birinin mədəniyyətindən bəhrələnib, bir-birinin mədəniyyətinə və onun inkişafına özünəməxsus təsir göstərib. Bütün bunları nəzərə alaraq, demək olar ki, etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə yaxın olan Azərbaycan-Özbəkistan münasibətləri, yüksələn xətlə davam edən əməkdaşlıq həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verir”.

Bu sözləri “Şərq qapısı” qəzetinə müsahibəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Aysel Dünyamalıyeva  bildirib.

Deputat qeyd edib ki, bu gün dövlətlərimiz arasında hərtərəfli və strateji əhəmiyyətli tərəfdaşlıq münasibətləri mövcuddur: “Azərbaycan və Özbəkistan prezidentlərinin mütəmadi şəkildə həyata keçirilən qarşılıqlı səfərləri bu dəfə də öz ənənəsinə sadiq qaldı. Belə ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri çərçivəsində Bakıda “Özbəkistan” parkının təməlinin qoyulması, ölkələrimiz arasında imzalanmış sənədlərin mübadilə edilməsi, Özbəkistan səfirliyinin yeni binasının açılışı münasibətlərimizin müsbət strateji inkişaf prosesi yaşadığını və çoxşaxəli əməkdaşlığın sürətlə genişləndiyini, deməyə imkan verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi: “Özbəkistanın beynəlxalq arenada imicinin ildən-ilə artmasına, iqtisadi potensialının güclənməsinə, sosial həyatın bir çox məsələsinin həll olunmasına şadıq. Bütün bunlar Prezidentin, Özbəkistan rəhbərliyinin düşünülmüş siyasətinin nəticəsidir. Bunların hamısı konkret proqramlarda da öz əksini tapır. Dost və qardaşlar olaraq biz buna ürəkdən sevinirik. Bu gün sahə nazirlərinin qarşılıqlı fəaliyyətimizin müxtəlif istiqamətləri üzrə hesabatları dinlənildi. Biz bu gün həm əmtəə dövriyyəsini, həm də qarşılıqlı investisiyaların həcmini əhəmiyyətli dərəcədə artırmaq niyyətini bir daha təsdiqlədik”.

“Özbəkistan ilə qardaşlıq və dostluq münasibətləri eləcə də bütün sahələrdə inkişaf Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində bu gün yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir. İki ölkə arasında bu vaxtadək imzalanmış 170-dən çox sənəd, o cümlədən strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair bəyannamə bu əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb. Özbəkistanın Füzuli rayonunda məktəb tikintisinə verdiyi dəstək bu əməkdaşlığın yalnız iqtisadi deyil, həm də humanitar məzmun daşıdığını göstərir, Qarabağın yenidən qurulmasında regional həmrəyliyi əks etdirir. Özbəkistanın sürətli inkişafı, bütün sahələrdə genişmiqyaslı islahatların həyata keçirilməsi böyük maraq və sevinclə müşahidə edilir”, – deyə Aysel Dünyamalıyeva əlavə edib.

Nəşr edilib : 03.07.2025 16:39