NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Azərbaycan ilə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) arasında əməkdaşlıq böyük perspektivlər vəd edir

...

“Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə Çinə işgüzar səfəri, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində  və həmçinin Çinin xarici hərbi müdaxilə və faşizm üzərində qələbəsinin 80 illiyi münasibətilə keçirilən təntənəli tədbirlərdə və hərbi paradda iştirakı dövlətimizin sürətlə artan beynəlxalq nüfuzunun bariz sübutudur. Bu geosiyasi uğurun əsası hələ 1993-cü ildə bütün dövlətlərlə bərabərhüquqlu və qarşılıqlı faydalı münasibətlərin qurulmasını xarici siyasətin əsas vəzifəsi kimi müəyyən edən Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Bu əlaqələr Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirərək iqtisadiyyatının, elminin və mədəniyyətinin inkişafına təkan verdi”.

Bu sözləri “Şərq qapısı” qəzetinə müsahibəsində  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Ülkər Bayramova  deyib.

“Çinin Tiencin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) və “ŞƏT Plus” formatının 25-ci sammiti təşkilatın tarixində ən geniştərkibli tədbir kimi yadda qalacaq. Azərbaycanla Çin arasında əməkdaşlıq ŞƏT çərçivəsində daha da yüksək dinamika ilə inkişaf edib. Budəfəki səfər zamanı da Si Cinpin Prezident İlham Əliyevi “Mənim əziz dostum”, –   deyərək salamladı. Son 30 ildən artıq dövrdə uğurlu əməkdaşlıq quran Bakı və Pekin bu illər ərzində münasibətləri hərtərəfli strateji tərəfdaşlıq müstəvisinə qaldırmağa nail olub. Bu da 30 ildən artıq müddətdir, qurulan diplomatik münasibətlərin səmərəli nəticələr verdiyini təsdiqləyir. “ŞƏT plyus” formatında iclasda çıxışı zamanı dövlət başçımız da Azərbaycanı regionda Çinin etibarlı tərəfdaşı adlandırdı. Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahibdir.

Bu səfər yalnız ikitərəfli münasibətlərin inkişafı nöqteyi-nəzərindən deyil, eləcə də Azərbaycanın Avrasiya məkanında artan nüfuzunun və diplomatik manevr imkanlarının genişlənməsinin bariz nümunəsidir. Prezident İlham Əliyevin Çin Xalq Respublikasına işgüzar səfəri və ŞƏT-in “ŞƏT plyus” formatında keçirilən tədbirdə iştirakı bir daha göstərdi ki, Azərbaycan yalnız regionda deyil, qlobal səviyyədə də sabitlik, təhlükəsizlik və qarşılıqlı faydalı əməkdaşlıq naminə prinsipial mövqe nümayiş etdirən təşəbbüskar və məsuliyyətli dövlət kimi çıxış edir. Bu uğurlu siyasətin əsasında milli maraqlara əsaslanan, beynəlxalq hüquqa sadiq, çoxtərəfli və müstəqil diplomatiya dayanır. Bu səfər Azərbaycan-Çin əlaqələrinin daha da inkişafına, ölkəmizin beynəlxalq siyasətdə mövqelərinin möhkəmlənməsinə böyük töhfə verəcək. Dövlətimizin başçısının Çinə səfəri ölkəmizin beynəlxalq mövqeyinin gücləndirilməsi və yeni əməkdaşlıq məsələlərinin müzakirəsi baxımından da çox əhəmiyyətlidir, – deyə deputat bildirib.

Nəşr edilib : 04.09.2025 17:00