NAXÇIVAN :

29 Aprel 2025, Çərşənbə axşamı

Azərbaycan-Çin strateji tərəfdaşlığı: Prezident İlham Əliyevin uzaqgörən liderliyinin bəhrəsi

...

"Azərbaycan və Çin arasında imzalanan "Hərtərəfli strateji tərəfdaşlıq haqqında Birgə Bəyanat" iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu sənəd təkcə diplomatik razılaşma deyil, həm də geosiyasi baxımdan mühüm strateji qərardır. Çin kimi dünya səviyyəli güclə bu cür yüksək səviyyəli tərəfdaşlığın qurulması, Prezident İlham Əliyevin beynəlxalq arenada həyata keçirdiyi çevik və düşünülmüş siyasətin təzahürüdür".

Bu sözləri "Şərq qapısı"na açıqlamasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qəzənfər Abdullayev deyib.

Deputat qeyd edib ki, sənəddə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə açıq dəstək verilməsi, ölkəmizə olan etimadın və hörmətin real ifadəsidir. Həmçinin Pekin tərəfindən Azərbaycanın sülh çağırışlarına verilən müsbət cavab, bölgədə sabitliyin və əməkdaşlığın inkişafına verdiyi töhfə kimi dəyərləndirilə bilər. İki ölkə arasında enerji, nəqliyyat, rəqəmsallaşma, təhsil və mədəniyyət kimi sahələrdə nəzərdə tutulan geniş əməkdaşlıq spektri, bu tərəfdaşlığın yalnız bu gün üçün deyil, gələcək üçün də strateji əhəmiyyət kəsb etdiyini göstərir. "Bir kəmər, bir yol" təşəbbüsünün Azərbaycanın milli inkişaf strategiyası ilə uyğunlaşdırılması isə qarşılıqlı inteqrasiyanın real nəticələrə yönəldiyini təsdiqləyir.

"Bu razılaşma Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndirilməsi ilə yanaşı, regional və qlobal miqyasda dayanıqlı əməkdaşlıq modellərinin qurulmasına da mühüm töhfə verəcək", – deyə Qəzənfər Abdullayev əlavə edib.

Nəşr edilib : 23.04.2025 15:30