Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Azərbaycanın düşünülmüş, praqmatik, çoxvektorlu xarici siyasət doktrinası onu dünyanın həm siyasi, həm iqtisadi güc mərkəzləri, eləcə də nüfuzu böyük ölkələri ilə hərtərəfli münasibətlər qurması üçün geniş imkanlar açır. Bu baxımdan dünyanın ikinci ən güclü iqtisadiyyatına malik, Alıcılıq Qabiliyyəti Paritetinə (AQP) əsaslanan ÜDM göstəricisinə görə isə birinci yerdə qərarlaşan Çinlə əlaqələr həm uzaq coğrafiyaları yaxınlaşdırmaq üçün, həm də uzaq gələcəyə dair mühüm perspektivləri ilə seçilir. Azərbaycan-Çin faydalı əməkdaşlığında Prezident İlham Əliyevin bu ölkəyə səfərləri, eyni zamanda Şanxay Əməkdaşlıq Təskilatının (ŞƏT) zirvə toplantılarında dövlət başçımızın mütəmadi iştirakı xüsusi rol oynayır. Avqustun 30-da Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə Çinə işgüzar səfərinin proqramı da yeni əməkdaşlıq imkanlarının dəyərləndirilməsi, respublikamızın çoxtərəfli dialoqa töhfəsinin ifadəsi baxımından zəngin oldu...
Azərbaycanla Çin arasında diplomatik əlaqələr 33 il əvvəl, daha dəqiq desək, 1992-ci il aprel ayının 2-də qurulub. Son illərdə ölkələrarası münasibətlər yüksək inkişaf yoluna qədəm qoyub, müxtəlifsəviyyəli işgüzar səfərlər zamanı yeni əməkdaşlıq istiqamətləri ortaya çıxarılıb. Bu baxımdan Azərbaycan-Çin diplomatik əlaqələrində son iki ili xüsusi əhəmiyyətə malik dövr kimi xarakterizə etmək olar. Belə ki, ötən il iyulun 3-də liderlər tərəfindən imzalanan Strateji Tərəfdaşlıq Bəyannaməsi ilə ölkələrarası qarşılıqlı etimadın və əməkdaşlığın təməlləri daha da möhkəmləndirilib, dünya iqtisadi sisteminin mənzərəsini dəyişdirə biləcək vacib strateji hədəflər müəyyənləşdirilib. Bu il aprelin 23-də Prezident İlham Əliyevin Çinə səfəri çərçivəsində imzalanan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” isə hər iki ölkənin bir-biri üçün prioritet təşkil edən sahələri etibarlı və qarşılıqlı faydalı strateji tərəfdaş kimi nəzərdən keçirdiyini təsdiqləməklə bu tərəfdaşlığı yeni, daha yüksək mərhələyə-hərtərəfli strateji tərəfdaşlığa daşıyıb. Təsadüfi deyildir ki, Prezident İlham Əliyev sentyabrın 1-də Çinin Tiencin şəhərində keçirilən “ŞƏT plyus” formatında görüşdə çıxışı zamanı da ilk olaraq məhz bu məqama diqqəti çəkdi: “Azərbaycanla Çin arasında səmimi dostluq münasibətləri və hərtərəfli strateji tərəfdaşlıq bağları mövcuddur. Bu əlaqələrin dərinləşdirilməsi Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir. Son iki ildə əlaqələrimiz keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Ötən il Astanada keçirilmiş ŞƏT Sammiti çərçivəsində biz strateji tərəfdaşlıq qurduq. Bu il mənim Çinə dövlət səfərim zamanı hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin təsis edilməsi barədə Birgə Bəyanat imzalandı. Bu tarixi hadisə Azərbaycan-Çin münasibətlərində yeni bir səhifə açdı”.
ŞƏT sammiti: Azərbaycanın çoxtərəfli dialoqa, səmərəli əməkdaşlığa töhfəsinin ifadəsi
Azərbaycanla Çin əlaqələrinin möhkəmliyi, sarsılmazlığı həm də beynəlxalq təşkilatlar, o cümlədən BMT, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və digər təsisatlar çərçivəsində özünü ən bariz şəkildə göstərir. Bu xüsusda ikitərəfli əməkdaşlıqların dərinləşdirilməsi və beynəlxalq münasibətlərin formalaşmasına töhfə olaraq çoxtərəfli dialoqun möhkəmləndirilməsi baxımından ŞƏT-in rolu xüsusi vurğulanmalıdır. 2001-ci ildə 6 ölkə – Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunan təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi, o cümlədən siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə səmərəli əməkdaşlığın inkişaf etdirilməsi, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılmasından ibarətdir. Avrasiya ərazisinin 60 faizini, dünya əhalisinin 40 faizini, dünya üzrə ümumi məhsulun isə 25 faizini özündə birləşdirən ŞƏT regionda siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın əsas platformalarından biri sayılır. Hazırda 10 ölkə-Rusiya, Belarus, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Tacikistan və Özbəkistan təşkilatın tamhüquqlu iştirakçılarıdır. Azərbaycan isə ŞƏT-də dialoq tərəfdaşı statusuna sahib 14 ölkədən biridir. 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. Respublikamızın bu beynəlxalq təşkilatla əməkdaşlığı terrorizm, ekstremizm və separatçılıqla mübarizə, regional təhlükəsizliyin və sabitliyin təmin edilməsi kimi müxtəlif sahələri əhatə edir. Prezident İlham Əliyev hər zaman Şanxay Əməkdaşlıq Təşkilatının beynəlxalq rolunun güclənəcəyinə dair yüksək fikirlərlə çıxış edir, Azərbaycan-Çin qarşılıqlı fəaliyyətin respublikamızın ŞƏT çərçivəsində əməkdaşlığının dərinləşməsinə və bu təşkilatın statusunun artmasına səmərəli surətdə kömək edəcəyini vurğulayır. Ötən il iki ölkə arasında strateji tərəfdaşlığn rəsmləşdirilməsinin məhz ŞƏT-in Astana Sammitinə təsadüf etməsini bu baxımdan dövlət başçımızın praqmatik ideya və məharətli diplomatiyasının təntənəsi, təşkilat tərəfindən ölkəmizə göstərilən etimadın nəticəsi kimi dəyərləndirmək olar.
Sentyabrın 1-də Çinin Tiencin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) illik sammitində 21 ölkədən liderlər və 10-dan çox beynəlxalq təşkilat iştirak edib. Azərbaycan lideri “ŞƏT plyus” formatında görüşdə çıxışı zamanı respublikamızın mühüm nəqliyyat, tranzit imkanlarının bölgəyə qazandırdığı faydalardan, Çinlə etibarlı ticarət tərəfdaşlığından söhbət açıb.
Bəli, Prezident İlham Əliyevin fikirlərindən yola çıxaraq əminliklə deyə bilərik ki, nəqliyyat və logistika baxımından Azərbaycan-Çin ticarət əlaqələrində mühüm yeri məhz Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, digər bir adla desək Orta dəhliz tutur. Orta dəhlizin gerçəkləşməsi prosesinə nəzər saldıqda, Si Cinpinin 2013-cü ildə irəli sürdüyü və tarixi İpək Yolunun bərpasına xidmət edən “Bir kəmər, bir yol” təşəbbüsünü xüsusi vurğulamaq lazımdır. Azərbaycan bu nəhəng layihəyə ilk dəstək verən ölkələrdən olub. Belə ki, 2015-ci ilin dekabrında Prezident İlham Əliyevin Çinə səfəri zamanı ikitərəfli əməkdaşlıqda mühüm önəm daşıyan “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında İpək Yolu İqtisadi Kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu”nun imzalanması bu istiqamətdə dəstəyin göstəricisinə çevrilib. 2017-ci ilin oktyabrında isə Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı ilə həmin layihəni əyani şəkildə təsdiqləmiş olan ölkəmizin bu mütərəqqi addımı Çin hökuməti tərəfindən yüksək dəyərləndirilib. Məhz qısa zaman kəsiyində cərəyan edən bu böyük ictimai-siyasi hadisələri, əldə olunan iqtisadi nailiyyətləri analiz edəndə bir daha aydın olur ki, bugünkü Azərbaycan-Çin hərtərəfli strateji tərəfdaşlığının başlanğıc nöqtəsi 10 il öncəyə dayanır.
Orta dəhlizə dair genişlənən Azərbaycan-Çin əməkdaşlığı fonunda 2025-ci ildə Çindən Azərbaycan və Avropa istiqamətində göndərilən blok-qatarların sayının 3 dəfədən çox artırılaraq il ərzində 1000-ə çatdırılması planlaşdırılır. Bu marşrut vasitəsilə Çindən Avropaya yüklər artıq 10 min kilometr deyil, 7 min kilometr məsafə ilə, cəmi 12 günə daşına bilir. Və bütün bunlar belə deməyə əsas verir ki, Orta Dəhliz Avropa və Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Çinlə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur, həmçinin yüklərin Çindən Avropaya və əks istiqamətdə çatdırılmasının ən optimal yoludur. Bu yola alternativ yoxdur. Orta dəhlizin timsalında ötən il Azərbaycan-Çin ticarət tərəfdaşlığı da xeyli gücləndirilib, daşımaların həcmi 2024-cü ildə 378 min ton olub ki, bu da 2023-cü illə müqayisədə 86 faiz çoxdur. Ümumilikdə, ötən il Çindən Azərbaycana ixrac və tranzit rejimində Orta Dəhlizlə 287 marşrut qatarı yola salınıb. 2024-cü ildə Orta Dəhliz ilə yükdaşımaların həcmi 62 faiz artaraq 4,5 milyon tona çatıb. 2025-ci ildə onun 5,2 milyon tona qədər artacağı gözlənilir ki, bunun da 4,2 milyon tonu marşrutda iştirak edən ölkələrdən keçəcək. Bu həcmin 2,5 milyon tonu quru yük (96 min TEU ekvivalenti), 1,7 milyon tonu isə neft olacaq. Marşrutun ötürücülük qabiliyyəti 2027-ci ilə qədər ildə 10 milyon tona çata bilər. Prezident İlham Əliyev sentyabrın 1-də “ŞƏT plyus” formatında görüşdə çıxışı zamanı Azərbaycanın bu layihə üzrə hədəflərinin böyük olduğunu vurğulayıb, dəhlizin yükdaşıma qabiliyyətinin artdığını və paralel olaraq keçid müddətinin azaldığını diqqətə çatdırıb: “Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən biridir. Biz beynəlxalq nəqliyyat dəhlizlərini fəal şəkildə inkişaf etdirir, müasir infrastruktur yaradırıq. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri yeni iqtisadi və nəqliyyat perspektivləri yaradıb. Azərbaycan Ələt Beynəlxalq Dəniz Limanının buraxılış qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona çatdırmaq niyyətindədir. Orta Dəhliz Azərbaycan vasitəsilə Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur. 2022-ci ildən bəri Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımaların həcmi təxminən 90 faiz artıb. Yüklərin bu dəhliz üzrə keçid müddəti əhəmiyyətli dərəcədə azalıb”.
Prezident İlham Əliyevin Çinə səfəri çərçivəsində nüfuzlu Çin şirkətləri, eləcə də ayrı-ayrı dövlət başçıları ilə təkbətək görüşləri, xüsusilə də illik ŞƏT sammitindəki çıxışı respublikamızın beynəlxalq arenada mühüm aktorlardan biri olduğu faktını bir daha ortaya qoydu. Göründüyü kimi, Azərbaycanın son 10 ildə əsrə bərabər reallıqları yaratması, təşəbbüsləri gerçəkliyə çevirməklə Avropanı Asiya ilə birləşdirən mühüm nəqliyyat-logistika imkanlarına malik olması, tranzit ölkə statusu qazanması onu ABŞ, Çin kimi nəhəng siyasi, iqtisadi güclər tərəfindən təqdir edilməsini şərtləndirir. Əminliklə demək olar ki, aparılan uğurlu diplomatiyanın tarixi uğuru sayılan Vaşinqton görüşünün nəticələrinə əsasən yaxın gələcəkdə Zəngəzur dəhlizinin açılması respublikamızın qlobal iqtisadiyyatda, ticarətdə nüfuzunu daha da gücləndirəcək, regionda davamlı sülhün, dünyada yeni nizamın düzgün formalaşmasına, çoxtərəfli əməkdaşlığın bərqərar olunmasına mühüm töhfələr verəcək. “Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantının yaradılması üzrə bu yaxınlarda əldə olunmuş razılaşmalar beynəlxalq yükdaşımalar üçün tranzit imkanlarının genişlənməsinə xidmət edəcək. Əminəm ki, yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal-Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevriləcək, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcək və Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımıza fayda gətirəcək”-sitatın sonu!
Nail ƏSGƏROV
Digər xəbərlər