NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Azərbaycan Bayrağını dünyada dalğalandırmaq istəyirik

...

Azərbaycanın elm və təhsil mühitində ən nüfuzlu yarışlardan biri sayılan “Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsi bu il də gənc istedadların kəşfi ilə yadda qaldı. 760 layihənin mübarizə apardığı, gərgin rəqabət şəraitində keçən builki final mərhələsində Naxçıvan Dövlət Universitetinin nəzdindəki İngilis dili Təmayüllü Gimnaziyanın komandası bütün rəqiblərini geridə qoyaraq fəxri kürsünün ən yüksək pilləsinə ucaldı. Gimnaziyanın XI sinif şagirdləri Hüseyn Tahirov və Kənan Məmmədzadənin hazırladıqları “ReseptPlus” layihəsi münsiflər tərəfindən müasir tibbin innovativ həlli kimi qiymətləndirilərək qızıl medala layiq görüldü. Bu qələbə həm də may ayında ABŞ-də keçiriləcək dünyanın ən böyük elm sərgisi olan Regeneron ISEF-ə birbaşa vəsiqə deməkdir. Qələbə sevinci yaşayan gənc qaliblər öz təəssüratlarını “Şərq qapısı” ilə də bölüşdülər.

Hüseyn Tahirov komanda olaraq çox yaxşı nəticə əldə etdiklərini qeyd edir: “760 layihə arasından birinci seçilmək bizim üçün uzunmüddətli zəhmətin, gecə-gündüz apardığımız işin və inamımızın təsdiqidir. Bu prosesdə hər birimiz öz üzərimizdə çox çalışdıq, ideyalarımızı dəfələrlə yenidən gözdən keçirdik və layihəmizi daha da mükəmməlləşdirməyə çalışdıq. Daha əvvəl robototexnika üzrə Panama və Türkiyədə ölkəmizi təmsil etmişdim və həmin təcrübələr mənim üçün çox dəyərli olub. Lakin bu qələbənin yeri tam başqadır, çünki burada dostlarla komanda ruhunun və ortaq zəhmətin nəticəsini gördük”.

Hüseyn “ReseptPlus” layihəsi üzərində işləyərkən qarşılarına qoyduqları məqsədlərdən söz açır: “Biz, həqiqətən, faydalı, insanların həyatını asanlaşdıra biləcək bir layihə ortaya qoymaq istəyirdik. Hədəfimiz hər zaman ən yüksək pillə idi və bu gün həmin nəticəni əldə etmək böyük sevinc hissi yaşadır. İndi isə ən böyük həyəcanımız ABŞ-də keçiriləcək mərhələ ilə bağlıdır. Azərbaycanın elmi potensialını okeanın o tayında ən layiqli şəkildə nümayiş etdirmək, ölkəmizin gənclərinin nəyə qadir olduğunu göstərmək üçün səbirsizliklə həmin günü gözləyirəm”, – deyə qeyd edir.

Kənan Məmmədzadə bu yola çıxanda layihənin aktuallığına və ideyalarının cəmiyyət üçün faydalı olacağına inandıqlarından bəhs edir: “Ən böyük üstünlüyümüz isə elmi rəhbərimizlə birlikdə düzgün strategiya qurmağımız və komanda daxilində qarşılıqlı dəstəyin olması idi. Hər birimiz öz sahəmiz üzrə çalışaraq layihənin inkişafına töhfə verdik. Final mərhələsində adımızın birinci elan olunması anı həyatımın unudulmaz anlarından biri oldu. O anda keçirdiyim qürur və sevinc hissini sözlə ifadə etmək, həqiqətən, çətindir. Bu qələbə bizə göstərdi ki, əgər insan öz məqsədinə inanırsa və əzmlə çalışırsa, ən böyük uğurlara da çata bilər”.

Kənan artıq üzərlərində daha böyük məsuliyyət olduğunu düşünür: “Qarşıda beynəlxalq mərhələ bizi gözləyir və biz Azərbaycanı layiqincə təmsil etməyə hazırlaşırıq. Layihəmizi daha da təkmilləşdirərək, yeni ideyalar əlavə edərək ölkəmizin adını bir daha yüksək səviyyədə təqdim etmək və Azərbaycan Bayrağını beynəlxalq arenada qürurla dalğalandırmaq üçün var gücümüzlə çalışacağıq”.

Hüseyn və Kənanın timsalında Azərbaycan gəncliyi bir daha sübut edir ki, bu gün ölkəmizin gənc nəsli yerli miqyasla yanaşı, qlobal səviyyədə də düşünə və bəşəri problemlərə innovativ, rəqəmsal həllər təqdim edə biləcək potensiala malikdir. Onların hazırladığı “ReseptPlus” layihəsi müasir texnologiyanın insan həyatına necə fayda verə biləcəyini göstərən uğurlu nümunələrdəndir, əslində. Bu uğur, eyni zamanda göstərir ki, düzgün istiqamətləndirilmiş gənclər, elmi rəhbərlərin dəstəyi və sağlam komanda ilə böyük nəticələr əldə edə bilirlər.

Layihənin may ayında ABŞ-də keçiriləcək beynəlxalq sərgidə ölkəmizi təmsil edəcək olması isə, ümumilikdə, Naxçıvanın təhsil mühiti üçün də əlamətdar və qürurverici hadisədir. Belə uğurlar digər gənclər üçün də motivasiya mənbəyinə çevrilərək onların yeni ideyalarla çıxış etməsinə və elmi fəaliyyətə daha böyük maraq göstərməsinə təkan verir.

İnanırıq ki, Hüseyn və Kənan qarşıdakı beynəlxalq mərhələdə də ölkəmizi layiqincə təmsil edəcək, Azərbaycan gəncliyinin bilik və bacarığını dünya ictimaiyyətinə bir daha nümayiş etdirəcəklər. Gənc alimlərimizə dünya finalında uğurlar arzulayır və ümid edirik ki, onlar Amerikadan da yeni bir qələbə sevinci ilə Vətənə qayıdaraq Azərbaycanın adını beynəlxalq elmi mühitdə daha da ucaldacaqlar.    

Elnurə CƏFƏROVA

Nəşr edilib : 12.03.2026 09:11