NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Azad İqtisadi Zona: Naxçıvanın investisiya cəlbediciliyinin artırılmasına əhəmiyyətli töhfə

...

Azərbaycan dövlətinin Vətən müharibəsindən sonra regionda yaratdığı yeni reallıqlar fonunda uzun illərdir, hərtərəfli blokadadan əziyyət çəkən, biznes mühiti əlverişsiz hal alan Naxçıvan Muxtar Respublikası üçün yeni, geniş üfüqlər açılmaqdadır. Məhz bu baxımdan Prezident İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” kompleks tərəqqisinin yol xəritəsini müəyyənləşdirməklə Naxçıvanın yeni yüksəlişini təmin edəcək. Dövlət Proqramının əsas hədəflərindən biri bölgədə əlverişli biznes mühiti və özəl sektorun, sahibkarlığın inkişafının təşviq və təmin edilməsidir ki, bu xüsusda Azad İqtisadi Zonanın yaradılması beynəlxalq təcrübəyə əsaslanan mütərəqqi addımlardandır. Dövlət Proqramında qeyd olunur ki, Naxçıvan Muxtar Respublikasında iqtisadi inkişafın sürətləndirilməsi və iqtisadi canlanmanın təşviqi üçün əlverişli biznes mühitinin formalaşdırılması bu sahədə prosedurların sadələşdirilməsi və asanlaşdırılması məqsədilə tədbirlərin icrası vasitəsilə həyata keçiriləcək. Burada Azad İqtisadi Zonanın yaradılması ticarət və logistika imkanlarını genişləndirməklə Naxçıvan Muxtar Respublikasının investisiya cəlbediciliyini artıracaq və iqtisadiyyatın inkişafına əhəmiyyətli töhfə verəcək.
Azad İqtisadi Zona modeli dünya iqtisadiyyatında geniş tətbiq olunan və uğurlu nəticələr göstərən, əlverişli biznes fəaliyyəti formalaşdıran mütərəqqi iqtisadi yanaşma metodu, ticari fəaliyyət formasıdır. Bu zonaların yaradılması ilə xaricdən mal idxalı və ixracı üçün prosedurlar asanlaşdırılır, dövlət və ya özəl sektor tərəfindən müasir logistika və istehsalat infrastrukturu təmin olunur. Belə xüsusi zonalarda xarici sahibkarlar üçün daha əlverişli hüquqi şərait yaradılır, yeni bizneslərin qeydiyyatı və fəaliyyət icazələri sadələşdirilir. AİZ xarici investisiyaların cəlb olunmasına geniş imkanlar açır və yeni iş yerlərinin yaradılmasına töhfə verərək istehsal potensialını gücləndirir. Sadalanan bu üstün keyfiyyətlərə malik Azad İqtisadi zonalar ötən əsrin ikinci yarısından etibarən ABŞ, Yaponiya, Koreya, Çin və başqa ölkələrdə yaradılmağa başlanılıb. Dünya Bankının hesabatlarına əsasən hazırda dünyanın 130 ölkəsində 6 minə yaxın xüsusi iqtisadi zona mövcuddur ki, onların da qlobal ixracda çəkisi 200 milyard dollardan artıqdır. Ekspertlərin fikrincə, Azad İqtisadi zonalarda güzəştlərin tətbiqi nəticəsində mənfəət norması 30-35 faizdən artıq olur. Hətta Asiyanın Azad İqtisadi zonalarında fəaliyyət göstərən transmilli şirkətlər ildə orta hesabla 40 faiz mənfəət əldə edirlər.
Azad İqtisadi zonaların yaradılmasının ərazi konsepsiyası özündə tətbiq edilən ölkənin digər ərazilərindən ayrılmış elə bir ərazisini əks etdirir ki, burada yerləşən müəssisələr üçün xüsusi güzəştli rejim tətbiq olunur. Məhz bu baxımdan Azərbaycanın əsas hissəsindən coğrafi cəhətdən ayrı düşmüş Naxçıvan Muxtar Respublikasında belə zonanın yaradılması olduqca əhəmiyyətli və mühüm məsələdir. Digər tərəfdən, AİZ yerləşmə arealı ilə nəqliyyat-logistika baxımından da cəlbedici olmalıdır. Başqa sözlə, ticarət yollarının keçdiyi ərazidə bu modelin tətbiqinin effektivliyi daha böyükdür. Bu mənada, Şimal-Cənub, Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri üzərində yerləşən Ələt İqtisadi Zonası fonunda Azərbaycan təcrübəsi öz sözünü deyir. Sözügedən zonanın yaxınlığında Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, Heydər Əliyev adına Beynəlxalq Hava Limanının fəaliyyət göstərməsi, ərazidən avtomobil və dəmir yollarının keçməsi iqtisadi modelin effektivliyini ortaya çıxarır. Beləliklə də Ələt İqtisadi Zonası həm əlverişli sahibkarlıq mühitini formalaşdırmaqla, həm də beynəlxalq ticarətin bir parçasına çevrilməklə ölkə iqtisadiyyatının güclənməsi üçün xarici sərmayədarların cəlbinə xidmət edir. Məhz bu baxımdan Prezident İlham Əliyevin siyasi qətiyyətinin nəticəsi olaraq bu il avqustun 8-də Vaşinqtonda əldə olunan tarixi razılaşmadan sonra Zəngəzur dəhlizinin reallaşması timsalında Azad İqtisadi Zonanın yaradılması Naxçıvanın həm də dünya iqtisadi sisteminə uğurlu inteqrasiyası baxımından geniş perspektivlər vəd edir. Naxçıvanda Beynəlxalq Hava Limanının fəaliyyət göstərməsi, müasir yol infrastrukturunun qurulması və bunların fonunda gələcəkdə Zəngəzur dəhlizinin açılması ilə dəmir yollarının müasirləşdirilməsi yaradılacaq AİZ-in fəaliyyətini bu kontekstdən tam təmin edəcək. Ərazi hüdudlarında hüquqi və fiziki şəxslərə vergi və digər güzəştlərin tətbiq edilməsi ilə özəl sektor üçün əlverişli biznes mühiti formalaşacaq ki, bu da müxtəlifprofilli yeni müəssisələrin yaradılmasına geniş imkanlar açacaq. Ədalətli bazar iqtisadiyyatı sisteminin tətbiqi rəqabətqabiliyyətli məhsul istehsalını şərtləndirməklə keyfiyyət amilini ortaya çıxaracaq. AİZ çərçivəsində kiçik və orta sahibkarlığın inkişafını təşviq edən digər mühüm amil isə, sözsüz ki, əlverişli, sərfəli kredit imkanlarının yaradılmasıdır. Bu xüsusda Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasına uyğun ötən dövrdə ölkədə fəaliyyət göstərən bankların və bank olmayan kredit təşkilatlarının muxtar respublikada filiallarının açılması ilə əhalinin, o cümlədən sahibkarların bank xidmətlərinə çıxışı asanlaşmaqdadır. Və bu proses mərhələli şəkildə davam edəcəkdir. 
Təbii ki, Zəngəzur dəhlizi və AİZ-in eyni anda fəaliyyət göstərməsi muxtar respublika iqtisadiyyatına sərmayələrin, yerli və xarici investisiyaların cəlbinə şərait yaradacaq ki, bu da, son nəticədə, yeni iş yerlərinin yaradılması, əhali məşğullununun artırılması deməkdir. Bütün bu proseslərin reallaşması Naxçıvanda inkişaf coğrafiyasını xeyli genişləndirəcək, həm sənaye, həm kənd təsərrüfatı dirçəldiləcək, Tarixi “İpək Yolu” funksiyasının yenidən icra edilməsi ticarət, logistika ilə yanaşı, turizm sektorunda da böyük canlanma yaradacaq. Mövcud zəngin tarixi-mədəni irsi, müalicəvi su ehtiyatları və ekoturizm potensialı, Prezidentin sərəncamlarına, sosial-iqtisadi inkişafa dair Dövlət Proqramına uyğun tarixi abidələrin bərpası Naxçıvana turist axınının daha da artmasına imkan verəcək. Bu xüsusda hazırda “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması, Möminə xatun türbəsinin, “Ərbabın iş yeri” tarixi binasının, Sərşəhər məscidinin, Ordubad Mədrəsəsinin, İsmayılxan hamamının bərpası və digər tarix-mədəniyyət profilli işlər təqdirəlayiq addımlardır. 
Bütün sadalanan amillərə, görülən və görüləcək işlərin mahiyyətinə əsaslanaraq əminliklə demək olar ki, AİZ və Zəngəzur dəhlizinin reallaşması ilə Naxçıvan unikal tranzit bölgə statusu qazanacaq. Prezident İlham Əliyevin “Naxçıvanla da bağlı böyük planlar var” ideyası əsasında yaxın gələcəkdə reallaşdırılacaq bütün təşəbbüs və layihələr təkcə muxtar respublikanın deyil, ümumilikdə, ölkənin sosial-iqtisadi inkişaf strategiyasının uğurla reallaşmasına mühüm töhfələr verəcək.

 Nail ƏSGƏROV
 

Nəşr edilib : 24.11.2025 13:56