NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Pinəçilik səbir, dəqiqlik, zəhmət sevgisi aşılayır

...

Qədim şəhərimizin dar küçələrinin birindən keçərkən bəzən bir yerdən çəkiclə dəmirin bir-birinə toxunan səsi qulağa dəyir. Bu, bir çoxları üçün, sadəcə, bir səs ola bilər, amma o səsin içində illərin zəhməti, keçmişin qoxusu var. Kiçik bir dükan vitrinində çoxdan rəngi solmuş köhnə ayaqqabı qəlibləri, küncdə köhnə bir tikiş maşını, divarda isə illərin tozuna bürünmüş fotoşəkillər asılıb. Burada hər cüt ayaqqabının öz hekayəsi, hər tikişin bir səbəbi var. Pinəçilik – ayaqqabıya ömür, sahibinə rahatlıq bəxş edən, amma zamanın sürətinə uduzmaq üzrə olan qədim bir sənət. Bu sənətkarlar hər gün onlarla fərqli taleyə toxunurlar – kiminsə ayaqqabısını bərpa edir, kiminsə illərlə yolyoldaşı olmuş çəkməsini yenidən həyata qaytarırlar. Bu gün biz də sizə o zəhmətin arxasında dayanan, çəkic səsi ilə gününü, sənəti ilə illərini yoğuran bir pinəçi – Novruz Həsənovun həyatı barədə danışacağıq.

Qapıdan içəri girirəm. Qoxu məni ilk dəqiqədən qarşıladı – nə təravətli qoxudur, nə də gül ətridir. Bu, dəri ilə yapışqanın qarışığından doğan bir qoxudur. Bir qədər əvvəl dediyim kimi küncdə toz basmış köhnə tikiş maşını dayanır. Divardakı rəflərdə minlərlə mismar, ip, dəri parçası. Amma hər şeyin öz yeri var. Bu nizam sanki ustanın daxili aləminin xəritəsidir. Qapının ağzında yarımçıq qalmış bir cüt qara ayaqqabı. Çəkic səsi havada ritm tutur – taq… taq… taq...

–Novruz usta, bu səs neçə ildir, həyatınızın içindədir?

– Bilirsiniz, bu səs mənim üçün, sadəcə, çəkic səsi deyil. Bu mənim nəfəsimin ritmidir. Səhər dükanın qapısını açanda ilk eşitdiyim səs odur –  taq... taq.. taq... 31 ildir ki, bu səs mənim qulağımda, əlimdə, ürəyimdədir.  Gün gələr mən susaram, amma bu səs, bu ritm yaşayacaq.

– Bu peşədə ən çox nəyi sevirsiniz?

– İnsanların təəccübünü. Çünki onlar tullantı kimi gətirdikləri ayaqqabını təzə kimi götürəndə baxışları dəyişir. Mən də bilirəm ki, həmin an ona yalnız ayaqqabı yox, yaddaşını qaytarmışam.

Bir anlıq çəkic dayanır. Usta kənara baxır, sanki öz düşüncəsinə dalır.

– Bəs gənclər bu sənətə maraq göstərirmi?

– Çox az. Çünki indi hər şey tez dəyişir. Ayaqqabı cırılırsa, yenisini alırlar. Amma biz bilirik ki, hər tikişin bir nəfəs haqqı var. O tikişi vurmasan, həm ayaqqabı, həm xatirə ölür. İnsanlar indi tez dəyişir, təmir etdirməkdənsə, yenisini alırlar. Amma yenə də keyfiyyətli ayaqqabı sahibləri bizə müraciət edir.

– Onlara bu sənəti öyrətmək istərdinizmi?

– Əlbəttə. Çünki pinəçilik təkcə çörək qazandıran sənət deyil, həm də səbir, dəqiqlik, zəhmət sevgisi aşılayır. Təəssüf ki, maraqlanan gənc azdır.

– Bir ayaqqabının ömrünü uzatmaq üçün oxucularımıza nə məsləhət verərdiniz?

– Ən vacibi ayaqqabını hər gün geyinməməkdir. Dəri də nəfəs almaq istəyir. Həmçinin palçıq, su içində qalmasın, istifadə etdikdən sonra silinib qurudulsun.

–Sizcə, pinəçilik gələcəkdə də yaşayacaqmı, yoxsa itmək üzrədir?

–Baxın ayaqqabı da insan kimidir. Baxılmasa, qayğı göstərilməsə, vaxtından əvvəl yeyilib gedər. Bizim sənət də elədir. Əgər bu işə sevgi verən, səbir göstərənlər olmazsa, bir gün qapılar bağlanar, çəkic səsi kəsilər. Amma mən ümid edirəm ki, hər dövrdə bir-iki adam çıxacaq ki, əlinə mismar götürüb bu sənəti öyrənsin. Çünki ayaqqabı təzə alına bilər, amma xatirə yenidən düzəldilə bilməz. Xatirəni qorumaq üçün də pinəçi həmişə lazım olacaq.

Sağollaşıb dükanın qapısını örtürəm, amma ustanın əlində çəkic hələ də hərəkətdədir. Taxta döşəmədən keçib küçəyə çıxıram, arxamca səslər yayılır və mən ayağımdakı ayaqqabının rahatlığını fərqli hiss edirəm. Birdən beynimdə ustanın bir sözü səslənir:

“İnsan ayağını yerə möhkəm basanda yolu itirməz. Biz də o möhkəmliyi verən son ustalarıq”.

Günay HACIYEVA

Nəşr edilib : 19.08.2025 11:35