Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində ə...
21:33 19.04.2026
0
0
0
NAXÇIVAN :
19 Aprel 2026, Bazar
Arxivlər qədim dövrlərdən bəri cəmiyyətlərin inkişafında mühüm rol oynamışdır. İlk yazılı sənədlərin gil lövhələr üzərində qorunduğu mədəniyyətlərdən tutmuş orta əsr dövlətlərinin dəftərxana sisteminə qədər arxivlər bilik və idarəetmənin əsas dayaqlarından biri olmuşdur. Keçmişdə yalnız idarəetmə və hüquqi məqsədlər üçün istifadə olunan arxivlər bu gün cəmiyyətin bütün sahələrinə təsir göstərən vacib bir quruma çevrilmişdir.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1920-ci ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri N.Nərimanov tərəfindən verilən “Vahid arxiv fondu” haqqında dekretə əsasən arxiv yaradılmışdır. Ondan 5 il sonra Naxçıvan Muxtar Respublikasının tarixini özündə əks etdirən Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi Naxçıvan Mərkəzi İcraiyyə Komitəsinin 13 dekabr 1925-ci il tarixli Qərarı ilə yaradılaraq bu gün artıq 100 ildir ki, fəaliyyət göstərir.
Bu gün Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində ayrı-ayrı idarə, təşkilat və müəssisələrə aid 794 fond mühafizə edilir. Həmçinin inqilabaqədərki dövrü (1917) əhatə edən 33 fond da qorunub saxlanılır. Bu fondlara İrəvan quberniyasının, Naxçıvan qəzasının xəzinə sənədləri, Gömrükxana, kredit idarələri, İrəvan Xalq Məktəblər İdarəsi və s. xüsusi qiymətli sənədlər daxildir. Bu sənədlərdən Naxçıvan xanları haqqında, hüquq-mühafizə orqanlarında işləmiş ali silkə məxsus olan şəxslər haqqında müəyyən qədər məlumat əldə etmək mümkündür. Eyni zamanda arxiv fondlarında Naxçıvan İnqilab Komitəsi, Mərkəzi İcraiyyə Komitəsi, Naxçıvan Xalq Komissarları Soveti və ona tabe olan digər komissarlıqlar haqqında sənədlər mövcuddur.
Belə ki, tarix elmləri namizədi Əli Əliyev, Adil Cəfərov, pedaqogika elmləri doktoru İbrahim Mollayev, filologiya elmləri doktoru Yavuz Axundov, Fərman Xəlilov, pedaqogika və psixologiya elmləri doktoru Gültac Əliyeva, tarix elmləri doktoru Fəxrəddin Cəfərov, şair Hüseyn Razi, Həsən Fətullayev, Müzəffər Nəsirli, Kəmalə Ağayeva, yazıçı-jurnalist Cəlil Rəfiyev, Azərbaycan SSR Xalq artisti Əyyub Haqverdiyev, İsa Musayev, İkinci Dünya müharibəsi iştirakçısı Qara Fərzəlibəyli, Azərbaycan SSR Əməkdar maarif xadimi Murad Tutayuk, Qəşəng Baharova və başqaları şəxsi arxivlərindəki sənədlərini arxivə vermiş, onların hər birinə ayrıca fond yaradılmışdır.
Dövlət Arxivində mühafizə edilən şəxsi fondlardan biri fondunda mindən çox qiymətli sənədi özündə cəmləşdirən tarix elmləri namizədi Əli Əliyevin şəxsi fond sənədləridir. Bu sənədlər içərisində onlarla əlyazma, məktublar, nadir fotoşəkillər, Moskva Dövlət Hərbi Arxivindən, vaxtilə Gürcüstan, Ermənistan, Azərbaycan dövlət arxivlərindən Naxçıvanın tarixi ilə bağlı müxtəlif sənədlərin surətləri, avtoqrafla verilmiş kitablar, mandatlar, vəsiqələr və s. vardır.
Əli Əliyevin şəxsi fondunda sovet hakimiyyətinin bərqərar olması uğrunda daşnaklara qarşı mübarizə aparan, Azərbaycan xalqının tarixinə Qırmızı taborun komandiri kimi düşən Abbasqulu ağa Şadlinski və onun dəstəsi haqqında, Naxçıvanda inqilabdan əvvəl mövcud olan hakimiyyətə qarşı mübarizə aparan kəndli hərəkatı, Azərbaycanda qaçaq hərəkatı, bu hərəkatın önündə gedən Qaçaq Nəbi haqqında, Ə. Düdənginski, Araz-Türk Respublikası haqqında, Naxçıvan xanları Ehsan xan, Hüseyn xan Naxçıvanski, Kalbalı xan Naxçıvanski haqqında məqalələr mühafizə olunur.
Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin şəxsi fondları içərisində uzun müddət Naxçıvan Muxtar Respublikası Arxiv İdarəsinin rəisi işləmiş tarix elmləri namizədi Adil Cəfərovun şəxsi fondu mühüm yer tutur. Bu fond 1946-cı ildən 1988-ci ilə qədər 40 illik bir dövrü əhatə edir. Əmək və müharibə veteranı olan alimin şəxsi fondunda İkinci Dünya müharibəsi ilə bağlı sənədlər də mühüm yer tutur.
Həmçinin pedaqogika elmləri doktoru İbrahim Mollayevin şəxsi fondunda iki mindən artıq sənəd toplanmışdır ki, bunların arasında Məktəbi-Tərbiyənin “1900-1901-ci dərs ilinə aid birinci sinif şagirdlərinin dərs proqramı”, “M.T.Sidqinin attestatının fotorepreduksiyası”, S.Mümtaz tərəfindən yazılmış “M.T.Sidqinin tərcümeyi-halı”, “XIX əsr Naxçıvan ziyalılarının fotoşəkilləri”, “M.T.Sidqinin həyat və fəaliyyətinə dair sənədlərin fotosurətləri və s. sənədlər də vardır. İ.Mollayevin şəxsi fondunda olan maraqlı sənədlərdən biri də onun “XIII-XIV əsrlərdə Azərbaycanda məktəb və pedaqoji fikrin inkişaf tarixinə dair” apardığı tədqiqatlar və yazdığı elmi əsərlərdir.
“Qızıl Qələm” mükafatı laureatı, yazıçı-jurnalist Cəlil Rəfiyevin şəxsi fondunda müəllifin roman, povest, hekayə və oçerklərinin əlyazmaları, İtaliya partizan hərəkatının iştirakçısı olan Cəlil Rəfiyevə İtaliya hökuməti tərəfindən verilmiş pasport, “Rovetta” partizan təşkilatının üzvü olmaq haqqında vəsiqə, bir çox fotoşəkillər, arayışlar və başqa sənədlər mühafizə edilir.
Şair-dramaturq Hüseyn Razinin şəxsi fondunda isə onun 1946-cı ildə Ordubad şəhərində müəllim işlədiyi illərdə yazdığı və heç yerdə çap olunmamış “Mən Hamlet deyiləm” adlı şeirinin ilk əlyazmasından tutmuş son günlərə kimi yazmış olduğu əsərlərin və məqalələrin əlyazması, məktublar, fotoşəkillər, Azərbaycan yazıçılarının IV və XI Qurultayında iştirak etmək üçün verilmiş mandatlar, eləcə də ədəbi-bədii gecə və yığıncaqlarda iştirakını təsdiq edən sənədlər, dəvətnamələr, proqramlar vardır.
Şəxsi fondlardan danışarkən filologiya elmləri doktoru, professor Yavuz Axundlunun da şəxsi fondu haqqında məlumat vermək yerinə düşərdi. Y.Axundlunun şəxsi sənədləri 2007-ci ildə arxivin iş qaydalarına uyğun olaraq elmi-texniki cəhətdən tərtibə gətirilərək fond nömrəsi verilmiş, fond sənədləri 1916-2007-ci illəri əhatə etmişdir. Buraya onun əlyazmaları, məktubları, tərcümeyi-hal sənədləri, təsviri sənədlər, Yavuz Axundlunun haqqında olan və onun topladığı sənədlər daxildir. Onun sənədləri içərisində “Qarabağ sınağı”, “Zülmət səltənəti” kimi elmi əsərləri, Əziz Şərifin, M.Təhmasibin, Məhərrəm Bayramovun, Xəlil Rzanın məktubları və s. mövcuddur. Bu fondda həmçinin alimin yubileyləri ilə bağlı gələn teleqramlar, proqramlar, dəvətnamələr də toplanmışdır.
Azərbaycanın Xalq yazıçısı Hüseyn İbrahimovun da şəxsi sənədləri Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan fondlardan biridir. 86 saxlama vahidini özündə birləşdirən şəxsi fond 1950-2009-cu illəri əhatə edir. Burada yazıçının əlyazmaları, məktubları, tərcümeyi-hal sənədləri, fotoşəkilləri, haqqında olan sənədlər qruplaşdırılmışdır.
Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə son illərdə Azərbaycanın Xalq artistləri Səməd və Tofiq Mövləvilər, Sofiya Hüseynova, şair-publisist Vaqif Məmmədov, Elman Həbibi kimi görkəmli şəxslərin şəxsi sənədləri qəbul edilmişdir.
“Şöhrət” ordeni, “Tərəqqi” medalı ilə təltif olunmuş, Azərbaycanın Əməkdar incəsənət xadimi, şair-publisist Elman Hacıyevin (Elman Həbib) 2017-ci ildə 35 saxlama vahidindən ibarət sənədləri elmi-texniki cəhətdən tərtib etdirilərək arxivə təhvil verilmişdir.
Arxivdə mühafizə olunan alim, şair Vaqif Məmmədovun şəxsi fonduna daxil olan sənədlər 1944-2017-ci illəri əhatə edir. V.Məmmədovun elmi yaradıcılıq fəaliyyətini əks etdirən sənədlərə C.Məmmədquluzadə adına İkiillik Müəllimlər İnstitutunun yaranma tarixi və fəaliyyəti mövzusunda doktorluq dissertasiyası ilə bağlı topladığı sənədlər və s. daxildir.
Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin fondlarının zənginləşdirilməsi üçün şəxsi sənədlərin qəbulu işləri hazırda da davam etdirilir. Ötən il Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində vaxtilə Azərbaycan Yazıçılar Cəmiyyətinin Naxçıvan filialında məsul katib işləmiş yazıçı Nağı Nağıyevin, şair Adil Qasımovun sənədlərindən ibarət şəxsi fondlar yaradılmışdır.
Şəxsi sənədlərin toplanıb mühafizə olunmasının başlıca səbəbi və eləcə də tarixi əhəmiyyəti budur ki, indiki və gələcək nəsil bu zəngin arxivimizdəki sənədlərdən səmərəli istifadə edərək layiqli elmi əsərlər, kitablar, ayrı-ayrı şəxsiyyətlər haqqında monoqrafiyalar yarada bilsinlər.
Qiymətli sənədləri yalnız dövlət arxivlərində elmi qaydada nizama salmaq, onları xüsusi üsullarla bərpa etmək və eyni temperaturda saxlamaq yolu ilə illərlə mühafizə etmək olar. Bu cəhətdən sənədlərin dövlət qayğısı ilə əhatə olunmuş arxivlərdə saxlanması daha etibarlı və məqsədəuyğundur.
Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi
Digər xəbərlər