Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Tarixin tozlu, qanlı və fırtınalı səhifələrini vərəqlədikcə bir böyük həqiqət hər addımda boylanır bizə. Millətlər torpaqlarını itirəndə məğlub sayılırlar, amma dillərini itirəndə yox olurlar. Torpaq geri alına bilər, qala yenidən tikilə bilər, amma bir xalqın dilinin məhvi onun mənəvi intiharıdır. Bizim dilimiz sözlərin mexaniki düzümündən, quru qrammatik qaydalardan çox-çox ötədədir. O, əsrlərin sınağından keçən bir gəminin sarsılmaz lövbəri, müstəmləkəçilik zəncirlərini qıran mənəvi qılıncımız, qəlbimizin ən dərin guşəsində döyünən şah damarımızdır.
Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi o kəskin, həm də bir o qədər haqlı sual bu gün hər birimizin vicdanına bir ox kimi toxunmalıdır: “Əgər biz müstəmləkəçilik illərində dilimizi qoruya bilmişiksə və bizim əcdadlarımız onu bizə əmanət veriblərsə, necə ola bilər ki, biz bu gün dilimizi qorumayaq?” Bu sual həm keçmişə baxış, həm də gələcəyə bir xəbərdarlıqdır.
Təsəvvür edin, ətraf tikanlı məftillərlə örtülüb, üzərində yad dillərin, özgə mədəniyyətlərin ağır hökmranlığı var. Hətta uşaq yaşlarından məktəblərdə başqa dildə susdurulursan. Lakin sən öz evində, ananın laylasında, nənənin nağıllarında o dili qoruyursan. Bizim babalarımız dilimizi işğalçıların “linqvistik hücumlarından” qorumaq üçün sanki bir istehkam qurdular. Onlar bu dili bizə bir “əmanət” kimi, yəni toxunulmaz, saf və müqəddəs bir xəzinə kimi verdilər.
Onlar dar ağacına gedəndə də son sözlərini bu dildə dedilər. Onlar sürgünlərdə, soyuq hücrələrdə bu dilin istisinə sığındılar. Bəs biz nə edirik? Bu gün azad, müstəqil, ərazi bütövlüyünü bərpa etmiş qalib bir ölkənin vətəndaşı olaraq öz xoşumuzla dilimizə xarici kəlmələrin “zəhərini” qatırıq. Guya daha müasir, daha “elitar”, daha “qlobal” görünmək naminə ana dilimizin sümüyünə yad sözlərin bıçağını sancırıq. Əslində, bu bizim üçün mənəvi bir aşınmadır.
Bəzən elə bilirik ki, cümlənin ortasına ingilis, rus və ya başqa bir dildən parıltılı bir söz, bir termin qatsaq, intellektimiz bir pillə yuxarı qalxacaq, ətrafdakılar bizi daha çox bəyənəcək. Amma bu mənəvi boşluğun, milli kimlik kompleksinin və özünə inamsızlığın acınacaqlı əlamətidir. Dövlət başçısının da vurğuladığı kimi o kəlmələr dilimizi zənginləşdirmir, əksinə, onun təbii rəngini bulandırır, saflığını itirir.
Dil canlı bir orqanizmdir. Əgər sən sağlam, diri bir bədənə süni maddələr vursan, o bədən bir müddət sonra xəstələnər, öz təbiətindən uzaqlaşar. Bizim dilimiz Füzulinin ilahi qəzəli, Şəhriyarın yanğılı həsrəti, Üzeyir bəyin ruh oxşayan musiqisidir. Bu dildə sevgi var, bu dildə mərhəmət var. Hansı xarici kəlmə, hansı soyuq termin “Vətən” kəlməsinin bizdə yaratdığı o titrəyişi, o ilahi qoxunu əvəz edə bilər? Biz öz cəvahirimizdən imtina edib, başqasının şüşə qırıntılarına heyranlıqla baxırıq.
Bir jurnalist kimi vurğulayıram ki, dil həm də bizim mənəvi sərhədimizdir. Necə ki torpaq sərhədlərini ordumuz qoruyur, ruhumuzun sərhədlərini də ana dilimiz qoruyur. Sərhədi qorumaq üçün əlində silah postda duran əsgər nə qədər müqəddəsdirsə bizim üçün ana dilinin bir nöqtəsini, bir vergülünü yad təsirlərdən qoruyan müəllim, yazıçı, valideyn və vətəndaş da o qədər ucadır.
Biz bu gün Şuşada, Xankəndidə, Laçında Azərbaycan Bayrağını qürurla dalğalandırırıqsa, o torpaqlarda ilk olaraq Azərbaycan dilində “Salam!” deyiriksə, deməli, bu dil bizim zəfərimizin səsidir. Zəfər qazanmış bir xalqın dili zəif, qarışıq və yarımçıq ola bilməz.
Biz dilimizdə nəfəs alırıq. Biz bu dildə ilk kəlməmizi demişik, bu dildə sevdiyimizə sığınmışıq. Dilimizi “modernləşdirmək” bəhanəsi ilə şikəst etməyək. Dünyada “smart” görünməyi yox, öz torpağında “doğma” olmağı, öz dilində düşünməyi bacaraq. Dilimizi qoruyaq ki, o da bizi bir millət kimi gələcəyin işıqlı üfüqlərinə daşısın.
Elnurə CƏFƏROVA
Digər xəbərlər