Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Konfrans AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə baş tutub.
Konfransda İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda istehsalat təcrübəsi keçən Filologiya ixtisası tələbələri ilə yanaşı, Naxçıvan Dövlət Universiteti Tarix-filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri Nurlana Əliyeva, Tarix-filologiya fakültəsinin dekan müavini, tarix üzrə fəlsəfə doktoru Qadir Əkbərov və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, filologiya üzrə fəlsəfə doktoru, dosent Əli Həşimov iştirak ediblər.
“Şərq qapısı” xəbər verir ki, tədbiri giriş sözü ilə açan İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Əbülfəz Quliyev Azərbaycan Respublikası Prezidentinin Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında Sərəncamı barədə ətraflı məlumat verib. O qeyd edib ki, Səməd Vurğun Azərbaycan ədəbi dilinin zənginləşməsində, milli poetik təfəkkürün formalaşmasında və poeziyanın yeni mərhələyə yüksəlməsində müstəsna xidmətlər göstərmiş sənətkardır. Professor vurğulayıb ki, şairin yaradıcılığı yalnız estetik baxımdan deyil, həm də ideya-məzmun zənginliyi ilə seçilir, milli kimliyin və vətənpərvərlik ruhunun aşılanmasında mühüm rol oynayır. Əbülfəz Quliyev çıxışında Səməd Vurğunun irsinin bu gün də aktuallığını qoruduğunu, gənc nəslin ədəbi-estetik tərbiyəsində mühüm əhəmiyyət kəsb etdiyini xüsusi qeyd edib. Daha sonra İncəsənət, Dil və Ədəbiyyat İnstitutu Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Ramiz Qasımov “Nəzəriyyədən təcrübəyə həyat və yaradıcılıq yolu ilə Səməd Vurğun” mövzusunda geniş məruzə edib. O, Səməd Vurğunun Azərbaycan ədəbiyyatında tutduğu mövqeyi yüksək qiymətləndirərək bildirib ki, şair milli poeziyanın inkişafında dönüş yaradan sənətkarlardandır. Ramiz Qasımov qeyd edib ki, Səməd Vurğun poeziyanın günəşi kimi Azərbaycan ədəbiyyatını işıqlandırmış, xüsusilə poema janrının inkişafına mühüm töhfələr vermişdir. Məruzədə şairin yaradıcılığının çoxşaxəliliyi, lirika və dramaturgiya yaratdığı zəngin irs ətraflı təhlil olunub. Alim, həmçinin vurğulayıb ki, Səməd Vurğunun əsərlərində xalqın tarixi yaddaşı və milli-mənəvi dəyərlər üzvi şəkildə birləşir. Konfrans çərçivəsində tələbələrin məruzələri də dinlənilib. Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin təcrübəçi tələbəsi Aysu Allahverdiyeva “Səməd Vurğunun təbiət lirikası” mövzusunda məruzə edərək şairin təbiət təsvirlərində yer alan poetik incəliyi vurğulayıb. Sumru Xəlilova “Səməd Vurğunun məhəbbət lirikası” mövzusunda məruzəsində onun sevgi mövzusuna humanist yanaşmasını qeyd edib. Akşin Abbaszadə “Səməd Vurğunun dramaturgiyası” mövzusunda məruzə edərək dramaturji əsərlərinin səhnə uğurlarından bəhs edib. Nərmin İsmayılova “Səməd Vurğunun poemaları” mövzusunda təqdimatında şairin poema yaradıcılığının xüsusiyyətlərini təhlil edib. Rəna Qasımova isə “Səməd Vurğun və repressiya” mövzusunda məruzə edərək yaşadığı dövrün ictimai-siyasi şəraitinin şairin yaradıcılığına təsirindən danışıb. Günel Seyidova Səməd Vurğunun “Azərbaycan” şeirini səsləndirərək iştirakçıların rəğbətini qazanıb. Daha sonra Naxçıvan Dövlət Universitetinin müəllimləri çıxış edərək tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkürlərini bildiriblər. Onlar həmçinin tələbələrin konfransdakı fəal iştirakını və məruzələrinin məzmun dolğunluğunu yüksək qiymətləndiriblər. Tədbirin sonunda AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov, Əlyazmaların kataloqlaşdırılması, tədqiqi və nəşri şöbəsinin müdiri, filologiya elmləri doktoru Səbuhi İbrahimov və Musiqi və teatr şöbəsinin aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımov çıxış edərək konfransın elmi əhəmiyyətini yüksək qiymətləndiriblər, tələbələrin məruzələrinə münasibətlərini bildirərək onların gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıblar.
Sonda Ümummilli Lider Heydər Əliyevin Səməd Vurğun haqqında söylədiyi fikirləri əks etdirən videoçarx nümayiş olunub və iştirakçılar tərəfindən maraqla izlənilib.
Digər xəbərlər