NAXÇIVAN :

08 May 2025, Cümə axşamı

Ali Məclisin növbəti plenar iclası keçirilib

...

Mayın 6-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə yeddinci çağırış Ali Məclisin yaz sessiyasının növbəti iclası keçirilib.
Ali Məclis sədrinin birinci müavini iclasın gündəliyində duran məsələlərin “Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” və “Publik hüquqi şəxslər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının qanun layihələri (üçüncü oxunuş), “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İntizam komissiyasının Əsasnaməsinin təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərar layihəsi və Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin vəzifəyə təsdiq edilməsinin müzakirəsi olduğunu bildirib.
Gündəlik təsdiq olunduqdan sonra “Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” və “Publik hüquqi şəxslər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının qanun layihələri ilə əlaqədar Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov bildirib ki, qanun layihələri 25 aprel 2025-ci il tarixdə ikinci oxunuşda müzakirə edilib, Ali Məclisin Hüquq siyasəti komitəsi tərəfindən üçüncü oxunuş üçün hazırlanıb.
Qanun layihələri barədə Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyev məlumat verdikdən sonra səsə qoyularaq qəbul edilib. 
Gündəliyin üçüncü məsələsi -- “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İntizam komissiyasının Əsasnaməsinin təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərar layihəsi barədə Bəxtiyar Məmmədov bildirib ki, Ali Məclisin İntizam komissiyasının fəaliyyətinin təkmilləşdirilməsi və işinin təşkili məqsədilə Azərbaycan Respublikası Milli Məclisinin təcrübəsi əsasında komissiyanın əsasnaməsinin layihəsi hazırlanıb və Hüquq siyasəti komitəsinin iclasında müzakirə olunub.
Komitə sədri layihə barədə məlumat verib, komitənin rəyini diqqətə çatdıdıqdan sonra qərar səsə qoyularaq qəbul edilib.
İclasın gündəliyinə verilən sonuncu məsələ -- Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat nazirinin vəzifəyə təsdiq edilməsi ilə əlaqədar Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov bildirib ki, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri vəzifəsinə namizəd barədə Naxçıvan Muxtar Respublikası Baş nazirinin 2025-ci il  5 may  tarixli təqdimatı Ali Məclisə daxil olub. 
Təqdimat oxunub, namizəd haqqında ətraflı məlumat verildikdən sonra “Kazım Yaşar oğlu Hüseynəliyevin Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri vəzifəsinə təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı səsə qoyularaq qəbul edilib.
Bəxtiyar Məmmədov yeni vəzifəyə təyin olunması münasibətilə Kazım Hüseynəliyevi təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.
Bununla da Ali Məclisin iclası başa çatıb.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Nəşr edilib : 07.05.2025 15:18