NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Ali Məclisin deputatı Əjdər Əliyev: Naxçıvana dron hücumu İran hakimiyyətinin riyakarlığını nümayiş etdirir

...

Yaxın Şərqdə baş verən hadisələr fonunda İran tərəfindən Naxçıvan Muxtar Respublikasına pilotsuz uçuş aparatları ilə edilən hücum beynəlxalq hüquqa zidd olmaqla yanaşı, açıq şəkildə terror aktıdır.  Bu hücumun hədəfinin mülki obyektlər və mülki infrastrukturlar olması hadisənin mahiyyətini daha da ağırlaşdırır.  
Naxçıvan ərazisinə dron zərbəsinin endirilməsi İran hakimiyyətinin riyakarlığını və nankorluğunu açıq şəkildə nümayiş etdirir. Mülki infrastrukturu, xüsusilə insanların gündəlik istifadə etdiyi obyektləri hədəf almaq isə açıq şəkildə acizlik və qorxaqlıq əlamətidir.

Bu sözləri "Şərq qapısı"na açıqlamasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyev deyib.

Deputat qeyd edib ki, Azərbaycan dövlətinin İranla bağlı mövqeyi hər zaman aydın olub. Ölkəmiz daim mehriban qonşuluq prinsiplərinə sadiq qalıb və Azərbaycan ərazisindən heç vaxt başqa dövlətlərə qarşı təhlükə yaradılmayıb. Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki, ölkə ərazisi heç bir halda üçüncü dövlətlərə qarşı istifadə edilə bilməz və buna heç vaxt icazə verilməyəcək. Azərbaycan tərəfinin bu mehriban qonşuluq münasibətlərinə  bariz nümunəsi kimi Prezident İlham Əliyevin İranın ali liderinin vəfatı ilə bağlı dərhal başsağlığı verməsi və İran səfirliyini ziyarət etməsidir. Azərbaycan hər zaman çətin günlərdə qonşularına dəstək olub.  Belə bir şəraitdə İranın Naxçıvan ərazisində mülki obyektləri, xüsusilə də mülki vətəndaşların istifadə etdiyi hava limanını, tədris saatında məktəb binasını hədəf alması, bunun nəticəsində 4 vətəndaşımızın xəsarət alması molla rejiminin nankorluğunun göstəricisidir və bu cür  addımlar regionda gərginliyi artırmaqdan başqa heç bir məqsədə xidmət etmir.

Əjdər Əliyev vurğulayıb ki, ölkəmizin bütün xoş niyyətlərinə baxmayaraq, uzun illərdir, öz ölkəsində yaşayan milyonlarla azərbaycanlıya qarşı ayrı-seçkilik siyasəti həyata keçirən, soydaşlarımızı müxtəlif hüquqlardan məhrum edən, azərbaycanlı fəalları təqib edən,  təzyiqlərə məruz qoyan, dövlətə bağlı media resurslarında Azərbaycanı gözdən salmaq məqsədilə uzun müddətdir, qarayaxma və böhtan kampaniyası aparan rejim Naxçıvanın mülki obyektlərini hədəf almaqla özünün ən iyrənc üzünü bir daha nümayiş etdirdi.  Bu gün Azərbaycan cənab Prezidentin rəhbərliyi ilə geosiyasi proseslərin mərkəzində siyasi proseslərə yön verən çox mühüm aktordur. Eyni zamanda ölkəmizin ciddi döyüş təcrübəsinə malik güclü ordusu var. Qısacası, Azərbaycanın  bu cür təxribatların qarşısını almaq üçün həm siyasi,  həm də hərbi gücü mövcuddur. Buna görə də İran rəsmiləri tərəfindən izahat verilməli, üzr istənilməli və bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir. 

"Hazırda Azərbaycan Silahlı Qüvvələri, sərhəd qoşunları və digər xüsusi təyinatlı qurumlar yüksək hazırlıq vəziyyətinə gətirilib və istənilən ssenariyə hazırdır. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü qorumaq hüququna malikdir və müvafiq cavab tədbirlərini görmək hüququnu özündə saxlayır. Azərbaycan dövləti beynəlxalq hüquqa əsaslanaraq öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görəcək və ölkəyə qarşı yönəlmiş istənilən təhdidə adekvat cavab verəcəkdir. Ölkəmizin təhlükəsizliyi və suverenliyi qətiyyətlə qorunur və dövlətimiz istənilən təhlükəyə qarşı gücünü nümayiş etdirməyə qadirdir.
Cənab Prezidentin də qeyd etdiyi kimi: “Azərbaycan xalqı əmin olmalıdır ki, istənilən bəd qüvvə onlara qarşı bizim “dəmir yumruğ”umuzu görəcək”, - deyə deputat əlavə edib.

Nəşr edilib : 05.03.2026 18:10