Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
2025-ci ilin dekabr ayının 31-də dünyaşöhrətli alim, ictimai xadim, maarifçi, Azərbaycan Respublikası Elmlər Akademiyasının təşkilatçılarından biri, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, SSRİ Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, kimya elmləri doktoru, professor, akademik Yusif Heydər oğlu Məmmədəliyevin anadan olmasının 120 ili tamam olur. Azərbaycan elminin inkişafına verdiyi misilsiz töhfələrini nəzərə alaraq akademik Yusif Məmmədəliyevin anadan olmasının 120 illiyinin keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2025-ci il 5 iyul tarixdə Sərəncam imzalamışdır.
Yusif Heydər oğlu Məmmədəliyev 1905-ci il dekabrın 31-də Ordubad şəhərində anadan olmuşdur. O, təhsilini evdə və yeni tipli Ordubad məktəbində almışdır. 1918-ci ildə erməni daşnaklarının vəhşiliyindən yaxa qurtarmaq üçün onun ailəsi Təbriz şəhərinə köçmüş və orada yeddiillik Ruşdiyə məktəbində təhsilini davam etdirmişdir. 1920-ci ildə Ordubada qayıtmış və 1923-cü ilə qədər müəllimlik edərək savadsızlığın ləğvində fəal iştirak etmiş və ilk qızlar məktəbini açmışdır. 1923-cü ildə Azərbaycan Pedaqoji Universitetinin Hazırlıq fakültəsində oxumuş və sonra 1924-1926-cı illərdə orada Təbiət elmləri fakültəsində ali təhsil almışdır. 1924-cü ildə Azərbaycan ziyalılarının I Qurultayında məruzə etmişdir. 1926-cı ildə təyinatla Gəncə şəhərinə göndərilmiş və orada iki il müəllim işləmişdir. 1928-ci ildə İrəvan Pedaqoji Texnikumunun müəllimi olmuş və azsaylı xalqların təşkilat komitəsinə üzv seçilərək oğlan və qızların təhsilə cəlb edilməsi ilə əlaqədar mətbuatda dəfələrlə çıxış etmişdir. 1929-cu ildə kimyadan biliklərini dərinləşdirmək məqsədilə Moskva Dövlət Universitetinin Kimya fakültəsinə qəbul olmuş və 1931-ci ildə oranı bitirmişdir. Diplom işini keçmiş SSRİ Elmlər Akademiyasının akademiki N.Zelinskinin rəhbərliyi ilə yerinə yetirmişdir. 1932-ci ilin sentyabr ayında Azərbaycan Kommunist Partiyası MK-nın məktubuna əsasən Gəncə Kənd Təsərrüfatı Akademiyasının Üzvi kimya kafedrasına müdir təyin edilmişdir. Elmi-tədqiqat işlərinə böyük maraq gələcək böyük alimi Azərbaycan Elmi Tədqiqat Neft Emalı İnstitutuna gətirmişdir. Həmin İnstitutda laborantlıqdan akademikliyə qədər şərəfli yol keçmişdir. 1933-1945-ci ilərdə kiçik və böyük elmi işçi vəzifələrini tutmuş, 1945-ci ildə isə laboratoriya müdiri vəzifəsinə seçilmişdir.
Yusif Məmmədəliyev hələ Moskva zavodlarının birində işləyərkən neft qazlarından qiymətli kimya məhsullarının alınması sahəsində tədqiqatlar aparmışdır. Bu ideya onun gələcək elmi-tədqiqat işlərinin istiqamətini müəyyən etmişdir. O, dünyada ilk dəfə olaraq neft qazlarından sintetik kauçukun alınması ideyasını irəliyə sürmüş və 1933-cü ildə “Etil spirtinin neft qazlarından alınması üsulu” adlı ilk elmi əsərini çap etdirmişdir. 1934-cü ildə kauçuk ilə əlaqədar olaraq “Azərbaycanda süni kauçukun problemləri” ikinci məqaləsini nəşr etdirmiş və bununla da respublikada sintetik kauçukun yaradılmasının mümkünlüyünü əsaslandırmışdır. Bu ideya 1953-cü ildə, keçmiş SSRİ-də ilk dəfə Sumqayıtda sənaye miqyasında etil spirtindən butadien və onun əsasında butadien-stirol kauçukun alınması ilə həyata keçirilmişdir. Yeri gəlmişkən onu qeyd etmək lazımdır ki, Y.Məmmədəliyev ömrünün son illərində Sumqayıt Kimya kombinatının layihəsini tərtib edən komissiyanın sədri olmuşdur.
Yusif Məmmədəliyevin elmi fəaliyyətində neft qazlarının emalı, onlardan xüsusi tullantısız texnologiya əsasında səmərəli xammal kimi istifadə edilməsi xüsusi yer tutur. O bu sahədə aparılan tədqiqat işlərini ümumiləşdirərək 1936-cı ildə “Azərbaycanın təbii və süni qazları və onların kimyəvi emalı” momoqrafiyasını çap etdirmişdir. Sonralar neft qazlarının çevrilmələrinə dair 10-a qədər məqalə çap etdirmişdir. Qeyd edilən məqalələr içərisində 1930-cu ildə nəşr edilən “Azərbaycanda hidrogen problemi” öz əhəmiyyətini bu gün də itirməmişdir. Çünki bütün dünya alimlərinin qarşısında ekoloji cəhətdən daha təmiz yanacaq olan hidrogenin iqtisadi cəhətdən səmərəli üsulla alınması bu gün də problem kimi qarşıda durur. Hadisələri xeyli qabaqlayan gənc tədqiqatçını bu problem düşündürmüş və onun həyata keçməsi yollarını aramışdır.
Yusif Məmmədəliyev tərəfindən təbii qazların halogenləşməsi reaksiyaları daha sistemli şəkildə aparılmışdır. O 1939-cu ildə ilk dəfə dünya təcrübəsində yarımsənaye qurğusunda metandan stasionar katalizator təbəqəsində, sonralar “qaynar katalizator lay” reaktorunda dördxlorlu metan (karbon dörd xlorid) istehsal etmişdir. 1938-ci ildə T.V.Lomonosov adına MDU-nun Elmi Şurası Y.H.Məmmədəliyevin təbii və süni neft qazlarının kimyəvi emalı sahəsində apardığı sistemli tədqiqatları nəzərə alaraq ona müdafiə etmədən kimya elmləri namizədi alimlik dərəcəsi vermişdir.
Onun rəhbərliyi ilə karbohidrogenlərin xlorlu törəmələrini almaq üçün pentan, heksan, butilenlər, divinil və digər karbohidrogenlərin xlorlaşma reaksiyası tədqiq edilmişdir. Sonralar onun tərəfindən halogenləşmə reaksiyaları sahəsində tədqiqatlar daha da genişləndirilmiş və karbohidrogenlər bromlaşdırılmışdır. Metilen bromidin alınması texnologiyası işlənib hazırlanmış və sənaye qurğusunda istehsal edilmişdir. Beləliklə, onun tərəfindən neft qazlarının halogenləşmə reaksiyası nəticəsində çox qiymətli kimya məhsulları sintez edilmiş və xalq təsərrüfatının tələbatı ödənilmişdir.
Yusif Məmmədəliyev tərəfindən neft qazlarının və onların ayrı-ayrı komponentlərinin halogenləşməsi və onların əsasında qiymətli maddələrin alınması sahəsində dərin və orijinal tədqiqatlar neft kimyasını yeni tövsiyələr ilə zənginləşdirmişdir. O, halogenləşmə sahəsində dünyanın ən nüfuzlu alimi idi. Heç də təsadüfi deyildir ki, 1960-cı ildə Parisdə keçirilən beynəlxalq simpoziumda halogenləşmə seksiyasına sədrlik ona həvalə edilmişdir.
Yusif Məmmədəliyevin rəhbərliyi ilə aromatik, parafin və tsikloparafin karbohidrogenlərin alkilləşməsi sahəsində sistemli fundamental elmi tədqiqatlar aparılmışdır. Onun katalizatorlarının iştirakı ilə alkil və dialkilaromatik karbohidrogenlərin dealkilləşməsi reaksiyası olduqca maraqdoğuran problemlərdən biridir. O, apardığı tədqiqatları ümumiləşdirərək 1942-ci ildə “Aromatik karbohidrogenlərin alkilləşdirilməsi və dealkiləşdirilməsi ilə toluolun sintezi” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1943-cü ildə Neft-kimyası ixtisası üzrə professor adına layiq görülmüşdür. Onun doktorluq dissertasiyası trotil partlayıcı maddəsinin alınması üçün ilkin xammal olan toluolun sənaye miqyasında istehsal prosesinə həsr edilmişdir. Toluol müharibəyə qədər xaricdən alınırdı. Lakin müharibə illərində bu maddənin satışı dayandırıldığı üçün ölkə kimyaçılarının qarşısında toluolun alınması problemi kəskin şəkildə qoyulmuşdur. Respublikamızda bu məsuliyyətli işin həlli Y.Məmmədəliyevə tapşırılmışdı. Bu şərəfli işin öhdəsindən o ləyaqətlə gələrək, benzolun metilxlorid və ya alüminiumun xlorid katalizatoru iştirakı ilə alkilləşdirilərək yüksək çıxım ilə toluolu sənaye miqyasında istehsal edilmişdi.
Yusif Məmmədəliyev ilk dəfə olaraq aromatik karbohidrogenlərin doymamış karbohidrogenlər ilə alkilləşməsi üçün sulfat turşusundan katalizator kimi istifadə etmişdir. Bu proses əsasında sənaye miqyasında zavod inşa olunaraq, yüksək oktan ədədli izopropilbenzol istehsal edilmiş və SSRİ Müdafiə Nazirliyini yüksəkkeyfiyyətli aviasiya benzini ilə təmin edən komponent əldə edilmişdi. Onun bu sahədə apardığı tədqiqatlar dövlət tərəfindən yüksək qiymətləndirilmiş, 1944-cü ildə “Lenin” ordeni ilə, 1946-cı ildə isə “Stalin” mükafatı ilə mükafatlandırılmışdır.
Yusif Məmmədəliyev alkilləşmə reaksiyalarında şəraitin, katalizatorun təbiətinin, aromatik karbohidrogenlərin və doymamış birləşmələrin quruluşunu və reaksiyaya girmə qabiliyyətini müasir üzvi kimya nəzəriyyəsi ilə izah etmiş, reaksiyaların kinetikasını tədqiq etmiş və onların ion mexanizminə dair dərin mülahizələr söyləmişdir. O, sübut etmişdir ki, alkilləşmə reaksiyaları ion mexanizmi ilə gedir. O hətta benzolun propilen və sulfat turşusunun iştirakı ilə alkilləşmə reaksiyasının kvant kimyası mülahizələrinə əsaslanaraq mexanizmini vermişdir. Mübaliğəsiz olaraq onu qeyd etmək yerinə düşərdi ki, dünya ədəbiyyatında alkilləşmə reaksiyalarını Yusif Məmmədəliyev məktəbi kimi hərtərəfli tədqiq edən ikinci məktəbə çətin rast gəlmək olar.
Yusif Məmmədəliyev 1945-ci ildə yeni yaradılmış Azərbaycan EA-nın ilk kimyaçı akademiki seçilmiş və həmin ildə də Azərbaycan EA nəzdində Neft İnstitutunu yaratmış və onun ilk direktoru işləmişdir. 1947-ci ildə isə Azərbaycan EA-nın prezidenti seçilmişdir. Həmin ildə, həmçinin SSRİ Neft Sənayesinin Texniki Şurasının sədr müavini vəzifəsində çalışmışdır. O, keçmiş SSRİ miqyasında ən nüfuzlu kimyaçılardan biri olmuşdur, SSRİ “Bilik” Cəmiyyətinin xahişi ilə 1959-65-ci illərdə “SSRİ Kimya Sənayesi” kitabını yazmaq ona həvalə edilmişdir. 1950-ci ildə şəxsiyyətə pərəstiş dövründə onu bəzi subyektiv səbəblərə görə prezident vəzifəsindən çıxarmışlar. O, 1951-1954-cü illərdə Azərbaycan EA-da Fizika, Kimya elmləri və Neft üzrə akademik katib vəzifəsində işləmişdir.
Yusif Məmmədəliyev 1934-cü ildən başlayaraq elmi-tədqiqat işləri ilə paralel olaraq Bakı Dövlət Universitetində assistent, dosent və professor vəzifəsində çalışmışdır. 1945-ci ildə BDU-da “Neft-kimyası” kafedrasını yaratmış və ömrünün axırına kimi ona rəhbərlik etmişdir. 1954-58-ci illərdə BDU-nun rektoru olmuşdur. Onun rektor işlədiyi dövrlərdə fakültələrdə elmi-tədqiqat işlərinin, eləcə də tədrisin keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlmişdir. Universitetin qabaqcıl ali məktəblər ilə, xüsusilə MDU ilə əlaqəsi xeyli genişlənmişdir. Yusif Məmmədəliyevin rektorluq dövründə BDU kimyaçı kadrlarının əksəriyyəti elmi-tədqiqat yolunu seçmiş, namizədlik və doktorluq dissertasiyası müdafiə etmişlər.
Akademik Yusif Məmmədəliyevin yüksək elmi təşkilatçılığını nəzərə alaraq 1958-ci ildə o, ikinci dəfə Azərbaycan EA-nın prezidenti seçilmişdir. O, qeyri-adi elmi təşkilatçılıq qabilyyətinə malik idi. Hələ 1947-ci ildə prezident işlədiyi vaxt akademiyada çalışanların sayını 1000 nəfərdən 5000 nəfərə çatdırmışdı. Onun təşəbbüsü ilə akademiyada Şamaxı Rəsədaxanası, Əlyazmalar fondu yaradıldı. Onun rəhbərliyi ilə neft-kimya sahəsindəki tədqiqatları daha da dərinləşdirmək üçün V.V.Kuybşev adına Azərbaycan Neft Emalı Elmi-Tədqiqat İnstitutu Azərbaycan EA Neft İnstitutu birləşdirildi və hazırda onun adını şərəflə daşıyan Neft-Kimya Prosesləri İnstitutu yaradıldı.
Akademik Yusif Məmmədəliyevin elmi fəaliyyəti heç də müxtəlif korbohidrogenlərin alkilləşməsi və halogenləşməsi reaksiyası ilə məhdudlaşmamışdır. Onun tərəfindən, həmçinin Bakı neftlərinin benzin fraksiyaları katalitik aromatikləşdirilib, yüngül neft yağları katalitik yolla keyfiyyətini yaxşılaşdırıb və piroliz məhsullarını polimerləşdirməklə plastik kütlələrin alınması sahəsində fundamental tədqiqatlar xüsusi əhəmiyyət kəsb edir. O nəinki respublikamızda neft-kimyasının, neft emalının və üzvi sintezin banisidir, həmçinin polimerlər kimyasının yaradıcısıdır. Böyük ensiklopedik bilik dairəsinə malik olan akademik Yusif Məmmədəliyevin elmi yaradıcılığı təkcə kimya elminin müxtəlif sahələrini əhatə edən çərçivədə qapanıb qalmamışdır. O, Naftalan neftinin müalicəvi əhəmiyyətinə dair tədqiqatlar da aparmış, ilk dəfə olaraq müəyyən etmişdir ki, Naftalan neftinin müalicəvi xassəsi onun tərkibində olan 250-3280C intervalında qaynayan çoxhəlqəli birləşmələrlə əlaqədardır. Onun tərəfindən Binəqədi bitumları da tədqiq edilmiş və müəyyən edilmişdir ki, onların tərkibində azot olan bitki və heyvan mənşəli piqmentlər-porfirinlər mövcuddur. Bu isə neftin üzvi maddələrdən əmələ gəlməsi nəzəriyyəsini bir daha təsdiq edir.
Yusif Məmmədəliyevin daha bir maraq dairəsi elmin tarixi olmuşdur. Onun 1960-cı ildə yazdığı “Azərbaycanda elmin inkişafı” kitabı bu sahədə yazılan əsərlərin təməl daşı olub, 22 elmin inkişaf tarixi haqqında icmal xarakteri daşıyır. O, Rusiyada, respublikamızda kimya eliminin tarixinə dair bir sıra məqalələr, məruzələr və sair yazmışdır. Onun 1951-ci ildə öz müəllimi akademik N.D.Zelinskinin həyat və fəaliyyətindən bəhs edən əsəri diqqətə layiqdir. Rusiyada neft-kimya elminin inkişafına dair məruzəsində Rusiya neft-kimya eliminin keçdiyi inkişaf mərhələlərinin və ayrı-ayrı görkəmli kimyaçı alimlərin neft-kimya eliminə verdiyi töhfələrin xronikasını ətraflı şərh etmişdir. Təəssüflər olsun ki, onun “Polşada neft-kimya elmi” və “Neft əmələ gəlməsi və istifadə tarixi” məqalələri yarımçıq qalmışdır.
Akademik Yusif Məmmədəliyevin 30 illik elmi və pedaqoji fəaliyyəti 200-dən artıq sanballı elmi əsərdə, o cümlədən 6 monoqrafiyada əks edilmişdir. Onun əsərləri nəinki keçmiş SSRİ-də, hətta onun xaricində də yüksək qiymətləndirilmişdir. O, 36 elmlər doktoru və namizədi hazırlamışdır. Onun yetişdirdiyi aspirantlardan 3-ü Azərbaycan EA-nın həqiqi, 5-i isə müxbir üzvü seçilmişdir. O, ABŞ, Fransa, İngiltərə, Polşa, Monqolustan və digər ölkələrdə çağrılan Beynəlxalq elmi konqres və simpoziumlarda respublika kimya elmini ləyaqətlə təmsil etmişdir.
Akademik Yusif Məmmədəliyev görkəmli kimyaçı olmaqla bərabər, çoxcəhətli ictimai fəaliyyətdə olan dövlət xadimi olmuşdur. O, dəfələrlə seçkili orqanlara seçilmiş və SSRİ Ali Attestasiya Komissiyasının üzvü olmuşdur.
1961-ci il dekabr ayının 15-də mürəkkəb olmayan cərrahiyyə əməliyyatından sonra böyük amallarla yaşayan Yusif Məmmədəliyev 55 yaşında həyatla vaxtsız vidalaşmışdır. Lakin ölümündən keçən bu illər ərzində o, heç vaxt unudulmamış, çoxsaylı tədbirlərdə yad edilmişdir. Onun barəsində istər ölkəmizdə, istərsə də ölkəmizin hüdudlarından kənarda görkəmli şəxsiyyətlər tərəfindən ən xoş fikirlər söylənilmişdir. Müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyev demişdir: “Yusif Məmmədəliyev millətini, xalqını həddən artıq sevən adam idi, vətənpərvər bir insan idi, Vətəni haqqında, milləti haqqında, xalqı haqqında daim düşünən bir insan idi. Bu insanın siması həm zahirdən, həm də daxildən onun nə qədər yüksək keyfiyyətlərə malik olduğunu nümayiş etdirirdi. O, sözün əsl mənasında, ziyalı idi. Təkcə biliyinə görə yox, davranışına görə də, zahiri görünüşünə görə də, insanlarla danışıq tərzinə görə də, münasibətlərinə görə də ziyalı idi. Yusif Məmmədəliyev heç vaxt unudulmayacaq, zaman keçdikcə onun Azərbaycan xalqının tarixindəki yeri daha da açıq görünəcəkdir və insanlar, gələcək nəsillər Azərbaycanın belə şəxsiyyətləri ilə fəxr edəcəklər”. Həyat Ulu Öndərin bu fikirlərini sübut etdi.
Akademik Yusif Məmmədəliyev xatirəsini əbədləşdirmək məqsədilə Azərbaycan MEA Neft-Kimya Prosesləri İnstitutuna, Şamaxı Rəsədxanasının yerləşdiyi elmi qəsəbəyə, Ordubad İpək kombinatına və Bakı küçələrindən birinə onun adı verilmişdir. Ordubad şəhərində ev-muzeyi açılmış, büstü qoyulmuşdur. Bakı şəhərində İstiqlal küçəsində, Azərbaycan MEA Rəyasət Heyəti binasının yanında heykəli qoyuluşdur. Qədirbilən xalqımız akademik Yusif Məmmədəliyevin xatirəsini həmişə uca tutmuş və bundan sonra da belə olacaqdır. Onun 120 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 5 iyul 2025-ci il tarixidə imzaladığı Sərəncam bunu bir daha sübut edir.
Tofiq ƏLİYEV
AMEA-nın müxbir üzvü, professor
NDU Təbii Ehtiyatlar İnstitutunun baş direktoru
Digər xəbərlər