NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

“Ailə, məktəb və cəmiyyət” mövzusunda tədbir keçirilib

...

15 aprel 2026-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Şərur rayon Çomaxtur kənd tam orta məktəbində çətin tərbiyə olunan uşaqların aşkar edilməsi və onlarla korreksiya işinin aparılması məqsədilə “Sağlam gələcək öz əlinizdədir” layihəsi çərçivəsində “Ailə, məktəb və cəmiyyət” mövzusunda tədbir təşkil olunub. 
“Şərq qapısı” xəbər verir ki, tədbirdə məktəbin direktoru, psixoloqlar, və valideyn komitəsi sədrləri iştirak ediblər. Şərur Rayon İcra Hakimiyyətinin əməkdaşı Səfər İsgəndərov çıxış edərək mövzunun aktuallığı və əhəmiyyətindən bəhs edib. Bildirilib ki, uşaqların sağlam mühitdə böyüməsi və düzgün tərbiyə olunması üçün ailə, məktəb və cəmiyyətin birgə fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Uşaq problemləri şöbəsinin məsləhətçisi Elsun Cahangirli qeyd edib ki, ailə, məktəb və cəmiyyət modeli uşaqların inkişafı üçün vacib olan birgə məsuliyyət sistemidir. Bu üç institutun qarşılıqlı və koordinasiyalı fəaliyyəti sağlam və uğurlu gələcəyin formalaşmasında mühüm rol oynayır. O vurğulayıb ki, bu kimi maarifləndirici tədbirlərin orta məktəblərdə keçirilməsinin əsas məqsədi valideyn, məktəb və şagird münasibətlərini gücləndirmək, ailə mühitinin və məktəbin uşağın psixoloji durumuna təsirini öyrənmək, həmçinin məktəb psixoloqlarının fəaliyyətini daha səmərəli təşkil etməkdir. Qeyd olunub ki, uşağın tərbiyəsi ailədə başlayır və məktəbdə davam edir. Uşağın tanış olduğu ikinci vacib və əhəmiyyətli ictimai mühit məhz məktəbdir.
Şərur Rayon Təhsil Şöbəsinin əməkdaşı Vüsalə Seyidova çıxışında bildirib ki, ailə, məktəb və cəmiyyət bir-birini tamamlayan əsas tərbiyə ocaqlarıdır. Uşağın şəxsiyyət kimi formalaşmasında ailənin verdiyi ilk təməl, məktəbin verdiyi bilik və cəmiyyətin aşıladığı dəyərlər mühüm rol oynayır. Bu üç mühüm institutun əməkdaşlığı sağlam və vətənpərvər gəncliyin yetişməsini təmin edir. Tədbir diskussiya şəklində davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ilə bağlı broşürlər paylanılıb.

Nəşr edilib : 15.04.2026 16:24