NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

2025-ci ili uğurla başa vuran “Şərq qapısı” yeni hədəflərə doğru

...

“Mən “Şərq qapısı” qəzetinin təsiri altında tərbiyələnmişəm. Hələ gənc ikən, burada orta məktəbdə, pedaqoji texnikumda oxuyanda müxtəlif məsələləri öyrənmək üçün “Şərq qapısı”ndan çox istifadə etmişəm... O vaxtdan nüfuzlu qəzet kimi hafizəmdə qalıb”

Ulu Öndər Heydər Əliyev

 

Müasir iş şəraiti, əlverişli yaradıcılıq mühiti

Səhifələrində Naxçıvanın, sözün əsl mənasında, müfəssəl poetik rəsmini yaradan, analitik şərhini verən, ictimai-siyasi mənzərəsini tarixiləşdirən 104 yaşlı qocaman mətbu orqanın – “Şərq qapısı” qəzetinin birillik fəaliyyətinə nəzər salmağa çalışacağıq bu yazıda. Başqa sözlə, yola saldığımız 2025-ci il qəzetin həyatında, əməkdaşların yaradıcılıq dünyasında nələrlə yadda qaldı? sualına qısaca aydınlıq gətirəcəyik. Qəzet əməkdaşları üçün ən böyük uğurlardan biri, bəlkə də, elə birincisi, sözsüz ki, bacarıqlarını uğurla praktikaya çevirmək məqsədilə əlverişli iş mühitinin yaradılmasıdır. Bu baxımdan, ötən ilin ən böyük nailiyyətlərindən biri redaksiyanın maddi-texniki bazasının gücləndirilməsi, müasir jurnalistika fəaliyyətinin tələblərinə uyğun infrastrukturun qurulmasıdır. Belə ki, 2025-ci ildə qəzetin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən işlərə uyğun olaraq mətbu orqan iki tenderin qalibi olub. Buna uyğun olaraq qəzet əməkdaşlarının iş şəraitinin yaxşılaşdırılması, eyni zamanda ehtiyac olan avadanlıqların alınması təmin edilib. Redaksiyanın maddi-texniki bazası gücləndirilib, ən son texnologiyaya əsaslanan avadanlıqlarla – kompüterlər, printerlər, yaddaş qurğuları və fotoaparatlarla təchiz edilib, informasiya mərkəzi yaradılıb, jurnalistlərin daha səmərəli fəaliyyəti təmin edilib, arxiv işi təkmilləşdirilib. Martın 13-də yeni avadanlıqların və informasiya mərkəzinin təqdimatı olub.

Ötən ilin ən yaddaqalan media hadisələrindən biri – “MEDİAFEST-2025”

Prezident İlham Əliyevin 2025-ci il 25 aprel tarixli “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı bütün KİV kimi, 104 yaşını tamamlayan, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin rəsmi mətbuat orqanı “Şərq qapısı” üçün də böyük dövlət qayğısı, diqqəti kimi dəyərləndirilir. Mayın 30-da Sərəncamın icrasına uyğun Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin təşəbbüsü, Medianın İnkişafı Agentliyi, Mətbuat Şurası və “Şərq qapısı” qəzetinin birgə təşkilatçılığı ilə Naxçıvanda “Qlobal İnformasiya Mühiti və Media Trendləri” konfransı – “MEDİAFEST-2025” keçirilib. Tədbirdə qəzetin hazırladığı milli mətbuatımızın tarixindən və müasir inkişafından bəhs edən videoçarx və Azərbaycan mətbuatının 150 illik yubileyi münasibətilə beynəlxalq media təmsilçilərinin təbrik videoları təqdim olunub.

Naxçıvanda keçirilən və ölkənin çox sayda aparıcı KİV, tanınmış media nümayəndələrinin iştirak etdiyi “Qlobal İnformasiya Mühiti və Media Trendləri” konfransı – “MEDİAFEST-2025” yaddaşlardan uzun müddət getməyəcək dərin təəssürat yaradıb. Konfransda Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fahrettin Altun, Anadolu Agentliyinin baş direktoru Serdar Karagöz, Özbəkistan Gənc Jurnalistlər Birliyinin sədri Şöhrət Arif, Avropa Xəbər Agentliyinin İtaliya nümayəndəsi Carlo Marino və Qazaxıstan televiziyasının Xəbərlər Departamentinin direktoru Beynequl Abauovanın Azərbaycan mətbuatının 150 illik yubileyi münasibətilə təbrik videoları təqdim olunub. Eyni zamanda “Dezinformasiya və fake news-larla mübarizə” mövzusunda panel müzakirələr aparılıb, tanınmış media nümayəndələri tərəfindən ustad dərslər keçilib. MEDİAFEST bir neçə gün ölkə mediasının gündəmindən düşməyib, Xəzər tv, AZƏRTAC, APA, REPORT, “Azərbaycan” qəzeti və digər media orqanlarında geniş şəkildə işıqlandırılıb, tədbirin mahiyyətini üzə çıxaran silsilə materiallar yer alıb. “Şərq qapısı” qəzetinin  4 iyun tarixli xüsusi buraxılışında da MEDİAFEST geniş işıqlandırılıb. “MEDİAFEST, Azərbaycan milli mətbuatının 150 illiyi” başlığı altında MEDİAFEST iştirakçılarının təəssüratları, Naxçıvan mediası ilə bağlı fikirləri, eləcə də mərkəzi mətbuatda işıq üzü görən “Naxçıvanda media sammiti”, “Naxçıvanda mühüm tədbir: üç tanınmış media nümayəndəsinin diqqətini nə çəkib?”, “20 il yaşayan 14 gün, Zərdabinin zühuru və çuxur göycəsi”, “Zərdabinin ruhunu şad edən Naxçıvan” başlıqlı müəllif yazıları dərc olunub.  Qəzetin 19 iyul nömrəsində 22 iyul – Milli mətbuat günü ilə bağlı yazılara geniş yer verilib. “Azərbaycan milli mətbuatı-150” başlığı altında “Naxçıvanda media siyasəti: informasiya blokadasından qlobal yayıma”, “Həsən müəllimlə söhbət”, “Daş oldum ki, unudulmasın söz”, “Nəşriyyat işçiləri mətbuatın 150 illiyinə töhfələrini verir” başlıqlı məqalələr, Əməkdar jurnalist Hüseyn Əsgərovla müsahibə, eləcə də NDU-nun Jurnalistika ixtisasında oxuyan tələbələrin yazıları dərc olunub.

“Şərq qapısı”nın nüfuzu artır,qəzetə istinad çoxalır

2025-ci il həm də “Şərq qapısı” qəzetinin fotojurnalistikanın inkişafına töhfə vermək baxımından    fəaliyyətini daha da təkmilləşdirməsi ilə yadda qaldı. İl ərzində bir-birindən maraqlı fotolentləri ilə izləyicilərin görüşünə gələn mətbu orqanın bu sahə üzrə əməkdaşları öz fəaliyyətlərini gücləndirmək üçün təlimlərə qatılıblar. Mart ayında Naxçıvan Təlim Mərkəzi və “Şərq qapısı” qəzetinin birgə təşkilatçılığı ilə “Fotojurnalistika” mövzusunda təlim keçirilib. Azərbaycan Fotoqraflar Birliyinin təsisçisi, tanınmış fotoqraf Mirnaib Həsənoğlunun apardığı təlimdə “Şərq  qapısı” qəzetinin və bir sıra dövlət qurumlarının fotoqrafları iştirak ediblər. Qəzetin foto keyfiyyətinin artırılması istiqamətində atılan addımlar onun bu sahədəki nüfuzunun da güclənməsinə, əməkdaşların imicinin artmasına imkanlar açıb. Bu xüsusda ötən il işıq üzü görən Azərbaycan Fotoqrafları Birliyinin yeni layihəsi olan “Land of Fire Through the Lens” adlı fotoalbomunu diqqətə çəkmək olar. Nəşrdə Azərbaycanın gözəlliklərini əks etdirən 47 fotoqrafın əsərləri yer alıb. Albomda “Şərq qapısı” qəzetinin  fotoqrafları – Əsəd Səfərov və Əli Xudiyevin çəkdiyi fotolar da təqdim olunub. Bu fotolarda Naxçıvanın təbiəti ustalıqla əks etdirilib.

Sevindirici haldır ki, artıq qəzetin əməkdaşları uğurlu yazıları ilə nəinki oxucuları sevindirir, həm də ölkə səviyyəli müsabiqələrdə qaliblər sırasında yer alır. Ötən il də bu    istiqamətdə növbəti nailiyyət əldə edilib. Medianın İnkişafı Agentliyinin  elan etdiyi “Fərdi jurnalist müsabiqəsi”ndə  “Şərq qapısı” qəzetinin şöbə müdiri Ceyhun Məmmədov “Ən yaxşı reportaj” nominasiyası üzrə qalib elan olunub.

Qəzetin artan nüfuzu nəticəsində ölkənin müxtəlif aparıcı media qurumları və internet resurslarının “Şərq qapısı”na istinadı artıb. Mətbu orqanın sosial hesablarında məktəbli qızın xarici turistə Haçadağ haqqında ingilis dilində məlumat verdiyi görüntülər ölkə mediasında marağa səbəb olub və geniş paylaşılıb. Qəzet əməkdaşlarının Heydər Əliyev adına Hərbi Liseydən hazırladığı video Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Instagram” hesabında, “Gimnastika hamı üçün” adlı video Azərbaycan Gimnastika Federasiyasının “Instagram” hesabında paylaşılıb. Heydər Əliyev su anbarının, Əshabi-kəhfin və Naxçıvan şəhərinin qış mənzərələri ilə bağlı videolar ölkə mediası, xüsusilə Xəzər televiziyası tərəfindən yayımlanıb, kadrlar şərh edilib.

Qəzet ötən il media tərəfdaşı olaraq fəaliyyətini daha da artırıb, qurumlara media dəstəyini gücləndirib. Mayın 21-də Naxçıvanda Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı, Milli Kibertəhlükəsizlik Mərkəzinin və “Caspel” MMC-nin əsas tərəfdaşlığı ilə keçirilən konfransda “Şərq qapısı” qəzeti media tərəfdaşı kimi iştirak edib. Peşəkar media dəstəyinə görə mətbu orqan AKTA tərəfindən təşəkkürnamə ilə təltif olunub.

Qəzet əməkdaşları ölkə və beynəlxalq səviyyəli  tədbirlərə dəvət alırlar

2024-cü ildən fəaliyyətinin hüquqi bazası müəyyənləşdirilən “Şərq qapısı” qəzetinin nüfuzu qeyd etdiyimiz kimi, artıq muxtar respublikanın sərhədlərini aşaraq ölkə səviyyəsinə qalxıb. Bunu göstərən ən mühüm amillərdən biri də əməkdaşların ölkənin digər yerlərində, o cümlədən Bakı şəhərində keçirilən tədbirlərə dəvət almasıdır. Başa vurduğumuz il də bu baxımdan yaddaqalan olub. Belə ki, qəzet Prezident İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) “Davamlı və iqlimə dayanıqlı gələcəyin qurulmasında qadınların rolunun artırılması” mövzusunda Laçın şəhərində keçirilən Qadınlar Forumunda və Heydər Əliyev Mərkəzində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfransda uğurla təmsil olunub. Mətbu orqanın bölmə müdiri Məhəbbət Mirzəyeva Bakı şəhərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil etdiyi tədbirə qatılıb, qəzetin əməkdaşı Səhnə Tağızadə Heydər Əliyev Fondu tərəfindən təşkil edilən Bakı Marafonunun fəxri iştirakçısı seçilib. Qəzet ötən ilin dekabr ayında Bakı şəhərində keçirilən Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının illik fəaliyyətinə həsr olunmuş hesabat tədbirində də uğurla təmsil olunub.

“Konstitusiya və Suverenlik İli”nə, tarixi zəfərin 5 illiyinə mətbu töhfələr

Bildiyimiz kimi, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli” kimi müasir tariximizə qızıl hərflərlə yazıldı. Ötən il həm də zəfərimizin 5-ci ildönümü yüksək səviyyədə qeyd edildi. Naxçıvanın qocaman mətbu orqanı “Şərq qapısı” da məhz bu istiqamətdə üzərinə düşən məsuliyyətin öhdəsindən layiqincə gəlməyə çalışdı. Belə ki, ötən il Vətən müharibəsində qazanılan zəfərin 5-ci ildönümü münasibətilə qəzetdə “Zəfər yolu” və “Zəfər tarixi” adlı rubrikalar açılaraq silsilə yazılar dərc olundu.

“Şərq qapısı” qəzetinin “100 ilin qəhrəmanları” layihəsi çərçivəsində il ərzində şəhid ailələri ziyarət olundu, çap olunan eyniadlı kitab qəzetin gənc əməkdaşları tərəfindən bütün şəhid ailələrinə təqdim edildi. Eyni zamanda noyabrın 4-də “Konstitusiya və Suverenlik İli”, tarixi zəfərin 5 illiyi ilə əlaqədar mətbu orqanın elan etdiyi “Müstəqil Azərbaycan: Konstitusiya və Suverenlik ilinin təntənəsi” mövzusunda yaradıcılıq müsabiqəsinin yekun tədbiri keçirildi, qaliblər mükafatlandırıldı. Həmçinin “Şərq qapısı” qəzetinin əməkdaşları 27 sentyabr – Anım Günü ilə əlaqədar şəhidlərin əziz xatirəsinə ehtiram əlaməti olaraq Haçadağa yürüş etdilər. Üzərinə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “...Qəhrəman şəhidlərimizin əziz xatirəsi qarşısında bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirik. Biz şəhidlərimizi öz qəlbimizdə əbədi saxlayacağıq” sözləri həkk olunan tablonu Haçadağın zirvəsinə sancıb, müstəqilliyimiz və suverenliyimizin rəmzi sayılan üçrəngli Dövlət Bayrağını dalğalandırdılar.

Vətən müharibəsində qazanılan tarixi zəfərin beşinci ildönümü münasibətilə redaksiyada “Şərq qapısı” qəzetində bir gün” adlı tədbir keçirilib. Tədbirdə şəhid övladları qəzetin iş prosesi ilə tanış olublar. Qəzetin 10 noyabr tarixli xüsusi buraxılışı Zəfər Gününə həsr olunub. 8 noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin bəyanatı, “Qalib xalq, qətiyyətli sərkərdə, müzəffər Ordu”, “150+5: Sözümüz zəfərlə ucaldı, yaxud tarixin iki böyük qovuşması-2025”, “Zəfərin beşinci qalibiyyət yürüşü”, “Vətən müharibəsinin tarixi zəfəri” sərlövhəli məqalələr dərc olunub.  Ötən il həm də qəzetin şöbə müdiri Ramiyə Əkbərovanın Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış itkin şəhid İbrahim Vəlizadəyə həsr edilmiş “Murovdan gələn səda” adlı kitabı işıq üzü görüb.

Gənclərin, tələbələrin qəzetlə əməkdaşlığı gücləndirilib

Ötən il gənclərin qəzetlə əməkdaşlığına xüsusi diqqət yetirilib, bu sahədə işi daha da gücləndirmək məqsədilə onlarla görüşlər keçirilib. Noyabr ayında Naxçıvan Dövlət Universitetində “Şərq qapısı” qəzetinin baş redaktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Sara Əzimovanın Jurnalistika, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi və Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisaslarında təhsil alan tələbələrlə görüşü əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından yadda qalan olub. Həmçinin Naxçıvan Dövlət Universitetinin “Enactus” komandasının üzvləri qəzet redaksiyasında olub, mətbu orqanın iş prinsipi ilə əyani tanış ediliblər. Həyata keçirilən sosial və innovativ layihələrə media dəstəyinin göstərilməsi, bu sahədə qarşılıqlı əməkdaşlıq imkanları gənclərlə keçirilən görüşdə müzakirə olunub.

Gənclər sahəsində qəzetin apardığı təşviqat işləri öz bəhrələrini verib, yeni əməkdaşlıq körpüləri qurulub. İyunun 11-də Naxçıvan şəhərində keçirilən II karyera sərgisində “Şərq qapısı” öz stendi ilə təmsil olunub və Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisası üzrə III kurs tələbəsi Elnurə Cəfərova qəzetdə işlə təmin olunub. Ümumilikdə, 2025-ci il ərzində “Şərq qapısı” qəzeti redaksiyasında 12 nəfər müvafiq sahələr üzrə əmək fəaliyyətinə başlayıb.

51 nömrə, 4 xüsusi buraxılış

Qəzet 2025-ci il ərzindəki fəaliyyətini redaksiyanın təsdiq olunmuş İş Planına uyğun aparılan dövlət siyasəti, ölkədə baş verən ictimai siyasi proseslər, muxtar respublikanın sosial-iqtisadi, ictimai-siyasi həyatı ilə bağlı müxtəlif mövzularda materialları işıqlandırıb. İl ərzində Ümummilli Lider Heydər Əliyevin zəngin irsi ilə bağlı 40 məqalə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər, rəsmi və işgüzar səfərləri, görüşləri, beynəlxalq əhəmiyyətli tədbirlərdə iştirakı haqqında 150 analitik yazı qəzetdə işıq üzü görüb. Qəzetin 4 may tarixli xüsusi buraxılışı Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın Naxçıvan Muxtar Respublikasına səfərinə həsr olunub. Həmçinin “Leyla və Arzu Əliyevaların Naxçıvan səfəri: tarixə, təbiətə və insana dəyər” sərlövhəli məqalə, muxtar respublikanın tarixi, təbiəti, qorunan dəyərləri ilə bağlı yazılar qəzetin səhifələrində yer alıb.

Qəzetdə ilboyu Qarabağın tarixi, təbiəti və yeni büsatından bəhs edən məqalələr dərc edilib. İşğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq və bərpa işləri ilə bağlı, ümumilikdə, işıq üzü görən materialların sayı 42 olub. “Qərbi Azərbaycana qayıdış” konsepsiyasına uyğun 15 informasiya və məqalə qəzet səhifələrində yer alıb. Eyni zamanda Prezident İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq qəzet əməkdaşları tərəfindən müxtəlif istiqamətləri əhatə edən 97 material hazırlanaraq dərc olunub. Həmçinin İğdır-Naxçıvan qaz kəmərinin açılışı ilə bağlı TBMM-nin İğdırdan olan deputat Cantürk Alagöz və türkiyəli jurnalist Sərdar Ünaldan operativ müsahibələr alınıb. 

2025-ci ildə “Şərq qapısı” qəzetinin 51 nömrəsi işıq üzü görüb. Qəzetin 42 nömrəsi 12 səhifə, 1 nömrə 4 səhifə, 1 nömrə 8 səhifə, 3 nömrə 16 səhifə, 1 nömrə 14, 3 nömrə 20 səhifə həcmində nəşr olunub. Qəzetin il ərzində 4 nömrəsi xüsusi buraxılış olaraq çapdan çıxıb. May ayında qəzetin “Ədəbi nəfəs” adlı 4 səhifəlik ədəbiyyat əlavəsi işıq üzü görüb. Zəruri informasiyaların qəzetin rəsmi internet və sosial şəbəkə hesablarında yerləşdirilməsinə diqqət göstərilib, qəzetin bütün nömrələrinin PDF variantları saytda yer alıb, eyni zamanda PDF variantlar çap mediası məhsullarının elektron yayım platformasına – e-köşkə (e-kiosk.az) yerləşdirilib. Aprel ayında “Telegram”, oktyabr ayında qəzetin rus dilində “Instagram” hesabı açılıb. Qəzetin saytında 16 min 687 material yerləşdirilib. İl ərzində muxtar respublika ilə bağlı materialların rus dilinə tərcümə edilərək qəzetin saytına yerləşdirilməsi təmin edilib. Ümumilikdə, 390 müxtəlif mövzulu material tərcümə edilərək yayımlanıb. Qəzetin baş redaktorunun 20 Yanvar faciəsi ilə bağlı yazısı İtaliya mətbuatında dərc olunub.

Qəzetin saytına aylıq baxış 20 mini ötüb

Qəzetin fəaliyyətində ən böyük nailiyyətlərdən biri də onun sosial şəbəkə hesablarında aktivliyin artırılması və müasir izləyici maraqlarına uyğun gündəmin nəbzini tutan materialların yayımlanmasıdır. Nəticə etibarilə, ötən il mətbu orqanın sosial şəbəkə hesablarına və saytına giriş, materiallara baxış sayı artıb. Qəzetin saytına (serqqapisi.az) aylıq baxış statistikası 20 mini ötüb.

2025-ci ildə “Şərq qapısı” qəzetinin sosial şəbəkə hesabları gücləndirilib, izləyici sayı çoxalıb. “Instagram”da izləyici sayı ötən il 18 min olduğu halda, bu il 24 mini ötüb. Qəzet “Facebook”da 5800, “TikTok”da 26 min 600-dən çox izləyici kütləsinə çatıb.

Son 30 ilin ən böyük uğuru

Milli mətbuatın 150 illiyi çərçivəsində “Şərq qapısı” qəzetinin tarixinə düşən növbəti böyük nailiyyət isə əməkdaşların dövlət təltiflərinə layiq görülməsidir. Belə ki, Naxçıvan Muxtar Respublikasının media nümayəndələrinin təltif edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Sərəncamı ilə qəzetin baş redaktoru və 1 əməkdaşı “Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti” fəxri adına, 3 nəfər “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə”, 1 nəfər “Rəşadətli əməyə görə” nişanları ilə təltif ediliblər.

Bildiyimiz kimi, Prezident İlham Əliyevin 2025-ci il 20 fevral tarixli Fərmanı ilə “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” Azərbaycan Respublikasının yubiley medalı təsis edilib. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən media sahəsinin inkişafında xüsusi xidmətləri olan, bu sahədə səmərəli fəaliyyət göstərən və media ilə əməkdaşlıqda fərqlənən şəxslər yubiley medalı ilə təltif olunublar. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin rəsmi mətbuat orqanı olan “Şərq qapısı” qəzetinin bir qrup əməkdaşı da yubiley medalı ilə təltif olunanlar arasında yer alıb. Xüsusi vurğulamaq yerinə düşər ki, 2025-ci ildə “Şərq qapısı” qəzetinin əməkdaşları ən çox dövlət təltifinə layiq görülərək son 30 ilin ən böyük uğuruna imza atıblar.

2026-cı ildə yeni hədəflərə doğru

2025-ci il ölkəmizin həyatında mühüm, əlamətdar tarixi hadisələrlə yadda qaldı. Prezident İlham Əliyevin həyata keçirdiyi çoxvektorlu xarici siyasət doktrinası və iqtisadi-inkişaf konsepsiyası sayəsində Azərbaycan beynəlxalq miqyasda yeni siyasi qələbələrə, qlobal iqtisadi uğurlara imza atdı. “Şərq qapısı” qəzeti olaraq biz də ölkə başçısının həyata keçirdiyi işləri, tarixi səfərlərinin, verdiyi qərar, sərəncam və fərmanların mahiyyətini ortaya qoyan şərhlərlə, məqalə və analitik yazılarla oxucuların görüşünə gəlməyə çalışdıq.

2026-cı ildə “Şərq qapısı” qəzetinin 105 yaşı tamam olacaq. Bu baxımdan, bu ilin mətbu orqanın əməkdaşları üçün daha məsuliyyətli, daha əlamətdar bir il kimi tarixə düşəcəyini indidən demək mümkündür. Ölkəmizin, o cümlədən Naxçıvanın ictimai-siyasi həyatının bənzərsiz güzgüsünə çevrilmək yolunda inamla addımlayan “Şərq qapısı” qəzeti üçün hər gələn ilin ötən ildən daha məhsuldar, daha uğurlu olması diləyi ilə...

Nail ƏSGƏROV

Nəşr edilib : 06.01.2026 11:47