Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Müasir Azərbaycan dövlətçiliyinin qorunub saxlanılmasında, xalqın taleyinin həllində mühüm rola malik bir neçə tarixi mərhələ vardır ki, həmin mərhələlər bugünkü müstəqilliyimizin, inkişaf və tərəqqi yolumuzun dönüş nöqtələri hesab olunur. Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlı olan bu dönəmlərdən birinin tərkib hissəsi olaraq ölkəmizi əbədi müstəqilliyə qovuşdurmaq baxımından 1991-ci ilin 3 sentyabr təqvimi xüsusi önəm daşıyır. Dahi şəxsiyyətin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildiyi bu tarixi xalqımız öz xilasına aparan yolun başlanğıc günlərindən biri kimi daim hörmət və ehtiramla xatırlayır. Dövlətçiliyimizin laxlamaqda olan sütunlarının bərpa edilməyə başlandığına əminlik yaradan həmin ictimai-siyasi hadisə Ulu Öndərin doğulub boya-başa çatdığı doğma Vətəni Naxçıvanın düşmən təhlükəsindən, aclıq, səfalət girdabından qurtuluşu istiqamətində atılan mütərəqqi addım olaraq da xarakterizə edilir. Tarixi gedişatı diqqətlə nəzərdən keçirəndə aydın olur ki, əslində, görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan dövlətçiliyinin Naxçıvan salnaməsini bir qədər də əvvəldən – 1990-cı ildən yazmağa başlamışdır.
1990-cı il iyulun 22-də doğma Vətəni – canı qədər sevdiyi Naxçıvana qayıdışı ilə Ümummilli Lider müasir, müstəqil Azərbaycan tarixinin ən önəmli səhifələrinin əbədiyaşar müəllifinə çevrildi. Qısa zamanda Naxçıvan milli azadlıq hərəkatının mərkəzi oldu, ölkəmiz müstəqilliyə doğru böyük dönüş yoluna məhz buradan qədəm qoydu. Ulu Öndər minlərlə naxçıvanlının coşqusu, sevgisi, məhəbbəti ilə 1991-ci il 3 sentyabr tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildi. Və ən çətin, məsuliyyətli, eyni zamanda da qürurlu, şərəfli günlər, illər də bundan sonra başladı. Tariximizin qara səhifələrinin üzərindən əbədi xətt çəkilərək qızıl hərflərlə yeni, parlaq səhifələr yazıldı. Dahi şəxsiyyətin yuxusuz gecələrdə, çıraq işartısında qəbul etdiyi və dövlətçiliyin hüquqi bazasını təşkil edən mühüm tarixi qərarlar xalqımızı, sözün əsl mənasında, gün işığına, aydın sabahlara çıxardı.
Ümummilli Lider 1990-1993-cü illərdə Azərbaycanın dövlətçilik tarixi üçün xüsusi önəm daşıyan Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “sovet, sosialist” sözlərinin çıxarılması, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Ali Məclis adlandırılması, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağının Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi təsis edilməsinə və digər mütərəqqi addımların atılmasına nail oldu. Siyasi sabitliyə xidmət edən, ölkəmizi inamlı, etibarlı gələcəyə daşıyan, dünyada qüdrətli söz, mövqe, nüfuz sahibi edən, vahid siyasi platformaya çevrilən Yeni Azərbaycan Partiyasını təsis etdi. Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti dayandırıldı və sovet ordu hissələri bu ərazidən çıxarıldı. Ulu Öndər Heydər Əliyev, həmçinin milli ideoloji məsələləri önə çəkərək bir sıra təxirəsalınmaz tədbirlər gördü və tarixi qərarlar qəbul etdi. İlk növbədə, 1990-cı il 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi haqqında Qərar qəbul olundu. Qərarda 20 Yanvar hadisələrinin mahiyyəti, siyasi və hüquqi əsasları əksini tapdı. Bununla yanaşı, 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi barədə tarixi qərar da məhz dahi şəxsiyyəti yetişdirən torpaqda qəbul olundu. Bütün bunlarla yanaşı, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və tərəqqinin əldə olunması üçün əhəmiyyətli tədbirlər görüldü, eyni zamanda aqrar islahatlar reallaşdırıldı, infrastrukturun inkişafı yönündə xüsusi işlər həyata keçirildi.
Ümummilli Liderimiz Heydər Əliyevin doğma yurdu – Naxçıvanı qarşısında tarixi xidmətlərindən ən mühümü, sözsüz ki, onun muxtariyyətini qoruyub saxlamaq və işğaldan qurtarmaq idi. Muxtar respublikanı blokadanın yaratdığı ağır, dözülməz şəraitdən çıxarmaq, insanları aclıq, səfalət, qıtlıq məngənəsindən xilas etmək üçün gecəsini gündüzünə qatan Ulu Öndər çıxış yolunu məhz Türkiyə ilə əlaqələrin siyasi, iqtisadi cəhətdən daha da möhkəmləndirilməsində görürdü. Uzaqgörən siyasətçi bu məqsədlə 1992-ci il mart ayının 22-dən 24-dək Türkiyəyə səfər etdi və səfər çərçivəsində “Azərbaycana bağlı Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında əməkdaşlıq protokolu” imzalandı. Qısa zamanda Naxçıvanla Türkiyə Cümhuriyyəti arasında gediş-gəlişi təmin etmək məqsədilə Sədərək-Dilucu körpüsünün tikintisinə başlanıldı. Ümummilli Liderin qardaş ölkəyə səfərindən iki ay sonra, daha dəqiq desək, 1992-ci il mayın 28-də arzuların, ümidlərin çiçək açdığı həmin körpü istifadəyə verildi. Beləliklə də, vaxtilə iki qardaşı ayrı salan, həsrət yanğısı ilə əsib-coşan Araz çayı həmin qardaşların vüsalına, birliyinə də vəsilə oldu. Ümummilli Liderimiz Heydər Əliyevin dediyi kimi: “Bu gün bu qocaman Araz çayı üzərində, qədim Türk dünyasında, Azərbaycan torpağında böyük bir tarixi hadisə baş verir. Türkiyə ilə Azərbaycan arasında “Ümid” körpüsü, “Həsrət” körpüsü açılır. Biz azərbaycanlılar, türklər əsrlərboyu Araz çayının o sahilində, bu sahilində dost, qardaş kimi yaşamışıq. Ancaq 70 il bir-birimizlə görüşmək üçün, əlaqə saxlamaq üçün həsrət çəkmişik. 70 il biz bu görüşü həsrətlə gözləmişik. İndi isə bizim bu arzularımız, diləklərimiz gerçəkləşib”.
İnsanların maddi rifah halının yaxşılaşdırılmasına, muxtar respublikanın dünyaya tanıdılmasına, qərbə inteqrasiyasına yol açan bu addım, eyni zamanda həmin dövrdə Sədərək və Şahtaxtı gömrük-keçid məntəqələrinin fəaliyyətə başlaması Naxçıvanın Türkiyənin yaxın vilayətləri ilə iqtisadi, ticarət əlaqələrinin genişlənməsinə, beynəlxalq daşımalara qoşularaq nəqliyyat imkanlarının artmasına da təkan verdi. Beləliklə, ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizi müstəqilliyinə aparan yolun təməl daşlarının atıldığı mübarək türk torpağı Naxçıvanda həm də iki qardaş – Türkiyə və Azərbaycanın əlaqələrində yeni mərhələnin körpüsü salındı.
Ümummilli Liderimiz Heydər Əliyevin məhz Naxçıvandan başlanan xilaskarlıq yolu 1993-cü ildə ölkəmizi böyük qurtuluş yoluna çıxartdı, həyatın bütün sahələrində inkişaf, tərəqqi təmin olundu. Ulu Öndərin ideyalarına sədaqətin nəticəsidir ki, bu gün ərazi bütövlüyü, suverenliyi tam təmin olunmuş, qalib ölkə kimi Azərbaycan beynəlxalq miqyasda əsl siyasi nüfuz, iradə sahibidir. Prezident İlham Əliyevin uzaqgörən, məharətli diplomatiyası sayəsində müharibə meydanında qələbə qazanan respublikamız sülh arenasında da qalibiyyət əldə edib. Bu il avqustun 8-də Vaşinqtonda Azərbaycanla Ermənistan arasında əldə olunan tarixi razılaşmalar Naxçıvan Muxtar Respublikasının Azərbaycanın digər ərazisi ilə nəqliyyat əlaqəsinin təmin olunmasına, Zəngəzur dəhlizinin açılmasına şərait yaratmaqla gələcəkdə bu bölgəmizin iqtisadi yüksəlişinə, ixrac imkanlarının genişlənməsinə səbəb olacaq. Beləliklə, Ümummilli Liderimiz Heydər Əliyevin Naxçıvanın blokadadan tamamilə xilas olaraq tərəqqi və inkişaf diyarına çevrilməsi ilə bağlı ideyaları daha böyük təntənəsini yaşamağın astanasındadır.
Ulu Öndərin ideyaları işığında Naxçıvan:
inkişafın yeni mərhələsi, “yaşıl enerji”, “yaşıl nəqliyyat”
Ümummilli Liderimiz Heydər Əliyevin əsasını qoyduğu siyasi yola sonsuz sədaqət göstərən Prezident İlham Əliyev Naxçıvanın sosial-iqtisadi inkişafı, təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm qərarlar verir, sərəncam və fərmanlar imzalayır. Muxtar respublika böyük inkişaf, tərəqqi yolu keçib, paytaxt Naxçıvan şəhərindən ta ki ucqar dağ kəndinədək müasir təhsil, mədəniyyət, səhiyyə infrastrukturu yaradılıb, ərazinin yüz faizi elektrik və qazla təchiz edilib. Qürurverici haldır ki, ölkəmizin müstəqilliyə qovuşmasında əhəmiyyətli yer tutan Naxçıvan Azərbaycanın haqq savaşına çıxdığı 44 günlük Vətən müharibəsində də mühüm rol oynadı, muxtar respublikadan olan əsgər və zabitlər torpaqlarımızın azadlığının təminində böyük şücaət və qəhrəmanlıq göstərdilər.
2022-ci ilin sonlarından Naxçıvan Muxtar Respublikasının idarəetmə strukturunda aparılan islahatlardan sonra səlahiyyətli nümayəndəlik institutunun yaradılması ilə qədim diyar müasir yüksəlişinin yeni mərhələsinə qədəm qoyub, idarəçiliyin bütün sahələrində şəffaflaşma prosesi aparılıb, ölkə sisteminə inteqrasiya uğurla reallaşdırılmaqdadır. Dövlət başçısı 2023-cü il iyunun 5-də “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi ilə bağlı Sərəncam imzalayaraq Naxçıvanın tərəqqisi naminə yeni yol xəritəsini müəyyənləşdirib. Dövlət Proqramı müəyyən vəzifələrin reallaşdırılmasını, prioritet istiqamətlər üzrə tədbirlərin maliyyələşmə mənbələrini, regionun sosial-iqtisadi inkişafı sahəsində əldə olunacaq hədəf göstəricilərini özündə ehtiva edir. Bu sənəd, ümumilikdə, iqtisadiyyatın inkişafı, o cümlədən əlverişli biznes mühitinin yaradılması, ticarətin, ixracyönümlü sənayenin, kənd təsərrüfatı məhsulları istehsalının və emalının, turizmin, sosial sektorun, insan kapitalının və infrastruktur təminatının inkişafı, elektrik enerjisi istehsalının artırılması, institusional inkişaf, ətraf mühitin mühafizəsinin gücləndirilməsi kimi 11 prioritet istiqamət üzrə fəaliyyətlərin dəstəklənməsini nəzərdə tutur. Dövlət Proqramının icrası ilə yaxın gələcəkdə Naxçıvanın azad iqtisadi zonaya çevrilməsi, burada fəaliyyət göstərən şirkətlər üçün vergi və gömrük güzəştləri, daşıma və digər sahələrdə müvafiq stimullaşdırma tətbiq edilməsi əsas məqsədlərdəndir.
Dövlət başçısının 2023-cü il 30 dekabr tarixli “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı əsasında həyata keçirilən müxtəlif layihələr və tədbirlər Naxçıvanın zəngin mədəni irsinin və müasir nailiyyətlərinin dünyaya tanıdılmasında əvəzsiz rol oynayıb. Eyni zamanda hazırda Naxçıvanda iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin artırılması, diversifikasiyası məqsədilə mühüm layihələr reallaşdırılmaqdadır. Prezident İlham Əliyevin imzaladığı Fərmanla yaradılacaq Naxçıvan Sənaye Parkı gələcəkdə müasir texnologiyaların tətbiqi ilə rəqabətqabiliyyətli məhsul istehsalı, yeni iş yerlərinin yaradılması və sahibkarlığın inkişafı üçün unikal imkanlar açacaq. Bu sənaye parkı sahibkarlara səmərəli fəaliyyət üçün zəruri infrastrukturu təmin edərək Naxçıvanın iqtisadi inkişafına töhfə verəcək, məhsulların xaricə ixracını stimullaşdıracaq.
Ölkə Prezidentinin “Naxçıvanla da bağlı böyük planlarımız var” ideyası üzərində Qarabağ və Şərqi Zəngəzurla yanaşı, Naxçıvanı da “yaşıl enerji zonası” elan etməsi muxtar respublikanın potensial imkanlarından maksimum yararlanmaqla sosial-iqtisadi inkişafı üçün qarşıda mühüm vəzifələr qoyub. Burada günəş və külək elektrik stansiyalarının inşası istiqamətində böyük layihələrin icrası planlaşdırılıb. Naxçıvanın alternativ və bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi, dövlət-özəl tərəfdaşlığı ilə yeni enerji layihələrinin həyata keçirilməsi, yeni istilik elektrik stansiyasının tikintisi nəzərdə tutulur. Eyni zamanda Naxçıvanda “yaşıl nəqliyyat” infrastrukturu yaradılır, elektrik şəbəkələri tam yenilənir ki, bu da yaxın gələcəkdə muxtar respublikada həyatın yeni dönəminin başlayacağından xəbər verir. Beləliklə, vaxtilə işıqsız, qazsız yoxsul məmləkəti xatırladan Naxçıvan bu gün “yaşıl enerji” istehsalı, ixrac potensialına malik tərəqqi diyarına çevrilib. Prezident İlham Əliyevin siyasi qətiyyəti və məharətli diplomatiyası sayəsində tezliklə açılacaq Zəngəzur dəhlizi ölkəmizin bu regionunun blokadasının tamamilə aradan qaldırılmasına, dünya iqtisadi sisteminə uğurlu inteqrasiyasına yol açmaqla onun hərtərəfli inkişafına güclü təkan verəcək.
Ümummilli Liderimiz Heydər Əliyevin ideyaları işığında, Prezident İlham Əliyevin uzaqgörən siyasəti və mütərəqqi addımları ilə qədim diyar Naxçıvanın müasirləşməsi, muxtar respublikanın inkişafı yaxın vaxtlarda daha da bariz, nümunəvi hal alacaq. Nə qədər zaman ötsə də, qədirbilən naxçıvanlılar Ulu Öndərlə birgə keçirdikləri ən çətin anları, günləri unutmur, dahi şəxsiyyətin yoluna sədaqətlə əziz xatirəsini, dəyərli fikirlərini daim hörmət və ehtiramla xatırlayırlar: “Mənim həyatımın müxtəlif səhifələri var. Çox şanlı-şöhrətli, eyni zamanda çox əzab-əziyyətli. Onların hər biri mənim üçün əzizdir. Ancaq 90-93-cü ildə sizinlə bərabər blokada şəraitində ağır vəziyyətdə, çətin vəziyyətdə yaşadığım günlər mənim üçün ən əziz günlərdir və onları heç vaxt unutmayacağam”.
Nail ƏSGƏROV
Digər xəbərlər