NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

15 sentyabr – Bilik Gününü 5-ci ilini qeyd edəcəyimiz qələbəmizin ruhunda, zəfərimizin fonunda bu gün də qürur hissi ilə qeyd edirik

...

“Ölkəmizin hər yerində olduğu kimi muxtar respublikada da 15 sentyabr – Bilik Günü orta və ali təhsil müəssisələrində bayram əhvali-ruhiyyəsində qeyd olunur. Əlbəttə ki, son illərdəki Bilik Günü fərqlidir. Çünki biz artıq 5-ci ilini qeyd edəcəyimiz qələbəmizin ruhunda, zəfərimizin fonunda bu günə qürur hissi ilə başlayırıq”. 
Bu sözləri jurnalistlərə müsahibəsində Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev söyləyib. 
Rektor bildirib ki, ilk dərs günü tanışlıqlarla yadda qalır, tələbələrin, şagirdlərin, müəllimlərin və valideynlərin belə bir harmoniyada görüşü sonrakı təhsil prosesinə müsbət təsir göstərir. Builki  tədris ili ərəfəsində  Prezident cənabİlham Əliyevin işğaldan azad olunmuş ərazilərdə yeni tədris binalarının, məktəblərin açılışını izləməyin qürurunu yaşayırıq. Muxtar respublikada da Bilik Günü yüksək səviyyədə qeyd olunur. Şagird və tələbələr böyük sevinclə öz gələcək karyeralarını etibar etdikləri təhsil müəssisələrinə yollanıblar. Valideynlər üçün böyük qürur hissidir ki, onların övladları ilk kövrək addımlarını atırlar. Bu ali təhsil ocağında əmin əllərdə, etibarlı müəssisədə olduqlarına inanırlar. Təbii ki, bu məsuliyyət bizi hər zaman düşündürür. Valideynlərin bizə etimad etdiyini göstərir, biz də həmin etimadı doğrultmaq üçün səy göstəririk. 
Elbrus İsayev vurğulayıb ki, dövlətimizin qayğısını hər zaman hiss etməyimizdən çox məmnunuq. Belə ki, Naxçıvan Dövlət Universiteti, bütövlükdə, Ulu Öndər Heydər Əliyevin təhsil siyasətinin bəhrəsi ilə inkişaf edir. Ümummilli Liderimiz dörd dəfə universitetimizdə olub və elm ocağının inkişafına böyük qayğı göstərib. Həmçinin cənab Prezident də iki dəfə ali təhsil müəssisəsində olub, burada çıxış edərək tapşırıqlar verib və universitetimizin bir sıra tədris korpuslarının açılışını edib. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişaf proqramında  Naxçıvan Dövlət Universitetinin prioritetlərdə yer alması və bu istiqamətdə dövlət vəsaiti hesabına universitetdə yeniliklərin baş verməsi, kollektivin məsuliyyətini daha da artırır. Bizim tələbə kontingenti son illərdə, demək olar ki, rekord rəqəmlərlə ifadə olunur. Bu gün biz 13 min nəfərə yaxın tələbə kontingenti ilə fəaliyyət göstərən ali təhsil müəssisəsiyik. Tabeliyimizdə olan qurumlar və universitetimizin tələbələrinin 250-dən artıq proqramda təhsil alaraq gələcəkdə cəmiyyətimizə xeyirli bir vətəndaş kimi yetişməsi üçün səylə çalışırıq. Bu tədris ilində də yeniliklərimiz var. Tabeliyimizdə olan Beynəlxalq Kembric Məktəbinin maddi-texniki bazasının, infrastrukturunun yenilənməsi prosesi baş verir. Eyni zamanda bu yaxınlarda universitetimizin kampusunda muxtar respublika üçün innovasiya mərkəzinin açılışını keçirəcəyik. Bu mərkəz birbaşa bizim texnoloji sahədə tələblərimizin, təlimlərin, treninqlərin ehtiyaclarını ödəməklə yanaşı, mühəndislik sahəsində təhsil alan tələbələrimizə maddi-texniki dəstək baxımından çox mühüm əhəmiyyətə malikdir. Universitetimizdə bu il, eyni zamanda təqaüd proqramı ilə mübadilənin təşkil olunmasını genişləndirməyi hədəfləmişik. Biz əminik ki,  eyni zamanda ikili diplom proqramlarında, həm də mübadilə proqramlarında buna nail olacağıq. 
“Naxçıvan Dövlət Universitetinə tələbə qəbulu universitetin yaranmasından bu günə qədər keyfiyyət göstəricisinə görə ən rekord göstərici oldu. Universitetimizə qəbul olunan tələbələrin sayı və faizi üzrə ən yüksək göstərici müşahidə olundu. Eyni zamanda 600-700 intervalında bal toplayanlardan Naxçıvan Dövlət Universitetini seçən tələbələrimizin sayı da rekord həddə çatdı. Ötən il əgər bu rəqəm həmin intervalda 41 tələbəni əhatə edirdisə, bu il 152 nəfərə çatıb. Sevindirci haldır ki, bu ixtisaslar üzrə şaxələnib. Sadəcə, bizim prestejli ixtisaslarımız – hansı ki son illərdə daha çox müşahidə edirdik tibb və hüquq ixtisaslarında – deyil ötən il və builki tədris ilində müəllimlik ixtisasında 600-700 intervalında tələbələrin seçimi bizi daha çox sevindirir. Xüsusilə bu il Riyaziyyat müəllimliyi ixtisasında 600-dən yuxarı bal toplamış tələbələrin gəlişi və onların gələcək hədəfinin məhz riyaziyyat müəllimi olmağını seçməsi bizim üçün gələcəkdə müəllim hazırlığının da keyfiyyətinə öz təsirini göstərəcəkdir.  Eyni zamanda iqtisadiyyat, mühəndis ixtisaslarına tələbə qəbulundakı yüksək nəticələr həm bizi sevindirir, həm də qarşımıza böyük vəzifələr qoyur. Bu il universitetimizdə əcnəbi tələbə qəbulunun coğrafiyası da genişlənib. Bu günə qədər əgər 15 ölkədən tələbə qəbul edirdiksə, bu il 20-dən artıq ölkədən təhsil almaq istəyən tələbə qəbul etmişik. Bu gün ölkə üzrə biz 2 minə yaxın əcnəbi tələbəsi olan lider universitetlərdən sayılırıq. Təkcə bu il 200-dən artıq tələbə qəbulunu həyata keçirmişik və ilin sonuna kimi bu rəqəm dəyişilə də bilər, eləcə də  tədris ilində yeni əcnəbi tələbə gəlişini də gözləyirik. Tələbələrimizin – həm Dövlət İmtahan Mərkəzi xətti ilə universitetimizə qəbul olmuş tələbələrimiz, həm də əcnəbi tələbələrimizin  universitetə müraciəti və keyfiyyət baxımından bu müraciətin yüksələn xətt ilə dinamik inkişafı ali təhsil ocağımıza yaradılmış geniş imkanların, dövlət qayğısının nəticəsində mümkün olur.  Mən universitetimizə daim göstərilən qayğıya görə Qələbəmizin böyük memarı, qalib sərkərdə, eləcə də təhsilimizin böyük himayədarı, qayğıkeşi kimi ölkə başçısına kollektivimiz adından minnətdarlığımı bildirirəm. 
Universitetimizə qəbul olmuş tələbələrimizi və valideynlərini, həmçinin cəmiyyətimizi Bilik Günü münasibətilə təbrik edirəm”, – deyə rektor Elbrus İsayev bildirib.

Elnurə Cəfərova

Nəşr edilib : 15.09.2025 20:44