NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

101 yaşlı Gülşən nənənin arzusu Şərur-Bakı qatarının səsini yenidən eşitməkdir

...

Qədim Şərur elinin İbadulla kəndində bir qoca yaşayır. Bir əsri geridə qoyub ömrünün 101-ci yaşını yaşayan Gülşən Mirzəyeva. On bir övlad böyüdüb, nəvə-nəticə yiyəsi olub. Yada salır keçmişin o çətin günlərini: “1941-1945-ci illər hər kəs kimi mənə də çətin və dözülməz idi. Kəndin bütün başı papaqlıları müharibəyə getmişdi, qadınlar həm kişi, həm də qadın işini görürdü. Bəzən çörək tapılmırdı yeməyə, yayda qurutduğumuz meyvələri qışda isti su ilə isladıb uşaqlara verirdik ki, acından ölməsinlər. İllər keçdi, müharibə bitdi, sonra sovetlər dağıldı və ən böyük müsibət – Qarabağ müharibəsi başladı. Bağrımız qan olsa da, əyilmədik, dözdük. 30 il elə hey qulağımız səsdə qaldı, nə vaxt qayıdar insanlarımız öz yurduna. Allah Heydər Əliyevə rəhmət eləsin, onun böyütdüyü oğul qəhrəmanları başına toplayıb torpaqları azad etdi ermənidən. Şükür Allaha, hər kəs evinə-eşiyinə qayıdır. Hərdən eşidirəm, nəvələrim danışır ki, Bakıya yenə qatarla gedə biləcəyik. Çox sevinirəm, yadıma həmin günlər düşür. Sanki qatarın fit səsini yenə eşidirəm. Xanlıqlarda qatara minərdik çox vaxt Bakıya getmək üçün (əli ilə İbadulla kəndindən heç də uzaq olmayan Xanlıqlar kəndini göstərir). Onun atası da (Heydər   Əliyevi deyir) Naxçıvanı çox sevirdi, bizi ən çətin günlərdən Heydər Əliyev qurtardı. İnan ki, O olmasa idi, biz yaman günə qalmışdıq. Allah Ona rəhmət eləsin, İlham balamın ömürü də su qədər olsun. Allah ömür versə, bəlkə, bir də həmin qatarla, bir də həmin yolu gedərəm”. 

Ramiyə ƏKBƏROVA
 

Nəşr edilib : 08.03.2026 11:17