AZ EN RU

Yaşıllıqlar qoynunda mənalı və zövqlü istirahət etmək istəyirsinizsə...

    Muxtar respublikamızın coğrafi mövqeyi, özünəməxsus iqlimi, fauna və florası, qədim tarixə malik mədəniyyət abidələri burada turizmin inkişafı üçün əlverişli şərait yaradıb. Qədim dövrlərin yadigarı olan təbiət və tarixi abidələr – Möminə xatın, Qarabağlar, Yusif Küseyir oğlu, Gülüstan türbələri, əsrlərdən bəri qorunub saxlanılan, yaşı 800 ildən artıq olan Şərq çinarı, nalbənd, tut ağacları və tarixi yaddaşı özündə əks etdirən qədim insanların ilk məskunlaşdığı yaşayış yeri – Gəmiqaya, Kilit mağarası, bu yerlərin əzəmətinin, məğlubedilməzliyinin simvolu olan Əlincə qalası, möhtəşəmliyi ilə seçilən Haçadağ, misilsiz təbiət abidələri olan Babək qalası, Göy-göl, Əshabi-kəhf diyarımızın turizm potensialının əsasını təşkil edir. 

    Son illərdə muxtar respublikamızda özünü göstərən genişmiqyaslı  quruculuq tədbirləri turizm sahəsini də əhatə etmişdir. Belə ki, şəhər və rayonlarımızda milli və müasir memarlığın nailiyyətlərini özündə cəmləşdirən istirahət parkları istifadəyə verilmiş, həmin ünvanlarda hərtərəfli şərait yaradılmışdır. Belə mərkəzlərdən biri də qədimliyini qoruyaraq bu gün ən müasir bölgələrimizdən birinə çevrilən Ordubad rayonunun Anaqut kəndində ötən ay istifadəyə verilən “Xan Çinar” İstirahət Mərkəzidir. Bu günlərdə yolumuzu Ordubaddan – “Xan Çinar”dan saldıq. Girişdən insanı valeh edən bu mərkəzdə gördüklərimizin təəssüratlarını hələ də yaşayırıq. Diqqətimizi çəkən maraqlı məqamlardan biri mərkəzin girişində fəaliyyət göstərən mağaza oldu. Burada Ordubadın ailə təsərrüfatlarının məhsulları – müxtəlif mürəbbələr, dadlı şirniyyatlar, meyvə quruları qonaqların böyük marağına səbəb olur. 
    İstirahət Mərkəzinin rəhbəri Elxan Hacıyev deyir ki, bu mərkəzin yaradılması muxtar respublikamızda sahibkarlara göstərilən diqqət və qayğının nəticəsidir: – Düzünü desəm, mərkəzin tikintisini apararkən bu qədər rezonans doğuracağını düşünməmişdim. İstifadəyə veriləndən sonra insan axını bizim gözlədiyimizdən daha çox oldu. Hətta o səviyyəyə gəldi ki, artıq qonaqları yerləşdirməkdə çətinlik çəkirik. Ümumi sahəsi 30 min kvadratmetr olan mərkəzdə istirahətin səmərəli təşkili üçün hərtərəfli şərait yaradılıb. Bu işlərin görülməsinə 750 min manat vəsait sərf olunub ki, onun da 150 min manatı Sahibkarlığın İnkişafı Fondundan götürülüb. Mərkəzin 1550 kvadratmetr sahəsində tikinti işləri aparmış, Türkiyə və Çin mənşəli avadanlıqlar quraşdırmışıq. 1230 kvadratmetr ərazidə 2 mərtəbəli 9 kottec, qonaqların istirahəti üçün 220 yerlik söhbətgah, hər biri 10 nəfərlik olmaqla, 4 kupe, 40 yerlik restoran, mətbəx, attraksion, mağaza, iş otağı və digər köməkçi sahələrimiz fəaliyyət göstərir. Bura gələn qonaqlar üçün əlavə özünəxidmət sahələri yaradılıb ki, burada hazır yeməklər istəməyən qonaqlar üçün xoşladıqları yeməyi bişirə və   istədikləri kimi istirahət edə bilərlər. Onu da deyim ki, mərkəzimizdə 20 yeni iş yeri yaradılıb, işçilər nahar yeməyi və xüsusi geyim formaları ilə təmin olunublar. İşıqlandırma sistemi, təhlükəsizlik kameraları, “Wi-Fi”, daxili rabitə quraşdırılıb, ərazi abadlaşdırılıb. Mərkəzimizdə minizoopark da yaratmağı düşünürük. Belə ki, hazırda dovşan, dəvə, dəvəquşu gələn qonaqlarda maraq yaradır. Yaxın gələcəkdə heyvanların sayını artıraraq tovuzquşu, ayı, meymun gətirməyi də nəzərdə tutmuşuq. İnsan axınını nəzərə alaraq gələcəkdə mərkəzin ərazisində beşmərtəbəli otel tikməyi də planlaşdırırıq. Onu da qeyd etmək istəyirəm ki, yaxın gələcəkdə muxtar respublikamızın turizm sahəsində buranın böyük perspektivini görürəm. 
    Bundan əlavə, buradakı boş ərazidə mərkəzin tələbatını ödəmək üçün heyvandarlıq sahəsi də açmaq niyyətindəyik. 
    Burada olduğumuz bir neçə saat ərzində, həqiqətən də, mərkəzə üz tutan qonaqların mənalı istirahətinin şahidi olduq. Onu da qeyd edim ki, təkcə muxtar respublikamızın sakin­ləri deyil, İrandan, Türkiyədən, Azərbaycanın müxtəlif bölgələrindən gələn turistlər də yenicə istifadəyə verilməsinə baxmayaraq, mərkəzə böyük maraq göstərirlər. Tanışlıq zamanı sevilən müğənnilərimizdən Nurlan Ordubadlının da buraya istirahət üçün gəldiyini gördük. Onun Naxçıvan və elə “Xan Çinar” İstirahət Mərkəzi haqqında fikirlərini oxucularımıza çatdırırıq: – 18 ildir, Naxçıvandan uzaq düşsəm də, tez-tez doğma yurduma gəlməyə çalışıram. Və hər dəfə gələndə yeniliklər görürəm. Bu məni çox sevindirir. Diyarımızın turizm imkanlarından səmərəli istifadə edilir. Mən bundan öncə Ağbulaq İstirahət Mərkəzində, Batabatda olmuşam. Deyə bilərəm ki, dünyanın tanınmış istirahət ünvanlarında gördüyüm şəraitdən daha yaxşısını bu gün Naxçıvanda görürəm. Artıq qədim diyarımız bu gün dünyanın bir sıra inkişaf etmiş turizm ünvanları ilə eyni sırada dayanmaq gücündədir. “Xan Çinar” İstirahət Mərkəzi isə məni daha çox sevindirdi. Ana yurdum Ordubadda bu cür şəraitin yaradılması ilə hədsiz qürurlandım. Burada böyüklərlə yanaşı, uşaqların da istirahəti düşünülüb. Və gələn qonaqlar milli mətbəximizin, Ordubad təamlarının dadına baxa bilər. Tezliklə ailəmlə birlikdə yenidən buraya istirahətə gələcəyəm. 
    Daha bir müsahibim isə qardaş Türkiyədən muxtar respublikamıza qonaq gələn Fərdi Tezcan. O deyir ki, istirahətimiz çox gözəl keçir. Naxçıvan çox böyük zənginliklərə malikdir. Ailələrimizlə birlikdə tez-tez Naxçıvana istirahətə gəlirik. Bu gün isə Ordubadın gözəlliklərinə heyran olmuşam. Bu istirahət mərkəzi dağların qoynunda yerləşdiyindən daha çox diqqətimi çəkib. İstirahət üçün ideal məkandır. Müşahidə edirəm ki, qonaqların marağı da çoxdur. Kənd turizmi mənim ən sevdiyim istirahət növlərindən biridir. Və burada əsl kənd turizminin şahidi oldum. Qayıdanda bütün dostlarıma bura gəlməsini məsləhət görəcəyəm. 
    Yazımızın əvvəlində sahibkarın verdiyi məlumatdan da göründüyü kimi, burada uşaqlar üçün də geniş istirahət, əyləncə şəraiti yaradılıb. Uşaqlar dünyanın sevinc payıdır. Elə onların əylənərkən necə sevindiklərini görüb uşaqlara yaxınlaşırıq. 7 yaşlı balaca müsahibimiz Əkbər Quliyev deyir ki, o, Naxçıvan şəhərindən ailəsi ilə buraya gəlib. Şəhərdə fəaliyyət göstərən əyləncə mərkəzlərindəki attraksionlara maraqgöstərən Əkbər buraya könülsüz gəlib, lakin burada uşaqlar üçün hər şeyin olduğunu görüb, çox sevinib. Özündən kiçik bacısı ilə birlikdə çox əyləndiyini deyən balaca dostumuz atasından onları buraya tez-tez gətirməyini xahiş edəcəyini bildirdi. 

    Bəli, dəyərli oxucular! Həqiqətən də, muxtar respublikamızın ən ucqar bölgələrində belə bir ideal şəraitin yaradılması qürurverici olmaqla yanaşı, ürəkaçandır. Burada istirahət edən vətəndaşlarımızın xoş təəssüratları isə sevincimizə sevinc qatdı. Yol uzaq, vaxtımız az olduğundan artıq şəhərə geri qayıtmalı idik. Qayıdarkən isə ürəyimdən vətənsevər şair Hüseyn Əzimin bu misraları keçdi:
    Şair, gəzə-gəzə aranı, dağı,                       Yolunu gözləyir çəməni, bağı,
    Bir gün də sən bizim Ordubada gəl!     Üzümü, əriyi dada-dada gəl!

Telli MƏMMƏDOVA

Nəşr edilib : 10.06.2022 20:52