AZ EN RU

Gigiyena və epidemiologiya şöbələri işlərini günün tələbləri səviyyəsində qurur

    Gigiyena və epidemiologiya şöbələrinin əsas fəaliyyəti əhalinin sağlamlığının qorunması, infeksion, parazitar xəstəliklərin və kütləvi qida zəhərlənmələrinin qarşısının alınması profilaktik tədbirlərin həyata keçirilməsindən ibarətdir. Muxtar respublikamızda hər bir sahədə olduğu kimi, bu sahəyə də xüsusi diqqət göstərilir, həyata keçirilən səhiyyə islahatlarının tərkib hissəsi kimi gigiyena və epidemiologiya tədbirlərinə ciddi önəm verilir. Bunun ifadəsidir ki, Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya mərkəzinin və onun rayon şöbələrinin səmərəli fəaliyyəti təmin edilib, həmin təşkilatlar üçün yeni binalar istifadəyə verilib, avadanlıqlar alınıb, müasir laboratoriyalar qurulub.

    Bu sahədə görülən işlər, xüsusilə gigiyena və epidemiologiya sahəsində idarəetmənin təkmilləşdirilməsi, mütəmadi dezinfeksiya işlərinin aparılması və təmizliyə diqqətin artırılması yoluxucu xəstəliklərin yayılmasının qarşısını almışdır. Dünyada pandemiya halını almış virusun muxtar respublikada geniş yayılmaması və epidemioloji vəziyyətin sabit olması da həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2022-ci il 15 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında gigiyena və epidemiologiya sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı 2022-2025-ci illər üzrə Dövlət Proqramı” isə adıçəkilən məsələlərin həllində böyük əhəmiyyətə malik olan dövlət sənədidir. Fevral ayının 25-də Naxçıvan Muxtar Respublikası Ali   Məclisində keçirilən müşavirədə Ali Məclisin Sədri cənab Vasif      Talıbov demişdir: “Naxçıvan Muxtar Respublikasında gigiyena-epidemiologiya və baytarlıq təbabəti sahəsində Dövlət proqramlarının qəbul olunması, həyata keçirilən qabaqlayıcı profilaktik tədbirlər sağlam ətraf mühit və sağlam qida təminatına imkan verir. Həyata keçirilən tədbirlərin nəticəsidir ki,  hazırda muxtar respublikada sanitar-epidemioloji vəziyyət sabitdir”.

    Proqramda qarşıya qoyulan vəzifələrin və müşavirədə verilən tapşırıqların bölgələrimizdə icrası, konkret olaraq, Şahbuz Rayon Gigiyena və Epidemiologiya Şöbəsində həyata keçirilməsi ilə maraqlanmaq üçün ötən günlərdə yolumuzu bu ünvandan saldıq. Şöbənin müdir əvəzi Hüseyn Səfərovla söhbətimiz zamanı bildirdi ki, muxtar respublikada həyata keçirilən sosial- iqtisadi islahatlar, aparılan kompleks quruculuq işləri Şahbuz rayonunda da geniş vüsət alıb. Ötən il yanvar ayının 19-da istifadəyə verilən Şahbuz Rayon Gigiyena və Epidemiologiya Şöbəsində yaradılan müasir iş şəraiti məsuliyyətimizi daha da artırıb.

    Binanın açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali     Məclisinin Sədri cənab Vasif Talıbov çıxış edərək deyib: “Bu gün Şahbuz Rayon Gigiyena və Epidemiologiya Şöbəsi üçün müasir iş otaqları istifadəyə verilir. Şahbuz rayonu 1930-cu ildə yaradılıb. Bu illər    ərzində rayon böyük inkişaf yolu keçib, təşkilatlar formalaşıb. Rayonun ötən illərdə inkişafına töhfə verən təşkilatlardan biri də Gigiyena və Epidemiologiya Şöbəsidir. Şöbənin kollektivi tərəfindən rayonda epidemioloji vəziyyətə daim nəzarət olunur, əhali arasında maarifləndirici tədbirlər aparılır. Şahbuz rayonunda 1 şəhər, 1 qəsəbə və 22 kənd vardır. Rayonda 25 mindən çox əhali yaşayır. Əhalinin gigiyenik qaydalara əməl etməsi ilə bağlı maarifləndirmə işlərinin aparılması, eyni zamanda ərazidə epidemioloji vəziyyətə nəzarət üçün şöbənin iş şəraitinin müasirləşdirilməsinə ciddi ehtiyac vardı. Dünyada baş vermiş epidemioloji vəziyyət gigiyena və epidemiologiya sahəsinin nə qədər vacib olduğunu göstərdi. Bütün bunlar nəzərə alınaraq 2020-ci ildə muxtar respublikada bu sahədə struktur dəyişikliyi edilərək Naxçıvan Muxtar Respublikasında Gigiyena və Epidemiologiya Mərkəzi, rayonlarda isə şöbələri yaradıldı. Şahbuz rayonundakı şöbə 26 ştat vahidi ilə fəaliyyətə başladı”.
    Şöbə ilə tanışlıq zamanı öyrəndik ki, şöbədə müdir, epidemioloq, sterilizasiya və dezinfektor otaqları, epidemioloji, bakterioloji, parazitoloji, ümumi sanitariya laboratoriyaları, bufet və anbar vardır. 
    Şöbə nitratometr, dozimetr, PH- metr, termohiqrometr, binokulyar mikroskop, avtoklav, distilyator, sentrifuqa, analitik tərəzi, quruducu və soyuducu şkaflar, həmçinin köməkçi tibbi ləvazimatlarla təmin edilmişdir. Kollektiv də yaradılan  yüksək şəraitdən istifadə edərək üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışır.
    Şöbənin maddi-texniki bazasının gücləndirilməsi sayəsində bu istiqamətdə görülən işlərin səmərəliliyi də əvvəlki illərdən fərqli olaraq xeyli artırılıb. Dövlət qayğısına əməli işlə cavab verməyə çalışan kollektiv üzvləri yaradılan şəraitdən istifadə edərək öz işlərini məqsədyönlü şəkildə həyata keçirirlər. Onlar tərtib olunmuş iş planına əsasən rayonun yaşayış məntəqələrində reydlər keçirir və əhali arasında maarifləndirici söhbətlər aparırlar. 
    Belə ki, şöbənin əməkdaşları tərəfindən tez-tez müxtəlif obyektlərdə dezinfeksiya işləri həyata keçirilir.  
    Öyrəndik ki, rayonun ərazisindəki su mənbələrində, məişət tullantılarının atıldığı ərazilərdə, yaz-yay mövsümündə yaylaqlarda kollektiv tərəfindən dərmanlama işlərinin həyata keçirilməsinə ciddi önəm verilir. Görülən işlər mütəmadi xarakter aldığından rayon ərazisində epidemioloji vəziyyət də sabit qalır və heç bir neqativ hal yaranmır. Təkcə iyun ayının 1-dən 10-dək olan dövrdə 161 obyektə 230635 kvadrat sahədə mağaza və ticarət mərkəzlərində dezinfeksiya işləri aparılıb. 
    Müsahibim onu da bildirdi ki, infeksion xəstəliklərin yaranması hallarına daha çox yaz və yay aylarında təsadüf olunur. Ona görə də, əsasən, həmin fəsillərdə epidemioloji tədbirləri mütəmadi olaraq həyata keçiririk. Çalışırıq ki, açıq su hövzələrində, su mənbələrində, həmçinin şəhərimizə gələn su kaptajlarında xlorlu əhənglə dərmanlama işləri də həyata keçirilsin. Həmçinin mağazalarda satılan məhsulların keyfiyyətinə və istifadə müddətinə ciddi nəzarət olunur. Dezinfeksiya və dezinseksiya işlərinin aparılmasını diqqət ində saxlayırlar.
    Son olaraq qeyd etməyi lazım bilirəm ki, dünyada mövcud problemlərin muxtar respublikamıza, necə deyərlər, “girişinin” qarşısının alınması üçün görülən məqsədyönlü tədbirlər öz bəhrələrini verib. Bunu elə Şahbuz rayonunun timsalında da görmək olar.

Telli MƏMMƏDOVA

Nəşr edilib : 19.07.2022 19:49