AZ EN RU

Gənclər Vətənin işıqlı sabahı, nurlu gələcəyidir

Gəncliyimiz, gələcəyimiz

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev fevralın 2-də  Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda deyib: “Bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır. Gənclərin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir və əlbəttə ki, yeni nəslin vətənpərvərlik ruhunda, dövlətə sədaqət əsasında yetişdirilməsi Heydər Əliyevin xidmətləri arasında önəmli yer tutur”. 

    Əlbəttə ki, bu gün özünün yüksək inkişaf mərhələsini yaşayan  dövlət gənclər siyasəti ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimiz ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə sağlamdüşüncəli gənc nəslin yetişdirilməsini, gənclərin ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini diqqət mərkəzində saxlamışdır. 

    Muxtar  respublikada  da dövlət gənclər siyasəti uğurla həyata keçirilir. Gənc nəslin sağlam, bilikli və vətənpərvər ruhda böyüməsinə ciddi önəm verilir, onların cəmiyyətin bütün sahələrində fəal iştirakı təmin olunur. Gənclərə böyük qayğının ifadəsidir ki, muxtar respublikada Gənclər Mərkəzi, elektron kitabxanalar, yeni məktəb binaları, mədəniyyət evləri, ali təhsil müəssisələri üçün yeni tədris korpusları, olimpiya idman kompleksləri, idman mərkəzləri və digər obyektlər tikilərək onların istifadəsinə verilmişdir. Bütün bunlar isə gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşması, sosial problemlərinin həlli və məşğulluqlarının təmin olunması baxımından mühüm əhəmiyyətə malikdir. 
    Muxtar respublikanın ictimai həyatında fəal iştirak edən istedadlı gənclərdən biri də Əziz Qasımovdur. Məlumat üçün qeyd edək ki, Əziz  1996-cı ildə Naxçıvan şəhərində anadan olub. Orta təhsilini başa vurduqdan sonra 2017-ci ildə Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasını, 2019-cu ildə Naxçıvan Dövlət Universitetinin Dövlət hüququ ixtisaslaşması üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. Təhsil aldığı illərdə universitetin ictimai həyatında fəal iştirak edib, bir çox layihənin rəhbəri, ideya müəllifi, təşkilatçısı olub. Respublikamızın müxtəlif bölgələrində keçirilən intellektual yarışlarda Naxçıvanı və Naxçıvan Dövlət Universitetini təmsil edən komandaların üzvü kimi iştirak edib. Elmi və ictimai işlərdə fəallığı qiymətləndirilib. Belə ki, 2018-ci ildə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin fəal gənci” mükafatına, 2019-cu ildə isə Naxçıvan Dövlət Universitetində “İlin magistrantı” fəxri diplomuna layiq görülüb. Magistr təhsili aldığı dövrdə 2 elmi məqalənin və  2 publisistik məqalənin müəllifi olub. Onun hazırladığı “Gənclərin aktivliyinə psixoloji dəstək təlimləri”, “Zəka sənsən” məntiq olimpiadası, “Hüquq günləri”, “Üstün zəka” intellektual oyunu, “Muxtariyyət-95” intellektual oyunlar üzrə çoxnövçülük turniri kimi layihələri yüksək dəyərləndirilib. Əziz, həmçinin 2019-cu ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın elan etdiyi startap müsabiqəsinin qalibi olub. Hərbi xidməti başa vurduqdan sonra 2020-ci ildən Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri kafedrasında pedaqoji fəaliyyətə başlayıb. Tədris etdiyi  fənləri elmi və metodik cəhətdən yüksək səviyyədə quran Əziz müəllim 2 elmi və 2 ictimai-siyasi mövzuda məqalənin müəllifidir. Bir respublika elmi konfransında və bir beynəlxalq forumda iştirakı da onun fəallığının göstəricisidir.
    Əziz Qasımov 2021-ci ilin yanvar ayında Naxçıvan Dövlət Universiteti Tələbə-Gənclər Təşkilatının sədri seçilib. Təşkilatın sədri kimi “Oxunması zəruri olan kitablar”, “Naxçıvan Dövlət Universiteti tələbə təşkilatları” mobil tətbiqi, Naxçıvan Muxtar Respublikasının ali təhsil müəssisələrinin tələbələri arasında I regional hüquq, Siyasi biliklər olimpiadası, Tələbə- Gənclər Təşkilatı Könüllüləri pro­qramı, “Xarıbülbül” kuboku uğrunda “Nə? Harada? Nə zaman?” intellektual oyunu, “Gənclərin qrafologiya məktəbi”, “Söz sənətinin dahisi – Nizami” mövzularında tələbələrarası təqdimat müsabiqəsi kimi yeni layihələr Əzizə uğurlar gətirib. Universitetin Tələbə-Gənclər Təşkilatı 28 dekabr 2021-ci ildə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu tərəfindən keçirilən ilin yekun tədbirində “İlin ən yaxşı tələbə-gənclər təşkilatı”, həmçinin Azərbaycan Respublikası Gənclər Fondu və Azərbaycan Tələbə-Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə Bakı şəhərində 2 fevral – Gənclər Gününə həsr olunmuş Tələbə-Gənclər Təşkilatlarının I strateji planlaşdırma forumu çərçivəsində 2021-ci ildə ölkədə ictimai və sosial əhəmiyyətli, o cümlədən könüllü fəaliyyətin təşkili və bu fəaliyyətin həyata keçirilməsində fəal iştirakına görə Naxçıvan Dövlət Universiteti Tələbə-Gənclər Təşkilatı “İlin ən yaxşı Tələbə-Gənclər Təşkilatı” nominasiyası üzrə mükafatlandırılıb.
    Onun fəaliyyətinə ən böyük qiymət isə Prezident cənab İlham Əliyevin fevralın 1-də 2022-ci il gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncamına əsasən  Əziz Qasımovun da gənclər siyasəti və gənclərlə iş sahəsi üzrə fərqləndiyinə görə Prezident mükafatına layiq görülməsidir.
    Müsahibim Əziz Qasımovla uğur təəssüratlarını bölüşürük. O deyir ki,  ölkə başçısı tərəfindən mükafat almaq çox qürurlu bir hissdir, eyni zamanda böyük məsuliyyətdir. Ona görə də kim bu mükafata layiq görülübsə, bu etimadı doğrultmağa çalışmalıdır. Mən bu mükafatı təkcə mənə verilən dəyər deyil, eyni zamanda Naxçıvan Muxtar Respublikasının gənclərinə verilən dəyər hesab edirəm. Onu da qeyd edim ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis olunan 2 fevral – Gənclər Gününün 25 illiyi münasibətilə cənab Prezidentin gənclərlə görüşünü çox maraqla və diqqətlə izlədik. Bu görüşün təəssüratlarını gənclərimiz uzun müddət unutmayacaq. Bu görüş Azərbaycan gənc­liyinin gələcək fəaliyyətində, dünyagörüşündə və düşüncəsində yeni yanaşmalara yol açacaq, eyni zamanda onlar üçün bir strateji yol xəritəsi rolunu oynayacaq. 
    Həmsöhbətim onu da vurğuladı ki, 5 fevral 2022-ci il tarixdə  Azərbaycan Respublikasının gənclər və idman naziri  Fərid Qayıbovun Naxçıvan şəhərində gənclər və idman ictimaiyyətinin nümayəndələri ilə görüşü də hər birimiz üçün yaddaqalan oldu. Görüşdə çox doğru olaraq deyildi ki, Naxçıvan gəncliyi hər zaman novator və kreativ gənclik kimi tanınıb. Son illər gənclərin muxtar respublikanın ictimai-siyasi, iqtisadi-mədəni həyatında fəal iştirakı, sosial problemlərinin həll edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq Dövlət proqramlarının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə onların irəli çəkilməsi və xidmətlərinin qiymətləndirilməsi bu istiqamətdə atılan mühüm addımlardandır.  
    Müsahibim qürurqarışıq sevinc hissi ilə dedi: “Bu gün mənim üçün fəxrdir ki, mən məhz məzun olduğum Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərirəm. Təhsil aldığım müddətdə burada yaradılan şərait, bizə göstərilən dövlət qayğısı, hələ tələbə ikən istedadlı gənclərin fəaliyyətinin yüksək qiymətləndirilməsi, ictimai işlərdə iştirak etməyimiz bizim üçün həmişə böyük stimul olub. Məzun olduqdan sonra belə bir ali təhsil ocağında işlə təmin olunmağım muxtar respublikada ixtisaslı gənc kadrlara göstərilən yüksək qayğının nümunəsidir. Fəxr edirik ki, ötən il universitetimiz ilin ən yaxşı universiteti, rektor Elbrus İsayev isə ilin ən yaxşı rektoru seçilib.  Biz də  inanırıq ki, Naxçıvan gəncliyi bundan sonra da yaradılan şəraitdən səmərəli istifadə edəcək, onlara göstərilən etimadı doğruldacaqdır”. 
    Bu, bir reallıqdır ki, müstəqillik illərində gənclərimizin intellektli, müasir dünyagörüşlü, ən əsası isə cəmiyyətə yararlı, layiqli vətəndaş kimi yetişməsi üçün istənilən şərait yaradılıb. Hərtərəfli dövlət qayğısı zəkalı, istedadlı, təşəbbüskar gənc­liyin parlaması üçün geniş üfüqlər açıb. Biz gəncliyə isə bu qayğını layiqincə dəyərləndirmək, Vətənə, dövlətçiliyimizə sədaqətlə, mənsub olduğumuz sahədəki əzmkar və təşəbbüskar fəaliyyətimizlə göstərilən etimadı doğrultmaq qalır.
    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Bu gün bizim qarşımızda bir vəzifə durur: mənəviyyatca təmiz, intellektli və vətənpərvər gənclər yetişdirmək. Gənclərin bir yolu var. Bu yol ölkə Prezidenti tərəfindən uğurla davam etdirilən Heydər Əliyev yoludur. Hər bir gənc yaradılan yüksək şəraitdən və göstərilən dövlət qayğısından bəhrələnərək Vətəni və xalqı üçün layiqli vətəndaş olmağa çalışmalı, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməli və ona göstərilən etimadı doğrultmalıdır”.  

Aytac CƏFƏRLİ

Nəşr edilib : 18.02.2022 22:18