AZ EN RU

Bir çox dərdin dərmanı: şaftalı

    Muxtar respublikamızda meyvəçilik ənənəvi, eyni zamanda əsas kənd təsərrüfatı sahələrindən sayılır. Tərkibi müxtəlif vitaminlərlə zəngin olan meyvələrin insan orqanizminə faydalarını və meyvə ağaclarının ətraf mühitə ekoloji, estetik təsirini nəzərə alsaq, bu sahənin nə qədər əhəmiyyətli olduğunu görərik. Bu səbəbdən də meyvəçilik uzun illərdən bəri diyarımızın ən böyük bölgələrindən biri sayılan Şərur rayonunda da insanların əsas məşğuliyyət növü olub, onların güzəranının yaxşılaşdırılmasında əsas təsərrüfat sahələrindən birinə çevrilib. 

    Rayonda yetişdirilən müxtəlif sort meyvələr diyarımızdan kənarda da özünə xeyli alıcı qüvvəsi toplayıb. Bölgədə, əsasən, yerli meyvə sortlarının becərilməsinə üstünlük verilib. Xalq seleksiyası yolu ilə yetişdirilən meyvələr bir sıra dərdlərə dərman olub. Həmin meyvələr içərisində şaftalı xüsusi yer tutur. Rayonda bu meyvəni əkib-becərənlər çoxdur. Bu meyvəyə “hülü” də deyirlər. Rayonun bütün kəndlərində, ən çox isə Aşağı Daşarx, Danyeri, Yuxarı Daşarx, Oğuz, Xanlıqlar, Zeyvə, Düdəngə, Siyaqut kəndlərində yetişdirilir. Burada şaftalı bağlarının sahəsi ilbəil genişləndirilir. Meyvəçiliyin inkişafı ilə bağlı qəbul edilmiş Dövlət pro­qramları isə bu sahədə şərurlulara daha böyük stimul olub. Bunu Naxçıvan-Sədərək magistralının Şərur rayonu ərazisindən keçən yol kənarlarında gözoxşayan meyvə bağları, tingçilik təsərrüfatları da sübut edir. Onu da vurğulamaq lazımdır ki, rayonda həm də bacarıqlı və təcrübəli bağbanlar yetişib. Bu da rayonda meyvəçiliyin inkişafına öz töhfəsini verir.

    Artıq bir neçə müddətdir ki, həmin məhsulun yığımına başlanılıb. Naxçıvan-Sədərək avtomobil yolundan keçənlər yolboyu istədikləri təsərrüfatdan bu ətirli meyvədən alıb dadına baxa bilirlər. Belə təsərrüfatlardan biri də Dərəkənd sakini Muraz Məmmədzadəyə məxsusdur. Onunla min bir zəhmətlə başa gətirdiyi şaftalı bağında həmsöhbət oluruq. Öyrənirəm ki, burada həm yay, həm də payız aylarında yetişən yerli növlər mövcuddur. Artıq üç həftədir ki, məhsul yığımına başlanılıb. İndiyə qədər 2 hektar bağdan  35 tondan artıq şaftalı tədarük edilib. Müsahibim deyir ki, şaftalıya yerli bazarda böyük tələbat olduğundan satışında çətinlik yaranmır. Onun sözlərinə görə, şaftalı digər meyvələrlə müqayisədə daha çox qulluq tələb edir. Bağdakı tinglərin növləri arasında “zəfəran” sortu üstünlük təşkil edir. Bu növün qeyri-adi ətri var. Meyvənin iki çeşidi daha məşhurdur. Ağımtılı şirin, sarımtılı isə ətirli olur. Təsərrüfat başçısının sözlərinə görə, bol məhsul əldə etmək üçün ağaclara ilboyu qulluq lazımdır. Ağacların gövdəətrafı vaxtaşırı yumşaldılmalı, lazımi minerallar uyğun miqdarda verilməli, dərmanlama vaxtında aparılmalıdır: – Ötən il olduğu kimi, bu il də məhsulumuz boldur. Bazara çıxarmaqda da heç bir çətinliyimiz yoxdur. Həftəsonu yarmarkalarla yanaşı, məhsulu elə gəlib bağdan alıb aparanlar da çox olur. Şaftalıdan mürəbbə, marmelad, cem, kompot hazırlamaqla bərabər həm də onu qurudurlar. Muraz kişi onu da deyir ki, əkib-becərdiyi bağdan hər il bol məhsul əldə etmək üçün daha məhsuldar və tələbat çox olan şaftalı növlərini artırır. 
     Yay meyvələrindən ən dadlı və ən şirini olan şaftalının faydalarını saymaqla bitməz. Mütəxəssislərin fikirlərinə istinadən deyə bilərik ki, şaftalı orqanizmin normal fəaliyyəti üçün əhəmiyyətli olan vitaminlər, minerallar və digər zəruri maddələrlə zəngin meyvədir. Tərkibində müxtəlif turşular və vitaminlər, kalsium, kalium, maqnezium, dəmir, manqan, fosfor, sink, selen vardır. Bu meyvə həzm sisteminə çox xeyirlidir. Meyvənin tərkibində olan qida lifləri suyu mənimsəyir, bir sıra xəstəliklərin qarşısını alır, böyrəklərdə daşların həll olmasına kömək edir. Həmçinin şaftalının tərkibindəki maqnezium insanı stress və həyəcandan qoruyur, sinir sisteminin, askorbin turşusu və sinklə zəngin olduğuna görə immun sisteminin sağlam olmasına kömək edir. Meyvənin qabığında və lətində olan fenol birləşmələr isə ürək-damar sistemi xəstəliklərinin inkişaf riskini azaldır, ziyanlı xolesterinin səviyyəsini aşağı salır, tərkibindəki bioloji aktiv komponentlər artıq çəki ilə mübarizə aparmağa kömək edir. 
    Bu gün muxtar respublikamızda hər sahədə olduğu kimi, meyvəçiliyin inkişaf etdirilməsinə də geniş imkanlar açılıb. Dövlət qayğısından bəhrələnən hər bir torpaq adamı öz təsərrüfatında istədiyi meyvəni yetişdirə bilir. Bu isə yerli bazara başqa yerlərdən gətirilən və genofondu dəyişdirilmiş meyvələrin qarşısını alır. Bundan isə həm bağbanlarımız qazanır, həm də muxtar respublika sakinləri.

 Aytac CƏFƏRLİ

Nəşr edilib : 03.08.2022 19:14