İki küçənin ayrıcında dayanmışam. Qış ayı olsa da, səmada günəşin hərtərəfli şüaları küçəni bir qədər isidib. Hərarətli günəş qüruba doğru əyildikcə sanki küçəni bir qədər işıqlandırır. Elə bil dar döngələrin tarixinə işıq tutaraq, onları da diqqətlə izləməyə çağırır. Elə bu işığın fonunda, önündə dayandığım məhəllənin dünəni aydın görünür. Divarlarda günəş şüaları əks olunduqca onların arxasında yatan tarix dil açıb danışır. Burada yaşayan haylı-küylü günlər, insanlar, ömürlər...Elə bil qulağıma səs gəlir. 2 əsrlik yaşı olan məhəllənin insanlarının addım səsləri...Hər addım da bir tarix danışır. Bu addımlarda acılı-şirinli xatirələrə sığınan yaddaqlan ömür yollarının illəri var. Gəzdikcə ayaqlarımla toxunduğum tozların, çınqılların qəlibləşən 2 əsrlik addım izləri, saymaqla bitməyən o illərin mənə yaşatdığı duyğuları dərindən hiss edirəm... Saysız-hesabsız insanlara qucaq açıb onları yaşadan, böyüdən, daşlaşan tarixin tarixi yaddaşlarına şahidlik edən elə Sarvanlar məhəlləsinin girişində, məhəllə haqqında araşdırdığım və öyrəndiklərimi diqqətinizə çatdırıram: Başlayaq, 1980-ci ildə “Mədəni maarif” jurnalında dərc olunan, filologiya elmləri namizədi Əli Əliyevin “Naxçıvan şəhərində məhəllə adları” başlıqlı məqalədə Sarvanlar məhəlləsi haqqında yazılanlarla. Jurnalda yazılır: “Sarvanlar məhəlləsi ilk sakinlərinin-sarvanlar qəbiləsinin etnik adını daşıyır. Qərbi Azərbaycanın Zəngibasar bölgəsində Sarvanlar kəndi və Sarvanlar elinin adı ilə bağlıdır. Sarvanlar lap qədimdən dəvəçiliklə məşğul olduğundan onlara sarvanlar deyiblər. Naxçıvan şəhərindəki “Dəvə yatağı” adlı yer də bu fikri təsdiq edir. Naxçıvana basqın zamanı qənimətlərlə yanaşı çoxlu dəvə karvanları da ələ keçirmişlər. Həmçinin “Kitabi-Dədə Qorqud” dastanında təsvir edilən oğuz ellərində qatar-qatar dəvələr ən yaxşı var-dövlət sayılırmış”. Naxçıvan ensiklopediyasından isə öyrənirik ki, məhəllə şimaldan Sallaqxana, cənubdan Gomayıl məhəllələri ilə qonşu olub. Şəxsi təsərrüfat sahələrində tut, ərik, qoz ağacları və nar kolları becərmişlər. Məhəllənin adı haqqında arxiv materiallarının 1831-ci ilə aid kamerial siyahısında da vuğulanır ki, şəhər ta qədimdən 4 əsas hissəyə bölünür. Sarvanlar, Şahab, Əlixan, Qurdlar. Güman ki, adıçəkilən bu tayfa daha çox dəvəçiliklə məşğul olduğu üçün sarvanlar adlandırılıb. XX əsrin arxiv məlumatlarından o da aydın olur ki, daha çox dəvəçilik, arabaçılıq, faytonçuluqla məşğul olublar burada yaşayan sarvanlılar.