30 May 2020, Şənbə

Bu gün ölkəmizdə ictimai maraqları naminə təmənnasız əmək sərf edən insanların sayı yüzlərlədir. Onlar könüllülük fəaliyyətinə qoşulmaqla insan hüquq və azadlıqlarının, qanunçuluğun, sülh mədəniyyətinin, tolerantlığın, mədəni tarixi sərvətlərin qorunması, sağlamlıq imkanları məhdud şəxslərə, əhalinin aztəminatlı təbəqəsinə, qocalara, qaçqın və məcburi köçkünlərə kömək edilməsi, yeniyetmə və gənclərlə işlərin aparılması, ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın saxlanması, təbliği kimi müxtəlif sahələrdə vahid niyyət ətrafında birləşirlər. Bu fəaliyyətlə təmənnasız məşğul olan şəxslər “könüllülər” adlanır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin “Könüllülər ili” elan olunması ölkəmizdə, eləcə də onun ayrılmaz hissəsi olan muxtar respublikamızda da könüllülüyün yeni mərhələsinin inkişafına, təşəbbüskar, innovativ düşüncə tərzli və müasir dünyagörüşlü gənclərin formalaşmasına imkanlar açacaq.

 Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyevlə “Könüllülər ili”nin muxtar respublikamız üçün əhəmiyyəti, diyarımızda könüllülük fəaliyyəti barədə həmsöhbət olduq. Cəbi müəllim qeyd etdi ki, ölkəmizdə könüllülük fəaliyyətinin tarixi çox qədimdir. Bu zaman-zaman xalqımızın məişətində, adət-ənənələrində, mədəniyyətində öz əksini tapıb. Bu gün könüllülük Azərbaycanda kamillik zirvəsinə doğru yol alıb. Xüsusi qeyd etmək istəyirəm ki, ölkədə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin doğma diyarımızda uğurla davam etdirilməsinin nəticəsidir ki, gənclərimiz həyatın müxtəlif sahələrində sosiallaşa, kommunikativ imkan və bacarıqlarını artıra, ölkəmizin ictimai-siyasi və mədəni həyatında fəal təmsil oluna bilirlər. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamının icrası istiqamətində həyata keçirilən tədbirlər muxtar respublikada könüllülük fəaliyyətinin təşviqinə marağı artırıb. Bu işdə Gənclər Fondu da xüsusi rol oynayır. Artıq fondun könüllülük proqramının iştirakçılarının sayı 400-ü keçib. Fond 4 platforma üzrə könüllülərlə işləyir və bu platformaların sayını artırmağa çalışır.
Cəbi müəllim bildirir ki, fondun təşkilati işlərində də könüllülərdən istifadə edilir. Hər tədris ilinin əvvəlində fond əməkdaşları tərəfindən tələbələrlə keçirilən görüşlərdə könüllülük fəaliyyəti təbliğ edilir. Ötən illər fondun kütləvi tədbirlərinin çoxunda könüllü gənclər aktiv iştirak ediblər. Naxçıvan şəhərində Gənclər Paytaxtı çərçivəsində reallaşan tədbirləri, şəhər mərkəzindəki ilk irimiqyaslı fləşmobu, “Yer saatı” ekoloji aksiyasını, “Novruz qatarı”nı və 2019-cu ilin may ayında baş tutan Naxçıvan marafonunu, intellektual oyunlar üzrə çoxnövçülük turnirlərini buna misal göstərmək olar. Həmçinin aidiyyəti qurumlarla birgə vətəndaşların işinin asanlaşdırılmasına təmənnasız olaraq yardım edən “Səyyar dövlət qulluğu xidməti könüllüləri”, ekologiyamızın və təbii sərvətlərin qorunması istiqamətində maarifləndirmə missiyası aparan “Ekologiya könüllüləri”, sosial sahədə xidmət göstərən “Sosial könüllülər” layihələri uğurla icra edilir. Bu layihələrin hər biri könüllülərin yetişdirilməsi, kollektivdə çalışmaq kimi bacarıqlarını, gələcəkdə onların dövlət qurumlarında işlə təmin olunması imkanlarını artırır.
Bildirmək istərdim ki, fond könüllüləri daim startap kimi gələcək üçün uğur vəd edən yeni layihələr ilə çıxış edirlər. Sosial könüllülər tərəfindən fonda 8 layihə ilə müraciət olunub. Hazırda belə layihələrin dəyərləndirilməsi istiqamətində işlər aparılır. Gənclər Fondunun 2020-ci il üçün nəzərdə tutulan fəaliyyət planında könüllülərlə bağlı bir çox layihələrin keçirilməsini, həmçinin belə gənclərin sayını 1000 nəfərə çatdırmağı nəzərdə tutmuşuq. Qarşımızdakı əsas məqsədlərdən biri də Könüllü Gənclərin İdeya Mərkəzini yaratmaqdır. Düşünürəm ki, bu mərkəz könüllü gənclərin fəaliyyət imkanlarının genişlənməsinə şərait yaradacaq.
Muxtar respublikada hər bir gənc yaradılan imkanlardan səmərəli istifadə edə, könüllü gənc kimi özünü təkmilləşdirə, inkişaf etdirə bilər. Cəbi müəllim qeyd edir ki, 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsi gəncliyə göstərilən böyük diqqətin bariz nümunəsidir. İnanırıq ki, “Könüllülər ili” muxtar respublikamızın gəncləri üçün uğurlu bir il kimi yaddaşlarda qalacaq.
Muxtar respublikanın könüllü gəncləri ilə də həmsöhbət olduq, onların fəaliyyətləri ilə maraqlandıq.


Təbrizə Bağırova: – 2018-ci ildə Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu tərəfindən elan olunan, ilk dəfə həyata keçirilən 3 aylıq könüllülük layihəsində iştirak etdim. Qürur duyuram ki, Naxçıvanımızın ilk könüllülərindənəm. Bu proqramı bitirsəm də, fəaliyyətimi yenə də davam etdirirəm. Könüllü olmaq yeni dostluqlar, müasir mühit və layihələr, intellektual görüşlər deməkdir. Həmçinin humanistlik, vətənpərvərlik, birgə, qarşılıqsız görülən əməkdir. Muxtar respublikamızda gənclərə göstərilən qayğı yüksəkdir. Elə könüllülük proqramında da biz bunun canlı şahidi olduq. Təşkilatçı qismində tədbirlərdə iştirak etmək gələcək iş fəaliyyətimizdə bizə yeni-yeni üfüqlər açacaq.

 


Günay Abbasova: – Biz gənclər arasında belə ifadə var ki, könüllülük könül işidir. Bir ildən çoxdur ki, Gənclər Fondunda könüllüyəm. Bu, müddətdə müxtəlif tədbirlər keçirilir ki, bu, gənc­lərin həm fərdi, həm də sosial, ekoloji yönümdən inkişafına gətirib çıxarır. Bu tədbirlər davamlıdır. Könüllü kimi rayon və kəndlərə gedir, ahıllarla, sağlamlıq imkanları məhdud uşaqlarla və müəyyən yaş qrupuna aid şəxslərlə görüşür, onlara hansısa çətinliyin öhdəsindən gəlməkdə dəstək oluruq. Məncə, könüllülük cəmiyyətə inteqrasiyadır, öz potensialını daha da inkişaf etdirməkdir, eyni zamanda insana, təşkilata, ətraf mühitə, cəmiyyətə göstərilən köməkdir. Fəaliyyətim dövründə layihələrə görə diplomla və “İlin ən fəal könüllüsü” nominasiyası üzrə təltif edilmişəm.


Əli Yaqubov: – “Naxçıvan” Universitetinin tələbəsiyəm. Gələcək karyera fəaliyyətimə könüllülükdən başlamaq istədim. Gənclər Fondunun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə birgə reallaşdırdığı səyyar dövlət qulluğu xidməti könüllüsü kimi muxtar respublikanın bir sıra rayonlarına gedir, orada yaşayan vətəndaşlara köməklik göstəririk. Fikrimcə, uğura gedən yol məhz elə bu məramdan başlayır.


Nailə Abbaslı: – Naxçıvan Dövlət Universitetinin Ekologiya mühəndisliyi ixtisasında təhsil alıram və asudə vaxtımı dəyərləndirmək, öyrənmək üçün könüllü olmağı seçdim. Mən ekologiya könüllüsü kimi ətraf mühitin mühafizəsi, təbii sərvətlərin və ekologiyanın qorunması sahəsində aparılan işlərdə yaxından iştirak edirəm. Sosial könüllü kimi hər şənbə günü tənha ahılları ziyarət edir, onlara işlərində köməklik göstəririk. Bunun qarşılığında onların çöhrəsində sevinc və razılıq hissini görmək isə müsbət enerji verir. Bunların hamısını ürəkdən edirik. Həmçinin muxtar respublikada valideyn himayəsindən məhrum olmuş uşaqlar, gənclər, fiziki məhdudiyyətli şəxslər də daim diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Gənclər Fondu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə əməkdaşlığı ilə fiziki məhdudiyyətli uşaqlar üçün Yeni il şənliyi təşkil olundu və mən burada könüllü kimi fəal iştirak etdim. Biz könüllülər bir ailəyik. Bu ailədə biz çox şeyləri birgə öyrənirik, dünyagörüşümüz formalaşır. Bu, həyatımıza dinamiklik qatır və heç şübhəsiz ki, fərdi inkişafımıza böyük təkan verir.


Səma Xəlilli: – 2019-cu ildən etibarən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyində könüllü kimi fəaliyyət göstərirəm. Ötən il bu fəaliyyətimə görə “İlin fəal gənci” adına layiq görülmüşəm. Bu günə qədər nazirlik tərəfindən keçirilən bir çox layihələrdə, tədbirlərdə aparıcı, intellektual yarışların, kitab müzakirələrinin təşkilində iştirak etmişəm. Maraqlı layihələrdən biri “Welcome to Nakhchivan” çərçivəsində xarici tələbələrin muxtar respublika rayonlarına ekskursiyasının təşkili idi. Orada tərcüməçi kimi iştirak edir, həmin tələbələrə səyahət etdiyimiz bölgələr barədə məlumat verirdim. Qarşıda çoxlu layihələrimiz var, onlar üzərində işləyirik. Könüllülük məndə bir sıra xüsusiyyətlər formalaşdırdı. Uşaq vaxtlarından şeirə, aparıcılığa marağım olsa da, bu imkanlarımı könüllü kimi fəaliyyətimlə inkişaf etdirə bildim. Gələcəkdə peşəkar dövlət qulluqçusu kimi çalışmaq istəyirəm. Bu məqsədə gedən yolu da könüllülük fəaliyyətində görürəm.
Yazıdan da göründüyü kimi, muxtar respublikamızda təcrübəli, bacarıqlı, müasir düşüncəli və milli dəyərləri özündə birləşdirən gənclik formalaşır ki, burada könüllülük fəaliyyətinin rolu danılmazdır. Özünü cəmiyyətə yararlı bir şəxsiyyət kimi formalaşdırmaq, təcrübə toplamaq, yeni dostlar qazanmaq, vaxtını səmərəli keçirmək, öyrənmək və bu kimi dəyərləri qazanmaq istəyirsənsə, könüllülük fəaliyyətinə sən də qoşul, KÖNÜLLÜ OL!

- Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

May 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR