15 Oktyabr 2019, Çərşənbə axşamı

Dərinməzmunlu, zəngin sənət növü kimi sevilən aşıq yaradıcılığı Azərbaycanın tarixi bölgələrindən olan Naxçıvanda da qədimdən inkişaf edib. Tarixboyu mədəniyyətin yüksək inkişafı, şəhər həyatının varlığı Naxçıvanda aşıqların geniş fəaliyyət göstərməsinə imkan verib. Zəmanəsinin məşhur aşıqları olan Ağ Aşıq Allahverdi Kosacanlı, Aşıq Süleyman, Aşıq Cəlil, Aşıq Məmmədcəfər, Çobankərəli Aşıq Cəfər, Aşıq Mirzalı, Aşıq Hidayət, Aşıq Əbülfəz və başqaları Naxçıvan aşıq mühitinin yetirmələri olublar. 

Aşıq sənətinin zəngin keçmişi və bugünkü inkişaf səviyyəsi barədə ətraflı məlumat almaq üçün folklorşünas, professor Yusif Səfərovla həmsöhbət olduq. O qeyd etdi ki, aşıqlar qədim dövrlərdə ozan, dədə, varsaq, yanşaq adları ilə də tanınıblar. Aşığın “varsaq” adlanması varsaq tayfalarının adı ilə bağlıdır. “Yanşaq” adı, əsasən, XIII-XIV əsrlərdə işlənib.
Folklor araşdırması göstərir ki, aşıq sənəti türk xalqlarının ibtidai dövrdən müasir dövrədək bədii təfəkkürünü heca vəzni şəklində yaşadan şifahi ədəbiyyatdır. Bu sənətin görkəmli nümayəndələri Aşıq Qurbani, Aşıq Abbas Tufarqanlı, Xəstə Qasım, Molla Cümə, Dədə Turab, Aşıq Valeh və başqaları aşıq şeirini daha da zənginləşdiriblər. Aşıq Alının, Aşıq Ələsgərin, o cümlədən Aşıq Hüseyn Şəmkirlinin Naxçıvana səfərlər etməsi, yerli sənətkarlarla məclislər aparması bu tarixi bölgədə XVII-XX əsrlərdə aşıq sənətinin inkişaf etdiyini göstərir.

Müsahibim Naxçıvanda yaranmış saz havaları haqqında da məlumat verdi. Bildirdi ki, “Ağır ­şərili”, “Orta şərili”, “Naxçıvan gülü”, “Naxçıvani”, “Cəlili”, “Baş cəlili”, “Orta cəlili”, “Ordubadi” və digər saz havaları Naxçıvanla bağlıdır. Aşıq Cəfər 1922-1943-cü illərdə Naxçıvanda yaşayıb. Aşıq Sultan, Aşıq Fətullah, Aşıq Həsən, Aşıq Qulu onun yetirmələri olublar. Naxçıvanın Şıxmahmud, Məzrə, Payız, eləcə də Şahbuzun Türkeş, Kükü, Biçənək kəndlərində tanınmış sənətkarlar yaşayıblar. Qadın sənətkarlardan Reyhan ­xanım, Qönçəbəyim, Aşıq Nabat daha çox tanınıblar.
XX əsr Naxçıvan ədəbi mühitindən bəhs edən Yusif müəllim digər aşıqlardan da danışdı. Ordubadın Dəstə kəndində yaşamış Aşıq Abbas Dəhrinin heca vəznində qoşma, təcnis, gözəlləmə yazdığını qeyd etdi. Şərurlu Aşıq Nabatın Azərbaycan aşıq sənətində tanınmış sənətkar olduğunu vurğuladı. Belə ki, həmin aşıq Moskva şəhərində keçirilmiş Azərbaycan ədəbiyyatı və mədəniyyəti ongünlüyündə Səməd Vurğunun “Danışaq” adlı qoşmasını çox məharətlə ifa edib.
Müasir dövrümüzdə Naxçıvan aşıqlarından Aşıq Tural, Aşıq ­Aydın, Aşıq Şirin, Aşıq Kamil və başqaları bu sənəti yaşadırlar.
Müstəqillik dövrümüzdə aşıq sənəti yeni bir mərhələyə qədəm qoyub, – deyən müsahibim onu da vurğuladı ki, Azərbaycan aşıq sənətinin YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilməsi Azərbaycanda aşıq sənətinə göstərilən yüksək dövlət qayğısının nəticəsidir.
Hazırda Naxçıvanda Aşıqlar Birliyinin fəaliyyəti muxtar respublikada aşıq sənətinin yaşadılması və qorunub saxlanmasının bariz nümunəsidir. Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, Aşıqlar Birliyinin sədri Tural Bağırov birliyin fəaliyyəti haqqında bizə məlumat verərək bildirdi ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcı­lığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli ­Sərəncamından sonra həmin il dekabr ayının 25-də Naxçıvan Aşıqlar Birliyi yaradılıb və bu, Naxçıvanda yaşayıb-yaradan aşıqları bir araya gətirib. Birliyin hazır­da 30-dan çox üzvü var. Tural Bağırov birliyə üzv olmaq istəyən aşıqların da olduğunu söylədi, Naxçıvanda hər il keçirilən müxtəlif el şənliklərində saz havalarına geniş yer verilməsi bu diyarda aşıq yaradıcılığına göstərilən diqqət və qayğının təzahürüdür, – deyə əlavə etdi.
Muxtar respublikada fəaliyyət göstərən uşaq musiqi məktəblərində, Naxçıvan Musiqi Kollecində, Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində ustad dərslərinin təşkili, saz siniflərinin fəaliyyət göstərməsi aşıq sənətinə marağı olanları daha da həvəsləndirir.
Aşıq Tural onu da vurğuladı ki, Naxçıvan aşıqları Bakı, Gəncə, Tovuz, Qazax, Gədəbəy, Borçalı, Göyçə, Şirvan bölgələrində, Türkiyə, İran və başqa xarici ölkələrdə müxtəlif tədbirlərdə konsert pro­qramları ilə çıxış edirlər. Bu, aşıq sənətinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır.
Naxçıvan Muxtar Respublikası ərazisində yaşamış aşıqların şeirlərinin toplanması, nəşri və təbliği sahəsində görülən işlər regionda aşıq mühitinin özünəməxsusluğunun, onun qədim diyarın tarixi və coğrafiyası ilə bağlı cəhətlərinin üzə çıxarılmasında vacib amillərdən biridir.
Bu gün muxtar respublikamızda aşıq sənətinə böyük dövlət qayğısı göstərilir. Bu da qədim və zəngin mədəni irsimizin keçmişdən gələcəyə daşıyıcısı olan aşıq sənətinin inkişafına öz töhfəsini verir.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR