30 May 2020, Şənbə

Süfrələrin şahı, elin varı, sərvəti, Tanrı sovqatı olan çörək bütün insanlar üçün əvəzedilməz nemətdir. Xalqımız ən qədim zamanlardan çörəyə ehtiramla yanaşıb, evinə ən əziz qonaq gələndə onu duz-çörəklə qarşılayıb, çörəyi müqəddəs bir nemət, bərəkət kimi uca tutub. Zamanla xalq arasında çörək və çörəkbişirmə ilə bağlı çoxlu inamlar, atalar sözləri, məsəllər, alqış və hətta qarğışlar da yaranıb.

Ətraflı: Çörək və çörəkbişirmə ilə bağlı inamlar

Müdriklik xəzinəsinin əvəzsiz incilərindən olan el sənəti nümunələri xalqımızın istək və arzularını özündə birləşdirir, yurdumuzun ­tarixindən, milli kimliyimizdən soraq verir, dünənimizdən bu günümüzə söz açır. Belə sənət nümunələrindən biri olan zərgərlik də zəngin ənənəyə malikdir. 

Metalişləmə sənətinin başlıca sahələrindən olan zərgərliyin inkişafı yerli xammalın – qızıl, gümüş və digər əlvan metalların geniş istehsalı ilə bağlı olub. Tədqiqatçılar Azərbaycan zərgərlik sənətinin ilk mərhələsi kimi Naxçıvan Muxtar Respublikasının Kültəpə yaşayış məntəqəsindən və Gəncəçay vadisindən tapılmış bəzək nümunələrini göstərirlər.
Qədim diyarımızda zərgərliklə bağlı ilkin arxeoloji materiallardan aydın olur ki, bu sahə Eneolit dövründə (eramızdan əvvəl VI-V minillik) yaranmağa başlayıb. Belə ki, həmin dövrdən başlayaraq cəmiyyət həyatında əkinçiliyin, maldarlığın intensiv inkişaf etməsi nəticəsində Naxçıvanda da ilkin sənətkarlıq vərdişləri formalaşıb. Erkən Tunc dövründə metalişləmənin inkişafı zərgərliyə də təsir edib, sənətkarlar tuncdan üzük, bilərzik və digər bəzək əşyaları düzəldiblər. Sonralar sənətkarlığın müstəqil sahəyə çevrilməsi nəticəsində zərgərlik daha da inkişaf edib, belə əşyaların çeşid və keyfiyyəti artıb. Qızılburun, Şahtaxtı, Çalxanqala, II Kültəpə abidələrindən tapılan Orta Tunc dövrünə aid müxtəlifformalı bilərziklər, halqalar, sırğalar, muncuqlar və digər bəzək əşyaları da bunu sübut edir.

Ətraflı: Zəngin ənənəyə malik zərgərlik sənəti

Naxçıvan möcüzələr diyarıdır. Hər daşı, toprağı özündə sirlər gizlədən bu ulu yurdun qədim tarixi-mədəni abidələri, muzeyləri, gəzməli-görməli yerləri bu gözəl diyara qədəm qoyan hər kəsi təəccübləndirir. Belə yerlərimizdən biri də möcüzəli görünüşü ilə diqqəti cəlb edən, insanların dini inanclarının qorunub saxlanıldığı “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksidir. Naxçıvan şəhərindən, təxminən, 12-13 kilometr aralı, Culfa rayonu ərazisində yerləşən, Haçadağla Nəhəcir dağı arasındakı təbii mağarada qərar tutan Əshabi-Kəhfi hər gün yüzlərlə insan ziyarət edir. 

Paklığın, müqəddəsliyin rəmzi sayılan ziyarətgah min illərdir ki, bəşər övladını öz ətrafına toplayır. Bu müqəddəs ocaq ümummilli lider Heydər Əliyevin 1998-ci ildə ­Əshabi-Kəhfin abadlaşdırılması və bərpa edilməsi barədə göstərişindən sonra yenidən qurulub, burada ­məscid tikilib, yol çəkilib, zəvvarlar üçün hər cür şərait yaradılıb.
Bu yaxınlarda Əshabi-Kəhf ziyarətgahında oldum. Uşaqlıqdan yolumun tez-tez düşdüyü məkan hər dəfə özünün yeni xüsusiyyətləri ilə diqqətimi cəlb edir. Yaxşı xatırlayıram, əvvəllər Əshabi-Kəhfə qədər uzanan yol daşlı, toz-torpaqlı idi. Yağış yağanda isə vəziyyət daha da acınacaqlı olurdu. Son illərdə muxtar respublikamızda həyata keçirilən tikinti-quruculuq işlərinin mühüm bir qolunu təşkil edən yol tikintisindən bu müqəddəs ziyarətgaha gedən yola da pay düşüb. Yolboyu yaradılan yaşıllıqlar isə insanın zövqünü oxşayır.

Ətraflı: Sirli-sehrli, möcüzəvi Əshabi-Kəhf

Naxçıvan torpağı həmişə öz yüksəkkeyfiyyətli yerli tərəvəz məhsulları ilə tanınıb. Təzə meyvə-tərəvəzə üstünlük verən naxçıvanlıların zəngin yerli mətbəxə məxsus yeməklərin hazırlanmasında istifadə etdikləri müxtəlif ­tərəvəzlər sonda dadı və ləzzəti ilə seçilən xörəklərin ərsəyə gəlməsini təmin edir. 

Muxtar respublikanın müxtəlif bölgələrində yetişdirilən meyvə-tərəvəzlər yerli tələbatı ödəməklə, orqanizm üçün hədsiz faydalılığı ilə yanaşı, həm də ərzaq məhsulları idxalının qarşısını alır.
İlin bu vaxtı Naxçıvan bazarlarında batrınc bitkisinə tez-tez rast gəlirik. Bu bitkini, bəlkə də, muxtar respublikadan kənarda tanıyan az adam tapılar. Süfrələrin bəzəyi olan, öz görünüşü və dadı ilə digər tərəvəzlərdən fərqlənən batrıncın faydalı xüsusiyyətlərini saymaqla bitməz. Bu bitki haqqında geniş məlumat almaq üçün Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Əsgər Həsənovla həmsöhbət olduq.
Əsgər müəllim qeyd etdi ki, muxtar respublika ərazisində əkilib-becərilən səbzə-tərəvəz bitkiləri içərisində batrıncın özünəməxsus yeri və əhəmiyyəti var. Nuh yurdu Naxçıvanda bu bitki çox qədim zamanlardan əkilib-becərilib və mədəni əkinçilik sistemində özünün xüsusi çəkisi olub. Eyni zamanda digər səbzə-tərəvəz bitkiləri, o cümlədən nanə, cəfəri, şüyüd, razyana, reyhan, tərxun, kəvər yerli bazarın təminatında yer tutub, faydasına görə bu bitkilərin əkininə üstünlük verilib.

Ətraflı: Batrınc dadlı və faydalı bitkidir

Memarlıq və tarixi abidələri, yaşı əsrlərlə ölçülən vüqarlı çinarları, gözəl meyvə bağları, ipəyi ilə məşhur olan, füsunkar təbiəti, insanın ruhunu oxşayan başıqarlı dağları, buz bulaqları, çayları, zəngin fauna və florası ilə seçilən yurd yerimiz, gözəl mənzərələr məskəni Ordubad…
Uca Yaradan bu qədim diyardan səxavətini əsirgəməyib. Bir tərəfdə adı Nuh əfsanəsi ilə bağlı olan yalçın, şişqayalı, zirvəsi daim qarla, ağ buludlarla örtülü olan, uzaqdan mavi səma fonunda bir növ ümmana baş vurub üzən nəhəng gəmiyə bənzəyən, özünün əzəmətli, fantastik görünüşü ilə insanı heyrətə gətirən Gəmiqaya… Digər tərəfdə isə zəngin tarixi keçmişimizi özündə əks etdirən, bu qiymətli abidənin gözəlliyinə gözəllik qatan, ecazkar görünüşü ilə hamının qəlbini riqqətə gətirən, füsunkar təbiət möcüzəsi, ilin dörd fəslinin birləşdiyi məkan, adı dillər əzbəri olan Göygöl…
Göllər gözəlini görmək, təbiətin yaratdığı bu gözalıcı gözəlliyin seyrinə dalmaq, ruhumuzu bir az da dincəltmək üçün üz tuturuq Göygölə. Gedirik müqəddəs bir məkana. Dünya mədəniyyətinin və dinlərinin kəsişdiyi nöqtəyə, sivilizasiyanın başlanğıc götürdüyü Zəngəzur silsiləsinə, Gəmiqaya dağı, Ağ dağın ətəklərinə. Bu fərqli gözəlliklə Nuh müqəddəsliyi arasında vəhdət var sanki. Gölün mərkəzində yerləşən kiçik bir ada Nuhun quruya çıxdığı, qayaların qüdrətdən təbii istehkam qurduğu dağın ətəyində gizlənmiş adanı xatırladır. Göygölün sirri-sehri də elə Nuh əfsanəsinin özü qədər realdır…

Ətraflı: Fəsillərin birlik ocağı, möcüzəli cənnət bucağı – Göygöl

Dərinməzmunlu, zəngin sənət növü kimi sevilən aşıq yaradıcılığı Azərbaycanın tarixi bölgələrindən olan Naxçıvanda da qədimdən inkişaf edib. Tarixboyu mədəniyyətin yüksək inkişafı, şəhər həyatının varlığı Naxçıvanda aşıqların geniş fəaliyyət göstərməsinə imkan verib. Zəmanəsinin məşhur aşıqları olan Ağ Aşıq Allahverdi Kosacanlı, Aşıq Süleyman, Aşıq Cəlil, Aşıq Məmmədcəfər, Çobankərəli Aşıq Cəfər, Aşıq Mirzalı, Aşıq Hidayət, Aşıq Əbülfəz və başqaları Naxçıvan aşıq mühitinin yetirmələri olublar. 

Aşıq sənətinin zəngin keçmişi və bugünkü inkişaf səviyyəsi barədə ətraflı məlumat almaq üçün folklorşünas, professor Yusif Səfərovla həmsöhbət olduq. O qeyd etdi ki, aşıqlar qədim dövrlərdə ozan, dədə, varsaq, yanşaq adları ilə də tanınıblar. Aşığın “varsaq” adlanması varsaq tayfalarının adı ilə bağlıdır. “Yanşaq” adı, əsasən, XIII-XIV əsrlərdə işlənib.
Folklor araşdırması göstərir ki, aşıq sənəti türk xalqlarının ibtidai dövrdən müasir dövrədək bədii təfəkkürünü heca vəzni şəklində yaşadan şifahi ədəbiyyatdır. Bu sənətin görkəmli nümayəndələri Aşıq Qurbani, Aşıq Abbas Tufarqanlı, Xəstə Qasım, Molla Cümə, Dədə Turab, Aşıq Valeh və başqaları aşıq şeirini daha da zənginləşdiriblər. Aşıq Alının, Aşıq Ələsgərin, o cümlədən Aşıq Hüseyn Şəmkirlinin Naxçıvana səfərlər etməsi, yerli sənətkarlarla məclislər aparması bu tarixi bölgədə XVII-XX əsrlərdə aşıq sənətinin inkişaf etdiyini göstərir.

Ətraflı: Qədim və zəngin mədəni irsimizin keçmişdən  gələcəyə daşıyıcısı – aşıq sənəti

Doğma xalqımızın ən qədim adət-ənənələrini, milli-mənəvi dəyərlərini özündə yaşadan, milli təfəkkürümüzün ayrılmaz hissəsinə çevrilən Novruz bayramı rəsmi bayramlarımızdan biridir. Novruz təbiətin oyanışını, gecə ilə gündüzün bərabərləşməsini, əkinçilik mövsümünün başlanğıcını, yazın gəlişini özündə təcəssüm etdirən bayramdır. Bənövşə ətirli, nərgiz qoxulu Novruz ən uzunömürlü bayramdır; bizlərdə deyərlər, tut sovuşanacan, gilas ağaranacan Novruzdur. 

Bu bayram öz gəlişi ilə insanlarda canlanma, xoş əhval-ruhiyyə yaradır. Azərbaycanın hər bir bölgəsində özünəməxsus şəkildə qeyd olunan Novruz bayramı Ordubad rayonunda bir sıra xüsusiyyətləri ilə diqqət çəkir.
Yeni gün, yeni il bayramı hesab edilən Novruza hazırlıq tədbirləri bir neçə gün qabaqdan, çox vaxt elə ilk çərşənbədən başlanır. Bu sırada təmizlik (təzələnmək) işləri xüsusi yer tutur. Tədqiqatçıların sözləri ilə desək, “Ordubadda hələ Novruz bayramına bir ay qalmış evlərdə qapılar, pəncərələr, otaqların yeri, tavanı, divarları, şüşəbəndlər, eyvanlar və sair süpürülər, silinər, yuyular, tozdan-çirkdən təmizlənərdi. Həyətlər, bağçalar çalğı ilə təmizlənərdi. Xalça-palaz, yorğan-döşək, paltar və sair çırpılar, havaya sərilərdi. Ev-eşik, həyət-baca səliqə­-sahmana salınardı”.

Ətraflı: Novruz bayramı Ordubadda

ARXİV

May 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR