Türk dünyasının qapısı Naxçıvan tarixin bütün dövrlərində seçilən, diqqətçəkən Azərbaycan şəhərlərindən biri olub. Qədim tarixə, zəngin mədəniyyətə və çoxəsrlik dövlətçilik ənənələrinə malik diyarımız dövlət müstəqilliyimiz uğrunda gedən mübarizələrdə həmişə ön sırada dayanıb, dövlətçilik tariximizə mühüm töhfələr verib. Yaxın Şərqin ən qədim mədəniyyət mərkəzlərindən biri sayılan Naxçıvan həm də milli-mənəvi dəyərlərimizin qoruyucusu və yaşadıcısıdır. Bu şəhərin tarix-mədəniyyət abidələri, xalq yaradıcılığı sahələri – xalça sənəti, bədii tikmələr, milli geyimlər, rəssamlıq, sənətkarlıq, memarlıq və ədəbiyyatı, musiqi ənənələri – milli musiqi alətləri, milli rəqslər, teatr sənəti və digər mədəniyyət nümunələri milli dəyərlərimizin zənginliyindən soraq verir.