21 Sentyabr 2019, Şənbə

Səyahət etmək hər fəsildə gözəldir, xüsusilə də yayda. Bu fəsildə insanlar səyahət üçün havası təmiz, sərin, yaşıllıq və ağacların bol olduğu, həm də yaxşıca gəzib tanıya biləcəkləri yer axtarırlar. Deyərdim ki, bu məkan çox uzaqda deyil. Dünyanın istənilən nöqtəsindən gözəl Naxçıvanımıza gəlib onun səfalı bölgələrində dincələ bilərsiniz. Bu qədim diyar başdan-başa bir cənnətdir. Yolları abad, təhlükəsiz, insanları mehriban, qonaqpərvər, gəzməyə isə kifayət qədər tarixi yerlər, mədəniyyət müəssisələri vardır. Haqqında söhbət açacağım bölgə isə meyvələri, limonu, qayğanağı ilə məşhur, qədim tariximizin izlərini özündə yaşadan, “Azərbaycanın incisi” adlandırılan Ordubad rayonudur. Fərqli təbiəti, iqlimi, abidələri, milli-memarlıq nümunələri ilə tanınan bu bölgə indi də öz qədimliyini qoruyub saxlayır. Buraya ayaq basan ­insanları da ilk baxışda məhz bu xüsusiyyət cəlb edir. 

Ətraflı: Möcüzəli təbiəti, ecazkar gözəlliyi ilə buraya gələnləri  heyran edən Ordubad

Yolumuzu Azərbaycanın dilbər guşələrindən biri olan Ordubaddan salırıq. Lakin səfərimiz digərlərindən tamamilə fərqlənir. Çünki bu dəfə Ordubadın limonu, əriyi və tarixi abidələri haqqında yazı hazırlamaq üçün yox, dağların döşündə qurulan kiçik obalara yaylaq həyatı ilə tanış olmağa gedirik. Həmişə eşidərdim, kəndimizdə də heyvandarlıqla məşğul olan şəxslər yayda öz sürülərini yaylaqlara aparardılar. Yaylaq haqqında çox da məlumatlı olmadığım üçün bu səfər mənə daha maraqlı gəlirdi.

Mənzilimiz uzaq olduğu üçün Ordubad Rayon Baytarlıq İdarəsinin əməkdaşları ilə səhər saat 7-də yola düşürük. Söhbət zamanı onlardan biri deyir: “Muxtar respublikamızın digər bölgələri kimi, Ordubad rayonunda da kənd təsərrüfatının ayrılmaz hissələrindən birini heyvandarlıq təşkil edir. Yayda iri və xırdabuynuzlu heyvandarlıqla məşğul olan sahibkarlar üz tuturlar yaylaqlara. Ordubad təmiz havası, rəngarəng mənzərələri ilə fərqlənən yaylaqlarla əhatələnib. Rayonun Kotam, Babək rayonunun Naxışnərgiz, Kəngərli rayonunun Çalxanqala və Xok, Culfa rayonunun Bənəniyar kəndlərindən insanlar uca və əzəmətli dağların əhatəsində yerləşən füsunkar təbiətli “Gen yurdu”, “Xan çeşməsi”, “Tüklü çəmən”, “Əyriçay”, “Çadırdaş” və digər yaylaqlarda illərdir ki, obalar qururlar. Burada məskən salan ailələr heyvandarlıqla yanaşı, əkinçiliklə də məşğul olurlar. Təsərrüfatlarda saxlanılan iribuynuzlu və xırdabuynuzlu heyvanlardan ekoloji cəhətdən təmiz süd məhsulları istehsal edilir və satışa çıxarılır. Burada hər şey təbiidir. Yaylağın da gözəlliyi elə bundadır”.

Ətraflı: Təmiz havası, təbii gözəllikləri ilə heyran edən  gizli cənnətimiz

Naxçıvan torpağı ta qədimdən dadlı-tamlı meyvələri ilə dünyada tanınır. Məhz buna görədir ki, hələ orta əsrlərdə səyyahlar Naxçıvanı “meyvə cənnəti” adlandırıblar. Muxtar respublikamızda meyvəçilik əhalinin əsas məşğulluq sahələrindəndir. Ərazinin torpaq-iqlim şəraiti müxtəlif giləmeyvə, meyvə ağaclarının tez böyüməsi, inkişafı, bol və yüksəkkeyfiyyətli məhsul verməsi üçün olduqca əlverişlidir. Sağlam qidalanmada meyvə əsas şərtdir, çünki zəngin vitamini insanlar məhz bu nemətlərdən alır. Muxtar respublikamızın hansı bölgəsinə üz tutsaq, meyvə bağlarına rast gəlirik. Bağlar diyarı kimi tanınan Ordubad rayonu isə öz meyvələri ilə xüsusilə seçilir.

Bu yerlərin torpağı, havası, suyu lap əzəldən meyvəçiliyin inkişafına əlverişli zəmin yaradıb. Bu aqrar sahə min illər boyu Ordubad sakinlərinin başlıca məşğuliyyət sahələrindən birinə çevrilib. Bol, keyfiyyətli, həm də rəngarəng çeşidli təzə meyvə, meyvə qurusu və meyvə şirələri istehsalçısı kimi Ordubadın şan-şöhrəti hər yana yayılıb.
Tarixi mənbələrdə qeyd olunur ki, Karteliya və İrəvan quberniyalarında keçirilən meyvəçilik sərgilərində Naxçıvan və Ordubaddan gətirilib nümayiş etdirilən meyvələrin şöhrəti hər yerə yayılıb. Ta qədimdən bu bölgə ərik bağları ilə daha çox məşhur olub. Bağlarda yetişdirilən müxtəlif növ əriklər dünyada mövcud olan ərik növləri içərisində birinci yerdə dayanıb.
Ordubadın xüsusi ləzzəti, şirinliyi, rəngi, qırmızı yanaqları və ətri ilə fərqlənən əriyi haqqında daha ətraflı məlumat almaq üçün bağban Əbdül Haşımovla həmsöhbət olduq. O qeyd etdi ki, güclü təsərrüfatçılıq ənənələri, qabaqcıl meyvəçilik təcrübəsi olan Ordubad rayonunda tarixən yetişdirilən, ölkəmizin müxtəlif bölgələrinə yayılan ərik sortlarının bərpası, yaşadılması bu gün əsas məqsədlərdən biridir. Ordubadın torpağı əzəldən münbit olduğundan meyvələri də dadlı-ləzzətli olur. Vaxtilə Ordubadda 40 növdə ərik yetişdirilib. Bu sahədə Dəstə, Vənənd və bir sıra kəndlər xüsusilə seçilib. Bu kəndlərdəki bağlarda öz dadı və ətri ilə seçilən əbutalibi, haqverdi, şalax, göycənabat, ağcanabat, badam-ərik, növrəstə, balyarım, kababı və digər ərik növləri yetişdirilib. Əbutalibi əriyi hələ 1898-ci ildə Kaliforniyada təşkil olunmuş ümumdünya meyvəçilik sərgisində birinci yerə layiq görülüb.

Ətraflı: Dadı və tamı ilə seçilən Ordubad əriyi

Arıçılıq ekoloji təmiz və gəlirli təsərrüfat növlərindən biri sayılır. Yurdumuzun bəzəyi hesab edilən Naxçıvan torpağı, onun xoşətirli, gülzar təbiəti burada arıçılığın inkişafına geniş zəmin yaradır. Muxtar respublikanın coğrafi vəziyyəti, iqlimi və bitki örtüyü ilə yanaşı, 2019-cu ilin “Ailə təsərrüfatları ili” elan edilməsi də bu sahənin genişləndirilməsinə stimul verir.

Hazırda diyarımızda arı ailələrinin sayı artaraq 71 mini ötüb, bu sahədə yüzlərlə ailə təsərrüfatı formalaşıb. 2016-cı il 18 noyabr tarixli Sərəncamla təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası bu sahə ilə məşğul olan ailə təsərrüfatlarına dəstək verilməsi, onlara lazımi köməklik göstərilməsi, balverən bitkilərin əkininin dəstəklənməsi, mövcud arı cinsinin qorunub saxlanılması ilə bərabər, ana arıların yetişdirilməsi üçün damazlıq təsərrüfatının yaradılması işində də mühüm rol oynayır.
Yazın əvvəllərində arı yeşikləri üzərində görülən işlər həmin il üçün məhsuldarlığı müəyyən edir. Arıçıların yaz qayğıları, yaz mövsümündə arı pətəklərində görüləsi işlər barədə iyirmi ildən artıqdır, arıçılıqla məşğul olan ailə təsərrüfatçısı Şahbuz rayon sakini Allahverdi Allahverdiyevlə həmsöhbət olduq. Müsahibim sevimli peşəsi ilə bağlı deyir ki, arıçılığın sirlərini ata-babamdan öyrənmişəm. Təsərrüfatımızı zamanla genişləndirmişəm, hazırda 83 arı ailəm vardır.

Ətraflı: Arıçılıq zəhmət tələb edən sahədir

Qədim tarixə və mədəniyyətə malik ölkəmizin həm də hər bir bölgəsinin özünəməxsus yüksək mətbəx mədəniyyəti vardır. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda mətbəx mədəniyyəti ən qədim zamanlardan formalaşıb. Arxeoloji qazıntılar zamanı diyarımızın ərazisindən tapılmış kələ-kötür divarlı qazan, çölməktipli qab qırıntıları, dairəvi gil ocaq qurğusu bu torpağın məişət mədəniyyətinin minilliklərə söykəndiyindən xəbər verir. Burada mətbəx mədəniyyəti, qidalanma rejimi və psixologiyası zaman keçdikcə təkmilləşib.

Ətraflı: Natalia Golumb: “Mətbəxi, insanları, gözəlliyi və lütfü ilə məni ­heyran edən Ordubad yer üzündə...

Yallı  ölkəmizi dünyaya tanıdan, xalqımıza məxsus bütün xüsusiyyətləri, onun kimliyini, tarixini, mədəniyyətini, etnoqrafiyasını,  mifoloji inanclarını aydın şəkildə çatdıran milli rəqsimizdir. Bu gün doğma Vətənimizin ayrılmaz tərkib hissəsi olan Naxçıvanda yallı sənəti inkişaf edir, qorunub saxlanılır və gələcək nəsillərə ötürülür.

Bu sahədə görülən işlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi yallı sənəti ilə bağlı tədqiqatlar aparıb, bu irsin UNESCO səviyyəsində qorunması sahəsində tədbirlər həyata keçirib, “Şərur” Xalq Yallı Ansamblının fəaliyyəti və Naxçıvanda yallı sənəti ilə bağlı məlumatlar hazırlanıb aidiyyəti üzrə təqdim olunub.
Bildiyimiz kimi, 2018-ci il 26 noyabr-1 dekabr tarixlərində Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində UNESCO-nun Qeyri­­-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin növbəti 13-cü sessiyasında qəbul edilən qərarla “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” UNESCO-nun Təcili Qorunma Siyahısına daxil edilib. Gələcəkdə qədim diyarımızda yaşayan əhalinin ənənəvi mədəniyyətinə və xalq yaradıcılığına dünya miqyasında işıq salmaq və tanıtmaq baxımından bu qərar mühüm əhəmiyyət kəsb edir. Biz də sənət xadimlərimizlə həmsöhbət olub mədəniyyətimizin əbədilik simvolu sayılan yallılarımız haqqında onların fikirlərini öyrəndik.

Ətraflı: Yallı mədəniyyətimizin əbədilik simvoludur

Azərbaycanın ən qədim bölgələrindən biri olan Naxçıvan diyarında zərgərlik, dülgərlik, xəttatlıq kimi peşələrlə yanaşı, tarixi çox qədimlərə söykənən duzçıxarma peşəsi insanlar arasında geniş yayılıb. Hələ Nuh Peyğəmbər dövründə mövcud olan duzçıxarma sonralar insanların əsas məşğuliyyət sahələrindən birinə çevrilib. Bəs bu gün də  qorunub yaşadılan duzçıxarma peşəsi nə vaxt yaranıb?

Tarixi mənbələrdə Duzdağ və duzçıxarma ilə bağlı o qədər geniş məlumat olmasa da, son illərdə bununla bağlı aparılan genişmiqyaslı araşdırmalar, bu haqda elm adamlarının fikirləri, müxtəlif ölkələrin tarixçiləri tərəfindən verilən məlumatlar gizli qalan bir çox faktları üzə çıxarıb. XIX əsr mənbələrində bununla bağlı rəvayətlərin birində deyilir ki, Nuh Peyğəmbər Dünya tufanından sonra Naxçıvanda məskunlaşan əhaliyə bir sıra sənətkarlıq sahələrini, o cümlədən Duzdağda duzçıxarmanı öyrədib. Araşdırmalar nəticəsində qədim mədənlərdən aşkar edilmiş alətlərin təhlili rəvayətin real­lığını, yəni V minillikdə buradan duzun mədən üsulu ilə çıxarıldığı və dünyanın ən qədim duzçıxarma mağarasının da məhz Naxçıvana məxsusluğu faktı təsdiq olunub. II əsrdə yunan alimi Klavdi Ptolomey, XVI əsrdə ərəb alimi Əl-Şərifi, XIX əsrdə rus alimi Konstantin Nikitin kimi tarixçilər və bundan sonrakı dövrlərdə tədqiqat işləri aparan yerli tarixçilərimiz öz əsərlərində Naxçıvan şəhərinin formalaşmasının Nuh Peyğəmbərlə və duzun çıxarılması ilə bağlı olduğunu qeyd ediblər. Rus tədqiqatçısı K.A.Nikitinin “Naxçıvan mahalı və Naxçıvan şəhəri” adlı irihəcmli məqaləsində belə bir məlumat da vardır ki, Nuh Peyğəmbərin özü duz mədənində ilk çalışanlardan biri olub və şəhər əhalisinə duz çıxarmağı öyrədib. Bu da Naxçıvan şəhəri ilə Duzdağın, təxminən, yaşıd olduğunu deməyə əsas verir.

Ətraflı: Diyarımızın özü qədər qədim duz yaddaşı 

Süfrələrin şahı, elin varı, sərvəti, Tanrı sovqatı olan çörək bütün insanlar üçün əvəzedilməz nemətdir. Xalqımız ən qədim zamanlardan çörəyə ehtiramla yanaşıb, evinə ən əziz qonaq gələndə onu duz-çörəklə qarşılayıb, çörəyi müqəddəs bir nemət, bərəkət kimi uca tutub. Zamanla xalq arasında çörək və çörəkbişirmə ilə bağlı çoxlu inamlar, atalar sözləri, məsəllər, alqış və hətta qarğışlar da yaranıb.

Ətraflı: Çörək və çörəkbişirmə ilə bağlı inamlar

Müdriklik xəzinəsinin əvəzsiz incilərindən olan el sənəti nümunələri xalqımızın istək və arzularını özündə birləşdirir, yurdumuzun ­tarixindən, milli kimliyimizdən soraq verir, dünənimizdən bu günümüzə söz açır. Belə sənət nümunələrindən biri olan zərgərlik də zəngin ənənəyə malikdir. 

Metalişləmə sənətinin başlıca sahələrindən olan zərgərliyin inkişafı yerli xammalın – qızıl, gümüş və digər əlvan metalların geniş istehsalı ilə bağlı olub. Tədqiqatçılar Azərbaycan zərgərlik sənətinin ilk mərhələsi kimi Naxçıvan Muxtar Respublikasının Kültəpə yaşayış məntəqəsindən və Gəncəçay vadisindən tapılmış bəzək nümunələrini göstərirlər.
Qədim diyarımızda zərgərliklə bağlı ilkin arxeoloji materiallardan aydın olur ki, bu sahə Eneolit dövründə (eramızdan əvvəl VI-V minillik) yaranmağa başlayıb. Belə ki, həmin dövrdən başlayaraq cəmiyyət həyatında əkinçiliyin, maldarlığın intensiv inkişaf etməsi nəticəsində Naxçıvanda da ilkin sənətkarlıq vərdişləri formalaşıb. Erkən Tunc dövründə metalişləmənin inkişafı zərgərliyə də təsir edib, sənətkarlar tuncdan üzük, bilərzik və digər bəzək əşyaları düzəldiblər. Sonralar sənətkarlığın müstəqil sahəyə çevrilməsi nəticəsində zərgərlik daha da inkişaf edib, belə əşyaların çeşid və keyfiyyəti artıb. Qızılburun, Şahtaxtı, Çalxanqala, II Kültəpə abidələrindən tapılan Orta Tunc dövrünə aid müxtəlifformalı bilərziklər, halqalar, sırğalar, muncuqlar və digər bəzək əşyaları da bunu sübut edir.

Ətraflı: Zəngin ənənəyə malik zərgərlik sənəti

Naxçıvan möcüzələr diyarıdır. Hər daşı, toprağı özündə sirlər gizlədən bu ulu yurdun qədim tarixi-mədəni abidələri, muzeyləri, gəzməli-görməli yerləri bu gözəl diyara qədəm qoyan hər kəsi təəccübləndirir. Belə yerlərimizdən biri də möcüzəli görünüşü ilə diqqəti cəlb edən, insanların dini inanclarının qorunub saxlanıldığı “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksidir. Naxçıvan şəhərindən, təxminən, 12-13 kilometr aralı, Culfa rayonu ərazisində yerləşən, Haçadağla Nəhəcir dağı arasındakı təbii mağarada qərar tutan Əshabi-Kəhfi hər gün yüzlərlə insan ziyarət edir. 

Paklığın, müqəddəsliyin rəmzi sayılan ziyarətgah min illərdir ki, bəşər övladını öz ətrafına toplayır. Bu müqəddəs ocaq ümummilli lider Heydər Əliyevin 1998-ci ildə ­Əshabi-Kəhfin abadlaşdırılması və bərpa edilməsi barədə göstərişindən sonra yenidən qurulub, burada ­məscid tikilib, yol çəkilib, zəvvarlar üçün hər cür şərait yaradılıb.
Bu yaxınlarda Əshabi-Kəhf ziyarətgahında oldum. Uşaqlıqdan yolumun tez-tez düşdüyü məkan hər dəfə özünün yeni xüsusiyyətləri ilə diqqətimi cəlb edir. Yaxşı xatırlayıram, əvvəllər Əshabi-Kəhfə qədər uzanan yol daşlı, toz-torpaqlı idi. Yağış yağanda isə vəziyyət daha da acınacaqlı olurdu. Son illərdə muxtar respublikamızda həyata keçirilən tikinti-quruculuq işlərinin mühüm bir qolunu təşkil edən yol tikintisindən bu müqəddəs ziyarətgaha gedən yola da pay düşüb. Yolboyu yaradılan yaşıllıqlar isə insanın zövqünü oxşayır.

Ətraflı: Sirli-sehrli, möcüzəvi Əshabi-Kəhf

Naxçıvan torpağı həmişə öz yüksəkkeyfiyyətli yerli tərəvəz məhsulları ilə tanınıb. Təzə meyvə-tərəvəzə üstünlük verən naxçıvanlıların zəngin yerli mətbəxə məxsus yeməklərin hazırlanmasında istifadə etdikləri müxtəlif ­tərəvəzlər sonda dadı və ləzzəti ilə seçilən xörəklərin ərsəyə gəlməsini təmin edir. 

Muxtar respublikanın müxtəlif bölgələrində yetişdirilən meyvə-tərəvəzlər yerli tələbatı ödəməklə, orqanizm üçün hədsiz faydalılığı ilə yanaşı, həm də ərzaq məhsulları idxalının qarşısını alır.
İlin bu vaxtı Naxçıvan bazarlarında batrınc bitkisinə tez-tez rast gəlirik. Bu bitkini, bəlkə də, muxtar respublikadan kənarda tanıyan az adam tapılar. Süfrələrin bəzəyi olan, öz görünüşü və dadı ilə digər tərəvəzlərdən fərqlənən batrıncın faydalı xüsusiyyətlərini saymaqla bitməz. Bu bitki haqqında geniş məlumat almaq üçün Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Əsgər Həsənovla həmsöhbət olduq.
Əsgər müəllim qeyd etdi ki, muxtar respublika ərazisində əkilib-becərilən səbzə-tərəvəz bitkiləri içərisində batrıncın özünəməxsus yeri və əhəmiyyəti var. Nuh yurdu Naxçıvanda bu bitki çox qədim zamanlardan əkilib-becərilib və mədəni əkinçilik sistemində özünün xüsusi çəkisi olub. Eyni zamanda digər səbzə-tərəvəz bitkiləri, o cümlədən nanə, cəfəri, şüyüd, razyana, reyhan, tərxun, kəvər yerli bazarın təminatında yer tutub, faydasına görə bu bitkilərin əkininə üstünlük verilib.

Ətraflı: Batrınc dadlı və faydalı bitkidir

Memarlıq və tarixi abidələri, yaşı əsrlərlə ölçülən vüqarlı çinarları, gözəl meyvə bağları, ipəyi ilə məşhur olan, füsunkar təbiəti, insanın ruhunu oxşayan başıqarlı dağları, buz bulaqları, çayları, zəngin fauna və florası ilə seçilən yurd yerimiz, gözəl mənzərələr məskəni Ordubad…
Uca Yaradan bu qədim diyardan səxavətini əsirgəməyib. Bir tərəfdə adı Nuh əfsanəsi ilə bağlı olan yalçın, şişqayalı, zirvəsi daim qarla, ağ buludlarla örtülü olan, uzaqdan mavi səma fonunda bir növ ümmana baş vurub üzən nəhəng gəmiyə bənzəyən, özünün əzəmətli, fantastik görünüşü ilə insanı heyrətə gətirən Gəmiqaya… Digər tərəfdə isə zəngin tarixi keçmişimizi özündə əks etdirən, bu qiymətli abidənin gözəlliyinə gözəllik qatan, ecazkar görünüşü ilə hamının qəlbini riqqətə gətirən, füsunkar təbiət möcüzəsi, ilin dörd fəslinin birləşdiyi məkan, adı dillər əzbəri olan Göygöl…
Göllər gözəlini görmək, təbiətin yaratdığı bu gözalıcı gözəlliyin seyrinə dalmaq, ruhumuzu bir az da dincəltmək üçün üz tuturuq Göygölə. Gedirik müqəddəs bir məkana. Dünya mədəniyyətinin və dinlərinin kəsişdiyi nöqtəyə, sivilizasiyanın başlanğıc götürdüyü Zəngəzur silsiləsinə, Gəmiqaya dağı, Ağ dağın ətəklərinə. Bu fərqli gözəlliklə Nuh müqəddəsliyi arasında vəhdət var sanki. Gölün mərkəzində yerləşən kiçik bir ada Nuhun quruya çıxdığı, qayaların qüdrətdən təbii istehkam qurduğu dağın ətəyində gizlənmiş adanı xatırladır. Göygölün sirri-sehri də elə Nuh əfsanəsinin özü qədər realdır…

Ətraflı: Fəsillərin birlik ocağı, möcüzəli cənnət bucağı – Göygöl

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR